Xainin milliyyəti olmur!

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Dünən axşam sosial şəbəkələrdə xəbər yayıldı ki, bir Azərbaycan vətəndaşı ailəsilə birlikdə Ermənistandan sığınacaq alıb. Bu vətəndaşın talış azlığına aid olması isə ayrıca vurğulanırdı. Sanki kimlərsə bugünlərdə mənim də tez-tez müraciət etməli olduğum talış mövzusunu körükləndirirdi. Bir müddət düşündükdən sonra BBC-nin mövzuyla bağlı yaydığı xəbəri paylaşıb münasibət öyrənmək istədim. Təbii ki, hər kəs bunu lənətlədi, xəyanət kimi dəyərləndirdi. Dostların bəziləri BBC-də yayımlanan xəbərin başlığını da tənqid etmədən keçmədi. Başlıq belə idi: “Ermənistan azərbaycanlı talış jurnalistə sığınacaq verib”. Təbii ki, belə bir başlıq bəzi insanları – özəlliklə də talışları rahatsız etməliydi. Şəxsən məni də. Lakin ilkin mənbə olaraq BBC-nin xəbərini yaymağı üstün tutduğum üçün başlığa müdaxilə imkanım da yoxdur.

Di gəl ki, dünəndən bir özünübilməz iddia edir ki, o başlığı mən qoymuşam. İki gündür adama anlada bilmirəm ki, BBC-nin xəbərinə müdaxilə etmək kimi bir üstünlüyüm, imkanım yoxdur. Kor tutduğunu buraxmaz misalı bu adam yaxamdan düşmür ki, düşmür. Axırı da ora gəlib çıxdı ki, “lazım olsa sənin haqqında müəyyən məlumatları yaza bilərəm” deyərək öz ağlınca məni hədələdi.

Adamın əsl məqsədinin talış söhbəti olmadığını anladım və “Haydı başqa qapıya” deyib söhbəti qapatdım. Bir balaca da araşdırma apardım. Qafqaz Universitetinin məzunuymuş. Yəni məlum koordinat…

Türk olduğunu iddia edir. Mənim talışları hədəf aldığımı da sözlərinə əlavə edir. Üstəlik də təkrar-təkrar BBC-nin xəbərindəki başlığa “talış” sözünü mənim əlavə etdiyimi israrla vurğulayır. Təbii ki, belə məsələləri dərindən bilməyənlər elə düşünəcək ki, Azər Həsrət BBC kimi dünya nəhənginin dərc etdiyi xəbərlərin başlığına belə müdaxilə edəcək gücdədir…

Bu adamın məqsədi nədir? Çox əlbət ki, “talış” məsələsini bəhanə edib Azər Həsrəti gözdən salmaq!

Yeri gəlmişkən, mənim haqqımda bildiklərini yazacağıyla hədələyən ilk adam deyil bu. Hamısına dediyimi buna da deyirəm: yazmayan şərəfsizdir! Buyur, nə bilirsən, yaz! Mənim utanacaq, çəkinəcək, kimdənsə gizli bir keçmişim yoxdur. Hər kəsin üzünə ürəklə baxa biləcək qədər cəsarətim var mənim!

Ola bilsin bu adam da bəzi yarımqafalılar kimi mənim müxalif keçmişimlə bağlı nəsə yaza biləcəyini düşünür. Olsun. Zatən keçmişim göz önündə olub.

Mitinqlərdə aparıcılıq etdiyimimi yazacaqsan? Yaz!

Radikal çıxışlarımı, “Azadlıq” və o cəbhədən olan qəzetlərdəki hər sətrindən qan daman köşə yazılarımımı paylaşacaqsan, paylaş!

Bəlkə Elmar Hüseynov qətl edildikdən bir gün sonra etdiyim çıxışı paylaşmaq keçdi könlündən? Narahat olma, onun videosunu zatən özüm internetdə dərc etmişəm.

Bu adamlar belə xırda hisslərlə hərəkət edəndə düşünürlər ki, indi dəstəklədiyim hakimiyyətə mənim haqqımda xəbərçilik edəcəklər. Bu bədbəxtlər anlamır ki, Azərbaycan hakimiyyəti hər kəsi, o cümlədən Azər Həsrəti bunlardan qat-qat yaxşı tanıyır. Tanımasaydı güvənməz, bu qədər yaxın məsafəyə buraxmazdı.

Sizin o xəbərçilik etmək istədiyiniz məsələlər haqqında hakimiyyət çoxdan, lap çoxdan məlumatlıdır. Elə olmasaydı bu hakimiyyət heç də bu qədər dayanıqlı, uzunmüddətli olmazdı ki. Fikriniz sizin kimilərin hoydu-hoyduya qoyub yanlışlara sürüklədiyiniz hakimiyyətlərə getməsin. Bu hakimiyyət o hakimiyyətlərdən deyil.

İndi isə təkrar “talış” məsələsinə qayıdıram. BBC-nin başlığa məhz bu sözü çıxarmasının səbəbi nədir görəsən?

Araşdırdım, bəlli oldu ki, xəbəri Ermənistan siyasi təbliğat maşını yayıb. Məhz “talış” sözünü başlıqda vurğulamaqla. BBC-nin Azərbaycan xidməti də eyni qaydada yazıb xəbəri. Məqsəd qaranlıq qaldımı? Təbii ki, mənim kimi adam üçün qaranlıq heç nə yoxdur. Burada talışları diqqətə gətirməklə Azərbaycan vətəndaşlarını onların üstünə qaldırmaq məqsədi var. Yəni, baxın, talışlar xaindir.

Təbii ki, ermənilərin, onlara siyasi təbliğatda hər zaman açıq dəstək verən BBC kimi media qurumlarının məqsədi budur: talışları gözdən salmaq, onları xain kimi qələmə vermək!

Əlbəttə ki, biz belə təbliğata aldanacaq insanlar deyilik. Hər zaman yazmışam və demişəm ki, belə xainlərə ən yaxşı qiyməti talışların özləri veriblər, verəcəklər də!

Elə sözügedən xəbərlə bağlı bir dostumuz – özü də talış olan gəncimiz – olduqca sağlam açıqlama yaydı. Görün, Xəyal İbrahimzadə adlı gənc nə yazır: “Bu gün Əlikram Hümbətov kimi şərəfsiz erməni ilə talışı qardaş adlandırır. Onu heç kim dəstəkləmir. Mən özüm bu Vətənin bir olmasını istəyirəm. Mənim əmim də bu Vətən uğrunda şəhid olub. Özüm də bu gün şəhid olmağa hazıram. Təki Vətənimiz parçalanmasın, Vətənin hər yeri əzizdir: şimalı, cənubu, qərbi, şərqi. Siyasəti vətən sevgisinə qatmayın. Kimlə şəxsi qərəziniz varsa, bunu onunla həll edin”.

Tam aydın, qəti bir mövqedir! Alqışlayıram bu gənci və heç şübhə etmirəm ki, talış qardaşlarımız bu ölkəni, bu dövləti məhz bu duyğularla sevir. Çünki Azərbaycan onların Vətənidir. Onlar da hər bir Azərbaycanlı kimi bu Vətənin sahibidir. İnsan sahibi olduğu dəyəri satarmı? Satmaz!

Bəs o adam – Talış Mədəniyyət Mərkəzi İdarə Heyətinin üzvü olduğu deyilən Şahin Mirzəyev adlı xain niyə satdı? Talış olduğu üçünmü? Təbii ki, yox! O adda adamın Azərbaycana xəyanət etməsinin talış olmasıyla əsla əlaqəsi yoxdur, ola da bilməz! Niyə? Çünki xainlərin milliyyəti olmur! Eyni qaydada Ermənistana sığınan türkü də görmüşük, ləzgini də, hələ axtarsan başqalarını da! Bunların etnik mənsubiyyətinin mətləbə əsla dəxli yoxdur! Dedik axı, xaindirlər! Ona görə də bu Şahin Mirzəyev adlı adama görə, yaxud da elə o Əlikram xaininə görə, talışları gözümçıxdıya salmaq heç və heç yolverilən ola bilməz!

Xəyal İbrahimzadə adlı gənc dostumuzun da yazdığı kimi, talışlar bu Vətən – Azərbaycan üçün hər zaman can qoyublar, qoymağa da hazırdırlar. Günü sabah fəal hərbi əməliyyatlar bərpa edilsə, heç kim şübhə etməsin ki, ən öndə gedənlər elə məhz talışlar olacaq!

Burada bir məqama da toxunmadan keçə bilmərik. Adı hər zaman qalmaqallarda hallanan Talış Mədəniyyət Mərkəzini mütləq araşdırmaq lazımdır. Məsələ ondadır ki, bu təşkilatın adı ətrafında həmişə sağlam olmayan müzakirələr gedib. İndi də məhz bu qurumun idarə heyətinin üzvü ailəsini də götürüb Ermənistan tərəfə keçib. Demək ki, bu qurumda nələrsə yerində deyil.

Ümumiyyətlə isə, hər zaman özünün ziyalıları, ağsaqqallarıyla fərqlənən talış vətəndaşlarımızın normal bir mədəniyyət mərkəzi qurması məqsədəuyğun olardı. Çünki təsadüfi adamların talışların adından danışması, sonra da xəyanətlərinin üzündən qaçıb Ermənistana sığınması talışlarla bağlı arzuolunmaz müzakirələrə səbəb olur. Halbuki hamımız bilirik ki, talış vətəndaşlarımızın yetərincə zəkası vardır ki, həm etnik məsələlərini, həm də ümumilikdə Azərbaycan məsələlərini layiqincə müzakirə etsinlər.

Sözardı: Biz sosial şəbəkələrdə bu məsələni qızğın müzakirə edərkən xəbər gəldi ki, ordumuzun əsgəri Fuad Fərhadoğlu Qafarov şəhid olub. Onu fevralın 12-də, günorta saatlarında Xaçmazın Köhnə Xaçmaz kəndində dəfn ediblər. Özü əslən rayonun Niyazabad kəndindən idi. Allah şəhidimizə rəhmət eləsin. Neynək, Vətənin bir başındakı bir oğul canını bu torpaq üçün fəda edərkən digər başındakı bir xain də o oğulun ölümünə bais olan düşmənə sığınır. Amma olsun. Əsas odur ki, belə xainlərin sayı bir əlin barmaqlarının sayı qədərdirsə, bu Vətən üçün canını fəda etməyə hazır olanların sayı milyonlarladır.

Oxunma sayı: 594
Share