İki cümləylə faş olan təbliğat – Şərh

Azər Həsrət, azer@azerhasret.com

1-ci Avropa Oyunları zamanı bəzi media qurumları belə bir xəbəri tirajlayırdı ki, bəs, sən demə, Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Bakının çağırışını boykot edib. İddia edilirdi ki, Azərbaycanla işbirliyində maraqlı olan bu qurum guya Avropa Oyunlarını boykot etməklə Azərbaycan hakimiyyətini cəzalandırır. Yəni belə iddia vardı və bəzi adamlar da onu sağa-sola paylaşıb “rejimi” biabır edirdilər…

Donald Tusk iyulun 21-də Bakıya gəldi. Rəsmi törənlə qarşılandı. Uyğun şəkildə şəninə ziyafət də təşkil edildi. Yəni Azərbaycan qonaqsevərliyini, Azərbaycanın necə bir ölkə olduğunu öz gözlərilə gördü. Özü də 5 il aradan sonra.

D.Tuskla Prezident İlham Əliyevin heyətlərarası görüşündə bəlkə də çoxlarının fərqinə varmadığı bir neçə cümlə səsləndi. Mənsə dərhal fərqinə vardım. D.Tusk Prezident İ.Əliyevdən üzrxahlıq edərmişcəsinə dedi ki, daha öncə səfərini təxirə salmalı olub: “Bildiyiniz kimi, mən Avropadakı problemlərlə əlaqədar Azərbaycana səfərimi təxirə salmalı olmuşdum. Məni başa düşdüyünüz üçün Sizə təşəkkür edirəm. İndi mən buradayam və razıyam”.

Fikir verdinizmi? Adam deyir ki, Avropadakı problemlərlə bağlı səfərini təxirə salmalı olub. Bəs bəziləri iddia edirdi ki, D.Tusk Azərbaycandakı Avropa Oyunlarını boykot etdiyi üçün səfərini təxirə salıbmış?

Nə oldu, niyə səsiniz çıxmır? İndi izah edin görüm bu D.Tusk əgər doğrudan da Oyunları boykot edən idisə, Azərbaycanı saymazlıqdan gələn idisə, niyə indi bu ifadələri işlədir? Niyə Prezident İ.Əliyevə onu başa düşdüyü üçün təşəkkür edir?

Yəqin ki, bu sualların cavabını o kəslər verə bilməyəcəklər. O kəslər ki, əllərinə düşən hər fürsətdə Azərbaycan hakimiyyətini, lap elə Azərbaycanı aşağılamaq üçün vicdansızca manipulyasiya edirlər.

Buyurun, o vicdansız manipulyasiyanın daha bir örnəyi də beləcə faş oldu. Deyəndə ki, bunların boş təbliğatına aldanmayın, bəzi adamlar bizi yalançılıqda, boş təbliğatda ittiham edir. Hanı, nə oldu bəs? Axı D.Tusk özü dedi ki, səfərini Avropadakı problemlərlə bağlı təxirə salmalı olub.

Eh, sizi yalançılar, sizi. Təbliğatınız cəmi iki cümləylə faş oldu getdi. Özü də bir ay içində…

İlham Əliyev Donald Tusku qəbul edərkən

İlham Əliyev Donald Tusku qəbul edərkən

Oxunma sayı: 610
Share