Özünütənqid: Sinifdə qalan mediamız

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Son günlər gündəm dəyişməsəydi “AzərAvtoYol” haqqında bir yazı yazmağı düşünürdüm. Amma olmadı. Öncə 23 fevral rəzalətlərinə cavab verməli oldum, ardından da cəbhədəki fəallıq araya girdi. Belə bir gərginlik içində bir də bəlli oldu ki, Bakıda Mikayıl Müşfiqin abidəsi sökülüb. Hətta vandalcasına dağıdılıb. Bu xəbər dünən – fevralın 27-də bütün medianı məşğul etdi.

İlkin olaraq xəbər verilirdi ki, Mədəniyyət və Turizm Nazirliyinin izni olmadan “AzərAvtoYol” abidəni dağıdıb. Hətta məhv edib. Məsələni Nazirlikdən də təsdiqləmişdilər. Bir qədər də əsəbi reaksiya olmuşdu. Ardınca da Yazıçılar Birliyi, Rəssamlar Birliyi kimi qurumlar, ayrı-ayrı ziyalılar, elm adamları, ictimai xadimlər gün ərzində “vandalları” – “AzərAvtoYol”u o ki, var yıxıb sürüdü.

Təbii ki, mediamız da belə adamlara gen-bol meydan verdi. Amma ki, heç bir jurnalistin ağlına gəlmədi ki, “AzərAvtoYol”dan da münasibət öyrənsin, soruşsun ki, niyə belə vandalizmə yol vermisiniz.

Ortalıq toz-duman olduqdan sonra qurumun mətbuat xidmətinin rəhbəri, həmkarımız Anar Nəcəfli sosial şəbəkələrdə Mikayıl Müşfiqin sökülmüş abidəsinin şəkillərini paylaşaraq izahat verdi ki, onu heç də məhv etməyiblər. Sadəcə ərazidə yenidənqurma işləri aparıldığı üçün söküblər ki, zərər görməsin. Təqdim edilən şəkillərdən də aydın olurdu ki, həqiqətən də abidə qayğı və səliqəylə sökülüb, paketlənib və üzəri də örtülü bir şəkildə daşınaraq saxlanca verilib. Anar Nəcəfli deyirdi ki, işlər başa çatan kimi heykəl məhz əvvəlki yerində, əvvəlki görkəmində ziyarətə təqdim ediləcək. Yəni məsələ bu qədər sadə idi.

Yalnız bir çatışmazlıq vardı: “AzərAvtoYol” heykəlin sökülməsi haqqında vaxtında bilgi verməmişdi. Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi də öz şərhilə (yəqin ki, haqlı) ortalığı qızışdırmışdı. Bizim jurnalistlərimiz də hər təsadüfi məsələdən “şok xəbər” yazmağa öyrəncəli olduqları üçün “AzərAvtoYol”dan – qarşı tərəfdən münasibət öyrənmədən bütün günü gündəmi məşğul etmişdilər.

Günün daha bir bənzər olayı bəzi sənətçilərlə bağlı yaşandı. Bir şəkil paylaşdılar, yazdılar ki, bu sənətçilər əsgərlikdə olmayıblar. Şərhlər, tənqidlər, təhqirlər sosial medianı başına götürdü. Günün sonuna doğru o sənətçilərdən biri – çox dəyərli insan, vətəndaş və əlbəttə ki, vətənsevər bir şəxsiyyət Mənsum İbrahimov əsgərlik şəkillərini paylaşaraq orduda xidmətdə olmaması haqqında deyilənləri yalanlamağa məcbur oldu. Nə yazıq ki, bu məsələdə də jurnalistlərimiz sinifdə qaldı. Digərlərini bilmirəm, amma Mənsum İbrahimov çox əlçatan birisidir və onun əsgərlik məsələsini özüylə dəqiqləşdirmək elə də çətin deyil. Amma anlaşılan budur ki, jurnalistlərimiz bunu belə etməyi lazım bilmədilər, adamı bütün gün ərzində gözdən salmaq üçün səbəb verdilər.

Bir neçə ay öncə də bənzər hadisə yaşanmışdı. Xaricidəki Azərbaycan diaspor fəallarından biri yenidən evlənmişdi. Sonradan bəlli olduğuna görə, onun keçmiş xanımı Azərbaycan mediasına xəbər ötürərək yeni evləndiyi xanımın erməni olmasını ictimai rəyə sızdırmışdı. Tam bir gün ərzində jurnalistlərimiz adamın özündən heç nə soruşmadan “Azərbaycan diaspor fəalını erməni qızıyla evləndiyinə görə”, gözdən saldı. Hətta iddia edildi ki, toyları da Bakıda olubmuş. Üstündən iki gün keçəndən sonra adamın yeni xanımı özü mediaya çıxdı, açıqlama verdi. Bəlli oldu ki, erməni deyil, Azərbaycanlı, özü də türk qızıdır. Üstəlik TV kanallarımızın birində işləyir, media əhlidir.

Göründüyü kimi, mediamız bərbad durumdadır. Yəni hardansa əllərinə bir xəbər düşür, onu araşdırmadan efirə verirlər. Heç bir günahı olmayan insanları gözdən salır, onlar haqqında mənfi rəy yaradırlar. Sonra da bunların səbəb olduğu mənfilikləri təmizləmək çox çətin olur. Ən azından “ləkə at, heç olmasa izi qalacaq” prinsipi burda gerçəkləşir. Olansa yenə də Azərbaycan jurnalistikasına olur. Bu gün dediyini sabah təkzib edən mediaya güvən olmaz onsuz da. Nəticədə də bizim kimi insanlar hardasa özünü təqdim edərkən “mən jurnalistəm” deməkdən çəkinməli olur…

Niyə biz jurnalistikanın ən adi prinsiplərindən olan qarşı tərəfin mövqeyi məsələsində sinifdə qalırıq? Özü də elə məsələlərdə, elə adamlara münasibətdə ki, hətta jurnalist olmayanın belə ağlına gələrdi ki, qarşı tərəfi tapıb sözünü desin, sualını versin. Amma ki, bizim ən iddialı media qurumlarımız qaşınmayan yerdən qan çıxarır, sonra da ictimai rəyi məşğul edir. Bu durum isə çox hörmətli insanların belə haqsız yerə rəylər verməsinə, əsəbi münasibətinə səbəb olur.

Təbii ki, burada günahkar yalnız media deyil. Elə məsələlər var ki, onları vaxtında ictimailəşdirmək lazımdır. Özəlliklə də gündəm məsələlərini.

Örnək üçün, “AzərAvtoYol”un Mikayıl Müşfiqin heykəlini sökməsi haqqında dərhal və ayrıntılı xəbər verilsəydi, yəqin ki, manipulyasiya üçün yer qalmazdı. Bu isə o deməkdir ki, çox hörmətli qurumlar və şəxslər əsəbi münasibət bildirməyəcəkdi. Deməli, “AzərAvtoYol” bu məsələdə bir balaca sinifdə qalıb. Mediamızsa zatən sinifdə qalan olduğu üçün böyük hesabla sinifdə qalıb. Bu qüsurumuzu düzəltməliyik. Özü də mütləq. Bura onu da əlavə edim ki, həmkarımız Anar Nəcəfli də bəzi başqa qurumların uyğun xidmət rəhbərlərindən fərqli olaraq çox əlçatan birisidir.

“AzərAvtoYol”a gəlincə, yuxarıda qeyd etdim axı, onun haqqında yazmağa hazırlaşırdım. Məsələ ondadır ki, qurum son zamanlar diqqətimi həm ictimaiyyətə açıq olması, həm də gördüyü işin keyfiyyətilə çəkir. Harda “AzərAvtoYol” yol çəkir, təmir edirsə, o yollar həm standart baxımından, həm də keyfiyyət baxımından fərqlənir. (Yalnız öz gördüklərim haqda deyirəm təbii – A.H.) Bunu ona görə yazmağı düşündüm ki, daha öncə çəkilən yollarla bağlı dəfələrlə fikir bildirmişəm, həmişə də tənqid etmişəm. Amma özəlliklə də Əməkdar mühəndis Saleh Məmmədovun başçılığı altında bu qurum fərqli – daha keyfiyyətli görünür. Bizim də işimiz yaxşıya yaxşı, pisə pis demək olduğu üçün haqqı olana haqqını verməliyik. Verməliyik ki, başqaları da baxıb örnək götürsünlər. Bura onu da əlavə edim ki, Saleh Məmmədovu tənqid edənlər də yox deyil. Təbiidir. İş olan yerdə tənqid də olacaq. Lakin mən gördüyümü deməyi xoşlayıram. Ən azından “AzərAvtoYol”un çəkdiyi və tez-tez istifadə etdiyim yollara baxanda tənqidə yer olmadığı haqqında əminliyim yaranır.

Sonda çox ümid etmək istərdim ki, həmkarlarım yarımçıq informasiyalarla sensasiya yaradıb manipulyasiyalara səbəb olmaqdan əl çəkəcəklər. Ən azından ona görə ki, bizim peşəmizin ən müqəddəs prinsipləri – tərəfsizlik və dolğunluq bunu tələb edir…

Oxunma sayı: 919