Azər Həsrət İndoneziyada Azərbaycandan danışıb – Video

Mayın 1-4-də İndoneziyanın paytaxtı Cakartada UNESCO-nun ənənəvi 3 May Dünya Mətbuat Azadlığı Günü tədbirləri keçirilib. Tədbirlərdə ölkəmizi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət təmsil edib.

“Böhranlı zamanlar üçün tənqidi düşüncələr” devizi altında keçirilən tədbirə dünyanın 100-dən çox ölkəsindən min beş yüzədək nümayəndə qatılıb. Ölkəmizdən yeganə təmsilçi olaraq tədbirə qatılan Azər Həsrət ayrı-ayrı ikitərəfli görüşlər keçirməklə bərabər müxtəlif sessiyalarda çıxışlar da edib.

Mediaya verdiyi açıqlamada Azər Həsrət qeyd edib ki, həm köhnə dostları ilə görüşüb, həm də yeni insanlarla tanış olub. O, görüşdüyü media təmsilçilərinə Azərbaycan, ölkəmizdə medianın durumu haqqında geniş bilgi verib, fikir mübadiləsi aparıb.

Azər Həsrət Cakartada

“Əl-Cəzirə TV, CNN İndoneziya, İndoneziya Mətbuat Şurası, “Amerikanın Səsi” radiosu, Böyük Britaniyadakı Senzura İndeksi təşkilatının keçmiş rəhbəri, Əfqanıstandan, Rusiyadan olan nümayəndələr, UNESCO-nun öz təmsilçiləri də daxil olmaqla onlarla insanla ayrıca görüşlərim, söhbətlərim oldu. Amma ən önəmlisi odur ki, müzakirələrdə fəal iştirak etdim. Özəlliklə də Azərbaycanla bağlı yanlış təsəvvür yaratmaq istəyənlərə cavab verdim, qərb mediasının bizim kimi ölkələrə ikili standartlar çərçivəsində yanaşdığını qeyd elədim”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri qeyd edib ki, belə bir tədbirdə Azərbaycanın mütləq şəkildə iştirakı, davamlı olaraq UNESCO-nun belə mötəbər layihələrində fəallığı ölkəmiz üçün çox faydalıdır: “Biz bu cür platformalardan mütləq və uyğun səviyyədə istifadə etməliyik. Çünki məhz belə platformalarda özümüzü yaxşı yöndən tanıda, Azərbaycana hər fürsətdə hücum etmək istəyənlərə cavab verə bilərik”.

Oxunma sayı: 199
Share