Şitlik bu olsa gərək…

Azər Həsrət

Azər Həsrət

Azər Həsrət, azer@azerhasret.com

Dünəndən sosial şəbəkələrdə bir şəkil paylaşılır. Ətrafında da məqsədli şəkildə müzakirə açılıb. Ayaqlar altındakı Azərbaycan bayrağı təsvir edilən şəkildən danışanlar bunu hakimiyyətin daha bir biabırçılığı kimi qələmə verir.

Sanki Azərbaycan hakimiyyəti məqsədli şəkildə kiməsə tapşırıb ki, bayrağı ayaqlar altına atıb tapdalasın.

Belə təbliğatçıların məntiqinə inansaq, bununla hakimiyyət “Azərbaycan dövlətçiliyinə yad münasibət”ini bir daha ortaya qoyub.

Sözügedən bayraq olayının dünən baş verdiyi iddia edilir. 1-ci Avropa Oyunlarında vicdanla, ləyaqətlə çalışmış könüllülərin paradı zamanı kimlərsə bayrağı ayaqlar altına atıb. Və bu kimlərisə bir kimsə görüb, şəklini çəkib, dərhal da sosial mediada paylaşıb ki, bəs, ay aman, qoymayın, hakimiyyət bayrağımıza sayğısızlıq etdi.

Məsələyə hətta çox “ciddi” və “iri çaplı” müxalifət “lider”i də reaksiya verib. Paradı şitlik kimi dəyərləndirib…

İndi gələk, görək şitlik nədir əslində.

Birincisi, o bayraq olayı mənə qurama kimi görünür. Bayraqları ayaqları altında tutanların üzləri görünmür. Üstəlik, şəkil çəkənin özü həmin gənclərə irad tuta bilərdi ki, bayrağı yerdən qaldırsınlar, sayğılı olsunlar. Amma görünür ki, o bunu etməyib. Əksinə, tez-tələsik şəkilləri çəkib sosial mediada paylaşıb.

Sual olunur: məqsəd nədir? Doğrudan da bayraq yanğısı, yoxsa qaşınmayan yerdən qan çıxarmaq?

Şəxsən biz özümüz də dəfələrlə olub ki, bayraqla bağlı uyğunsuz davranışı müşahidə etmişik. Bunu sakitcə də yoluna qoymuşuq. Yəni anlayırıq ki, Azərbaycan dövlətinin ən ali rəmzi olan bayrağımıza sayğısızlıq Prezident İlham Əliyev başda olmaqla hakimiyyətin məqsədli fəaliyyəti ola bilməz. Ən azından, Avropa Oyunlarında bayrağımızın yüksəlməsini, himnimizin səslənməsini seyr edərkən Prezidentin qəhərləndiyini müşahidə etmiş insan anlar ki, bu şəxs bayrağa qarşı nə qədər həssasdır. Demək istədiyim odur ki, bayraq olayını hakimiyyətin ayağına yazmağın özü elə şitlikdir.

Başqa bir ehtimalım isə odur ki, bu olay quramadır. Yəni kimlərsə sonradan “şitlik”, “bayrağa sayğısızlıq” kimi qələmə vermək üçün bu düzməcəni quraşdırıblar. Özləri bayraqları xəlvətcə ayaq altına atıblar, sonra da bilmədən onları ayaqlayanları xəlvətcə lentə alıblar. Ki, ardından da Azərbaycan hakimiyyətini bunda da ittiham etsinlər.

Çox cılız bir gedişdir doğrusu…

Qayıdaq şitlik məsələsinə.

AXCP sədri Əli Kərimli bu paradı “şitlik” kimi dəyərləndirir. Açığı, bunun nəyinin şitlik olduğunu anlamırıq. Azərbaycan çox uğurlu bir şəkildə Avropa Oyunlarına ev sahibliyi edib. 20 minədək könüllü bu oyunların yüksək səviyyədə baş tutması üçün gecəli-gündüzlü çalışıb, can qoyub. İndi də bu insanlar (əksəriyyəti gənclərdir təbii) öz uğurlarını bir də belə qeyd ediblər. Yəni burda kimsənin xətrinə dəyəcək, kimsəyə zərər verəcək əməl yoxdur. Üstəlik, 20 min insanın bir araya toplaşması, parad keçirməsi, əlbəttə ki, onlara qarşı sayğılı olmağı tələb edir. Amma Əli Kərimli bunu “şitlik” adlandırır. Hələ iddia da edir ki, Avropa ölkələri bu oyunları boykot edibmiş.

İzah etmək istərdik, amma faydası olan deyil. Bu adam zatən özü də yaxşı bilir ki, 1-ci Avropa Oyunlarını Avropanın heç bir ölkəsi boykot etməyib! Bütün Avropa ölkələri böyük heyətlərlə oyunlara qatılıb. Avropa mediası gündəlik canlı yayım verib. Hətta bunların sevimli Almaniyasının Sport1 TV kanalı sürəkli olaraq Avropa Oyunlarından hər gün 8-9 saat yayım verib. Boykot edənlər buna gedərdimi?

Şitlik həm də dəxli olmayan məsələlərdə hakimiyyətə yüklənməkdir məncə.

…Bir müddət öncə Bərdədə bir gənc özünü asmışdı. İddia edilirdi ki, kredit borcuna görə edib bunu. Əli Kərimli də bu məsələyə ayrıca münasibət bildirmiş, “rejim”in insanları kredit borclarıyla necə rəzil günə qoyduğuna sitəm etmişdi. Az sonra Mərkəzi Bank məsələyə aydınlıq gətirdi: intihar etmiş 23 yaşlı gəncin heç bir kredit borcu olmayıbmış!

Belə olan halda Əli Kərimli gərək idi ki, öz yazdıqlarını geri oxuyaydı, yanıldığı üçün üzr istəyəydi. Amma etmədi. Heç səsi də çıxmır adamın.

Yaxud da bu ilin martında Sabirabadda bir “Qarabağ qazisi”nin intihar xəbəri yayılmışdı. Atasına yaxşı övlad ola bilmədiyi üçün intihar etdiyi haqda məktub yazmış 39 yaşlı bu şəxslə bağlı da bu Əli Kərimli palaz-palaz yazılar yazdı, hakimiyyəti Qarabağ qazilərini intihara sürükləməkdə ittiham etdi. Az müddət sonra bəlli oldu ki, intihar edən şəxs Qarabağ qazisi deyilmiş! Amma Əli Kərimli buna da bir açıqlama gətirmədi.

Bu iki olay və Kərimlinin Avropa Oyunları könüllülərinin paradını şitlik kimi qiymətləndirməsi bir daha göstərir ki, bu və bunun kimilər hələ də ciddi siyasət adamı ola bilməyiblər.

Səslənən bir fikrin, informasiyanın əslini-astarını yoxlamadan ona reaksiya verən, üstəlik də buna görə hakimiyyəti öz ağlınca “yıxıb-sürüyən” bu fürsət pişikləri hələ də anlamır ki, artıq zaman o zaman deyil. Bu gün yalandan tirajlanan bir şey bir neçə saniyə, dəqiqə sonra artıq gerçəyin kölgəsində əriyib itir.

Əlbəttə, hər kəs yanıla bilər. Elə Əli Kərimli də. Amma yanıldığını etiraf edib onu düzəltmək insandan dəyanət, ürək istər ki, bu da bunlarda yoxdur. Bax, əsl şitlik də elə budur məncə. Səhv etdiyini bildiyin halda onun üzərindən heç nə olmamış kimi sükutla keçmək, özü də bunu təkrar-təkrar etməkdən daha aydın şitlik necə ola bilər ki?

Siyasi partiyalar, ciddi siyasət adamları burnumuzun ucunda olan parlament seçkilərinə hazırlaşır, bunlarsa “şitlik” söhbətlərilə məşğuldur. Qınamıram. Çünki parlamentin 125 kürsüsünə layiqli iddia ortaya qoya biləcək 125 nədir, heç 25 nəfər ciddi namizəd tapa bilməyəndə adam başını “şitlik” söhbətlərilə qatar…

Olsun, bir söz demirik. Siz “şitlik” söhbətlərilə məşğul olun, ciddi siyasət adamlarısa parlament seçkilərinə hazırlıqla…

Oxunma sayı: 2843
Share