Səriştəsiz zabiti hərbi dərsliyə həmmüəllif edənlər…

Azər HƏSRƏT

1-ci vitse-Prezidenti aldadanlar, hörmətli Ramiz Mehdiyevin adını hallandıranlar məni ittiham edir…

Daha önəmli yazılar yazmalıyam. Amma bir mövzuda yazdığım yazı və ona dəxli olmadan “Şərq-Qərb” nəşriyyatının cavab verməsi, verdiyi “cavab”da məsələləri qatıb-qarışdırması qələmimi təkrar itiləməyimə səbəb oldu. Ona görə də digər məsələləri bir kənara qoyub “Şərq-Qərb”in həm də müəllif heyəti adından təqdim etdiyi “cavab”a keçirəm.

Oxucularımız bilir. Lakin yenə də bir xatırlatma olsun. İyulun 11-də “Dərsliklərin hörmətli Ramiz Mehdiyevə nə dəxli?” adlı bir yazı yazmışdım. Tarix və biologiya fənləri üzrə dərslik layihələrilə bağlı faktlar əsasında rahatsızlığımı dilə gətirmişdim. Ən əsas rahatsızlığım bu idi ki, konkret şəxslər qalib elan edilmiş dərsliklərin qüsurlarının çoxluğunu konkret faktlarla sübut edir, belə dərsliklərin niyə qalib gəldiyini sorğulayır, amma heç kim onlara doğru-dürüst reaksiya vermir. Ona görə də ötən yazımda qeyd etdiyim müəlliflər qrupu Təhsil Nazirliyinə şikayət edib nəticə almadıqda ölkənin 1-ci vitse-Prezidenti Mehriban Əliyevaya üz tutmalı olmuşdu. Təəssüflər olsun ki, cavabdeh qurumlar bu dəfə də başdansovdu, şablon cavab verməklə yaxalarını kənara çəkmişdilər. Yəqin hörmətli Mehriban xanıma da məruzə edilib ki, şikayət araşdırıldı, tədbir görüldü. Yəni xanım 1-ci vitse-Prezidentə yalan məlumat verildiyi şübhəsizdir.

Məsələ ondadır ki, Təhsil Nazirliyinin dərslikləri qiymətləndirmək üçün cəlb etdiyi ekspertlərin işinin şübhəli yönlərinin qeydə alındığı vurğulanan, faktiki həmin elmi səhvlərlə zəngin dərsliyi çap edəcək nəşriyyata heç bir dəxli olmayan yazıma, nəyə görəsə “Şərq-Qərb” nəşriyyatı cavab verib. Özü də verdiyi cavabla bizim şübhələrimizi daha da möhkəmləndirib. Yəqin ki, fərqinə varmadan. Yaxud da durum o qədər çıxılmazdır ki, bunlar cavab yazmaq istədikləri zaman özlərini dolaşdırıb mənim olaya daha geniş işıq tutacağımı hesablaya bilməyiblər. Hələ nəzərə alaq ki, bu “cavab”ı siyasi bəyanatla bitiriblər.

Onların “cavab”ının başlığına baxaq: “Azər Həsrətin həyat yoldaşı Almaz Həsrətin müdafiəsinə yönəlmiş uğursuz vəkilliyi”. Elə buradan çıxış edib bunların fikri əsas məsələdən yayındırmağa çalışdığını sezmək olar. Çünki yazının içində Almaz Həsrətin mənim xanımım olduğunu gizlətdiyimə işarə edilir. Üstəlik, bir yerdə onun soyadını düzgün təqdim etsələr də digər yerdə “Həsənova” kimi təqdim edirlər. Elə təkcə bu fakt o cavab cəfakeşlərinin dərsliklərə nə qədər “ciddi” yanaşdığını sübut etməyə yetər.

İndi isə keçək nəşriyyatın-müəllif qrupunun “cavab”ındakı konkret məqamlara.

İddia edirlər ki, prosesin şəffaflığının təmin olunması və görülən işin daha təkmil bir çəkildə ortaya çıxması üçün çalışıblar. Hətta ictimai müzakirə təşkil ediblərmiş…

Elədirmi? Proseslərdən xəbəri olmayan oxucu üçün elə görünə bilər. Amma elə deyil. Sadəcə tender bitdikdən, özlərinə lazım gələn dərslik komplektini qalib elan etdikdən sonra onu internetdə yerləşdirib müzakirə təşkil ediblər. Hətta buna da dözmək olardı. Lakin çox hörmətli Prof. Dr. Məcnun Babayevin başçılıq etdiyi müəlliflər qrupu o “əsər”i oxuyub başdan ayağa elmi səhvlərlə zəngin olduğu haqda Nazirliyə müraciət etsə də bu adamları çağırıb müzakirə təşkil etmək yerinə onlara şablon cavab yazmaqla işi bitmiş elan etməsəydilər. Şifahi şəkildə də müraciət ediblər ki, tapdığınız səhvləri bizə deyin, düzəliş edək. Şikayətçilər də cavab verib ki, qüsur bir deyil, beş deyil. Ümumiyyətlə bu dərslik hansı kəramət üzündən qalib gələ bilib? Onda da bunların şikayəti qulaq ardına vurulub və çox hörmətli 1-ci vitse-Prezident Mehriban xanım Əliyevaya üz tutmalı olublar.

“Cavab” sahibləri mənim hömətli ziyalıların adını hallandırdığımı iddia edirlər. Halbuki ad hallandıran özləri olublar. Ötən yazımda da qeyd etmişdim ki, bunlar “Şərq-Qərb”in hörmətli akademik Ramiz Mehdiyevə aid olduğu haqqında şayiə buraxıb şikayətçilərə boşuna özlərini yormamaq üçün ismarıc göndərmişdilər. İndi isə məni onun adını hallandırmaqda ittiham edirlər.

Yazılarında mənim biologiya və tarix üzrə mütəxəssis olmadığımı vurğulayırlar. Heç dəxli var? Məgər mən belə bir mütəxəssiz olduğumu iddia etmişdim? Yaxud da mənim qaldırdığım məsələləri qaldırmaq üçün biologiya və tarix mütəxəssisi olmaq lazımdır? Mən axı sadəcə ortada problemin və iddiaların olduğunu, bu iddialara cavab verməli olan şəxslərin susduğunu vurğulamışdım. Bunun mənim bioloq olub-olmamağıma nə dəxli var?

Hə, bir də iddia edirlər ki, yazını sifarişlə qələmə almışam. Birisi bu dünyadan xəbərsizlərə desin ki, Azər Həsrətin sifarişlə yazı yazdığını iddia etmək əsrimizin ən axmaq hərəkətidir. Qınamıram. Adamlar özləri o qədər sifarişlə işlər görüblər ki, elə bilirlər Azər Həsrət də onlar kimidir. Yanıldınız, xanımlar və cənablar. Həm də çox ciddi.

İddia edirlər ki, nəşriyyatın məhsullarının keyfiyyəti yüksək səviyyədədir. Ola bilər. Di gəl ki, mən öz yazımda bu məsələylə bağlı nəsə deməmişdim axı…

Yazırlar ki, “dərsliyi mütləq müasir tələblərdən xəbərdar olan, kurikulumu bilən, yeni təlim üsullarıyla tanış olan, şagird psixologiyasına, yaş xüsusiyyətlərinə yaxından bələd olan mütəxəssislər hazırlamalıdır”.

Tamamilə doğrudur. Amma bunu niyə mənə xatırlatmaq istədiniz, anlamıram. Çünki əgər iddia edirsinizsə ki, “qalib” dərsliyin müəllifləri-tərtibçiləri o keyfiyyətlərin daşıyıcılarıdır, digərləri isə deyil, yanılırsınız. Çünki Prof. Dr. Məcnun Babayev uzun illərdir pedaqoji fəaliyyətlə məşğuldur. Dərsliklər müəllifidir. Dəfələrlə biologiya üzrə respublika olimpiadalarına başçılıq edib və bütün bunlarla bərabər biologiya kurikulumunu hazırlayan işçi qrupunun koordinatoru olub.

Digər müəllif – Almaz Həsrət isə məhz kurikulum, yeni texnologiyaların tətbiqi sahəsində barmaqla göstərilən qabaqcıl orta məktəb müəllimlərinin önündə gedir. Bu xanım “İlin müəllimi” müsabiqəsinin qalibi, Azərbaycan Respublikasının Əməkdar müəllimi adlarını da məhz orta məktəbdə işlədiyi zaman qazanıb. Hələ onu da əlavə edim ki, Azərbaycanda ilk müəllim olub ki, Lomonosov adına Moskva Dövlət Universitetində biologiyanın tədrisində yeni texnologiyaların tətbiqi ixtisası üzrə bir illik ixtisasartırma kursunu bitirib.

Üçüncü həmmüəllif – Əməkdar müəllim, biologiya üzrə f. d. Aygün Əhmədli isə uzun illər ərzində orta məktəbdə dərs deyib, hazırda da məktəb direktoru kimi fəaliyyət göstərir. Yəni bu xanıma da şagird psixologiyasının nə olması haqqında mühazirə oxumağın yeri yoxdur.

Bakı Dövlət Universitetinin gənc müəllimi Eynulla Musayev, təbii ki, digərləri qədər təcrübəli deyil, amma onun da zəhməti, profili uyğun hesab edilə bilər. Üstəlik, o da paralel şəkildə orta məktəbdə dərs deyir.

Bütün bunları nəzərə alanda bəlli olur ki, dərslik komplekti süni yollarla uduzdurulmuş müəlliflərin çəkisi heç də “qaliblər”dən aşağı deyil.

Maraqlanırlar ki, niyə jurnalist qarşı tərəfin müəlliflərinin titullarını yazmır? Açığı, bu sualın nəyə görə ortaya çıxdığını bilmirəm. Amma yenə də cavab verirəm. Mən məgər onların adlarını çəkmişdim ki, titullarını da yazım? Həm də onların titullarını yazsaydım bu, onların xeyrinə deyil, ziyanına olacaqdı. Zatən siz yazmısınız, mən də burda təkrarlayım ki, oxucular müqayisə edə bilsin.

“Cavab” müəllifləri yazır ki, onların titulları, ad-sanları belədir: “Əməkdar müəllim Nüşabə Məmmədova, ped.ü.f.d., Təhsil İnstitutunun aparıcı elmi işçisi Könül Mahmudova, Akademik Zərifə Əliyeva adına liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Leyla Fətiyeva, Bilologiya fənni kurikulumunu hazırlayan işçi qrupunun üzvü, kurikulum təlimçisi Brilyant Həsənova”.

Bu müəllif heyətinin çəkisini Məcnun Babayevin başçılıq etdiyi müəllif heyətinin çəkisilə müqayisə etməyi oxucuların öhdəsinə buraxıb davam edirik.

Yazırlar ki, müəlliflərdən üçü kurikulumu hazırlayan işçi qrupunun üzvüdür. Qəti şübhəmiz yox. Amma niyə yazmırsınız ki, digər müəlliflər də bu sahədə nəinki geridə qalmır, əksinə, daha irəlidədirlər? İndi ki, siz yazmırsınız, mən yazıram: Biologiya fənni üzrə ilk kurikulumun hazırlanması prosesinə çox hörmətli Urxan Ələkbərov başçılıq edib. Onun işlərinin çoxluğu səbəbindən proseslərə işçi qrupunun koordinatoru başçılıq etməli olub. O koordinatorsa Prof. Dr. Məcnun Babayev olub.

Əməkdar müəllim Almaz Həsrətinsə kurikuluma nə qədər dəxlinin olduğunu bütün aparıcı müəllimlər bilir. Deməsi ayıb olmasın, sizin o təriflədiyiniz Könül Mahmudovanın kurikulum məşğələlərindən keçib heç nə anlamayanlar sonradan Almaz Həsrətin məşğələlərinə qatılır, kurikulumu bundan sonra dərk etdiklərini açıq şəkildə deyirdilər. Üstəlik, Almaz xanım indinin özündə də kurikulum işçi qrupunun üzvüdür. Hərçənd bəzi şəxslər onu müxtəlif bəhanələrlə bu prosesdən sıxışdırmağa çalışsa da.

Daha sonra iddia edirsiniz ki, irad irəli sürülürsə, mütləq əsaslandırılmalıdır. Tamamilə doğrudur. Hələ jurnalistikada bu, qızıl qayda və tələbdir. İndi sual edirəm: yazdığım hansı fikri əsaslandırmamışam? Həm də axı diqqət etmək lazım idi ki, mən yazımı şikayətin əsasında qurmuşam. Çünki, sizin də qeyd etdiyiniz kimi, biologiya və tarix fənləri üzrə mütəxəssis deyiləm. Ona görə də yazımda şikayətə uyğun münasibət bəslənilmədiyinin altını cızıram və şikayət məktubundan bəzi iqtibaslara yer verirəm. Hə, iddia edirsiniz ki, şikayətçilər haqlı deyil? Mümkündür. Elə isə Təhsil Nazirliyi onları da dəvət etsin, şikayətlərini maddə-maddə dinləsin və elmi səhvlərlə zəngin olan dərsliyin necə qalib gəldiyinə aydınlıq gətirsin.

“Cavab”da hansısa “qeyd edilən 30 irad”dan söhbət gedir. Açığı, mənim yazımda bu sayda iradlardan söz açılmayıb. Görünür, “cavab” yazanlar o qədər əsəbi olublar ki, aləmi qatdıqlarının fərqinə varmayıblar. Necə ki, mənim həyat yoldaşım Almaz Həsrət üçün “Həsənova” soyadı icad ediblər. Yaxud da 30 rəqəmini sadəcə iradlara aid kimi göstərməklə iz azdırmaq istəyiblər. Keçməz. Mənim yazımda 30 rəqəmi başqa bir məsələni əks etdirirdi. Mən yazmışdım ki, 30 səhifəlik səhv aşkar edilib. Özü də əksəriyyəti elmi olmaqla. 30 iradla 30 səhifəlik səhv arasında çox ciddi fərq var, deyilmi? Özü də nəzərə alanda ki, dərsliyin özü şəkilləri çıxmaq şərtilə hardasa 120 səhifəlik bir şeydir.

Sonra uzun-uzadı hansısa “iradlar” icad edib onlara cavab verirlər. Buna da xeyli təəccübləndim. Çünki mənim yazımda olmayan iradları mənim iradlarım kimi təqdim edib cavab verməklə bunların nə demək istədiyini anlamadım. Ümumiyyətlə isə, bunların “cavab”ını anlamaqda çətinlik çəkirəm.

Və sona doğru iddia edirlər ki, “dərsliyə rəy bildirən bir şəxsin dil və üslub xətalarına yol verməsi dərsliyin də aşağı səviyyədə olması anlamına gəlmir”. Söhbət X sinif tarix dərsliyinin “ekspert”i Talıb Quliyevdən gedir. Ötən yazımda onun əndrəbadi cümlələrindən örnəklər verərək belə adamın necə ekspert olduğunu sorğulamışdım. Nəşriyyatsa iddia edir ki, dərslik eksperti olmaq üçün heç də dili və üslubu bilmək vacib deyilmiş. Maşallah olsun sizin naşir ağlınıza və məntiqinizə!

Sonra da məni ittiham edirlər ki, niyə daha yuxarı instansiyaları bu işə qoşuram? Yazımdan anlamadınızmı, hörmətli ekspert-yazar yuvası olan nəşriyyat yetkililəri? Axı mən yazmışdım ki, şikayət təyinatı üzrə – Təhsil Nazirliyinə ünvanlanıb, ancaq diqqətə alınmayıb. Ona görə də şikayətçilər daha yüksək instansiyaya üz tutmalı olublar. Aşağılar zəhmət çəkib vəzifələrini normal icra etsəydilər, onda yuxarılara üz tutmağa gərək qalmazdı.

Və iddia edirlər ki, mən obyektiv olsaydım Almaz Həsənovanın həyat yoldaşım olduğunu qeyd etməliydim. Birincisi, mənim həyat yoldaşım Almaz Həsrətdir, Həsənova yox. İkincisi də istər jurnalistika, istərsə də pedaqoji aləmdə bizim həyat yoldaşı olduğumuzu bilməyənmi var? Hüquqlarını müdafiə etdiyim şəxslərdən biri də, əlbəttə odur. Bu da tam təbiidir. Çünki mən onu, o da məni son nəfəsimizədək müdafiə edəcəyik. Yalnız bir şərtlə: əməlimizin obyektivliyinə şübhə yeri olmasın. İndiki halda müdafiə etdiyim Almaz Həsrətin əməlində və əməyində əsla şübhə yeri yoxdur.

Və ən sonda bu ağıllılar belə bir qeyd edirlər: “Maraqlıdır, görəsən, bir zamanlar prezident əleyhinə danışan, yazan Azər Həsrət nə oldu da birdən-birə mövqeyini dəyişdi? Bizcə, ilk növbədə, bu məsələ barədə düşünmək lazımdır”.

Cavabım belədir: bu məsələnin mətləbə qəti dəxli yoxdur. Dəxli olmadan yazırsınızsa, deməli, mənə qarşı tutarlı arqument tapmaqda o qədər çətin durumdasınız ki, siyasi bəyanat verməyə məcbursunuz.

İndi isə xəbəriniz olsun: mənim siyasi seçimimi sorğulayacaq çəkidə deyilsiniz. Əgər bunu hakimiyyətə mənim siyasi keçmişimlə bağlı xəbərçilik üçün edirsinizsə, yandınız demək. Əmin olun ki, orda mənim keçmişimi də, bugünümü də çox yaxşı bilirlər. Hələ sabahım haqqında da qəti qənaətləri var.

Əlavə olaraq iddia edirsiniz ki, mənim də yazılarımda xeyli sayda üslub və qrammatik xətalar göstərə bilərsinizmiş… Elə isə niyə göstərmədiniz? Digər tərəfdən, mən sizdən fərqli olaraq dərslik yazmıram. Xəta olsa belə qorxusu yoxdur. Amma siz yüz minlərlə uşağımıza yanlış bilgi və xətalarla zəngin dərsliklər sırımaqla millətin gələcəyini kor edirsiniz.

Və gəldik əsas məsələyə. Axı bunlar irad tutur ki, mən Almaz Həsrətin həyat yoldaşım olduğunu niyə qeyd etmirəm? Yəni dolayısıyla demək istəyirlər ki, gizlədirəm. Təbii ki, ailəmizi, məni, Almaz xanımı tanıyanlar bilir ki, belə bir şey mümkün deyil. Bizim hər ikimiz bir-birimizlə fəxr edirik, qürur duyuruq və həyat yoldaşı olduğumuzu ən uca səslə deməkdən çəkinmirik, utanmırıq. Sadəcə bu yazımda Həsrət soyadını görən hər kəs açıq şəkildə anlayır ki, biz eyni ailənin üzvüyük.

İndi ki, söz ailə üzvlərindən düşdü və bu tələb dilə gətirildi, onda mənim də bəzi tələblərim var. Lütfən, mənə nəyə görəsə cavab yazmaq zərurəti hiss edən “Şərq-Qərb” nəşriyyatı və onun müəllif qrupu zəhmət çəkib “qalib” dərsliyin həmmüəlliflərindən biri Könül Mahmudovanın kimin qızı olduğunu da yazaydılar. Yazmayıblar. Onda mən yazıram. Ümid edirəm ki, bu açıqlamam Könül xanımın xətrinə dəyməyəcək.

Könül Mahmudova Təhsil Nazirliyinin dərslik şöbəsinin (indi tədris resursları şöbəsi adlanır) keçmiş rəhbəri, hazırda Təhsil İnstitutunda rəhbər vəzifədə olan Faiq Şahbazlının doğmaca qızıdır. (Yeri gəlmişkən, Faiq müəllim Nazirlikdə şöbə müdiri işlərkən qızının dərslikləri ordan sorğu-sualsız keçirdi.) Faiq Şahbazlı hazırda Nazirlikdə işləməsə də onun keçmiş əməkdaşlarının bir qismi hələ də ordadır və öz keçmiş rəhbərlərinin sözünə heç də biganə deyillər. Digər tərəfdən, daha təcrübəli və bacarıqlı kadrlar qala-qala məhz Könül Mahmudovanın biologiya kurikulumu üzrə işçi qrupuna rəhbərlik etməsinin də sirri burdadır. Hələ onu da əlavə edim ki, bu iddialı xanımın ora rəhbər gəlməsindən sonra Məcnun Babayev və Almaz Həsrəti o qrupdan müxtəlif bəhanələrlə kənar tutmağa çalışırlar.

İndi ki, “cavab” yazıb məcbur etmisiniz, sandığı açıb pambığı tökməyə davam edirəm.

Bu yaxınlarda öyrəndim ki, məhz elə bu Könül Mahmudova universitetlərdən birində dərs demək üçün boşalan müəllim vəzifəsini tutmağa imtahan verib və… kəsilib. Universitetin adını sadəcə onun rektoruna olan özəl sayğıma görə çəkmirəm.

Yaxud, onların dərsliyini “qalib” elan edən “ekspert”lərdən biri Könül xanımın yaxın rəfiqəsidir.

Üçüncü və məncə heç də az maraqlı olmayan faktlardan biri isə budur ki, “qalib”ləri qalib edən “ekspert”lərdən biri bu yaxınlarda doktoranturaya qəbul olunmaq üçün imtahan verib, kəsilib, arzusuna çata bilməyib.

İndi bu cür adamların adlarının bulaşdığı seçim, sizcə, nə qədər obyektiv ola bilər? Lap tutaq ki, obyektivdir. Onda zəhmət çəkin, şikayətçi tərəfi dəvət edin, oturub müzakirə aparın.

Yeri gəlmişkən, bu yaxınlarda öyrəndim ki, elə bu “Şərq-Qərb” Nəşriyyatının daha bir dərslik layihəsi – özü də çox strateji sahə üzrə – ibtidai hərbi hazırlıq kitabı ətrafında qalmaqal yaranıb. İş ondadır ki, peşəkar hərbiçi və pedaqoq olan müəllifin hazırladığı dərsliyə bir səriştəsiz zabitin də adını müəllif kimi pərçimləyiblər. Adam ordudakı xidmətində yol verdiyi qüsurlar üzündən kənarlaşdırılıb, üstəlik hərbi rütbəsi də aşağı salınıb. Bu qədər də olmaz, deyilmi? Hər halda, düşünürəm ki, Dövlət Təhlükəsizliyi Xidməti də artıq bu işə qarışmalıdır. Özü də orduda xəyanətkar şəbəkənin ifşası fonunda buna çox ciddi zərurət var. Kim və nə məqsədlə zabit adına ləkə olan birinin adını hərbi dərsliyə müəllif kimi yazmaqda israr edir?

Bir neçə gün öncə Facebook-da yazmışdım ki, mən hələ barıtın çox önəmli bir hissəsini ehtiyatda saxlamışam. Bu dəfə də elədir. Ona görə də həm nəşriyyata, həm də nazirlikdə dərslik işinə baxanlara tövsiyə edərdim ki, şikayətçiləri çağırıb dinləsinlər. Əks təqdirdə, bu kitablar dərc edilib məktəblərə göndərilsə belə mən davamdan vaz keçən deyiləm. Çünki millətin övladlarını kimlərinsə hansısa bəd əməllərinə görə, kor edənlərə əsla dözmək fikrində deyiləm!

Sözardı: “Şərq-Qərb” nəşriyyatı öz “cavab”ını nəyə görəsə mənə göndərməyi vacib saymayıb. Mənim yazımı dərc etməyən media qurumlarına isə göndərib. Oradakı dostlar da buna təəccübləniblər. Halbuki mənə göndərsəydilər yazımın dərc edildiyi saytlardan özüm xahiş edərdim ki, qarşı tərəfin də mövqeyini dərc edin. Buna baxmayaraq onların “cavab”ını tapıb öz şəxsi saytımda da dərc etmişəm…

Oxunma sayı: 304
Share