Niyə bizə turistlər az gəlir? – Şəkillər və təkliflər

Azər HƏSRƏT, azer@azerhasret.com

Adətimdir. Getdiyim, gəzdiyim yerlərə bir də müştəri gözüylə baxaram. Almaq üçün deyil əlbəttə. Sadəcə bir turist olaraq. Düşünərəm ki, buraya təkrar gəlməyə dəyərmi? İstər yurd dışında, istərsə də yurd içində. Ümumiyyətlə isə gəzməyi, görməyi çox sevirəm. Təbiət qoynunda, tarixi məkanlarda gəzib-dolaşmaq sevimli məşğuliyyətlərim arasındadır. Bir də şəkil çəkmək. Düz 30 ildir ki, həvəskar fotoqraflıq edirəm. Özüm üçün. Görüb həzz aldığım mənzərələri təmənnasız hər kəslə paylaşmaqdan da ayrıca zövq alıram. Yəqin ki, sosial şəbəkələrdəki dostlarım mənim tez-tez paylaşdığım foto albomlarından xəbərdardır.

Bu dəfə də belə oldu. Novruz bayramı günü İçəri şəhərə gəzintiyə çıxdım. Məqsədim gəzintidən daha çox bu bayramın əsas səhnələrinin yaşandığı şəhərdən fotolar çəkib Türkiyənin Milliyet qəzetində yayımlamaq idi. Yayımladım da. Həm Azərbaycanı tanıtmaq, həm də potensial turistlərə bu məkanı göstərmək baxımından, məncə, gərəkli iş gördüm.

Bu, öz yerində. Amma öz yerində olmayan bəzi məsələlər də var ki, onlar haqqında ayrıca söhbət açmaq istərdim. Məqsədim kimisə gözdən salmaq, tənqid etmək deyil. Sadəcə Azərbaycanın turizm potensialını genişləndirmək üçün optimallaşdırıcı təkliflər verməkdir. Çox arzu edərdim ki, bu yazımı mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev də oxusun və uyğun tapşırıqlarını versin. Versin ki, gələcəkdə turistləri çəkindirəcək, onlara əngəl olacaq hallar yaşanmasın. Uzunçuluq etmədən şəkillərin müşayiətilə fikirlərimi sırasıyla izah edirəm.

Qala qapısının önü

Qala qapısının önü

1-ci şəkil. İçəri şəhərin əsas girişinin önü. Göründüyü kimi, maşınlar qələbəliyə səbəb olur. Bu isə girişin mənzərəli şəklini çəkməyə əngəl törədir. Halbuki, istənilən turist bu girişin şəklini heç bir maneə olmadan çəkmək istərdi. Amma maşınlar və oradakı intensiv hərəkət bu işə əməlli-başlı mane olur. Deməli, nə etmək lazımdır? Bundan sonrakı Novruz bayramı üçün girişin önünə maşınların girişini yasaqlamaq, piyadaların rahatlığını təmin etmək lazımdır.

Polislər

Polislər

2-ci şəkil. Polislər. Qala qapısından içəri daxil olan kimi ilk nəzərə çarpan bu polislər oldu. Tək bu iki nəfər olsaydı, bəlkə də üstündən keçmək olardı. Amma onların sayı gözə girəcək qədər çox idi. Hələ polis maşınını demirəm. Bu da xoş bir mənzərə deyil. Bayram, gəzinti, xoş ovqatın hakim olduğu bir yerdə polislərin çox sayda gözə dəyməsi, açığı, şəxsən mənim ürəyimcə deyil. Əmin olun ki, xaricdən, özəlliklə də Avropadan gəlmiş turistlər bundan heç məmnun qalmırlar. Kimsə deyə bilər ki, polislər güvənlik üçün lazımdır. Razıyam. Hələ sağda-solda terror yellərinin əsdiyi bir zamanda, əlbəttə ki, güvənlik çox vacibdir. Amma bunu daha ürəkaçan bir üsulla etmək də olar: güvənlikçilər formada deyil, mülki geyimdə camaatın içinə qarışsa, heç bir rahatsızlıq olmaz. Üstəlik, o halda daha güclü güvənlik təmin etmək olar.

Ah, bu maşınlar

Ah, bu maşınlar

3-cü şəkil. İçəri şəhərin lap göbəyindəki maşınlar. Bura Bazar meydanının yaxınlığıdır. Az irəlidə Qız qalasıdır. Sual edə bilərsiniz ki, burada nə var ki? Maşınlar. Maşınların Bazar meydanının üstündə, Qız qalasının lap yaxınlığında, üstəlik də ən qələbəlik yerdə nə işi var? Bizim də maşınımız var. İçəri şəhərdən bir km aralıda saxlayıb buraya piyada gəldik. Poqonumuzun zəri düşmədi hər halda. Yəni bu adamlar da piyada gələ bilərdi. Çünki burada və sonrakı şəkillərdən də göründüyü kimi maşınların çoxluğu piyada gəzib-dolaşanlara, şənlənmək istəyənlərə əməlli-başlı mane olur.

Bazar meydanı

Bazar meydanı

4-cü şəkil. Orta yüzilə aid Bazar meydanı. Səliqəlidir. Amma ilk baxışdan haqqında bilgi gözə dəymir. Yaxşı olardı ki, burada ilk dəfə gələnlərin dərhal diqqətini çəkəcək bilgi lövhələri olsun.

Yer altından boy verən tarix

Yer altından boy verən tarix

5-ci şəkil. Torpağın altından boy verən tarix. Nədir, kimdir, nə zamana aiddir? Heç bir bilgiyə rast gəlmirik. Əla görüntüdür, amma izahını tapmaq çətindir. Bəlkə də haradasa, nəsə var. Amma yenə də nəzərə çarpmır.

Черт побери!

Черт побери!

6-cı şəkil. Çort poberi! (Черт побери!) Təbii ki, Sovet filmlərinin həvəskarı olmayan gənclərə bu ifadə heç nə demir. Amma bizim kimi insanlar “Brilyant əl” adlı şedevri, filmin baş rolunun ifaçısı Yuri Nikulini illər sonra da eyni həyəcanla, həvəslə seyr edirik. Bu qapı o qapıdır. Yerə yıxılmış görünən isə Nikulin deyil, mən özüməm. Olmazdımı ki, bu qapının üzərinə o filmlə bağlı bir lövhə yapışdırılsın? Avropalılar heç, amma MDB-dən gələn turistlərin çoxu, elə bir lövhəni görüb burada şəkil çəkdirərdi. Bu isə tanıtma üçün çox gözəl fürsətdir.

Mənzərəni korlayan maşınlar

Mənzərəni korlayan maşınlar

7-ci şəkil. Yenə də maşınlar. Bu maşınların ötəsində, qala qülləsilə binanın arasından gözəl mənzərə açılır. Amma əminəm ki, həmin günlərdə oradan keçən turistlər bu mənzərəni normal şəkildə kameranın yaddaşına köçürə bilmədikləri üçün çox təəssüfləniblər. Elə mən də. Bu çadır kirayəsi təklif edən iri maşınların o günlərdə nə işi var orada? Elə digər maşınların da.

Daha bir mənzərə maşınların üzündən yarımçıq alındı

Daha bir mənzərə maşınların üzündən yarımçıq alındı

8-ci şəkil. Şirvanşahlar sarayı və alov qüllələri. Gözəl mənzərədir. Amma yenə də maşınlar mane olur. Bu maşınların o günlərdə burada saxlanması mütləqmi lazımdır? Əgər onlar olmasaydı, bu şəkildəki görüntü daha əzəmətli alınardı. Amma nə edək ki, bu, mümkün olmadı.

Şərhsiz

Yenə də maşınlar

9-cu şəkil. Yenə də maşınlar. Özü də sırayla. Hələ yolun ortasında maşın saxlayıb ətrafı etinasızca seyr edənləri demirəm. Dəfələrlə oldu ki, obyektivi yönəldib şəkil çəkmək istərkən təsadüfi bir maşın gəlib qarşımı kəsdi. Hərəkətimlə işarə versəm də sürücülər üzümə baxdılar, veclərinə də almadılar. Ya kiminləsə söhbət etdilər, ya da düşüb hansısa dükana girdilər. Yaxud eləsi də oldu ki, ümumiyyətlə maşını qoyub çıxıb getdi. Mən heç, sonra da gəlib həmin yerin şəklini çəkə bilərəm. Bəs ilk və bəlkə də son dəfə gəlmiş turist nə etsin?

Yaşasın gənclər!

Yaşasın gənclər!

10-cu şəkil. Və gənclər. Hər zamankı kimi yeni nəsil öz sözünü deyir. Bu gəncləri kimin səfərbər etdiyini bilmirəm. Amma lap yerində olan bir işlə məşğuldurlar. Bunlar yeriyən bilgi bürolarıdır. Üzərlərində “Ask me” (Məndən soruş) yazılıb. Turistlər üçün ən gərəkli xidmət də elə budur. Hara getmək, necə getməklə bağlı sualı olan turistlər bu gənclərə ümid bağlaya bilərlər. Təbii ki, tək bu iki gənc deyil. Onların da sayı elə polislər kimi gözə dəyəcək qədərdir. Sadəcə birincilər adamda qıcıq yaradırsa, bunların çoxluğu adama əlavə güvən verir.

Təbii ki, bu şəkillərin müşayiətilə qısa qeydlərimi diqqətə çatdırmaqda məqsədim, yuxarıda da qeyd etdiyim kimi, kor-koranə tənqid etmək deyil. Arzu edirəm ki, İçəri şəhərin məhz Novruz bayramı günlərində daha optimal şəkildə turistlərin, yerli sakinlərin ixtiyarına verilməsi təmin edilsin. Bunun üçün Qala qapısından başlayaraq əraziyə ümumiyyətlə maşınların girişi bir həftəlik yasaqlansa, işin xeyrinə olar.

Ərazidə xidmət keçən polislərin isə birmənalı şəkildə mülki geyimdə olması məqsədəuyğun olardı.

Qeyd etdiyim və etmədiyim yerlərdə bilgiləndirici lövhələrin asılması, hətta yanında bələdçilərin olması da turistlərin marağını artırar.

Yəni biz elə edə bilərik ki, Novruz şənlikləri Bakıda daha cəlbedici ola bilər. Örnək üçün, Güney Amerika ölkələrindəki karnavallar kimi. Bu isə o deməkdir ki, ölkəmizə maraq artar və turistlərin sayı getdikcə çoxalar.

Hə, bir də onu əlavə edim ki, əsassız yüksəldimiş fantastik süni qiymətlərdən də imtina etmək lazımdır. Özəlliklə də iaşə obyektlərində. Əks təqdirdə, heç bir turist ikinci dəfə bura gəlmək istəməyəcək. Ən azından mən belə edirəm. Turist kimi olmasa da getdiyim çoxsaylı ölkələrdə süni qiymət və aşağı keyfiyyət olan yerlərə ikinci dəfə ayaq basmıram.

Bu məsələləri həll etsək, daha sual verməli olmarıq ki, niyə bizə turistlər az gəlir?

Oxunma sayı: 535
Share