Həmrəylik Günümüz Qutlu Olsun!

Əziz dostlar və ziyarətçilər!

Bu gün 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür! Bu gün Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biridir. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın işğalı altında tutulan Güney Azərbaycan sərhədinin dağıdılması ilə qoyulub. Uzun illər bir-birinə həsrət qalan insanlarımız sərhəd dirəklərini yıxaraq əslində Azərbaycanı bütövləşdirməyə cəhd etmişdilər. Sonradan bu olaylar Azərbaycan milli azadlıq hərəkatında mühüm rol oynadı.

Bunun ardınca da 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Daha sonra isə bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün Azərbaycan(lılar) rəsmən bu günü bayram kimi qeyd edir.

Hamımıza uğurlu, xeyirli olsun deyirəm. Bayramınız qutlu olsun, əziz soydaşlar. Qoy bu gün bir zamanlar bütün Türk Dünyasının həmrəyliyi günü kimi qeyd edilsin!

Sayğılarla,
Azər Həsrət

Oxunma sayı: 7696
Share