İşıqdan istifadəylə bağlı izahım

"Günün nəbzi"ndə

“Günün nəbzi”ndə

Azər HƏSRƏT, azer@azerhasret.com

Mən faktla, sübutla danışar, yazaram. Bir şeyə əmin olmadıqca onu dilə gətirmərəm. Gətirməli olsam belə mütləq əl yeri saxlaram ki, yanlış olduğu zaman üzüm qızarmasın. Yəni mümkün olduğu qədər obyektiv danışmağa çalışıram. Çünki bilirəm ki, yalan, əsassız danışmaq insanı mütləq nə vaxtsa pis durumla üz-üzə qoya bilər. Üstəlik, elə bir çağda yaşayırıq ki, dediyimiz hər sözü minlərlə, milyonlarla insan mizan-tərəzidən keçirə bilir. Özü də bir anın içində.

Bu yaxınlarda, konkret olaraq noyabrın 30-da Az.TV-nin “Günün nəbzi” verilişinin qonaqları arasındaydım. İşıq və qazın qiymətinin artırılmasını müzakirə edirdik. Orada müxtəlif fikirlər səsləndirildi, verilişin aparıcı qayəsi heç də mütləq bu qiymət artımına haqq qazandırmaq da deyildi. Sadəcə çalışdıq ki, belə bir artımın qaçılmaz olduğunu izah edək. Ümumilikdə məsələylə bağlı mövqeyimi isə daha sonra “İşıq və qazın qiyməti: niyə hədəfdəyəm?” başlıqlı bir yazıyla təkrar açıqlamalı oldum. Amma görünür, bu da yetərli olmadı ki, hələ də bəzi adamlar bəzi yerlərdə mənim yalan danışdığımı, ictimai rəyi aldatdığımı iddia edirlər.

Nə imiş bu yalan? Verilişdə demişdim ki, işıq üçün ayda ortalama 7-8 manat ödəniş edirəm. Yəni söhbət əhali kəsimindən bir istehlakçı olaraq ödədiyim puldan gedirdi. Üstündən günlər keçib, hələ də qulağıma çatır ki, bunu yalandan deyirəm. İddia edilir ki, bir ailənin aylıq elektrik sərfiyyatı bu məbləğə mümkün deyil. Ona görə də məcburam ki, belə düşünənlərə işin əslini faktlarla göstərim. Yazıma “Azərişıq”ın internet saytından aldığım son bir illik fakturanı da əlavə edirəm ki, havadan danışmadığım aydın olsun.

Fakturadan aydın olur ki, ilk ödəmə bu il yanvar ayının 7-də edilib. Cəmi 6.30 manat. Çoxdurmu? Deyil təbii. Bu ödəniş 2015-ci ilin dekabr ayının enerji sərfiyyatına görədir. Yəni qışın oğlan çağı üçün.

Ardından yanvar ayı üçün edilmiş ödəniş gəlir. O da çox deyil: 6.66 manat.

Fevralın ödənişi də eyni qaydada 6.30 manat, martınkı isə 7.32 manat.

Sənəddə əsasən hər ay üçün 7 manat civarında ödənişin edildiyi açıq-aşkar görünür. Amma yayda – iyun ayında may ayı üçün edilmiş ödəniş bir az çox görünür: 9.84 manat. Sual oluna bilər ki, niyə? Çox sadə səbəbdən: may ayında evdə təmir işləri aparılıb, əlavə qurğu və avadanlıqdan istifadə edilib və elektrik sərfiyyatı bir balaca artıb.

İyun, iyul, avqust və sentyabr ayları üçün də ödənişlər uyğun olaraq 6.84, 7.17, 7.84 və 7.70 manat təşkil edir. Yəni birmənalı olaraq 8 manatdan da az.

Yalnız oktyabr ayı üçün bir qədər yüksək rəqəm – 14.49 manat, ardınca da noyabr ayı üçün 11.34 manat ödəniş görünür.

Yenə də sual oluna bilər ki, niyə bu qədər fərq yaranıb? Bunun da izahı çox sadədir. Oktyabr ayı, hər kəsin xatırlayacağı kimi, çox soyuq keçirdi. Eləcə də noyabr ayı. Bakıda mərkəzləşdirilmiş istilik sistemləri yalnız noyabrın 15-dən işə salındığı üçün biz ailəcə soyuqdan qorunmanın yolunu əlavə elektrik israfında gördük. Yəqin hamı bizim kimi edib və edir. Evi isitmək üçün əlavə qurğuları işə saldıq, bu da əlavə istehlaka səbəb oldu. Halbuki istilik sistemi o soyuq günlərdə də işləsəydi, yəqin ki, bu rəqəmlər əvvəlkilərlə uyğunluq təşkil edəcəkdi.

Ümumilikdə isə fakturadan görünür ki, son 12 ay – bir il ərzində bizim ailəmiz cəmi 92 manat işıq pulu ödəyib. İrəli qaçaraq burada bir yanlışlıq olduğunu da qeyd etməliyəm. Bu rəqəm, əslində 97.92 manat təşkil edir. Anlaşılan odur ki, “Azərişıq”ın saytında rəqəmlər yuvarlaqlaşdırılır və qəpiklər hesaba alınmır. Ona görə də bizim üçün 12 aylıq məbləğ 92 manat görünür. Bu da heç nəyi dəyişmir.

Elektron faktura

Elektron faktura

Beləliklə, 12 ay ərzində işıq üçün ödədiyimiz 97.92 manatı aylara bölüb ortaq rəqəmi alırıq: 8.16 qəpik. Çoxdurmu? Özü də indiki bir zamanda, hələ manatın dollar qarşısında 2 dəfədən çox dəyər itirdiyi bir vaxtda? Məncə, deyil. Əgər indiki zamanda mənim kimi bir ailə başçısı ayda ortalama 8,16 manat işıq pulu ödəyirsə, bundan narazılıq etməyə əsla haqqım yoxdur.

Sual oluna bilər ki, biz buna necə nail oluruq? Çox sadə bir yolla. Birincisi və ən önəmlisi odur ki, bizim binamızda mərkəzləşdirilmiş istilik sistemi var və mükəmməl də işləyir. Bunun üçün ayda 7.01 manat ödəyirik. Məmnunuq, razıyıq və belə davam edərsə heç bir şikayətimiz olan deyil.

İkinci bir səbəb isə qənaətli lampalardan istifadə etməyimizdir. Bizim mənzilimizdə bir ədəd belə İliç lampası yoxdur. Ya spiral, ya da led işıqlardan istifadə edirik ki, bu da ən azı 60 faiz qənaət deməkdir. İşıqlandırma da mükəmməldir.

Televizor, internet, bilgisayarlar, elektriklə işləyən ayrı-ayrı məişət avadanlıqları da tam gücüylə istifadə edilir və göründüyü kimi 7-8 manatla bütün bunların elektrik sərfiyyatını idarə edirik.

Ən əsası isə qənaətcil olmağımızdır. Biz evdə gərək olmadıqca işıqdan istifadə etmirik. Yəni boş bir otaqda boşu-boşuna işıq yandırmırıq. Otaqdan çıxanda mütləq işığı söndürürük. Bunu xəsis olduğumuz üçün etmirik təbii. Sadəcə israfa qarşıyıq.

Haşiyə: 2001-ci ildə Yeni Yasamalda bir evdə kirayədə yaşayırdıq. Yeni evlənmişdik. Evdə işıq sayğacı yox idi. Su sayğacı da yox idi. Suyun ödənişi yadımda deyil, işıq üçün o vaxtkı pulla ayda 50 min manat ödəyirdik. Özü də davamlı olaraq işıqlar kəsilirdi, saatlarla şam işığında qalırdıq. Buna baxmayaraq ödənişləri gecikdirmirdik. Bir dəfə əmim oğlu bizə qonaq gəlmişdi. O, mənim işıqdan, sudan qənaətlə istifadə etdiyimi görəndə soruşdu ki, “evdə sayğac var bəyəm?” Dedim ki, yoxdur. “Bəs onda niyə özünə bu qədər əziyyət verirsən”, – deyə soruşanda izah etdim ki, sayğac olsa da, olmasa da qənaət etməliyik. Üzümə baxdı, “daha sənə sözüm yoxdur”, – deyib başını buladı.

Bir məqamı da vurğulamaq istərdim. Qiymət artımından sonra müəyyən edilən kvotaya görə, əhali kəsimindən olanlar ayda 250 (ildə 3 min) kvt/saata qədər elektrik üçün 7 qəpikdən ödəmə etməlidir. Yəni hər ay bu qədər elektrik sərfiyyatı olarsa, 17.30 manata başa gəlir. Artıq sərfiyyatın qiyməti isə 11 qəpikdən hesablanacaq. Gəlin, bizim ailəmizin sərfiyyatının da ortalamasını çıxaraq. 97.92 manatı 0.07 manata böləndə 1400 kvt/saat alınır. Yəni bizim illik sərfiyyatımız bu qədər edir. Kvota isə nə qədər idi? 3 min kvt/saat. Deməli, biz ayrılan kvotanın yarısını belə işlətmədən durumu idarə edə bilirik. İşlətdiyimiz enerjini aylara böləndə isə 1400/12=116,7 kvt/saat alınır. Yenə də kvotaya baxaq: aylıq 250 kvt/saat. Göründüyü kimi bu differensiallaşdırma bizim kimi orta səviyyəli bir ailə üçün nəinki faciə deyil, ümumiyyətlə birbaşa təsirindən söhbət gedə bilməz.

Bəs, ümumiyyətlə bu qiymət artımının bizə dolayısıyla təsiri ola bilərmi? Bilər və olur. İstehsalda, xidmətdə qiymət artımları artıq göz önündədir və mən də bunu nə Az.TV-dəki çıxışımda danmadım, nə də indi danmıram.

Ümid edirəm ki, bu geniş izahım bəzi adamların arxamca buraxdıqları dedi-qoduların səngiməsi üçün yetərlidir. Bura onu da təəccüblə əlavə edirəm ki, dedi-qodu yayanlar arasında dövlət vəzifəsi tutanların, YAP üzvlərinin olmasını da müşahidə edirəm. Belə anlaşılır ki, bu adamlar mənsub olduqları partiyanın, onlara vəzifə etibar etmiş hakimiyyətin siyasətindən narazıdırlar. Məndən fərqli olaraq. Daha bu məsələyə mən qarışmıram. Bunu YAP bilər, hakimiyyətin özü bilər…

Oxunma sayı: 1125