Ölkəni internetsiz qoymaq istəyən kimdir?

Azər Həsrət

Azər HƏSRƏT, azer@azerhasret.com

Son günlər, hətta aylar ərzində Azərbaycanda internetlə bağlı çox ciddi problemlər yaşanır. Söhbət sadəcə olaraq texniki problemlərdən gedir. Dövlət insanımızın internetə çıxışı üçün bütün imkanları yaratdığı halda bəzi qurumlar son istifadəçilər – abunəçilərin əsəblərini davamlı şəkildə sınağa çəkir.

Səbəbsə, əslində elə bir haldır ki, buna heç cür haqq qazandırmaq mümkün deyil.

Bəllidir ki, Azərbaycanda internet təminatının böyük bir kəsimi – 90 faizə qədərini bir şirkət – Delta TeleCom təmin edir. İşinə yaxından bələd deyiləm. Amma bilirəm ki, yetərincə məsuliyyətli şirkətdir. Di gəl ki, tək onun məsuliyyətli olması problemi həll etmir.

Belə bir durum təsəvvür edək: evinizdə, işinizdə internet xidməti alırsınız. Hər ayın əvvəlində ödəməni həyata keçirirsiniz. Keçirməsəniz internetiniz kəsilir. Bəzilərində dərhal, bəzilərində də az bir müddət sonra. Yəni bu nə deməkdir? O deməkdir ki, bizim hər birimiz abunəçi olaraq ödənişlərimizi mütləq və vaxtında ödəyirik. Əks təqdirdə gözümüzün yaşına baxmadan bizi virtual aləmdən təcrid edərlər. Özü də haqlı şəkildə.

Bunları yadda saxlayaq, keçək növbəti məsələyə.

İndi bəlli olur ki, Delta TeleCom ölkəni internetsiz qoya bilər. Yəni bu sahədəki istehlakın 90 faizini təmin edən şirkət sadəcə imkansızlıq üzündən xidmətini dayandıra bilər. Unutmayaq ki, bu hal hazırda döyüş bölgəsində fəallaşmanın müşahidə edildiyi günlərdə aktualdır.

Bunun adı nədir? Təxribat? Düşmən dəyirmanına su tökmək? Yaxud da bizim bilmədiyimiz başqa nəsnələr var işin içində?

Sual edirik ki, niyə Delta TeleCom belə bir zamanda Azərbaycanı internetsiz qoymağa “məcbur” olacaqmış?

Azacıq araşdırdıq və səbəbini tapdıq. Tapdığımız səbəbə isə heç cür haqq qazandıra bilmirik.

Bəlli olur ki, Delta TeleCom əsas bəkbon (backbone) provayder olaraq interneti aldığı xarici mənbələrə ödəmələrdə çətinliklə üzləşir. Yəni xaricdəki xidmətlərin qarşısında bu şirkətin ciddi maliyyə borcları yaranıb. Onlar da “sən öl, mən ölüm”ə elə də fikir verməiyindən ölkəmizin bir anın içərisində internetsiz qalma təhlükəsi yaranıb.

Bəs, Delta TeleCom niyə belə edir? Niyə borcunu ödəyib bir an öncə Azərbaycanı bu təhlükədən xilas etmir?

Öyrəndik. Bəlli oldu ki, problem heç də Delta TeleCom-da deyilmiş. Yəni bu şirkət uzun müddətdir əlindən gələni (hətta gəlməyəni də) edir ki, Azərbaycan internetində problem yaşanmasın. Amma görünür ki, son zamanlar hətta əlindən gəlməyəni də etməyə nəfəsi çatmır.

Elə isə borc niyə yaranır? Əgər sən verəcəyin xidmətin pulunu əvvəlcədən alırsansa, necə olur ki, borcların yaranır? Axı pulun var və bir an öncə ödəmələrini gerçəkləşdirib durumdan çıxa bilərsən. Yuxarıda yazdıq axı, biz abunəçilər öncədən ödəniş etməsək, internetimiz kəsilir. Hazırda kəsilmədiyi üçün belə anlaşılır ki, hamımız vaxtında ödənişi edirik. Ediriksə, şirkət də pulu alıbsa, əlində yetərli miqdarda vəsait varsa, niyə borclarını ödəyib problemi həll etmir?

Hə, əsas sirr də burda gizlənir.

İş ondadır ki, Delta TeleCom xaricdən aldığı interneti Azərbaycan provayderlərinə qüsursuz bir şəkildə təqdim edir. Provayderlər də öz növbəsində o interneti biz abunəçilərə satır. Pulunu da öncədən almaqla. Bu isə o deməkdir ki, provayderlər o pulların hesabına Delta TeleCom-a çatacaq məbləği vaxtında ödəyə bilərlər. Amma ödəmirlərmiş!

Bəli, ölkənin internetsiz qalma təhlükəsinin əsas səbəbkarı müştəri ilə Delta TeleCom arasındakı provayderlərdir!

Borclarsa fantastikdir! 10 milyonlarla manat məbləğində. Delta TeleCom-un xarici xidmətlərə ödəməli olduğu məbləğdən qat-qat artıq alacağı varmış! Amma ala bilmir!

Niyə, səbəb nədir? Öyrəndiyimizə görə, Delta TeleCom aşağı-yuxarı 30 provayderə internet satır. Onların bir çoxu isə ödəmələri aylarla gecikdirir. Nəticə də odur ki, Delta TeleCom alacaqlarını ala bilmədiyi üçün verməli olduqlarını da verə bilmir. Ona görə də onun xaricdən aldığı xidmət bir anın içində kəsilə bilər. Özü də bu hal lap elə fəal hərbi əməliyyatlar zamanı baş verə bilər. İnterneti kəsəcək xarici mərkəzləri qınamağa haqqımız olmadan həm də.

Qısaca, durum belədir. Delta TeleCom ölkənin provayderlərinə internet satır. Özü də qüsursuz. Onlar da həmin interneti bizə satır. Pulunu öncədən almaqla. Yəni provayderlərin pul problemi yoxdur ki, Delta TeleCom-a ödəmədə çətinlik çəksinlər. Amma anlaşılan budur ki, ödəmələri gecikdirir, inkar edirlər. Nəticədə Delta TeleCom xarici öhdəliklərini yerinə yetirə bilmir və Azərbaycanı internetsiz qoymağa məcbur olur. Özündən asılı olmayan səbəblər üzündən.

Ona görə də dövlətin müvafiq qurumları Delta TeleCom-a borcu olan provayderləri yaxşıca araşdırmalıdır. Çox güman ki, onların içində bilərəkdən düşmən dəyirmanına su tökənlər var. O provayderlərin sahibləri-rəhbərləri arasında xarici kəşfiyyata işləyənlər də tapılsa təəccüb etmərəm. Bu adamlar internet bizə hava və su kimi lazım olduğu bir zamanda ölkədə görün nə əməllə məşğuldurlar? Ən adi paylaşımları belə etməkdə çətinlik çəkirik. O tərəfdə işğalçı Ermənistan var qüvvəsilə həm də informasiya savaşı aparır, Azərbaycanda isə adi Tvitterdən belə düz-əməlli istifadə edə bilmirik. Səbəbsə kiminsə kiməsə borcunun olmasıdır.

Doğrudanmı bu qədər sadədir məsələ? Araşdırılmalıdır məncə…

Kiminsə kiməsə borcunun olmasının şəxsən mənə nə dəxli var? Mən əgər bir xidmət üçün pulumu öncədən ödəmişəmsə, niyə o xidməti almaqda çətinlik çəkməliyəm? Məntiq yoxdur axı burda. Məntiq yoxdur da, amma bəlli olur ki, təxribat, sabotaj var.

Elədirsə, dövlət bir an öncə görəvini icra etməli, məsələnin mahiyyətini aşkara çıxarıb günahkarları cəzalandırmalıdır.

Sözardı: Evdə AiləNet, səfərdə isə BakCell və NarMobile-ın internetindən istifadə edirəm. Evdə həm də IP TV (Ailə TV) xidmətindən istifadə edirəm. Sadəcə əsəbdən məhv oluram!!! BakCell və NarMobile-ın interneti əvvəllər paytaxtdan kənarda bizi məhv edirdisə, indi Bakının tam ortasında da eyni halla üzləşirik. Amma ödənişlərimizi heç bir halda bir gün belə gecikdirmirik. Çünki gecikdirsək o zay xidməti də kəsəcəklər. Kəssələr, üz tutacağımız alternativlər də onların günündədir…

Oxunma sayı: 374
Share