Biz niyə qızışdırıcı jurnalistlərik?

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Az.TV-nin rəhbəri Arif Alışanovla Qulu Məhərrəmlinin məlum münaqişəsi bugünlərdə sona çatdı. Özü də şəxsən mənim ürəyimcə olan bir şəkildə. Bu münaqişə başlayanda da fikir bildirmişdim. Demişdim ki, bu iki hörmətli şəxs arasında heç də xoş olmayan münaqişə ümumilikdə Azərbaycan ictimai rəyi üçün arzuolunan deyil.

Sonradan məhkəmə-filan yolu göründü, mediada qızışdırıcı yazılar yazıldı, tərəflərin fikirləri kontekstdən çıxarılaraq ortalıq bir qədər də gərginləşdirildi.

Amma bugünlərdə bəlli oldu ki, Arif Alışanov məhkəməyə müraciət edən tərəf olsa da son zamanlar bu iddiasına elə də ürəkdən yanaşmayıb. Hər halda belə elan edildi ki, o, yaxud da onun nümayəndəsi bir neçə dəfə çağırılsa da məhkəmə iclaslarına gəlmədiyi üçün prosesə son verilib. Yəni belə anladım ki, iddiaçı iddiasında sonadək israr etmədiyi üçün məsələ qapadılıb.

Bu xəbəri sevinclə qarşıladım. Çünki hər iki şəxsə sayğım var və onların arasındakı naxoş münaqişədən üzüntü duyurdum. Məsələnin tam olaraq qapanması lap yerinə düşdü.

Amma ki, görünən başqa mənzərədir. Azərbaycan mediası, bir sıra jurnalistlərimiz qaşınmayan yerdən qan çıxarmaqda israrlı görünürlər. Mediada bu məsələylə bağlı gedən xəbərlərin, şərhlərin başlıqlarından yenə də qan damır. Yazırlar ki, “Arif Alışanov uduzdu”, “Qulu Məhərrəmli qalib gəldi” və s.

Doğrudanmı bu məsələdə kimsə uddu, kimsə uduzdu? Məncə yox. O iki şəxsin heç biri nə uduzdu, nə də uddu. Dedik axı, heç bu münaqişə olmasaydı kaş. Amma oldusa da hazırkı sonucu pis deyil. Ürəkaçan və arzuolunandır. Yəni hər iki hörmətli şəxsin daha faydalı işləri varkən belə bir xırda incikliyə bu qədər zaman xərcləməyə dəyməzdi. Elə görünür buna görədir ki, Arif Alışanov iddiaçı olsa da məhkəmənin son çağırışlarına əməl etməyib və lori dildə desək, işin başını buraxıb.

Sonuc ürəkaçandır. Di gəl ki, bəzi həmkarlarımız təkid və israrla bu iki şəxsin münaqişəsini davam etdirmək istəyir.

Olmaz belə, dostlar, olmaz. İctimai rəyi artıq bitmiş bir məsələylə məşğul etmək doğru deyil. Bizim onsuz da daha vacib mövzularımız var. Üstəlik, Az.TV kimi ölkənin ən strateji media qurumuna başçılıq edən şəxsi belə bir məsələylə davamlı məşğul etmək də doğru bir hərəkət deyil. Elə Qulu Məhərrəmli də, məncə, bu məsələylə bağlı şərhlərdən imtina etməlidir. Yəni oldu, bitdi. İrəli baxmaq, daha vacib məsələlərlə məşğul olmaq yerinə düşməzdimi? Zatən Arif Alışanov da iddiaçı tərəf olmasına baxmayaraq müdrikcəsinə susmaqla münaqişəni bitirib. Məgər biz də münaqişə təzə başlayanda bunu istəmirdikmi?

İstəyirdik. Elə isə niyə qızışdırıcı jurnalistikayla məşğuluq?

Oxunma sayı: 476
Share