İslam dinini Vüsaldan necə “qorumalı”?

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Jurnalist həmkarımız Vüsal Məmmədov özünün geniş mütaliəsi, dərin düşüncəsi və zəhmətsevərliyi ilə seçilir. Bu şəxs bir çoxlarından fərqli olaraq daim öz üzərində işləyir, yeni biliklər qazanmaqdan yorulmur, üstəlik, qazandıqlarını topluma ötürmək üçün durmadan çalışır. Yəni Vüsalın bütün çalışmaları ona yönəlib ki, Azərbaycan dünyanın ağılla idarə olunan toplumuna sahiblənsin. O, insanların cəhalətdən, çox zaman heç bir əsası olmayan dini fanatizmdən uzaq olub elmə söykənməsini doğru yol kimi təbliğ edir. Təkamül tərəfdarıdır. Ona görə də bəzən dindar insanları özündən çıxaran paylaşımlar edir, yazılar yazır və… söyülür.

Bugünlərdə də Vüsal bir paylaşım etmiş, namaz qılan müsəlmanların bu icraatın sonunda sağ və sol çiyindəki mələklərə salam verməsini “şizofreniya” əlaməti kimi dəyərləndirmişdi. Təbii ki, belə bir yanaşma hər kəsi, özəlliklə də dindarları özündən çıxarmış, onun barəsində geniş müzakirələr açılmışdı. Biz bu yazını yazdığımız anda belə o müzakirələr davam etməkdədir.

Bu müzakirələr bizim də diqqətimizi çəkir. Plüralist toplumun möhkəmlənməsində maraqlı olan şəxslərdən biri kimi mən də fərqli fikirlərimlə olaya münasibət bildirirəm. Məni, elə bütün normal insanları da – istər dindar, istər dinsiz – üzən bir məqam mütləq şəkildə diqqətimizi çəkir. Anlaşılan budur ki, insanlarımız normal müzakirə aparacaq qədər təmkinli deyillər. Təbii ki, hamı haqqında danışmırıq. Amma təəssüflə deyim ki, çoxluq haqqında danışırıq. Bu çoxluq islam dinini Vüsal və onun kimilərdən qoruduğunu iddia edir.

Nə edir bunlar? Bu suala az sonra cavab verəcəyik. Hələliksə Vüsalın şizofreniya kimi dəyərləndirdiyi məsələyə öz münasibətimizi təqdim etmək istərdik.

İslam bir dindir. Bu dinin milyonlarla deyil, artıq milyardlarla deyə biləcəyimiz ardıcılları var. Onların arasında sadəcə cahil insanlara da rast gəlmək mümkündür. Eyni zamanda dünyaca məşhur elm adamları, sənətçilər, idmançılar və s. də yetərincə böyük sayda gözə dəyir. Hətta çox məşhur şəxsiyyətlərin belə sonradan islama gəldiyi bilinən gerçəkdir. Bu isə ondan xəbər verir ki, islam dərin düşüncəsi olan insanlar üçün də cəlbedici dindir, xilas yoludur. Özü də bu insanların düşüncəsinin dərinliyini nə Vüsal, nə də ki, mən çapda insanlar sorğulaya bilməz. Bu şəxsiyyətlər birmənalı şəkildə bizdən daha ağıllı və daha bilgilidir. İslamı seçirlərsə, bir bildikləri var demək.

Sözümün canı odur ki, Vüsal düşündüklərini bu şəkildə dilə gətirməklə yanlışa yol verib. Məncə, o özü də bunun fərqindədir. Yəni dini inancı gərəyi insan çiynində mələklərin oturduğuna inanırsa və onlara salam verirsə, bu, onun öz seçimidir və Vüsal da daxil olmaqla hər kəs həmin seçimə sayğılı yanaşmalıdır. Ona görə də düşünürəm ki, həmkarımız “şizofreniya” məsələsində ifrata varıb, yanlışa yol verib və buna görə tənqid olunması normaldır.

Normal olmayan nədir bəs? Normal olmayan İŞİD təfəkkürlü fanatiklərin Vüsalın bu yanlışını islam adına təhqir və təhdidlərlə topa tutmasıdır. Məgər islam budurmu? Əgər budursa, şəxsən mən o dindən imtina etməyə hazıram. Mənim də mənsubu olduğum islam təmkin, barış, bağışlama, anlamağa çalışma dinidir. Burada yanlışa yol verənləri allah bağışlar, bəndə də bu buyruğa uyğun davranar. İslam dinində yanlış düşünəni, şeytana uyanı doğru yola dəvət etmək üçün ağlın gücündən istifadə edilər. Daha bəzi “islam təəssübkeşləri”nin yöntəmlərindən deyil.

Nədir bu yöntəmlər? Müşahidə edirik ki, islamı Vüsaldan “qorumaq” istəyən qaragüruh onun nəinki özünü, ailə üzvlərini belə təhqir etməklə hirsini ətrafa püskürür. Sual edirik, deyirik ki, niyə belə edirsiniz? Deyirlər ki, dinimizi kafirdən müdafiə edirik. Doğrudanmı bu yolla islam dinini müdafiə etmək olar? Yaxud da belə bir yöntəmlə müdafiə edilən din şəxsən mənim kimi adamlarda hansı rəğbəti oyada bilər? Qısa deyirəm: heç bir rəğbəti!

Vüsalı və ailəsini təhqir edənlər bu əməllərilə islama ondan daha artıq nifrət aşılamış olurlar. Onlar islamı bir barbar, dözümsüzlük dini kimi təqdim edirlər. Yəni bu yöntəm Vüsalın islama sayğısını artırmamaqla bərabər müsəlman olan kəslərin belə öz dinləri haqqında təkrar düşünməsinə səbəb ola bilər. Çünki normal insanlar belə barbar düşüncəli insanlarla eyni etiqadı paylaşmaqdan çəkinmək istərlər. Ağlı başında olan, islamı könüldən mənimsəyən heç bir müsəlman ən adi fikrə belə dözümsüzlük göstərən, bir nəfərin yanlışına görə onun bütün ailə üzvlərini təhqir edən qaragüruhla eyni etiqadın daşıyıcısı kimi qala bilməz. Ya onları islamdan uzaqlaşdırmağa çalışar, ya da ən asan yolu seçib özü islamdan imtina edər.

İndi bu Vüsalı bir səhvinə görə söyənlər doğrudanmı islam təəssübkeşidir? Doğrudanmı onlar belə bir barbar yöntəmi ilə islamı Vüsaldan qoruyacaqlarını düşünrlər? Axı belə davranış heç də o “təəssübkeşlər”in gerçək müsəlman olmasından xəbər vermir. Bu adamlar, qeyd etdiyimiz kimi, İŞİD üçün potensial başkəsənlərdir. Elə Vüsal kimi insanları da islamdan uzaqlaşdıran belə “müsəlman”lardır.

O adamlara üz tutub demək istərdim: əgər siz doğrudan da islama qarşı hansısa yanlış yöntəmə etiraz etmək istəyirsinizsə, bunu əxlaq, ədəb və çağdaş dəyərlər çərçivəsində edin. Yəni adamın yanlışını ciddi tutarqalarla alt-üst edin, özünüzün haqlı olduğunuzu normal insanların rəğbətinə səbəb olacaq yöntəmdə sübut edin. Əks təqdirdə Vüsal sizə qalib gələcək. Vüsalı yanlış yoldan çəkindirmək, dininizə yaxınlaşdırmaq, ona etiqad etməsə belə sayğılı yanaşmasını istəyirsinizsə, sayğılı davranmağa çalışın. İnsanları, özü də kəskin fərqli mövqedə olan insanları yalnız sevgi ilə qazanmaq olar. İndi elə bir dünyada yaşayırıq ki, heç kimi söyərək yolundan döndərib özünüzə sayğıya məcbur edə bilməzsiniz. Belə davranmağa davam edəcəyiniz təqdirdə nəinki Vüsal kimi islam haqqında fərqli düşünən, onu inkar edənlər, eləcə də mənim kimi müsəlmanlar belə sizinlə bir sırada olmaq istəməyəcək.

Bu məsələ haqqında Facebook-dakı paylaşımımda qeyd etmişdim ki, “Vüsalın ayağının bildiklərini islamı ondan qoruduğunu iddia edənlərin başı bilmir”. Buna görə mən də tənqid olundum. Hətta bəziləri uzağa gedərək Vüsalı daha şiddətlə söyməyə başladılar. Belə bir durum mənim haqlı olduğumun sübutu deyilmi? İnsan yalnız normal, ağlabatan tutarqası olmayanda söyüşə keçər. Heç gördünüzmü ki, elmi, savadı yüksək olan insanlar söyüşlə danışsınlar, yaxud da fərqli düşünənlərə söyüşlə cavab versinlər? Görmədiniz, görə də bilməzsiniz. Ona görə də Vüsalın ayağının bildiyini o söyüşçülərin başının bilmədiyi fikrimdə nəinki qalıram, üstəlik, həmin söyüşçülər mənim haqlı olduğumu şiddətlə təsdiqləməkdədirlər.

Son olaraq bu məsələni belə dəyərləndirirəm: Vüsal namaz qılan insanları “şizofrenik” adlandırmaqla yanlışa yol verib və ümid edirəm ki, özü də bunun fərqindədir. Bu yanaşmasına görə Vüsalı və yaxınlarını söyənlər isə ondan da artıq yanlışa yol verirlər. Yaxşı olardı ki, həmin şəxslər Vüsal kimi düşünənləri islama qazandırmaq üçün terrorçu İŞİD yöntəmindən deyil, sevgi və rəğbət, inandırma yöntəmindən istifadə etsinlər. Onda islama sevgi, bağlılıq daha da artmış olacaq. Əks təqdirdə Vüsalın mövqeyi getdikcə möhkəmlənəcək.

Oxunma sayı: 458
Share