Bir qəza və dövlət adamı davranışı gözləntimiz – Video

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Avtomobil qəzası. Bundan heç kim sığortalanmayıb. Ən təcrübəli sürücülər də. 30-40 il qəzasız maşın sürən sürücülər belə günün birində qəzaya tuş gəlirlər. Çünki yol və avtonəqliyyat elə bir vəhdətdir ki, burada sən nə qədər təcrübəli olursan ol, başına bir iş gəlmə ehtimalı çox yüksəkdir. Axı sən yolda tək deyilsən. Nəinki tək deyilsən, minlərlə, on minlərlə başqa sürücü, piyada da səninlə eyni yolu paylaşır. Və nə yazıq ki, onların çoxunun təcrübəsi, bilgisi, əsasən də məsuliyyət dərki olduqca aşağı səviyyədədir. Ona görə də qəza gəlirəm demədən gələr, kimisə bədbəxt edər və bir ömür boyu vicdan əzabı çəkərsən.

Niyə qəzadan yazdığımla maraqlanan oxuculara: bugünlərdə ən qızğın müzakirə olunan mövzuya mən də münasibət bildirmək istərdim. Söhbət baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi və iki nəfərin ölümü, daha iki nəfərin yaralandığı qəzadan gedir. Bir az gec qalmağımın səbəbi isə ölkə xaricində olmağımdır.

Mən də bu il qəza keçirmişəm. Təcrübəli və ehtiyatlı sürücüyəm. Uzun yollarda saatlarla maşın sürürəm və ehtiyatı da əldən vermirəm. Amma bu ilin yanvarında ani bir diqqətsizlik üzündən qəza keçirdim, maşınım əldən getdi, başqa bir maşına zərər vurdum və xeyli də narahat oldum. Düzdür, salamatçılıq oldu, amma yenə də vicdan əzabı çəkməyə davam edirəm. Birdən vurduğum digər maşındakı insanlara nəsə olsaydı? Mən bu yükü bir ömür daşıya bilərdimmi? Çətin. Çünki özümə zərər vursam buna rahatca dözürəm. Amma başqa birinin burnunu belə qanatsam heç vaxt rahat ola bilmirəm.

İndi bu Əli Həsənovun Nail adlı nəvəsinin əhvalatına qayıdaq. Qəzadır deyib keçə bilərdik. Amma keçə bilmirik. Çünki mənim əhvalatımdan fərqli olaraq burada harınlıq, məsuliyyətsizlik və dövlətə, onun Prezidentinin elə bu yaxınlarda səslənmiş çağırışlarına tüpürmək var. Özü də açıq-açığına! Elə ona görə də bu qəza cəmiyyətdə haqlı hiddət doğurur, müzakirə edilir və vətəndaş bu harın uşağın ən şiddətli cəzaya məruz qoyulmasını tələb edir! Elə mən də tələb edirəm!

Bu gəncin 21 yaşı olduğu deyilir. Dünyada ən seçilən Mercedes markasının “Gelandewagen” modeli ilə qəza törədib. Törədib də, anladıq. Amma sıradan qəza deyil. Bakı kimi dünyanın düz vaxtında küçələrində normal maşın sürməyin mümkün olmadığı şəhərdə bu gənc başqa bir özü ağılda adamla maşın yarışı təşkil edibmiş. Hansısa 240 km sürətdən söhbət gedir, təsəvvür edirsinizmi? Bu, harınlıq, qudurğanlıq görsənişi deyil də, bəs nədir? Bu gəncin babası baş nazirin müavini, qaynatası da Dövlət Sərhəd Xidmətinin rəhbəri olmasaydı belə davranmağa cürət edərdimi? Ümumiyyətlə, onun bu qədər bahalı bir avtomobilə sahib olması mümkün idimi? Təbii ki, cəmiyyəti bu suallar düşündürür və mən də onlara cavab almaq istərdim.

Bir də cavabını almaq istədiyim başqa sual var. Facebook-da gedən müzakirələrdə yazmışdım, amma heç kim cavab vermədi. Təkrar soruşmaq istərdim: bu uşaq ümumiyyətlə hərbi xidmətdə olubmu? Həqiqətənmi bu gənc bu qədər ürəkli birisidir və niyə belə cəsur oğlan öz hünərini işğalçı ermənilərə göstərməyib bu günə kimi? Bu suallara cavab verə biləcək adamın alnından öpərəm.

Cəmiyyət bir də müzakirə edir ki, Əli Həsənov bu olaya görə baş nazirin müavini və qaçqınkomun rəhbəri vəzifəsindən istefa verməlidir. Hələ sərhəd xidmətinin rəhbəri Elçin Quliyevi də istefaya dəvət edənlər var. Açığı, bu mövqeyi paylaşmıram. Mən hər iki məmurun işinin başında qalmasını, amma onları qınaq obyektinə çevirmiş oğul (kürəkən) balanın layiqli cəzasını almasını ən doğru addım sayardım. Belə olacağı təqdirdə başqaları da anlardı ki, adamın babası baş nazirin müavini olsa belə cəzadan qaçmaq mümkün deyil. Bu isə başqa “bərkgedən” düşüklər üçün yaxşı bir siqnal olardı. Yəni istəyim odur ki, bu gənc iki günahsız insanı öldürərək qatil olduğunu, daha ikisini yaralayaraq bağışlanmaz günah işlədiyini anlayana qədər həbsdə yatsın. Özü də özəl qayğı altında deyil, layiqli şəkildə! Qoy cəmiyyət də bunun necə cəzalanacağıyla bağlı davamlı müşahidə aparsın. Əgər bu gənc həbsə atılmasa, yaxud da formal olaraq həbsdə tutulsa bu qənaətə gələcəyik ki, onun bu əməlinin arxasında ən azı babası olan baş nazirin müavini Əli Həsənov var! Bəli, bax, elə belə də hesab edəcəyik! Elə ona görə də cənab Prezidentin qudurğan məmurlar haqqında dediklərinin birbaşa bu cənaba aid olduğuna qərar verəcəyik. Cəmiyyət olaraq əlbəttə.

İllər öncənin söhbətidir. Bir yaxın qohumum, özü də yetərincə özündən deyən bir gənc bənzər qəza törətmişdi. Hadisə Xudat şəhəri yaxınlığında baş vermişdi. BMW markalı şəxsi maşınında hərəkət edərkən yoldan çıxmış, ağaca, ardından da divara çırpılmış və iki sərnişini – gənclər həlak olmuşdu. Sürücü isə yüngül xəsarətlə qurtulmuşdu. Günah kimdə idi? Təbii ki, sürücüdə.

Əhvalatsa belə olmuşdu. Bu gənc qohumum Bakıya gəlməyə hazırlaşırmış. Biri qohumu, digəri isə qonşusu olan iki gənc dostu bundan xahiş edir ki, Nabrana gedib qayıdaq. O da ha izah edir ki, tələsirəm, Bakıya çıxıram, əl çəkmirlər. Olsun, deyib bunları Nabrana aparır, geri qayıdır. Təbii ki, tələsdiyi üçün sürət həddini düzgün seçmir, bir az da əsəbi olur və maşın yoldan çıxaraq qorxunc qəza törədir. Bunu az qala zorla Nabrana getməyə məcbur edən hər iki gənc həlak olur.

Ağır olay idi. Çox üzülmüşdük. Qəzanı törədən gəncin atası məmur deyildi. Heç harın da deyildi. O qədər vicdan əzabı çəkirdi ki, ard-arda bir neçə dəfə ağır infarkt keçirdi, sonra da dünyasını dəyişdi. Dözə bilmədi. Dözə də bilməzdi. Çünki gözünün qarşısındakı oğlu öz həmyaşıdı olan iki gənci məhv etmişdi. Bu oğulun atasıyla bərabər anası da ağır xəstəliklərə düçar oldu və bu gün də vicdan əzabı çəkir. Halbuki onların hər ikisi “qəzadır” deyib keçə və olanları ötüşdürə bilərdilər. Amma etmədilər. Əksinə, oğullarına qurulan məhkəməni səbrlə izlədilər, verilən cəza ilə razılaşdılar və övladlarının həbsdə yatmasını ürək ağrısıyla da olsa həzm etdilər. Bu gənc qohumum aldığı 8 illik həbs cəzasını günə gün yatdı, yalnız həbsdən çıxıb cəmi iki həftə atasını dünya gözüylə gördü və sonra da haqq dünyasına yola saldı.

Bütün bunlar baş verərkən mən nə etdim? Heç nə! Bəli, mən heç nə etmədim! Qısa və konkret olaraq dedim ki, hələ bu cəza onun üçün azdır! Mənim üçün ağır idi, amma gücümü toplayıb, səbrimi basıb belə davranmağı bacardım. Bir dəfə də olsun o gəncin dalınca həbsxanaya getmədim. Bir dəfə də olsun kimsədən onunla bağlı nəsə xahiş etmədim. Yalnız son zamanlar atasının halı ağırlaşınca və artıq sonunun çatdığı bəlli olunca bu gəncin əfv üçün müraciət imkanlarını nəzərdən keçirdim, bəzi dostlarla məsləhətləşdim ki, bəlkə nəsə etmək olar. Bəlli oldu ki, mümkün deyil. Səsimi kəsib yerimdə oturdum. Bir dəfə də olsun mətbuata açıqlama vermədim, ümumiyyətlə bu olayı ictimailəşdirmədim. Halbuki mənim statusumda olan adamlar ən adi olayda belə medianın gücündən, şəxsi əlaqələrindən gen-bol istifadə edirlər. Mənsə etmirəm, etmərəm də.

Bütün bunları yazmaqda məqsədim odur ki, cənab Əli Həsənovun da nəvəsinin törətdiyi əmələ məhz mənim öz qohumumun əməlinə yanaşdığım kimi yanaşmasını gözləyirik. Belə olacağı təqdirdə biləcəyik ki, baş nazirin hörmətli müavini doğrudan da dövlət adamıdır. Yox, görsək ki, o, bizə bəlli olan və olmayan yollarla nəvəsinin qurtuluşu üçün çalışır, o zaman hesab edəcəyik ki, bu adam nəinki dövlət adamı deyil, hələ üstəlik dövlətə qarşıdır. Bu isə o demək olacaq ki, Əli Həsənov cənab Prezidentin dediyi kateqoriyaya uyğun şəxsdir. Gözləyək.

Sözardı: Bu arada mediada belə xəbərlər dolaşır ki, Əli Həsənovun nəvəsinə təcridxanada özəl şərait yaradılıb, xüsusi qayğı göstərilir. Əgər bu deyilənlər doğrudursa…

Oxunma sayı: 384
Share