Lapşin olayının təsdiqlədiyi gerçəklər

Azər HƏSRƏT, azer@azerhasret.com

Aleksandr Lapşin adlı birisi Belarusda tutularaq Azərbaycana təhvil verildi. Hüquq qaydaları çərçivəsində baş tutan proses fevralın 8-də adı keçən şəxsin Bakıya gətirilməsilə sona çatdı. İrəlidə Azərbaycan qanunları çərçivəsində mühakimə prosesi var.

Eyni zamanda Ukrayna, Rusiya və İsrail parportu daşıyan bu şəxsin Azərbaycana nə dəxli var? Təbii ki, heç bir dəxli. Onun başına gələnlər ölkəmizin sərhədlərini bir neçə dəfə qanunsuz pozmasıyla bağlıdır. Sadəcə bu qədər. Həm də bu pozuntunu nümayişkaranə şəkildə etməsi ona qarşı qəti addımların atılmasına səbəb olub.

Qısa desək, bu şəxs Ermənistanın şirnikləndirməsilə iki dəfə Azərbaycandan iznsiz işğal altındakı Dağlıq Qarabağa səfər edib. Buna görə də adı qara siyahıya düşüb. Lakin Ukrayna pasportunda adını Aleksandr yerinə Oleksandr yazdırmaqla yenidən Azərbaycana gəlib və gedib. Yəni sərhəd xidmətini aldadıb.

Bu şəxsin bu əməlləri təbii ki, bütün durumlarda öz ləyaqətini hər şeydən üstün tutan Azərbaycan kimi bir dövlətin hərəkətə keçməsinə səbəb olmalıydı.

Oldu da. İnterpol belə prosesə cəlb edildi və adam Belarusda həbs edilib Azərbaycana təhvil verildi.

Aleksandr Lapşin artıq Bakıdadır

Sonrasını gözləyək. Ona qədərsə bəzi məqamlara münasibətimizi bildirək.

Bəlkə də adi bir proses kimi görünəcək. Ancaq bu olayın özü Azərbaycan dövlətinin və onun rəhbəri, Ali Baş Komandan və Prezidenti İlham Əliyevin daha bir qətiyyət nümunəsidir.

Bu olayda Belarusla uzaq vədəyə hesablanmış bərabərhüquqlu strateji tərəfdaşlıq bir daha özünü doğrultmuş oldu. Bu isə kimin siyasətidir? Təbii ki, zamanında ulu öndər Heydər Əliyevin, indi isə Prezident İlham Əliyevin. Onu da nəzərə alaq ki, Belarus buna qədər də Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə yanımızda olub, birmənalı mövqe sərgiləyib.

Azərbaycan A.Lapşini qanunlar çərçivəsində həbs elətdirib Bakıya gətirməklə ləyaqətli və yalnız öz milli maraqlarına söykənən dövlət olduğunu bir daha sübut etmiş oldu. Burada iki məqam ayrıca vurğulanmalıdır:

1. Sərhədimizi qanunsuz keçən hər kəs mütləq günün birində məhz Azərbaycan dövləti tərəfindən cəzasını alacaq;
2. Azərbaycan dövləti sadəcə sözdə deyil, əməldə də qətiyyət nümayiş etdirir.

Qətiyyətdən söz düşmüşkən, A.Lapşinin təhvil alınması həm də iki gün öncə Milli Qəhrəman adına layiq görülmüş igid əsgərimiz Çingiz Qurbanovun nəşinin ermənilərdən geri alınmasının ardından baş verdi. Yəni Çingiz kimi oğulların canı bahasına qoruduğu Vətən sərhədinin müqəddəsliyini pozanların cəzasız qalmayacağının daha bir nümunəsi oldu bu.

Yeri gəlmişkən, əziz şəhidimiz Çingiz Qurbanovun nəşinin düşmən əsarətindən xilas edilməsi də Prezident, Ali Baş Komandan İlham Əliyevin prinsipial və qətiyyətli davranışından heç zaman imtina etməyəcəyini göstərir. Cənab Prezident hər zaman hər bir Azərbaycan vətəndaşının arxasında olduğunu bir daha sübut etmiş oldu.

Buna qədərsə Azərbaycan bayrağını təhqir etmiş erməni zabitini öldürdüyü üçün Macarıstanda ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun olayı vardı. Cənab Prezident heç kimin ümid etmədiyi halda bu dəyərli zabitimizi ölkəyə gətirib ümumiyyətlə həbsdən azad etdi. İndi Ramil Səfərov şərəfilə Azərbaycan Ordusunda xidmətini davam etdirir.

Yaxud da Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun nəşinin ermənilərdən alınmasını xatırlayaq. Eləcə də Fərid Əhmədovun nəşinin geri alınmasını qeyd edə bilərik.

Göründüyü kimi, Ali Baş Komandan öz əsgərinin, zabitinin nəşini belə düşmənin əlində buraxmır, sonadək qətiyyət göstərib geri alır.

Burada bir məqamı da ayrıca vurğulamaq lazımdır. A.Lapşin olayı Azərbaycana qarşı olan qüvvələri zəif də olsa hərəkətə keçirib. İndi onlar bu olaydan istifadə edərək ölkəmizə qarşı qaralama kampaniyasına başlayıblar. İddiaları da budur ki, A.Lapşin bloggerdir, Azərbaycan onu tutmaqla ifadə azadlığını əngəlləyir. Belə olan halda sual verməzlərmi ki, niyə bu adam dəfələrlə sərhədlərimizi pozur? Məgər bloggerlər, jurnalistlər istədikləri ölkənin sərhədlərini ayaqları altına ala, qanunlarını heçə sayıb ləyaqətilə oynaya bilərlər? Həm də Azərbaycan məgər onun ifadə azadlığına hansısa şəkildə müdaxilə edir?

Göründüyü kimi, diqqəti əsas məsələdən yayındırmaq üçün hərəkətlər edilir. Hətta bu kampaniyaçıların bəziləri o qədər özlərini itirib ki, məsələnin gözünə Dağlıq Qarabağın statusunu da qatırlar, bununla bağlı rəy bildirirlər.

Nyu Yorkdakı Jurnalistləri Müdafiə Komitəsi bu sırada ilk yerdədir. Görün, bu təşkilat A.Lapşinlə bağlı açıqlamasında hansı iddiaya yer verir: “Jurnalistləri Müdafiə Komitəsi Belarus Ali Məhkəməsinin blogger Aleksandr Lapşini Azərbaycana təhvil verməklə bağlı qərarını qınayır. A.Lapşin mübahisəli Dağlıq Qarabağ bölgəsinə səfərinə və Azərbaycanın siyasətini tənqid etdiyinə görə ittiham olunur”.

İfadəyə fikir verdinizmi? “Mübahisəli Dağlıq Qarabağ bölgəsi” deyir. Bütün dünyanın rəsmən Azərbaycanın tərkib hissəsi kimi tanıdığı bir bölgəni jurnalistlərin hüquqlarını qoruduğunu iddia edən bir beynəlxalq QHT “mübahisəli bölgə” kimi qələmə verir. İndi bunlara deyən gərək ki, hansı torpağın hansı ölkəyə aid olduğunu, yaxud da mübahisəli olub-olmadığını sizmi müəyyən edirsiniz?

Biz deyəndə ki, bir sıra beynəlxalq qurumlar Azərbaycana münasibətdə qərəzlidir, tənqid edilirik. Buyurun, bu da daha bir fakt. Ona görə də bəzi şəxslər belə qurumların bəyanatlarını əldə bayraq edəndə iki dəfə düşünməlidirlər ki, bunun arxasında nə gizlənir?

Sonda təkrar əsas məsələyə qayıdaraq ayrıca vurğulamaq istərdim ki, A.Lapşin məsələsi Azərbaycanın beynəlxalq imici üçün olduqca önəmlidir. Bundan sonra sərhədimizi pozmaq istəyənlər ciddi düşünməli olacaqlar. Artıq anlayacaqlar ki, Azərbaycan sərhəd kimi müqəddəsliyinə təcavüz edən istənilən şəxsi qanun qarşısında cavab verməyə məcbur edə bilər. Dünyanın harasında olmasından asılı olmayaraq. Hansısa güclü dövlətin vətəndaşı olmasından asılı olmayaraq.

Hə bu arada onu da qeyd edək ki, Ermənistan bu olaydan sonra əməlli-başlı isterika içindədir. Ölkə ictimai rəyinin generatorları hətta Azərbaycana 10:0 uduzduqlarını etiraf edirlər…

Oxunma sayı: 81