Ədaləti bərpa edən yol polisinə təşəkkürlər!

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Oxucular xatırlar yəqin. Yanvarın 28-də Gənclik metrosu tərəfdə piyada olaraq yolu keçdiyim üçün cərimə edilmişdim. Protokol yazan polislər iddia edirdilər ki, yolu təhlükəli və piyadalar üçün nəzərdə tutulmayan yerdən keçməklə həm qanun pozmuşam, həm də əlavə risk yaratmışam. Mənsə onlara demişdim ki, öncə piyadaların keçməsi üçün alternativ təklif edin, sonra qayda qoyun. Onlar iddia etmişdilər ki, alternativ var.

Cərimənin məbləği 20 manat idi.

Onu da xatırlarsınız ki, protokol yazıldıqdan dərhal sonra ərazinin videosunu çəkib göstərmişdim ki, həmin yerdə ümumiyyətlə piyadaların qarşı tərəfə keçməsi üçün heç bir təklifə rast gəlinmir. Yalnız bir qədər aralıda metro girişi var ki, onun qarşısında yeraltı keçid rolunu oynadığı haqqında hər hansı nişan qoyulmayıb.

Yəni polislərlə mehribancasına söhbətimdə də bunu demişdim. Amma mənə israrla demişdilər ki, bir qədər sağa getsəydiniz, orada keçidi görərdiniz. Bu yazıya əlavə edəcəyim videodan da göründüyü kimi, sağ tərəfdə də piyada keçidi nişanı görünmür. Yalnız metro girişidir. Onun da mənim kimi piyadaların keçmək istədiyi qarşı tərəflə əlaqəsi varmı, yoxmu? İlk anda anlaşılmır. Olsa belə piyada keçidi nişanı olmadan işə yaramaz.

Hə, polislərə onu da demişdim ki, şikayət edəcəyəm. Ciddiyə almamışdılar.

Yanvarın 30-da DİN-in internet saytı üzərindən uyğun şəkildə şikayət etdim. Bu yaxınlarda Bakı şəhəri üzrə DYPİ-yə dəvət olundum. İzahatım alındı. Qısa şəkildə fikrimi dedim və yazdım. Bildirildi ki, yaxın günlərdə məsələ həllini tapacaq.

Ötən həftənin 5-ci günü, martın 10-da rəsmi məktubla yazılmış cərimənin ləğv edildiyi bildirildi. Üstəlik, məktubda o da qeyd edilib ki, ərazidə piyada keçidini bildirən 5.17.1 – “Yeraltı piyada keçidi” nişanının bərpa edilməsi üçün müvafiq müraciət edilib. Anlaşılan odur ki, həmin yerdə metro girişinə həm də bu nişanı qoymaqla problemi həll edəcəklər.

Çıxış yoludurmu? Əlbəttə. Deməli, bundan sonra orada yolu çarpaz keçmək istəyən piyadalara alternativ şərait yaradılacaq. Yəni onlar mənim kimi yolun hərəkət hissəsindən deyil, yeraltı keçiddən keçəcəklər ki, bu da təhlükəsizlik baxımından çox önəmlidir.

Bu yazını qələmə almağım da təsadüfi deyil. Bir daha göstərmək istədim ki, səbrlə, təmkinlə haqqını tələb edən hər kəs bu ölkədə normal münasibət görə bilir. Xatırlarsanız, artıq 3-cü dəfədir ki, yol polisinə bənzər müraciət edirəm və hər dəfəsində də haqqım bərpa edilir. Buna görə, əlbəttə ki, polislərimizə təşəkkür edirəm. Bəli, elə bu yazını da ədaləti bərpa edən polislərə təşəkkür üçün yazdım. İstər şikayətimin araşdırılması üçün tapşırıq verən, istərsə də obyektiv araşdırma aparıb haqqımı bərpa edən hər bir polis əməkdaşına mütləq təşəkkür düşür.

Əlavə olaraq onu da deyim ki, məhz piyadaların keçməsi üçün heç bir alternativ təklif edilməyən yerdə məcburiyyət qarşısında yolu keçdiyi üçün cərimə edilən hər kəs haqqını tələb edib qanunçuluğu bərpa edə bilər. Bunun üçün mənim kimi azacıq təmkin, bir də qanunlara güvənmək lazımdır. Qalanını dövlətimiz həll edəcək. Güvənin, mən güvənirəm.

Oxunma sayı: 282
Share