Ermənilərlə bir bezin qırağı, rüşvətxor…

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Xədicə İsmayıl 3 May Dünya Mətbuat Azadlığı Günündə əl-Cəzirə TV-nin ingilis dilli saytında araşdırma jurnalistikasıyla bağlı bir yazı dərc etmişdi. Başdan ayağa ciddi jurnalistikadan uzaq olan, heç bir qaynaq göstərilmədən sıralanan “faktlar”la bol yazı ilk baxışdan tək tərəfli, qərəzlə dolu uydurma təsiri bağışlayırdı. Mahiyyətinə varmadan deyim ki, həmin yazını yalnız dünyadan xəbəri olmayanlar ciddi qəbul edə bilərdi. Azacıq düşüncə sahibi olanlarsa sadəcə gülüb keçər, ciddiyə almazdı.

Elə biz də ciddiyə almadıq. Amma düşündük ki, belə bir yazının əl-Cəzirədə dərci onu hörmətə mindirir və təbii ki, dünyanın harasındasa kimlərsə ciddiyə ala bilər. Ona görə də cavab sayıla biləcək bir yazı dərc etdirdik. Elə eyni ünvanda, eyni gündə. Bununla da əl-Cəzirə jurnalistikanın ən qızıl prinsiplərindən olan balansı yaratmaqla öz oxucularına-tamaşaçılarına alternativ təklif etdi.

O günlərdə mən İndoneziyanın paytaxtı Cakartadaydım. UNESCO-nun 3 May Dünya Mətbuat Azadlığı Gününə həsr edilmiş tədbirlərində iştirak edirdim. Yazılar dərc edildi. Sosial şəbəkələrdə paylaşıldı və Xədicə sözün həqiqi mənasında partladı!

Biz onun yazısına sosial şəbəkələrdə reaksiya vermədik. Düşündük ki, o yazıb, bizim də fərqli fikirlərimiz dərc edilibsə, artıq müzakirəyə gərək qalmır. Yəni şərti olaraq hər iki tərəfin mövqeyinə yer verilibsə, əlavə müzakirə açaraq sayğısızlıq etmək yanlışdır. Amma ki, Xədicə belə düşünmürmüş…

Qeyd etdiyim kimi, mən onun yazısına heç bir reaksiya vermədiyim halda o, mənim yazım dərc edilən kimi gözünü yumub ağzını açdı ki, bəs, “hakimiyyətin sözçüsü” mənə cavab verdi. Hakimiyyətə heç bir dəxlim olmadığı halda məni belə qələmə verməklə bu xanım beynəlxalq auditoriyada yerini bir az da möhkəmləndirmək istədi anlaşılan.

Xədicənin ardınca onun bir işarətilə qəfil hərəkətə keçməyə hər an hazır olan erməni dostları da başladılar, nə başladılar. Hətta onlardan biri iddia etdi ki, guya bu yazı qarşılığında hakimiyyət mənə İndoneziya səfərini hədiyyə edibmiş! Təbii ki, belə düşünmək üçün adamın təfəkkürü gərək xəstə ola. Çünki mən hələ aprelin 29-dan İndoneziyadaydım və yazını da yalnız mayın 3-də dərc etdirmişdik. Yəni mən Cakartaya gedəndə heç o yazı dərc edilməmişdi ki, hələ bir “hədiyyəsi” də ola.

Nə isə. Məsələ heç bunda da deyil. Zatən həmin günlərdə Azərbaycan mediası məsələnin mahiyyətini yetərincə açıb göstərməyi bacardı və gərəkli təpkini verdi.

İndi isə mənim mövzuya yenidən qayıtmağımın səbəbinə gələk.

Dediyim kimi, yazılar dərc edilmişdi, mənə görə məsələ qapanmışdı. Ona görə müzakirələrdə də iştirak etmirdim. Amma anlaşılan budur ki, Xədicə bunun qapanmasında maraqlı deyildi. Çünki bu yolla onu “stimullaşdıranlar”a göstərmək istəyirdi ki, baxın, görürsünüz, mənə hücumlar var.

Təbii ki, şəxsən mənim ona hücum etmək kimi bir fikrim olmayıb, olmayacaq da. Biz fərqli düşüncə sahibi ola bilərik, amma heç bir zaman heç kimsəyə, Xədicə demişkən, “plintusdan aşağı” yanaşmalara rəvac vermədik, bunu özümüzə yaraşdırmadıq. Amma ki, Xədicə bizimlə bağlı davranışlarında, belə anlaşılır ki, nəinki plintus, hətta ondan da aşağı enirmiş. Bunu onun bəzi şəxslərlə sosial şəbəkələrdəki yazışmalarında müşahidə edirik.

Fuad Hüseynzadə adlı sosial şəbəkə fəallarından birilə yazışan Xədicə ona cavab olaraq deyir ki, “Ermənilər də, Azər Həsrət də. Hamısı bir bezin qırağıdır”. Yəni məni ermənilərlə eyni tutur, təbii ki, yumşaq desək, “xətrimə dəyir”.

Sözügedən yazışmadan görüntü

Hələ bu azmış kimi, bir az da irəli gedərək bir ermənini faktiki müdafiə edir, əvəzində mənə böhtan atır: “Vandaryan erməni deyil. Bu, texniki düzəliş. Tez-tez davamız düşür onunla. Amma o, heç kimin haqqını yeməyib. Azər Həsrət isə rüşvətlə dolanır”. Lap elə belə də yazıb! Vandaryan heç kimin haqqını yeməyib, Azər Həsrət isə rüşvətlə dolanır!

Sözügedən yazışmadan görüntü

Aydın olsun deyə qeyd edim ki, bu Vandaryan sosial şəbəkə fəalıdır. Şəxsən məni yaxından izləyir. Ən adi bir paylaşım etdiyimdə Bakıda oturub ermənilərlə səs-səsə verərək mənim kimi fəalları gözdən salmaqla məşğul olanlarla birlikdə şəxsimə qarşı kampaniyalar təşkil edir. Xədicənin bir işarəsilə mənə qarşı ilk hücumu edən də bu olmuşdu. İndi Xədicə iddia edir ki, bu Vandaryan, sən demə erməni deyilmiş, üstəlik heç kimin haqqını yeməyibmiş…

Bunlar bir yana, mən rüşvətlə dolanırammış!

İndi buna təkrar demək istərdim ki, rüşvət alacaq bir şərəfsiz deyiləm, bunu məni yaxşı tanıyan hər kəs, elə Xədicə də yaxşı bilir. Bu, öz yerində. İkinci tərəfdən isə, rüşvət almaq üçün bu yaşıma qədər əlimdə hər hansı bir səlahiyyət də olmadı axı. Lap tutaq ki, rüşvət almaq istədim. Axı əlimdə heç bir səlahiyyət yoxdursa, niyə adamlar mənə rüşvət verməkdə maraqlı olmalıdır? Ay Xədicə, ağzından çıxanı qulağın duyurmu sənin heç? Yoxsa, qarşına məlum kəşfiyyat xidmətləri tərəfindən “araşdırma jurnalistikası məhsulu” adı altında atılan səfsəfələr sənin beynini o qədər xarab edibmi ki, gün kimi gün üzündə olan Azər Həsrəti rüşvətlə dolanmaqda ittiham edirsən? Bəlkə, özünə gələsən?

“Plintusdan aşağı” yanaşmaları qınayan Xədicə özü onun aşağısından da aşağı enərək Azər Həsrəti ermənilə bir bezin qırağı, rüşvətxor elan edirsə, buna nə ad verək? Mən ad vermirəm, qoy oxucular versin.

Xədicədən fərqli olaraq mən bəzi mətləblərdə “plintusdan yuxarı” davranışlarım olduğunu da ona sübut edə bilərəm. Özü də onunla bağlı. Sadəcə başa qaxmaq kimi çıxmasın deyə demirəm. Yalnız bir faktı qeyd edim ki, ötən il Finlandiyada 3 May tədbirlərində iştirakım zamanı çıxışımda qeyd etmişdim ki, həbsdə olan Xədicə İsmayılın tezliklə azad edilməsini arzu edirəm. Bu arzum cəmi 22 gün sonra çin oldu və Xədicə həbsdən buraxıldı. Təbii ki, onu həbsdən buraxdıracaq gücdə deyiləm. Amma anlamaq istəyən nə demək istədiyimi anlamışdır sanıram…

Bir də bu Xədicə hansısa beynəlxalq səviyyələrdə tanındığını rəhbər tutaraq iddia edir ki, guya korrupsiya məsələlərində “araşdırma” aparıb kimlərisə faş edir. Bizim bu “araşdırmaların” haradan qaynaqlandığı haqqında xəbərimiz yox deyil əlbəttə. Ona görə də gərək Xədicə bu yola davam edib-etməmək haqqında yaxşı düşünə. Yaxşı yol deyil bu. Bir zamanlar bizi də o yola cəlb etmək istəmişdilər. Vətən sevgimiz, ədalət hissimiz, vicdan borcumuz o pis yola düşməyimizə əngəl olmağa yetmişdi…

Sözardı: 2000-ci illərin başlanğıcında (bəlkə də 1999-da) Xədicə ABŞ-a səfər etmişdi. Geri dönəndən sonra bir dəfə mənə zarafatla qayıtdı ki, Azər Həsrət, sən nə böyük adamsanmış? Soruşdum ki, nə olub? Qayıdasan ki, Vaşinqtonda, Dövlət Departamentində məndən soruşdular ki, Azər Həsrəti tanıyırsanmı?…

Oxunma sayı: 308
Share