Cığallıq eləmə, Aslan İsmayılov…

Azər HƏSRƏT, azer@azerhasret.com

Cığallıq haqqında yazıram. Daha doğrusu özünü böyük göstərən, əslində isə cığal olan birisi haqqında.

Diqqətli oxucularım xatırlar. Yanvarın 10-da “Çox olmadımı, Aslan İsmayılov?” başlıqlı bir yazı yazmışdım. Adı çəkilən şəxsə ünvanlı yazımda onun, haqqında fərqli söz deyən, tənqid yazan hər kəsi – əsasən də jurnalistləri məhkəməyə verməsini qabardaraq çağırış etmişdim ki, bu əməldən əl çəksin.

Anlayıram, bu adam özünü ən radikal, barışmaz mübariz kimi görür. Şəxsi işidir, qarışmıram. Ancaq onun heç də hər zaman ədalətli və dürüst olmadığının da fərqinə varıram. Hətta buna da qarışmıram. Adı keçən yazını da sadəcə ona görə yazmışdım ki, adamı jurnalistləri məhkəməyə verməkdən çəkindirim. Hətta düşünürdüm ki, o, bu çağırışa kişiyana cavab verəcək.

Amma olmadı. Olmayacağını təxmin də edirdim zatən. Üstəlik, Aslan İsmayılovu məndən də yaxşı tanıyan dostlarım deyirdi ki, sən bu adamdan daha cılız münasibət görəcəksən.

Gözlədim və təəssüf ki, gördüm də.

Üç gün sonra – yanvarın 13-də Aslan İsmayılov Facebook-da belə bir status paylaşdı: “Hakimiyyət, tabeçiliyində olan KİV-lərdə öz “otxod”ları vasitəsilə bir aydan artıqdır ki, məni ən əxlaqsız ifadələrlə təhqir etdirir. Özü də bu yolda, artıq arxivdə olanlardan, aldıqları paylara xəyanət edənlərdən, vaxtilə bu hakimiyyəti mənim kimi tənqid edənlərdən yox, onda da ən əxlaqsız ifadələrlə təhqir edənlərdən istifadə edir…” və s. Altında da Az.TV-nin 1999-cu ildə efirə getmiş bir xəbəri. Yəni belə baxanda anlamaq olar ki, adamın davası Az.TV və ya bütövlükdə hakimiyyətləymiş. Amma elə deyil.

Sözü gedən paylaşım

Məlum statusun altında bu adam dərhal da mənə aid bir videonu paylaşıb. “Azər Həsrət dünən və bu gün” adlı videoda mən 2005-ci ildə Elmar Hüseynovun qətlindən sonra hakimiyyəti sərt tənqid edirəm. Ona calaq edilmiş ikinci bir hissədə isə Prezident İlham Əliyev haqqında xoş sözlər deyirəm. Çoxları bilmir ki, hər iki videonu internetdə məhz özüm paylaşmışam. Yəqin Aslan İsmayılov da bilmir. Bilsəydi, bir tapıntı kimi sevincək paylaşmazdı.

Bu adam bu videonu paylaşmaqla guya öz ağlınca mənə zərbə vurur. Özü də qurşaqdan aşağı. Zərbə olmadığını demişik. Yəni qorxusu yoxdur. Amma Aslan İsmayılovun qurşaqdan aşağı zərbə vurmağı düşünəcək qədər aşağı enməsini də görmək şəxsən mənim ürəyimcə deyil, bunu da bilməsini istərdim. Əgər onun məqsədi mənim yazıma cavab vermək idisə, buyurub mədəni şəkildə və ədəb çərçivəsində cavab verə bilərdi. Yaxud da vecinə belə almadan öz işində olardı. Göründüyü kimi, mənə cavabını ən cılız bir şəkildə, cığal uşaq kimi vermə yolu seçib. Neynək, bu da onun mahiyyətini bir daha ortaya qoyur.

Bu arada, onun o statusunun altında yazılan şərhlərdə bu adamın elə özünə də irad tutulur ki, axı sən də bir zamanlar bənzər çıxışlar etmisən. Cavab verir ki, “o çıxış Vətən üçün idi”. Gülsəkmi, ağlasaqmı? Bilmirəm ki. Bunun hakimiyyətə xoş münasibəti Vətən üçün olur, bizimki isə… Nə isə…

Deyir, mənimki “Vətən üçün idi”…

Bax, belə. Çox təəssüf edirəm ki, bu adam danışdıqca, çabaladıqca əsl mahiyyətini ortaya qoyur və mənim kimi ona rəğbəti olan insanların rəğbətini itirdikcə itirir. Bunun qarşılığında hələ iddia da edir ki, ən dürüst adamdır. Etsin, qarışmıram. Amma ki, qurşaqdan aşağı zərbə vurmağı ağlına gətirən adamdan nə dürüstlük gözlənə bilər ki?..

Sözardı: Aslan İsmayılov, əgər bir yerdə bir nəfər haqqında müzakirə açırsınızsa, onun da xəbəri olması lazım. Üstəlik, adamın müzakirəsinin tərbiyə və əxlaq çərçivəsində getməsini təmin etmək də sizin boynunuzun borcudur. Axı siz qanunları və qaydaları hamıdan yaxşı bilən birisi kimi bunu da bilməliydiniz, deyilmi? Lütfən, adamların məni təhqir etməsi üçün təşkil etdiyiniz müzakirənin tərbiyə çərçivəsinə salınmasını təmin edin. Əks halda bütün təhqirlərin müəllifi kimi sizi gördüyümü dilə gətirməyə məcburam. Sözünü təhqirlə deyənlərəsə qiyməti qoy oxucular versin…

Oxunma sayı: 260
Share