Azər Həsrət "Yol" İB-də fəaliyyətini dayandırıb

Yalquzaq.com, Bakı, 08 yanvar 2010 – İki ilə yaxın bir müddət ərzində təşəbbüs qrupu şəklində fəaliyyət göstərən “Yol” İctimai Birliyinə sədrlik edən Azər Həsrət artıq bir müddətdir ki, bu qurumdakı çalışmalarına son verib. 2009-cu ilin ikinci yarısından etibarən Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri Baş Təmsilçisi vəzifəsini üstləndikdən sonra başqa fəaliyyətlərə vaxt çatdıra bilməməsi Azər Həsrətin bu addımı atmasına səbəb olub.

Yalquzaq.com-un əldə etdiyi bilgiyə görə, Azər Həsrət “bir işi keyifyyətsiz icra etməkdənsə, heç etməmək daha yaxşıdır” fikrini əsas tutaraq bu qərarı qəbul edib. O, “son zamanlar yol mədəniyyəti məsələləri ilə bağlı bir sıra TV və radio proqramlarına qatılmaq üçün dəvət alsam da onlardan imtina etmək məcburiyyətində qalırdım. Təbii ki, bu da həm məni, həm də dəvət edənləri rahatsız edirdi. Yəni arzu etmədən bir az yaxşı olmayan duruma düşürdüm”, – deyə bildirib.

Azər Həsrət onu da bildirib ki, bundan sonrakı fəaliyyətləri tam olaraq Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinə, eyni zamanda bu il keçiriləcək parlament seçkilərinə yönəlik olacaq: “Bəllidir ki, 2010-cu ilin noyabr ayında Azərbaycanda Milli Məclisə növbəti seçkilər keçiriləcək. Mən də millət vəkilliyinə iddialıyam və bu üzdən də diqqətimi yayındıracaq əlavə fəaliyyətlərə elə də çox vaxtım olan deyil. Ona  görə də “Yol” İctimai Birliyindən imtina etmək məcburiyyətindəyəm. Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinə gəlincə isə, çox güman ki, seçki kampaniyası dövründə onunla bağlı fəaliyyətlərimi də zəiflətməli olacam”.

Əlavə edək ki, Yeddi Dövlət Bir Millət Kültür və Dayanışma Dərnəyinin Baş qərargahı Türkiyənin Bursa şəhərində yerləşir və qurumun əsas məqsədi Bağımsız Türk Dövlətləri Birliyinin qurulması üçün vətəndaş fəaliyyətlərini sürətləndirməkdir.

“Yol” İctimai Birliyi isə Azərbaycan vətəndaşlarında yol mədəniyyətinin yüksəldilməsi üçün fəaliyyət göstərir.

Oxunma sayı: 5140