Azərbaycan üçün daha bir önəmli addım

Azər HƏSRƏT

Azər Həsrət, azer@azerhasret.com

Bu gün Azərbaycanda Baku Shopping Festival adında yeni bir beynəlxalq və iddialı tədbir başlayır. Həqiqətən yenidir. Yəni bu vaxta qədər ölkəmizin keçirdiyi beynəlxalq və yaxşı mənada hay-küylü idman, mədəniyyət, iqtisadiyyat, humanitar yönümlü tədbirlərdən fərqli olaraq bu festival əlverişli ticarət vasitəsilə Azərbaycana daha çox turist cəlb etməyi hədəfləyir. Bu yöndə müvafiq yol xəritəsi cızılıb, uyğun fərman və göstərişlər verilib və bu gün – aprelin 10-u açılış üçün ən uyğun gün olaraq seçilib. O da bildirilir ki, bu festival qarşıdakı 5 il ərzində ildə iki dəfə olmaqla təşkil ediləcək. Təşkilatçıların açıqlamarından öyrənirik ki, ilk festival üçün 1,5 milyon dollar xərclənməsi nəzərdə tutulur. Gəlir isə bundan qat-qat artıq – 50 milyon dollar civarında olacaq. Yaxşı rəqəmlərdir, deyilmi? Praqmatik, gəlirli bir təşəbbüsdür doğrusu.

Dövlətin qazancını bildik. Rəqəmlər bunu açıq şəkildə göstərir. Bəs sadə insanımız nə qazanacaq? Ümumiyyətlə, belə tədbirlərin kəskin rəqabət şəraitində olan vətəndaşa, iş adamlarına faydası nədir?

Yəqin ki, bu suallar hər kəsi düşündürür. O zaman biz elə həmin sadə insanlardan biri kimi bu suallara cavab verməyə çalışaq.

Birincisi, bu festival Azərbaycanın tanıdılmasında yeni bir mərhələ açacaq. Türk-islam bölgəsində belə festivallarıyla məşhur olan əsas iki şəhər bəllidir: Dubay və İstanbul. Düşünürəm ki, elə bu şəhərlərin adları artıq bizim suallarımıza cavabdır. Azərbaycan insanı bu şəhərlərdə ticarətin qaynadığından xəbərdardır. Bir çox insanımız isə məhz bu iki şəhərin imkanlarından istifadə edərək özünə böyük ticarət şəbəkələri qura bilib. Səbəb? Təbii ki, Dubay və İstanbulun əlverişli ticarət imkanları təqdim etməsidir.

Əlverişli ticarət imkanları nə deməkdir? Bu da hər kəs üçün gün kimi aydın məsələdir. Ucuz qiymətə keyfiyyətli məhsulların alınması. Eyni zamanda gömrük və vergi güzəştlərinin tətbiqi. Əlavə olaraq bu festivalda mal və məhsul təklif edən iştirakçılar üçün uyğun şəraitin yaradılması. Bax, bu məsələlərin həllini tapması bir tərəfdən xaricdən alıcıların cəlb edilməsi, digər tərəfdən də yerli istehsalçı və satıcıların özlərinə yeni imkanlar qazanması demək olacaq.

Yəni vətəndaşımız – insanımız əlavə iş yerləri, ticarət və istehsal obyektləri üçün imkanlar qazanacaq. Ticarət festivalı üçün Azərbaycana gələn turistlərin sayı isə sürətlə artacaq. Çünki artıq biz həm dincəlmək, həm gəzib-görmək, həm də alış-veriş etmək üçün imkanlar təklif edirik. Özü də alternativlərlə bol imkanlar. Bunun da gələcəkdə çox sayda yeni iş yerləri olmasını qeyd etməyə zərurət belə yoxdur.

Bütün bunlarla bərabər 18 faizlik ƏDV-nin geri qaytarılması da çox cəzbedici özəllikdir. Özü də nəzərə alaq ki, ƏDV-nin alıcıya qaytarılması yalnız əcnəbilərə deyil, aprelin 10-dan mayın 10-dək festivalda iştirak edən ticarət oobyektlərindən alış-veriş edən Azərbaycan vətəndaşlarına da şamil ediləcək.

Sadə bir rəqəmlə bunun nə anlama gəldiyinin örnəyini də verək. Tutaq ki, siz min manatlıq alış-veriş etmisiniz. Yəni konkret olaraq min manat ödəmisiniz. Normalda bununla da iş bitir. Amma bu festival günlərində edilən alış-veriş sonucu həmin məbləğin 18 faizi – 180 manat geri qaytarılacaq. Az məbləğ deyil əslində. İndi təsəvvür edək ki, min deyil, 10 min manatlıq alış-veriş edirsiniz. Bu zaman 180 deyil, 1800 manatınızı geri alırsınız. Göründüyü kimi, bu festival həm əcnəbilər üçün, həm də öz vətəndaşımız üçün olduqca əlverişli imkanlar deməkdir. Elə isə nə etməli? Təbii ki, bu günlərdən maksimum faydalanmalı.

Qeyd etdiyimiz kimi, festival bu gün başlayır. Hələ qarşıda düz bir ay var. İndi konkret rəqəmlər haqqında danışa bilməsək də gözləntilərimiz çox ciddi nəticələrə istiqamətlənib. Yəqin ki, festivalın sonunda mövzuya bir daha qayıdacağıq. İndilikdə önəmli olansa Azərbaycanın daha bir sahədə çox yerinə düşən iddiasının gerçəkləşdirilməsidir. Xeyirli-uğurlu olsun deyək.

Bu arada arzu edənlər üçün: @bakushopfest#bakushopfest. bakushopfest.com

Onu da əlavə edək ki, bütün təşkilati işlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Azərbaycan Konqreslər Bürosuna tapşırılıb.

Oxunma sayı: 200
Share