Mətbuat Şurası problemlərdən sığortalanmayıb, amma…

İndi söz bazarında iş görməyin bazarıdır

Mətbuat Şurasının üzvü Azər Həsrətlə jurnalistlərin III qurultayı ərəfəsində görüşüb söhbətləşməyimiz heç də təsadüfi olmadı.

Belə ki, ətrafında böyük qalmaqal və söz-söhbətlər yaratmış Mətbuat Şurasının indiki tərkibinin səlahiyyət müddəti may ayının 21-də başa çatır. Gəzən söz-söhbətlərə görə, MŞ-nin üzvü Azər Həsrət belə hesab edir ki, adı çəkilən qurumun tərkibi bütövlükdə dəyişməlidir. Bir çoxları isə Azər Həsrəti qınayır ki, o, Əflatun Amaşovu “yıxıb-sürüyür”. Bəzi mətbu orqanlarda isə Azər Həsrətin Əflatun Amaşovun kürsüsündə gözü olduğunu iddia edirlər. Elə bizim də Azər Həsrətlə söhbətimiz mətbuatda dolaşan fikirlərlə bağlı oldu.

“Mətbuat Şurasının tərkibi dəyişdirilməlidir”

– Son zamanlar Azər Həsrətin ətrafında baş verən qalmaqalın səbəbi nədir?

– Baş verənləri əslində qalmaqal adlandırmazdım. Sadəcə, burada fikir ayrılıqları var. Mən Mətbuat Şurasının daha çevik bir qurum olmasını istəyirəm. Təəssüflər olsun ki, MŞ-na başçılıq edən adam bu çevikliyi təmin edə bilməyib. Əslində hər şeydə MŞ-nın başçısını ittiham etmək düz deyil. Oranın üzvlərinin 80 faizi də passivlik nümayiş etdiriblər. Bu səbəbdən də mən belə bir təkliflə çıxış etmişəm ki, Mətbuat Şurasının tərkibi tam olaraq dəyişdirilsin.

– Mətbuat Şurasından nə gözləyirdiniz və nəyi əldə edə bildiniz?

– Fikirləşirdim ki, Mətbuat Şurası ideal quruma çevriləcək. Azərbaycanda media ictimaiyyət münasibətlərində hansısa problemlərin həllində Mətbuat Şurasının sözü keçəcək. Amma təəssüflər olsun ki, bunu müşahidə edə bilmədik. İstər jurnalistlərin hüquqlarının pozulması halları olduğu zaman, istərsə də kütləvi informasiya vasitələri ilə məmurlar arasında ortaya çıxan problemlərin həllində Mətbuat Şurası öz sözünü deyə bilmədi. Həm çeviklik olmadı, həm də MŞ-nın davranışları məmurlar tərəfindən o qədər də yaxşı qarşılanmadı.

– Sadaladıqlarınız təkcə Əflatun Amaşovun səhvləridirmi? Bəlkə bütün MŞ-nın üzvləri passivlik nümayiş etdirib?

– Mən özüm də daxil olmaqla hamımızın MŞ-da öz işimizin öhdəsindən gələ bilmədiyimizi deyirəm. Əgər uğursuzluq varsa, ondan mənə də pay düşür. Amma uğursuzluğun əsas səbəbkarı başda gedən adam olur. Bir ordunun qələbə qazanması komandadan, onun peşəkarlığından asılıdır. Sözsüz ki, MŞ-na başçılıq edən şəxs daha fərqli keyfiyyətlərə malik olmalı idi ki, həmin keyfiyyətlər onun işləməsini təmin edə bilsin.

– Sizcə, Mətbuat Şurası iqtidara, yoxsa müxalifətə daha çox yaxındır?

– Mətbuat Şurasının tərkibində siyasiləşmiş adamlar var. Amma Mətbuat Şurasının hakimiyyətə daha loyal olduğu görünür. Yəni hakimiyyət jurnalistlərin problemləri ilə bağlı problemlərin olmamasını, qapalı qalmasını istəyirdisə, MŞ da faktiki olaraq ona çalışırdı. MŞ çalışırdı ki, səs-küylər, ajiotaj olmasın.

– Bir faktı da qeyd etmək lazımdır ki, bəzi reket qəzetlər başa çəkilir, hətta reketçiliyə qarşı mübarizə aparan MŞ-nın üzvlərindən biri Azərbaycan Mətbuatında bəlkə də reketçiliyin əsasını qoyubdur…

– Həqiqətən də reket qəzetlərin yuxarı başa çəkilməsinə qarşı mən sözümü demişəm. Əfsuslar olsun ki, keçən il MŞ-nın II qurultayında reket qəzetlərin təmsilçiləri bəlkə də qurultayın böyük qismini təşkil edirdi. Bunun özü də acınacaqlıdır. Eyni zamanda, vahid jurnalist vəsiqələrinin verilməsi prosesində də reket qəzetlərə bütün qapılar açıq olub.

“Mətbuat Şurası sədrliyi mənim üçün kiçik vəzifədir”

– Deyilənə görə, Azər Həsrətin bu canfəşanlığı Əflatun Amaşovun kürsüsünə göz qoymağından irəli gəlir?

– Ümumiyyətlə, Azərbaycanda son zamanlar bir xüsusiyyət dəb halını alıb. Kimi pisləyirsən, deyir ki, o, mənim yerimə göz dikib. Məsələn, mən bu il MM üzvlüyünə iddia edirəm və bunu da gizlətmirəm. Artıq seçki dairəsi də bəllidir. Faktiki olaraq seçkiyə hazırlaşıram. Amma MŞ sədrliyi yeri mənim üçün çox kiçik bir vəzifədir, artıq bu keçilmiş mərhələdir. Çünk MŞ sədrliyindən də yüksək vəzifələri mən tutmuşam və hal-hazırda da ictimai fəaliyyət baxımından bu vəzifələrdə varam. MŞ-nın sədrliyi vəzifəsi mənim üçün elə bir əlçatmaz vəzifə deiyl ki, mən buna idida edim. Əflatun Amaşovu tənqid etmək şəxsi qərəzlik də deyil. Sadəcə olaraq mən fikirləşirəm ki, MŞ-nın sədri daha fərqli keyfiyyətlərə malik olmalıdır.

– Bu fərqli keyfiyyətlər hansılardır?

– Əvvəla, biz informasiya – kommunikasiya texnologiyası əsrində yaşayırıq. Mətbuat Şurasının başında duran adam informasiya-kommunikasiya texnologiyalarından baş çıxarmalıdır. Bu, mütləqdir. İkincisi, MŞ-nın sədri bir neçə xarici dil bilməlidir. Bir də MŞ-nın sədri çevik olmalıdır.

– Bəs Mətbuat Şurasının sədri vəzifəsinə kimin namizədliyi irəli sürüləcək?

– May ayının 4-də qapalı toplantı keçirəcəyik. Orada həm üzvlüyə namizədləri, həm də sədrləri müəyyənləşdirəcəyik.

– Sizə elə gəlmirmi ki, Mətbuat Şurasının üzvləri arasında qeyri-peşəkarlar da çoxdur?

– Mətbuat Şurasının toplantılarında sənədlər hazırlanıb bizə təqdim olunur. Açığını deyim ki, MŞ həm də Azərbaycan dilinin istifadəsi məsələlərinə xüsusi diqqət yetirməlidir. Orada dillə bağlı xüsusi komissiya da var. Bizə verilən sənədlərin özü isə əfsuslar olsun ki, başdan-ayağa səhvlərlə doludur. Bu da onu göstərir ki, bu vəzifəyə qoyulan adamlar, hətta Azərbaycan dilini belə mükəmməl bilmirlər. İstər dil, istərsə də jurnalist etikası məsələsində olsun, belə insanlar MŞ-da olmamalıdırlar.

Mən indiyədək mətbuatda bir məqamı açıqlamamışam. Belə ki, “Monitor” jurnalının baş redaktoru mərhum Elmar Hüseynov sağlığında həmişə MŞ sədrindən mənə şikayət edərdi. Deyirdi ki, məni müdafiə etmir. Əslində mən bünü heç indi də deməzdim. Şahbaz Xuduoğlu Elmar Hüseynovun ən yaxın dostu olub ki, dediklərimi o da təsdiqləyə bilər.

Bizim Jurnalistlər Konfederasiyası başqa təşkilatlarla birləşib daima onu müdafiə etmişik. Elmarla bizim ideoloji baxışlarımızda fərqlərin olmasına baxmayaraq, bir jurnalist kimi hüquqları tapdanan zaman biz onu müdafiə edirdik. Lakin bu yaxınlarda Əflatun Amaşovun “Gün” qəzetində yazdığı məqaləni oxuduqda heyrətləndim.

Onu da qeyd edim ki, mən Əflatun Amaşovun birinci yazısı idi ki, mətbuatda rast gəlirdim. O, yazıda çəkinmədən qeyd edir ki, “RUH” Jurnalistlərin Müdafiə Komitəsindən başqa Elmar Hüseynovu faktiki heç kim müdafiə etməyib. Bu, doğru deyil axı!

Bir şeyi də qeyd edim ki, vahid formalı jurnalist vəsiqəsini alan bir çoxları Milli Məclis tərəfindən reket jurnalist kimi qovulurlar. Bu da ən böyük bəladır. Həmin adamlara vəsiqə veriləndə mən Əflatun Amaşova irad tutdum ki, bunları hamı reket kimi tanıyır. Nədən onlara vəsiqə verilir? Mənə sübut etməyə çalışdılar ki, onlarda hər şey qanunidir. Bu da zamanın axarı, mənim fikirlərimin doğruluğu sübuta yetirildi.

– Bayaq qeyd etdiniz ki, siz daha böyük işlərə iddialısınız və parlament seçkilərinə namizədliyinizi irəli sürmüsünüz. Seçkilərə hansı platforma ilə gedirsiniz?

– Mən söz adamı deyiləm, iş adamıyam. Mənim seçki taktikam onun üzərində qurulacaq. Vətəndaşlarla görüş zamanı onlara bildirəcəm ki, dərhal onların problemləri həll olunacaq? Mən buna söz verə bilmərəm. Çünki Azərbaycanda hakimiyyətdə köklü şəkildə dəyişmə olmasa bunlardan danışmağa dəyməz. Bu il seçkilərə gedən hər bir kəs bilməlidir ki, o, demokratik seçki savaşına hazırlaşır.

Çinarə VÜQAR

Qaynaq: Təzadlar qəzeti

Oxunma sayı: 6179