Sərdar Əlibəylinin açıq məktubuna cavab

Azər HƏSRƏT

Azər HƏSRƏT

Azər HƏSRƏT, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü – azer@azerhasret.com

Anlayıram, bilirəm ki, mənim hər zaman və hər kəslə dialoqa açıq olmağım, siyasi mənsubiyyətindən, hakimiyyətə və ya müxalifətə yaxınlığından asılı olmayaraq istənilən şəxslə münasibətlərimi sırf insanlıq üzərində qurmağımdan gözləntilər olur. Normaldır. Çünki Azərbaycanda bəzən bəzi insanların öz ürəyini kiməsə boşaltması, ürəyindən keçəndə lap elə sərt şəkildə qarşısındakını tənqid edib divara dirəmək istəyinin gerçəkləşməsi elə də asan məsələ deyil. Çünki bir çox insanlar özlərinə yönəlik tənqidləri nəinki şəxsən eşidəcək qədər ürəkli deyil, ümumiyyətlə belə tənqidlərin olmasına dözümsüz yanaşırlar. Mənsə, hər kəsin bildiyi, tanıdığı Azər Həsrət olaraq heç bir zaman şəxsimə yönəlik tənqidlərdən (təbii ki, etik çərçivədə olanlardan) çəkinmədim, qaçmadım, şəxsimi tənqid etmək istəyən hər kəslə qabaq-qənşər oturub söhbətimi elədim. Bundan sonra da belə davam etmək əzmindəyəm.

Sərdar bəy mənə bir açıq məktub yazaraq həm özünün, həm də Əvəz Zeynallının Mətbuat Şurasının qara siyahısına salınması məsələsini çözələmək istəyir. Bunun üçün müzakirə açılmasını, ortaya faktlar qoya biləcəyini iddia edir. Olsun. Şübhə altına almaq fikrindən uzağam. Mənə çağırış edir ki, dediyim qədər varamsa, Mətbuat Şurasında məsələ qaldırıb müzakirənin təşkilinə yardımçı olum. Çəkinmədən birbaşa deyirəm: mən bu təklifi Şurada səsləndirmək fikrindəyəm. Şəxsən Əflatun Amaşovla da müzakirə edəcəyəm. Amma bəri başdan deyirəm ki, Sərdar bəyin də, Əvəz bəyin də məsələləri mənə qədər – yəni 2013-cü ildə mən 8 illik fasilədən sonra Mətbuat Şurasının İdarə Heyətinə qayıtmazdan öncə baş verib. Təbii ki, orada o prosesin necə getdiyindən, hansı ayrıntılarının olmasından xəbərim yoxdur və olması üçün görəvli də deyildim. Əslində, heç indi də bu məsələni gündəmə gətirmək üçün hər hansı öhdəlik sahibi deyiləm. İstər Sərdar bəy, istərsə də Əvəz bəy şəxsən MŞ-na müraciət edib öz məsələlərinin müzakirəsini tələb edə bilərlər. Müzakirə zamanı mən də üzvlərdən biri kimi, münasibətimi bildirə bilərəm.

Sərdar bəy iddia edir ki, MŞ keçmiş MTN-dən gəlmiş sifarişləri yerinə yetirib. Nə deyim? Söhbət mənə qədərki dönəmdən gedirsə, təbii ki, sualların və iddiaların ünvanı olaraq özümü görə bilmirəm. Amma MŞ üzvü seçildiyim dönəmdən gedirsə, tam əminliklə deyirəm ki, mənə belə fakt(lar) məlum deyil. İndi üzvü olmasam da bir müddət MŞ şikayətlər komissiyasının üzvü olmuşam və orada məsələsi müzakirə olunan istənilən jurnalistdən mənim münasibətim, mövqeyimlə bağlı soruşa bilərsiniz. Görün, prinsipiallığımdan, ədalətimdən bir addım belə geri durmuşammı? Əsla!

Meydan və şeytan məsələsində mən heç zaman heç kimin qarşısından qaçmadım, qaçmaram da. Çünki kimsənin qarşısında gözükölgəli deyiləm. Bir çoxlarından fərqli olaraq. Ona görə də hər zaman və hər yerdə uca səslə, qətiyyətlə danışa bilirəm. Yazarkən, yaxud bir davranış sərgilərkən heç vaxt düşünmədim ki, bu əməlimi bəyənməyən birisi çıxıb mənim hansısa gizli əməlimi ortalığa qoya bilər. Heç bir zaman. Çünki nəyim varsa, göz önündədir. Bütün əməllərimi açıqda etmişəm, edirəm və edəcəyəm də. Siyasi mövqeyim birmənalıdır, bəllidir.

Şəxsi münasibətlərimdə siyasətdən kənar davrana bilirəm, mənə qarşı olanlardan inciməyəcək qədər ürəkliyəm. Keçmişimdə heç bir qaranlıq, gizli məqam yoxdur. Tez-tez bəzi adamlar Elmar Hüseynovun öldürülməsindən bir gün sonra etdiyim hədsiz radikal çıxışın videosuyla məni şantaj etmək istəyir, amma bu da işə yaramır. Çünki o videonu internetdə yayımlayan məhz mən özüm olmuşam. Gizli qalmasını istəsəydim, yaxud da onun yayımlanmasından çəkinsəydim, bunu edərdimmi? Yox əlbəttə. Bilirəm ki, bu videom müəyyən çevrələrdə qıcıq yaradır. Amma yenə də onun gizlədilməsini, silinməsini arzu etmirəm. Çünki bu olub və əgər bu gün onu gizlətsəm, deməli, ikiüzlülük etmiş, yalan danışmış və hazırda mənə inananları aldatmağa cəhd etmiş olaram. Ona görə də pisimi də, yaxşımı da açıq tuturam ki, kimsə kimsəni aldatdığımı iddia edə bilməsin.

İndi Sərdar bəyin mənə yönəlik çağırışlarını da eyni təmkinlə qəbul edirəm. Adamın məndən gözləntisi var. Bunun nəyi pisdir ki? Əksinə, bu yaxşıdır ki, Sərdar bəy kimi insanlar hətta şəxsimi tənqid edərək belə məndən tələbdə buluna bilirlər.

Oxunma sayı: 2432
Share

1 Trackback to "Sərdar Əlibəylinin açıq məktubuna cavab"

  1. on 10 October 2016 - 11:45 at 11:45