Şəffaflıq uğrunda qeyri-şəffaf mübarizə

Azər Həsrət

Azər HƏSRƏT, azer@azerhasret.com

Son günlər Tiflisdə məskunlaşmış, yaxud da Tiflis üzərindən qidalanaraq Azərbaycanda sabitliyi pozmaq üçün çalışanların həbs edilməsi müşahidə olunur. Azərbaycan hakimiyyəti bu qəbildən olan pozucu ünsürlərin nəhayət ki, uyğun şəkildə mühakimə edilməsi üçün addımlar atmağa başladı. Amma bu da ağrısız ötüşmür. Çünki bəzi qüvvələr dərhal bəyan etdilər ki, bəs, sən demə, Azərbaycan dövləti bu yolla fərqli düşünənləri susdurmaq istəyir.

Doğrudanmı elədir? Elə görünə bilər, amma elə deyil. Azərbaycan dövləti sadəcə bütün fəaliyyətlərin şəffaf olmasını, demokratiya uğrunda savaşdığını iddia edənlərin özlərinin də dürüst olmasını istəyir. Yəni bizi bəyənmirsinizsə, lütfən, özünüzə də çəki-düzən verin.

İllərdir görünən odur ki, bu adamlar özlərinə çəki-düzən vermirlər. Daha doğrusu, vermək istəmirlər. Çünki bu hal onların işinə yaramır. Əgər bu adamlar tələb olunduğu kimi şəffaflığa üz tutsaydılar, bütün fəaliyyətlərinin sadəcə bir fiksiya olduğu, özlərininsə ölkəmizdə sabitliyi pozmaq üçün alət rolunda çıxış etdiyi aydın olacaqdı.

İndi kimsə çıxıb iddia edə bilər ki, mən yanlış mülahizə yürüdürəm. Bu iddiaya hörmətlə yanaşacam, amma aşağıda təqdim edəcəyim tək bir təşkilatın timsalındakı faktlardan sonra, məncə, hər kəs fikrini dəyişəcək.

Tez-tez deyirik ki, Qərbdə bəzi dairələr ölkəmizdə sabitliyi pozmaq, Azərbaycanı öz müstəqil siyasətindən yayındırmaq üçün milyonlar xərcləyir. Bizə cavab verirlər ki, faktsız danışırsınız. Buyurun, sizə N qədər fakt təqdim edirik.

National Endowment for Democracy (NED) – Milli Demokratiya Fondu adlı qurumu yəqin ki, “demokratiya aşiqləri”nin hamısı tanıyır. Elə mən də tanıyıram. Çünki bu qurumla illər əvvəl işbirliyi etməyə nə qədər çalışsam da alınmamışdı. Dünən ortaya çıxanların heç nə ifadə etməyən layihələrini maliyyələşdirirdilər, amma mənə çatanda pulları olmurdu. Sonrakı illərdə anladım ki, bunların əsl dərdi demokratiya deyil. Bunların məqsədi sadəcə özlərinə uyğun əlaltı dəstəsi yaratmaqdır ki, mən də o rola uyğun gəlmirəm.

İndi isə keçək faktlara. Daha doğrusu rəqəmlərlə ifadə edilən faktlara.

Araşdırırıq, bəlli olur ki, bu NED 2016-cı ildə Azərbaycanda demokratiyanın “çiçəklənməsi” üçün 1 milyon dollardan artıq pul xərcləyib. Əvvəlcə pulların xərcləndiyi istiqamətlərə baxaq.

İnsan haqları üzrə (cəmi 415 849 dollar):
1. Özəl mülkiyyətin müdafiəsi – 50 900 dollar;
2. İnsan haqlarının monitorinqi – 82 560 dollar;
3. İnsan haqları üzrə məşğələlər – 60 000 dollar;
4. Vəkillərin imkanlarının genişləndirilməsi – 40 997 dollar;
5. Vəkillərin dəstəklənməsi – 51 119 dollar;
6. Regional insan haqları monitorinqi – 52 848 dollar;
7. Regional insan haqları monitorinqi – 39 925 dollar;
8. Vətəndaş cəmiyyətinə dəstək – 37 500 dollar.

Media azadlığı üzrə (cəmi 301 951 dollar):
1. Müstəqil TV – 60 255 dollar;
2. Jurnalistikaya dəstək – 53 324 dollar;
3. Xəbər saytı – 61 530 dollar;
4. Xəbər saytı – 90 000 dollar;
5. Onlayn xəbər portalı – 36 842 dollar.

Hesabatlılıq üzrə (cəmi 187 844 dollar):
1. Vətəndaş cəmiyyəti və biznes təşəbbüsləri üçün imkanların yaradılması – 187 844 dollar.

Demokratik fikir və dəyərlər üzrə (cəmi 34 971 dollar):
1. İctimai dialoq – 34 971 dollar.

Siyasi qurumların möhkəmləndirilməsi üzrə (cəmi 130 000 dollar):
1. Seçki və siyasi proseslərdə şəffaflığın və hesabatlılığın təşviqi üçün Azərbaycanlı tərəfdaşların dəstəklənməsi – 130 000 dollar.

Qaynaq: ned.org/region/eurasia/azerbaijan-2016

Yəni bütün istiqamətlər üzrə cəmi 1 milyon 70 min 615 dollar pul ayrılıb və xərclənib. Yəqin təəccüblənmədiniz, deyilmi? Heç mən də təəccüblənmədim. Yəni 1 milyon dollar böyük məbləğ sayılmaz. Üstəlik də bu pullar, göründüyü kimi, ölkəmizdə demokratiya, insan haqları, media azadlığının inkişafı üçün xərclənibsə.

Göründüyü kimi? Harda göründü bu pullar? Ümumiyyətlə, adı çəkilən istiqamətlər üzrə NED-in maliyyələşdirdiyi layihələr haqqında kimsə mediada, sosial şəbəkələrdə hansısa bir xəbərə rast gəlibmi? Şəxsən mən insan haqları, demokratiya, media məsələlərilə yaxından məşğul olan birisi kimi heç bir xəbərə rast gəlməmişəm!

Heç bu da təəccüblü sayılmaya bilər. İndi açıqlayacağımız fakta nisbətdə. Bəlli olur ki, NED bu pulları ayırdığı Azərbaycan təşkilatlarının adını gizli saxlayır! Sual olunur, səbəb nədir? Deyilə bilər ki, bəlkə bunu onların siyasəti tələb edir? Deyilə bilərdi. Lakin qonşu Ermənistana, yaxud Gürcüstana ayrılan pulların konkret hansı təşkilatlara verildiyi göstərilməsəydi.

Buyurun, baxın. NED-in 2016-cı ildə Gürcüstana ayırdığı qrantlar: ned.org/region/eurasia/georgia-2016. Eyni ildə Ermənistana ayrılan qrantlar: ned.org/region/eurasia/armenia-2016. Burda da fərqli bir şey yoxdur. Konkret məbləğlərin konkret təşkilatlara ayrılması aydın şəkildə yazılıb. Amma Azərbaycan məsələsində məbləğlər var, istiqamətlər var, təşkilatların adı isə gizlədilir!

İndi gələk əsas məsələnin üzərinə. Sual oluna bilər ki, bu NED və bənzər təşkilatlar əgər doğrudan da demokratiya uğrunda çalışırsa, niyə pulları kimə və necə xərclədiklərini gizli tuturlar? Adama deməzlərmi ki, niyyətin safdırsa, bu gizlilik nəyə lazım? Deyərlər. Elə biz də illərdir ki, bunu deyirik, ancaq cavab ala bilmirik.

Azərbaycan dövləti də bizim gördüyümüzü görür, uyğun addımları nəhayət ki, atmağa başlayıb. Bəli, NED və bənzər qurumların ölkəmizi qarışdırmaq üçün xərclədiyi çirkli pulların qarşısı axır ki, kəsiləcək!

Yenə də Tiflisdə həbs edilənlərə qayıdıram. Xoş bir şey deyil, amma başqa yolu da yoxdur. Bu adamlar orda illər uzunu yaşayır, işləyir, lakin hardan, necə maliyyələşdirildikləri haqqında heç bir bilgi yoxdur. Bu bir yana, üstəlik Azərbaycanı daxildən qarışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Deyirəm, olmaya bu NED-in demokratiya filan üçün ayırdığı pullar elə bu adamları ayaqda tutmaq üçün xərclənir? Hər halda, istintaq buna da aydınlıq gətirəcək.

Gözləyirik.

İndiliksə bunun adını sadəcə şəffaflıq uğrunda qeyri-şəffaf mübarizə qoyaq…

Oxunma sayı: 346
Share