Biz bezdik sadəcə!

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

QHT sektoru daha bir şok yaşamaqdadır. Bu yaxınlarda MBNP göstəriş, tapşırıq, əmr verib ki, QHT-lər maliyyə fəaliyyətlərini yalnız nağdsız şəkildə həyata keçirməlidirlər. Yəni sadə dildə desək, hansısa bir ödəmə həyata keçirməli olanda bunun üçün banka getməli, ödəmə tapşırığı verməli, maliyyəni konkret hesaba köçürməliyik.

Belə baxanda burda nə var ki? Heç nə təbii. Çünki MBNP-nin çox hörmətli təhbəri Rüfət Aslanlının fikrincə bu yolla həm şəffaflıq təmin ediləcək, həm də maliyyə yeyintilərinin qarşısı alınacaq.

Bu da, belə baxanda, normal bir yanaşmadır. Amma! Hə, əsas məsələ də bu ammadadır.

Belə anlaşılır ki, Rüfət Aslanlının QHT fəlsəfəsindən anlayışı sadəcə sıfırdır! Hətta deyərdim ki, sıfırın altında. Buna hələ qayıdacağıq. İndi isə bir haşiyə çıxaq.

Bir müddət öncə QHT Şurasında bir müzakirəyə qatılmışdım. Ədliyyə Nazirliyinin bir nümayəndəsi QHT-lərin qrantlarının qeydiyyatıyla bağlı bir qanun layihəsini bizimlə müzakirə üçün gəlmişdi. Xeyli sayda QHT təmsilçisi onu dinlədi və o ki, var adamı küncə sıxdı. Səbəbsə bu idi ki, adamın təklif etdiyi qanun layihəsi sadəcə olaraq QHT-ləri iflic etməyə hesablanmışdı. Bu da iki səbəbdən ola bilərdi: ya hakimiyyət bilərəkdən QHT-ləri iflic vəziyyətinə salmaq istəyirdi, ya da sadəcə bu qanun layihəsini bizə sırımaq istəyənlərin QHT fəlsəfəsindən xəbəri yox idi. Birinci ehtimalı dərhal rədd etdiyim üçün ikinci ehtimal üzərindən hərəkət edərək bir az da sərt tonda adama etirazımı bildirdim. Ayrıca qeyd etdim ki, sizin ümumiyyətlə QHT fəlsəfəsindən xəbəriniz yoxdur. Adam rəng alıb, rəng verdi. Sübut etməyə çalışdı ki, guya bununla qanunların işləməsini, şəffaflığı təmin etmək istəyirlər. Təbii ki, elə deyildi. Sadəcə o qanunu bizə sırımaq istəyən yarımqafalı məmurların QHT sektorundan xəbəri yox idi.

Bu arada bir qeydimi də əlavə edim. Bir vaxtlar həmin bu Ədliyyə Nazirliyində adamlar vardı ki, qeyri-hökumət təşkilatı sözünü eşidincə dərhal rədd edirdilər ki, siz dövlətə qarşısınız…

İndi bu Rüfət Aslanlı da eyni qəbildəndir. Adamın bioqrafiyasını araşdırdım. Bioqrafiya ictimai-siyasi baxımdan sıfır! Adam ömründə bir təşkilatın rəhbəri olmayıb, heç bir ictimai fəaliyyətilə seçilməyib. Yəni QHT sektorunun yabançısının yabançısıdır! Və bu adam qalxıb da “maliyyə şəffaflığını” 3-5 manatlıq qrant alan QHT-lərdən tələb edir. Halbuki sağda-solda milyonları söküb dağıdanlar at oynadır! Bu adamın onlarla bağlı bir açıqlamasını eşidən olubmu? Şəxsən mən eşitməmişəm!

Ona görə də bu adamı QHT-lərlə bağlı kurslara göndərmək lazımdır məncə. Qoy getsin öyrənsin ki, QHT nədir, nə üçün fəaliyyət göstərir və onun işini çətinləşdirmək deyil, əksinə, asanlaşdırmaq daha məqsədəuyğundur. Çünki QHT-lər dövlətin birbaşa köməkçiləridir. İctimai rəyin sağlamlaşdırılması, vətəndaş maarifləndirməsində QHT-lər sadəcə olaraq heç bir başqa qurumun oynamadığı müstəsna rolu oynayır. QHT-lər dövlətin həll etməkdə çətinlik çəkdiyi, daha çox özünütənzimləməyə dayanan məsələləri rahat bir şəkildə həll edir. Amma ki, Rüfət Aslanlı bunları anlamaz. Dedik axı, adamın bu sahəylə bağlı təcrübə və bilgisi sıfırdır!

Rüfət Aslanlı təkdirmi? Məncə yox. Bu və buna bənzər məmurlar çoxdur. Elə onlar deyilmi Azərbaycanı beynəlxalq antiAzərbaycan çevrələrin ağzında saqqız kimi çeynədən?

Ötən ilin olaylarındandır. Bir neçə dəfə xaricə səfər etməli olmuşdum. Səfər qrantı almışdım. Hər şey qaydasında idi. Səfərlər də çox vacib idi. Çünki gedəcəyim tədbirlərdə ermənilər və onların havadarları, eyni zamanda Azərbaycanlı olub ruhunu ermənilərə satmış bir qrup adam dövlətimizə qarşı planlar hazırlayırdı. Yəni xəbərimiz vardı. Təbii ki, mən də varlı birisi olmadığım üçün belə səfərlərə öz hesabıma gedə bilmirəm. Uzun sözün qısası, hər dəfəsində səfər qrantım təsdiqləndi, maliyyə köçürüldü və ha illah elədimsə, pulu ala bilmədim. Səbəb nə idi? Pulu köçürən tərəf hətta sənədlə təsdiq etdi ki, əməliyyat yerinə yetirilib. Banksa daş atıb başını tutdu ki, maliyyə daxil olmayıb. Araşdırdıq. Bəlli oldu ki, Samir Şərifovun Maliyyə Nazirliyi bu köçürmələri bloklayır! Bir az da araşdıranda o da bəlli oldu ki, belə problemi olan tək mən deyiləm. 30-dək QHT təmsilçisi eyni səbəbdən eyni problemlə üzləşirmiş.

Halbuki mən gedəcəyim tədbirdə antiAzərbaycan qüvvələrin cavabını verəcəkdim. Getdim də təbii. Borc-xərc öz hesabıma getdim. Geri dönəndən sonra o pulu ala bildim. Amma həftələr keçəndən sonra yenə də.

Bu hadisələr baş verməkdəykən ABŞ-da dərc edilmiş geniş bir məqalə diqqətimi çəkdi. Azərbaycan Prezidenti İlham Əliyev başda olmaqla bütün hakimiyyət təmsilçiləri adbaad tənqid edilirdi bu məqalədə. Təəccüblü deyil əlbəttə. Sadəcə təəccüblüsü odur ki, bizim antiAzərbaycan qüvvələrə cavab vermək üçün gedəcəyimiz tədbirin səfər qrantını bloklayan Samir Şərifov bu məqalədə islahatçı, müsbət obrazlı məmur kimi təqdim edilirdi. Təsadüfdürmü? İmanımı yandıra bilmərəm, amma araşdırmaqda yarar var sanıram. Bir zamanlar bənzər fikirlər məlum nazir Fərhad Əliyevlə bağlı da gündəmdə olurdu…

İndi bu Rüfət Aslanlı da eyni yolu tutub. QHT sektorunu çökdürmək istəyir bu adam. O sektoru ki, bir çağırışla minlərlə insanı bir araya gətirir, antiAzərbaycan qüvvələrin cavabını verir. Gərək olanda da ölkə içində qızışmaqda olan ehtirasları məhz bu sektorun insanları yatırır. Yəni bu adamlar qeyri-hökumət fəaliyyətilə məşğul olmaqla Azərbaycan ictimai rəyinin ayaqda tutulmasını təmin edir. Əks təqdirdə Azərbaycanın da Suriya, İraq, Misir, Liviyanın gününə düşməsi sadəcə qaçılmaz olardı.

Yeri gəlmişkən, elə yenə də səfərə hazırlaşıram. Bank mənə maksimum min manat pul verə biləcəyini deyirdi. “Niyə” deyib soruşanda, “siz ki, qaydaları bilirsiniz” cavabını eşidirəm. Mənsə elə bugünlərdə səfərə getməliyəm. Yəni bilet almalıyam, otel pulunu, digər xərcləri mütləq ödəməliyəm. Axır məcbur olub bankdan min manat və pulun yerdə qalanını dollarla aldım. Nəticə? Nəticə o oldu ki, elə ordaca 150 manat itirdim. Bax, belə! Bu ümumölkə bank fırıldaqçılığının zərərini mənim kimi insanlar çəkir!

Bundan az öncə isə iki min beş yüz manatı almaq üçün düz üç dəfə banka getməli olmuşdum. Min, min və beş yüz manat olmaqla bu pulu üç dəfəyə almaq üçün…

Və maraqlısı bilirsinizmi nədir? Bu Rüfət Aslanlının bioqrafiyasına baxanda yalnız bank və maliyyə ilə işlədiyi bəlli olur. Üstəlik, qardaşının da hansısa bankda vəzifə sahibi olduğu deyilir.

İndi bu Rüfət Aslanlı, Samir Şərifov kimi QHT fəlsəfəsini anlamayan adamlar cənab Prezidentin məhz bu sektorun inkişafı üçün atdığı addımları sabotaj etməklə ictimai narazılıq yaradır. Bu məmurları, yuxarıda da dediyim kimi, əvvəlcə QHT sektorunda təcrübə toplamağa göndərmək lazımdır ki, sonra vəzifə başına gələndə başımıza bəla olmasınlar. Əks təqdirdə cənab Prezidentin bu sektorla bağlı xoş məramlı təşəbbüsləri sadəcə daşa dirənəcək.

Yeri gəlmişkən, Ədliyyə Nazirliyində qrantların qeydiyyatı və xarici donorların fəaliyyətinin küncə sıxılması da özümüzə qarşı çevrildi. Bizim kimi milli dövlət maraqlarına xidmət edən QHT fəalları birmənalı şəkildə o qrantları almaqdan məhrum edildi. Əvəzində isə həmin qrantlar gizli şəkildə antiAzərbaycan qüvvələrə yönəldildi. Onlardan bəziləri xarici ölkələrdə bank hesabları açaraq o pulları sadəcə mənimsədilər və bütün dünyanı gəzib məhz Azərbaycana qarşı təbliğat aparırlar. Həmin pulların bir qismi isə Gürcüstanla Ermənistan arasında bölünür. Bu da təbii ki, bizə qarşı çevrilir. İndi belə təfəkkür sahibi olan məmurlar guya şəffaflıq dərdi çəkirmiş kimi QHT-ləri qalan yerdən də çökdürmək yolu tutub! Kimə işləyir bunlar? Araşdırılmalıdır.

Təkrar Rüfət Aslanlının məlum qərarına qayıdıram. Bəzi dostlar deyir ki, niyə bundan narahat olursunuz? Cavab verirəm: ona görə ki, bir ezamiyyətə gedəndə, misal üçün, Kürdəmir yolunda çörək yeyərkən hansısa kafenin bank hesabına pulu necə köçürəcəyimizi bilmirik. Yaxud da gərək olanda dükandan 5 manatlıq bir kağız alarkən bunun üçün banka gedib ödəmə tapşırığı verməklə günümüzün yarısının itəcəyinin fərqindəyik. Eyni sözü telefona balans yükləməklə bağlı da deyə bilərik. Yəni QHT sektorunda 3-5 manatlıq saysız ödəmələr var ki, onların hər biri üçün banka ödəmə tapşırığı verib yollarda qalmaq sadəcə bizi işimizdən edəcək, əsəblərimizi korlayacaq. Üstəlik, bizim layihəmizdə cəmi iki nəfər 4 aylıq işə götürülür. Mən məcburən onlara maaş kartı almalıyam. Bu isə pulsuz deyil. Büdcəmizdə isə onun üçün pul da yoxdur. Üstəlik, bu işçilərin hər ikisinin başqa bankdan maaş kartı var. Amma mənim bankım deyir ki, yalnız onların özündən alınacaq karta köçürə bilərəm maaşı. Problemdirmi? Problemdir. Özü də əlavə problem. Amma bütün bunları Rüfət Aslanlı cənabları anlamaz ki. Dedik axı, adamın QHT fəlsəfəsindən xəbəri belə yoxdur!

Bəs çıxış yolu nədir? Şəxsən mən düşünürəm ki, ümumiyyətlə QHT fəaliyyətimi birdəfəlik bitirim. Sadəcə bezmişəm! Hələ burda qeyd etmədiyim bir sıra mənasız bürokratiya əngəlləri var ki, bizim əsəblərimizi məhv edib. ASAN imzasınımı deyim, yaxud da sosial müdafiə hesabatının verildiyi günlərdə qaydaların gizli şəkildə dəyişdirilməsinimi deyim? Çıxış yolunu onda görürəm ki, bu il udduğumuz qrantı xərcləmədən QHT Şurasına geri qaytaraq, canımız qurtarsın! Getsinlər Rüfət Aslanlılar, Samir Şərifovlar, Səlim Müslümovlar ictimai rəylə işləsinlər! Biz bezdik sadəcə!

Oxunma sayı: 466
Share