23 fevralı bayram edənlərin menyusuna…

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Dünən sosial mediada dostlarımızdan biri bir məsələ haqqında danışdı. Öz qapalı qrupumuzda müzakirə etdik və qərara gəldik ki, mövzunu ictimailəşdirək.

Bakı məktəblərindən birində müəllim aşağı sinif uşaqlarına deyib ki, 23 fevralda qızlar oğlanlara hədiyyə alsın ki, oğlanlar da 8 martda onlara hədiyyə ilə cavab versin. Təbii ki, balaca tifillər dünyanın gərdişindən xəbərsiz olduğu üçün yəqin ki, müəllimin bu çağırışına əməl etməyə çalışacaqlar. Hələ ata-anaları manqurtdursa, lap belə dəridən-qabıqdan çıxacaqlar ki, 23 fevral günü öz oğlan həmkarlarını təbrik etsinlər.

Belə baxanda təəccüblü heç nə yoxdur. Yəni uşaqdırlar, bir-birilərini təbrik edirlər, filan deyib keçə bilərik. Amma ki, olmaz. Niyə? Çünki 23 fevral bizim üçün heç bir halda bayram sayıla bilməz!

Bəs nədir 23 fevral günü?

Sovet vətəndaşı olmuş mənim kimi insanlar xatırlarlar. Özü da yaxşı xatırlarlar. 23 fevral Sovet İttifaqında Sovet Ordusu və Hərbi Dəniz Donanması Günü idi. İndi də Rusiyada eyni gün eyni qaydada bayram edilir. Çünki Rusiya özünü rəsmən Sovet İttifaqının varisi elan edib. Azərbaycan isə… Sovet Sosialist Respublikaları İttifaqı adı altında gizlənən işğalçıdan – Rusiyadan artıq 26 ildir ki, ayrılıb, müstəqildir. Yəni Rusiyanın, SSRİ-nin bayramının bizə dəxli yoxdur.

Sadəcə dəxli yoxdurmu? Deyil. Həm də bu günü bayram deyib dilə gətirmək belə böyük ayıbdır. Çünki o gün Azərbaycanı işğal etmiş, 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti adlı müstəqil dövlətimizi süquta uğratmış işğalçı ordunun bayram günüdür! Yəni təsəvvür edin ki, ermənilər Ermənistan ordusunun qurulduğu günü bayram edir, biz Azərbaycanlılar da onlara qoşulub eyni gündə bayram ovqatına giririk. Hansı hissləri keçirərdiniz? Bax, 23 fevralı da bayram etmək eyni hisslərə səbəb olardı. O kəslərdə ki, milli kimliyimizi, müstəqil dövlətçiliyimizi və bütün bunların uğruna verdiyimiz qurbanlarımızı doğru-dürüst anlaya bilsin…

İndi bir Bakı məktəbində bir manqurt müəllim (deyilənlərə görə gəncdir) uşaqların o məsum beyinlərinə öz manqurtluğundan pay qondurur ki, 23 fevralda oğlanlara hədiyyə alın. Necə olur ki, belələri məktəblərdə uşaqlarımıza dərs deyir? Ümumiyyətlə, müəllim olan kəs necə özünə sığışdıra bilir ki, işğalçı ordunun qurulduğu günü millətin balalarına bayram kimi tanıtsın?

Və ən önəmlisi: niyə Təhsil Nazirliyimiz belə məsələləri diqqətdən qaçırır? Olmazmı ki, məktəblərə bir təlimat göndərib qeyd olunması vacib günlərlə bağlı xəbərdarlıq edilsin? Bəlkə də belə təlimat var, mən bilmirəm. Amma görünən odur ki, bəzi məktəblərdə bəzi müəllimlər hələ də fil qulağında yatır və uşaqlarımıza işğalçı ordunun gününü bayram etməyi tövsiyə edir…

Yəqin oxucuda sual yaranacaq ki, niyə o müəllimin adını, məktəbin ünvanını qeyd etmirəm. Sadə bir səbəbdən: bu haqda mənə danışan dostumuz bu halın tək bir məktəbdə deyil, bir sıra məktəblərdə müşahidə edildiyini deyir. Əlavə də edir ki, söz ondan çıxsa məktəbdə uşağını gözümçıxdıya salacaqlar. Haqsız sayılmaz əslində…

Sözardı: 23 fevralın ardından 26 fevral – Xocalı soyqırımı günü gəlir. O soyqırımı törədən də elə həmin 23 fevralda bəzi manqurtların bayramını qeyd etdiyi ordunun 366-cı alayı idi…

Oxunma sayı: 708
Share