Zarafatmı? Heç də zarafat deyil amma…

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Əvvəllər də yazmışam, bu gün təkrar yazmağa məcburam: bizim insanlarımızın bəzisi aşağılıq kompleksindən əziyyət çəkir. Belə insanlar elə düşünür ki, Azərbaycana aid nə varsa, pisdir, zəifdir, adam üzünə çıxası deyil. Amma Avropaya aid nə varsa əladır, mütləq üstündür və mütləq onlara daha yüksək dəyər verilməlidir. Bu kompleksdən əziyyət çəkənlər bir qayda olaraq gözlərini yumub ağızlarını açar, ha çalışarsan izah edəsən ki, elə deyil, xeyri olmaz. Çünki anlamazlar. Adətən belələri kor tutduğunu buraxmaz misalı inadkarlıq edərlər. Bu cür adamlara baş qoşmazsan, başını buraxarsan, gedər işinin ardınca.

Bəzən ciddi iddiaları olan ciddi adamları da bu müstəvidə görəndə çaşıb qalarsan. İstər-istəməz “sən də?” deyə soruşmaq istərsən, soruşarsan və “zarafat edirdim” cavabını alarsan. Onun o “zarafat”ı isə artıq işini görmüş olar. Yəni bu adama inananlar beləsinin yalanının qurbanı olar. Özləri də bilmədən həm də.

Natiq Cəfərlidən danışacam. Adam müxalifdir. İqtisadi dəyərləndirmələri var. Diqqət çəkir. Şəxsən mən çox güvənməsəm də, hər halda ictimai rəydə özünə görə auditoriyası olan birisi kimi adama münasibətdə ciddiyyətimi qoruyuram. Fərqli düşünürük, fərqli cəbhələrdəyik. Amma bunun bizim ən azından sosial şəbəkələrdəki münasibətlərimizə heç bir zərəri yoxdur. Yəni o, öz fikrində, mən də öz fikrimdə qalıram.

Söhbət onun bu gün yazdığı bir statusdan gedir. Adam ciddi bir status yazıb, bu yazı yazıldığı ana qədər 9 yüzdən çox dostu bəyənib, 17 nəfərsə paylaşıb. Yəni bu qədər adam onun fikirlərini ciddiyə alıb. Hələ 27 şərh də yazılıb. Özü də əksəriyyəti ciddi olmaqla. Bütün bunları bir balaca riyaziyyat süzgəcindən keçirsək, Natiq bəyin bu statusu hesabına minlərlə insan yanlış bilgi alıb, paylaşıb və manipulyasiya alətinə çevrilib. Özü də özlərindən xəbərsiz olaraq.

Nə yazıb bu adam? Gəlin baxaq: “Deyir, Az.TV Şopinq Festival və Tax Free haqqında növbəti reportajda bir alman tapıb, soruşub ki, Bakıdan nə alıb aparacaqsan Almaniyaya? Gözünə döndüyüm “nemes” də sarkazmla cavab verib ki, Bakıdan “Adidas”, ya da “Puma” almaq istəyir. Az.TV sarkazmı anlamayıb, müsahibəni sevinə-sevinə verib efirə…”

Sözügedən paylaşım

Göründüyü kimi, adam əməlli-başlı ciddi bir informasiya ötürür. Biz də eləmədik tənbəllik, maraqlandıq ki, doğrudanmı belə olub. Araşdırdıq, bəlli oldu ki, belə bir fakt yer almayıb. Yazdıq: “Belə bir şey olmayıb. Natiq bəy, Az.TV ümumiyyətlə brendlərin adının çəkilməsinə izn vermir. Amma həqiqətən də belə bir şey olubsa, lütfən, videosunu da paylaşın. Yaxud da sadəcə gününü, saatını bura yazın, biz ona uyğun fikrimizi bildirək. Əks təqdirdə sizin sadəcə yalan informasiya yaydığınızı deməyə məcbur olacağıq. Buyurun, gözləyirik”.

Cavab gəldi: “Azər bəy, bu yumordur. Sizcə, “Bəyin oğurlanması” filmində doğrudan da monqol dublyonkasını monqol turistləri alıb aparmamışdılar?! Sadəcə, alman turisti danışdırıblar, onu görmüşəm. İnciməyin belə zarafatlardan”.

Aramızdakı müzakirə

İncimək söhbəti, əlbəttə ki, yoxdur. Mən niyə inciməliyəm ki? Sadəcə bu cür ciddi iddiaları olan, hər addımda hakimiyyəti yıxıb-sürüyən, ölkəni “ağ günə” çıxaracağını iddia edənlərdən birinin bu qədər qeyri-ciddi manipulyasiya cəhdini qəbul edə bilmirəm. Söhbət burada heç də dövlət TV-sinə ilişməkdən getmir. Söhbət, Natiq Cəfərliyə inanan insanların məhz onun özü tərəfindən aldadılmasından gedir. Mümkündür ki, onun bu paylaşımını bəyənən 9 yüz nəfərin heç də hamısı onu ciddiyə almayıb. Amma heç şübhə etmirəm ki, böyük çoxluq ciddi qəbul edib, ciddi şəkildə də paylaşıb və müzakirə edib. Niyə, nə üçün bu adamlar yalan qurbanı olmalıydı? Natiq Cəfərli onları yanıltdığı üçünmü? Niyə Natiq Cəfərli bu qədər insanı yanıltmalıydı? Niyə Az.TV haqqında belə yanlış rəy yaradılmalıydı? Bu və bənzəri adamların məqsədi nədir?

Məqsəd bəllidir. Bunlar Azərbaycanı tanıtmaq, dünyaya açmaq üçün atılan bütün addımları gözdən salmaq üçün durmadan çalışırlar. Bu adamlar, yuxarıda da yazdığım kimi, aşağılıq komplkesindən əziyyət çəkirlər. Üstəlik, bağlı olduqları yabançı mərkəzlər qarşısında öhdəliklərini yerinə yetirmək üçün ictimai rəyi beləcə yanıldır, insanların etibarından sui-istifadə edirlər.

Oxucularımız deyə bilər ki, Natiq Cəfərli axı zarafat etdiyini yazır? Düzdür, yazır. Mənim sualıma cavab olaraq. Bəs mən o sualı yazmasaydım? Bəs ümumiyyətlə mənim kimi düşünən birisi o müzakirələrə qatılmasaydı?

İndi də kimsə deyə bilər ki, mən yəqin ordakı sarkazmı anlamamışam. Bununla da razılaşardım. Amma ki, o status bu cümləylə bitməsəydi: “Az.TV sarkazmı anlamayıb, müsahibəni sevinə-sevinə verib efirə…” Adam tam ciddi tonda yazır bunu. Yəni yalan informasiya verir. Az.TV-yə şər atır, öz izləyicilərini də aldadır!

Bax, belə! Bu adamlar Azərbaycan insanının rifah halının yüksəldilməsi üçün atılan istənilən addımı beləcə gözdən salmaq yolu tutur. Müxalifətçilik bumu? Hakimiyyətə qarşı rəy yaratmaq istədiyinizi anladıq, qəbul edirik. Bəs sizə inanan, ardınızca gələ biləcək, sözünüzə sayğı duyan insanları aldatmağınızı hara yazaq? Ümumiyyətlə, ciddi siyasi iddiası olan adamların bu lağlağı üslubunun kölgəsinə sığınması nə deməkdir?

İndi isə bir məsələyə aydınlıq gətirək. Bu adam bu statusla həm də ona işarə etmək istəyir ki, baxın, Azərbaycanın özünün istehsalı yoxdur, əcnəbilərə əcnəbi istehsalı olan malları satmaqla nəsə eləmək istəyir. Belə görünə bilərdi. Lakin bir balaca bu alışveriş festivallarının tarixinə, əhatə dairəsinə bələd olanda, heç də belə olmadığını görürük. Örnək üçün, Dubayda da elə bu “Adidas” və “Puma” məhsulları satılır. Özü də alışveriş festivalı günlərində kütləvi şəkildə. Elə İstanbul festivalında da məşhur brendlərin endirimli kütləvi satışı olur. Yəni belə festivallar ölkə üçün əlavə imkanlar açır.

Daha bir məqam. Almanın alman brendlərini Bakıdan alması tam ağlabatandır. Çox sadə bir səbəbdən: o mallara qoyulan qiymətlər ölkələrin alıcılıq imkanlarına görə dəyişir. Bu isə o deməkdir ki, eyni mal Almaniyada 500 avroya satıldığı halda Bakıda onu 100 avroya rahat almaq olur. Alman bu fürsəti dəyərləndirməzmi? Dəyərləndirər əlbəttə.

Bəlkə də bu yazını yazmamaq olardı. Sadəcə ona görə yazdıq ki, işi-gücü Azərbaycanda atılan istənilən addımı gözdən salmaq olan adamların ictimai rəylə necə manipulyasiya etdiyinin bir örnəyini izah edək. İzah edək ki, insanlarımız hər deyilən sözə layiq olmadığı dəyəri verməsinlər. Verməsinlər ki, sonra dərin təəssüfə qərq olmasınlar.

Bu arada, Bakı Alışveriş Festivalı (Baku Shoppinq Festival) tam gücüylə davam edir. Artıq ilkin rəqəmlər də var. Minlərlə insan alışveriş edib, milyonlarla ifadə edilən dövriyyə qeydə alınıb. Turistlərin də bu prosesdə artan fəallığı müşahidə edilir. Yəni bu təşəbbüs öz hədəfinə doğru gedir. Natiq Cəfərli kimi çox “ciddi” iqtisadçıların onu lağlağıya çevirmək istəməsindən asılı olmayaraq…

Oxunma sayı: 358
Share