Sosial media terrorunun qurbanı

Azər Həsrət, azer@azerhasret.com

Jurnalist Rasim Əliyevin öldürülməsini şiddətlə qınayıram! Öldürən(lər)in ən şiddətli cəzaya məhkum edilməsini tələb edirəm! Bu bir qətldir və dövlət qatil(lər)i mütləq müəyyən etməli, ən şiddətli cəzanı verməlidir ki, jurnalist öldürərək Azərbaycanı rəzil etməyə həvəslənənlər başlarına nə gələcəyini indidən bilsinlər! Bu, öz yerində.

Jurnalistin ölüm xəbərini aldığım andan özümü toparlamağa, emosiyadan uzaq olmağa çalışıram. Götür-qoy edirəm, faktlar toplayıram, fərqli tərəflərə məxsus insanların fikirlərini anlamağa çalışıram.

Hələlik müşahidələrim onu göstərir ki, bu olaya üç baxış var.

Bir tərəf bütün arsenalını işə salaraq “rejimin daha bir jurnalisti öldürdüyünü” təbliğ etməkdədir.

Başqa bir tərəf isə iddia edir ki, bu, sıradan bir cinayət olayıdır və dövlətin atacağı addımları gözləmək lazımdır.

Üçüncü qisim, – ki, ora mən də daxiləm – daha soyuq başla qərar vermək üçün bir qədər geniş araşdırma aparmağın tərəfdarıdır.

Gün ərzində araşdırma apardım. Təbii ki, bu, dərin bir araşdırma deyil. Sadəcə jurnalistin ölümünə səbəb olduğu deyilən hallarla tanış ola bildim.

Facebook-da Rasimin hesabına göz gəzdirdim. Önümə çıxanlar məni daha dərindən düşünməyə sövq etdi. Bəlli oldu ki, hələ iyulun 25-də ona qarşı hədələr olub, bununla bağlı 102-yə zəng edib, dərhal da reaksiya verilib. Deməli, bu həmkarımız daha öncə də bizə bəlli olmayan səbəblərdən hədələnirmiş. Təbii ki, araşdırılmalıdır bu olay.

Sözügedən paylaşım

Sözügedən paylaşım

Daha sonra məlum futbol olayı. Onunla bağlı hərə bir söz deyir. Hətta jurnalistin ölümündə futbolçu Cavid Hüseynovu açıq mətnlə ittiham edənlər var.

Bunun da nə qədər əsaslı olduğunu araşdırmağa çalışdıq.

İddia edilir ki, jurnalist futbolçunu təhqir etməyib. Amma onun Facebook divarında yazılan bunun əksini deyir. Rasim yazır ki, “Bu cür əxlaqsız, tərbiyəsiz və özünü idarə etməyi bacarmayan bir futbolçunun məni Avropa meydanlarında təmsil etməsini istəmirəm”. Bu fikrin altında bir də paylaşım var: “Cavid Hüseynovdan kiprli jurnalistə tərbiyəsiz jest – VİDEO” adlı xəbər.

Sözügedən paylaşım

Sözügedən paylaşım

Sözügedən videonu tapdım, baxdım və iddia edildiyi kimi heç bir tərbiyəsiz jest görmədim! Yəni ittiham əsassızdır. Sadəcə futbolçu iki yumruğunu bir-birinə vuraraq Azərbaycanla Türkiyənin yumruq kimi bir olduğuna işarə edir. Normaldır. Düzdür, bir qədər emosional alınıb, amma tərbiyə dışı deyil.

Rasimin də emosional davrandığı şübhəsizdir. Həm də futbolçunu təhqir etdiyi göz önündədir. Düzdür, bəziləri iddia edir ki, ortada heç bir təhqir yoxdur. Amma fakt göz önündədir: adamı açıq mətnlə əxlaqsız və tərbiyəsiz elan edir!

Lakin hadisələrin sonrakı inkişafı sevindirici sayıla bilər. Futbolçu ona zəng edib, öz aralarında normal bir dildə anlaşıblar, jurnalist də səhvini etiraf edib, düzəliş də verib. Bunu onun az sonra Facebook-da yazdığı statusdan öyrənmiş oluruq: “Cavid Hüseynovla aramızda söhbət oldu və mənə bildirdiyinə görə, etdiyi bu əl hərəkətləri heç də təhqiramiz hərəkət yox, Azərbaycan və Türkiyənin dost ölkələr olmasını bildirən işarədir. Cavidə də onu məsləhət görürəm ki, düzgün anlaşılmayan bu video ilə bağlı KİV-ə açıqlama versin”.

Sözügedən paylaşım

Sözügedən paylaşım

Anlaşıldığı kimi, normal bir dialoq sonucu tərəflər ortaq məxrəcə gəlmişlər və əslində, məsələ qapanmışdır. Amma sonradan bəlli olur ki, Cavidin qohumları olduğu deyilən bir qrup şəxs jurnalisti çay içmək adı altında görüşə çağırıb, ölümünə döyüb və faktiki öldürüb! Bəli, məhz öldürüb! Özü də xaincəsinə! Sadəcə ölüm dərhal deyil, bir gün sonra baş verib!

Bu olayla bağlı dövlətə yüklənənlər tam cəbhə hücuma keçmişdilər ki, Prezidentin köməkçisi Əli Həsənov operativ açıqlama verərək durumu nəzarətə götürdüklərini dedi. Bu zaman da o cəbhə iddia etdi ki, cani(lər) heç bir cəza almayacaq, olay ört-basdır ediləcək. Amma bu dəfə də qərəzləri gözlərində qaldı. Hüquq-mühafizə orqanları günün sonuna doğru artıq olayda adı hallananların kimliyini bildiklərini, həbs edilənlərin olduğunu bəyan etdi. Yəni dövlət bu cinayət olayının üstünün açılması üçün ən operativ şəkildə, özü də ölkə Prezidentinin iradəsi çərçivəsində hərəkətə keçdi. Təqdir olunası haldır.

Söz yox, bundan sonra nə baş versə, Rasimi geri qaytarmayacaq. Onun əzizləri artıq Rasimsizliyə alışmalı olacaqlar. Başqa çarə yox zatən. Ağır dərddir, kimsəyə arzu etməzdim bunu. Yaxından tanımasam da bir həmkarımın, bir insanın belə vəhşicəsinə, barbarcasına öldürülməsinə heç nə ilə haqq qazandıra bilmərəm! Hətta ortada təhqir olayı varsa belə! O kəslər ki, jurnalistin ölümünü gerçəkləşdirmişlər, cəzalandırılmalıdırlar!!!

Bunları bir kənara qoyub məsələyə daha geniş aspektdən yanaşaq indi.

Rasimi kim öldürdü? Təbii ki, hər kəs deyəcək ki, Cavidin qohumları! Fiziki olaraq, yəqin ki, belədir. Amma gün ərzində heç kimin diqqət yetirmədiyi bir hal var ortada: sosial şəbəkələrdə baş alıb gedən, mərhum həmkarımızın təbirincə desək, əxlaqsızlıq!

Bəli, sosial medianın Azərbaycan seqmenti artıq dözülməz bir yerə çevrilib. Xəta edib nəsə fərqli bir söz yazarsan, bir hərəkət edərsən, bir dəstə zombiləşmiş ünsür dərhal hərəkətə keçir, öz ana-bacılarını ona-buna söydürüb iyrənc bir ortam yaradırlar! Və çox təəssüflər olsun ki, bu zombi dəstəsinin önünü bir zamanlar millətin mayak kimi baxdığı “Azadlıq” qəzeti, onun sükanını heç cür əlindən buraxmayan AXCP çəkir! Bəli, bunlar normal müxalifətçilik edə bilmədikləri üçün sosial mediada söyüş batalyonu quraraq azacıq fərqli düşünən hər kəsə hücum edirlər! Bu əxlaqsız çete Rasim kimi günahsız, saf gəncləri də öz tərbiyəsizlikləri səviyyəsinə endirərək emosional şəkildə bir futbolçunu “əxlaqsız, tərbiyəsiz” adlandırmağın normal olduğuna inandırır!

Və acı sonuc!

Sondurmu? Kim bilir? Arzu edək ki, son olsun. Amma dövlətin heç bir şəkildə müdaxilə etmədiyi sosial şəbəkələr üzərindən hər kəsi söyməyi, təhqir etməyi normaya çevirmiş ünsürlərə bizim kimi ağlı başında olanlar baş qoşmasa da, emosiyalarını idarə etməkdə çətinlik çəkənlərin qarşısını kim və necə alacaq? Olmazmı ki, bu adamlar tənqidlərini əxlaq çərçivəsində etsinlər? Olar əlbəttə. Amma etmirlər. Niyə? Çünki bunlara Rasim kimi qurbanlar lazımdır! Bəli, belə qurbanlar onların işinə yarayardı. Amma bir şeyi unudurlar ki, bu yolla Azərbaycanın başına kimsə corab hörə bilməyəcək! Bilirsinizmi niyə? Ona görə ki, o söyüş batalyonunu idarə edən aşağılıq həriflər Azərbaycan xalqının böyük çoxluğunun nifrətini qazandıqlarının heç fərqində deyillər!

Bilirəm ki, bu yazım da birmənalı qarşılanmayacaq. Hətta başlığını, ilk cümlələrini, yaxud da kontekstdən çıxarışları oxuyub söyüş əmri verəcəklər. Versinlər! O söyüşlərin on qatını indidən söyənlərin hər birinə qaytarıram. Onlara uyub da söyüş yoluna ilk addımlarını atmaq istəyənlərə isə çağırış edirəm ki, bu yoldan çəkinsinlər. Mən sizə baş qoşan deyiləm, amma bu o demək deyil ki, söyməkdə olduğunuz başqaları da mənim qədər təmkinli davrana biləcəklər…

Rasimə Allahdan rəhmət diləyirəm. Bu gənc sosial şəbəkə terrorunun qurbanı oldu. Çox təəssüf əlbəttə.

Yaxınlarına Allahdan səbr diləyirəm. Təbii ki, onların dərdi çox ağırdır. Amma səbr etməkdən başqa çarə yoxdur.

Və sonda sosial şəbəkələrdə sağa-sola ədəb dışı paylaşımlar edənləri də ciddi düşünməyə dəvət edirəm…

Oxunma sayı: 1321