Cinayət və cəza: necə yanaşmalı?

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Son günlər mediada Beyləqan rayonunda 3 il davamlı olaraq yeniyetmə yerliləri tərəfindən zorakılığa məruz qalmış bir qızın dramı müzakirə edilir. Həmkarımız Bahar Rüstəmlinin qızın özündən və anasından aldığı müsahibə bir çox əlavə suallar da doğurur.

Müsahibə geniş yayılıb, olanlardan ictimaiyyətin xəbəri var. Ona görə də biz məsələnin o tərəfinin üzərində dayanmırıq. Sadəcə müsahibədəki ardıcıllığa uyğun olaraq bəzi qeydlərimizi diqqətə çatdırmaq istərdik.

Diqqətimizi çəkən əsas amil təbii ki, adı açıqlanmayan qızın 5 nəfər tərəfindən davamlı şəkildə zorlanmasıdır. Söhbət 5 ayrı şəxsdən gedir. Deməli, hüquq mühafizə orqanları bu beş nəfərin hər birini şübhəli qismində saxlamalı, dindirməlidir.

İkincisi, bu üç il ərzində hadisələr qızın oxuduğu məktəbin binasında baş verir. Qız deyir ki, qorxudan müəllimlərimə deyə bilmirdim. Heç evdə də demirmiş. Bunlar ayrı mövzudur. Amma necə olur ki, bir məktəbdə üç il belə bir rəzalət davam edir, oranın kollektivindən, rəhbərliyindən heç kim bundan duyuq düşmür?

Daha sonra anlaşılır ki, məktəbin direktor əvəzi uşağı şikayət etməməkdə qınayıb. Məncə, haqlıdır. Hərçənd uşaqla danışmaq, davranmaq ayrı bir özəllik tələb edir, amma bu halda bu uşaq olanları heç olmasa evdə anasına deməliydi. Deməyib, qorxub, gizlədib və nəticə də çox pisdir.

Qızı dəfələrlə zorlayıblar. Hətta bunu məktəbdən kənarda da ediblər. Rayon yerində belə bir hərəkətə təkrar-təkrar cürət etmək nəsə başqa durumdan xəbər verir. Çünki ən adi halda kiminsə qızını kiminsə oğluyla birlikdə görəndə belə insanlar dedi-qodu edir, şübhələnir və buna pis baxırlar. Necə olub ki, o kənddə adamlar belə bir hala heç fikir verməyiblər?

Müsahibədə qızın anası deyir ki, hələ 5-ci sinifdən Rasim adlı bir uşaq bu qıza sataşırmış. Elə əsas səbəbkar və günahkar kimi də o görünür. Bu Rasimlə bağlı dəfələrlə valideyninə, məktəbə müraciət edilib, amma tədbir görülməyib. Qızın videosunu çəkib onu əxlaqsızlığa məcbur edən də bu Rasim adlı “uşaq”dır. Maraqlıdır ki, Rasim həbs edilməyib. Niyə? Beyləqan rayonunun hüquq mühafizə orqanları bununla nə demək istəyirlər?

Sinif rəhbəri qızın davamlı ağladığını, özünə qapandığını müşahidə edib. Anası da eyni halı davamlı şəkildə görüb. Sual olunur: niyə tədbir görməyiblər? Niyə alternativ yollarla bunun səbəbini öyrənməyə cəhd etməyiblər?

Ana deyir ki, bütün ailəm üstümə gəldi. Tələb etdilər ki, bu qızı öldür. Açığı, 21-ci yüzildə hələ də belə təfəkkürlü insanlar varsa, dünyanın sonudur demək. Qızı öldürmək məgər çıxış yoludurmu? Məgər bu yanaşma o qızın həyatını məhv etmiş tərbiyəsiz varlıqlar üçün cəzadırmı?

Ananın qızının qurtuluşu üçün özünü zərbə altına qoyması təqdir ediləsi haldır. Ən doğru qərar, ən düzgün hərəkət də elə budur. Bir ana son ana qədər balasını qorumalıdır. Alqış bu hərəkətə.

Ana deyir ki, bütün həyatımı qızıma, ərimə həsr etdim. Amma sonda əri onu atıb gedib. Yəni bu hadisə ictimailəşəndən sonra ər – qızın atası çıxış yolunu ailəsini atmaqda görüb. Belə ər – atalar da varmış…

Hələ bu ata həyat yoldaşına deyib ki, qızı burax küçəyə, kim nə deyir, desin.

Və kəndin camaatı. Onlar bu qızı və anasını daşqalaq etməyə hazırdır. Bu camaatla bağlı sonda fikrimizi deyərik…

Bütün bu biabırçılığa səbəb olmuş Rasimin “böyükləri” oğlanın qızla evlənməsi, üstəlik də 30 min manat kompensasiya qarşılığında şikayətin geri götürülməsini təklif ediblərmiş… Ana isə razılşamayıb və düz də edib!

Telman adlı müstəntiq. Bu adam işin ilkin istintaqını aparıb və müsahibədən bəlli olur ki, obyektiv davranmayıb. Hər şey bir yana, lap mümkündür ki, ortada şirnikləndirmə, tapşırıq, rüşvət olsun. Amma bu Telman adlı müstəntiqin bu qədər şərəfsiz bir işdə belə davranması doğrudan da baş veribsə, onun özünü də yaxşıca yoxlamaq lazımdır…

Zorakılığın banisi Rasim Babayev başda olmaqla daha iki şübhəli hələ də azadlıqdadır: Murad Həziyev və Rahib Hüseynov. Niyə? Niyə o 5 nəfərdən cəmi ikisi saxlanılıb, bu üç nəfərsə azadlıqdadır? Hansı maraq və səbəblər var ortada?

Bir də Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova var ortalıqda. Deyibmiş ki, heç bir zorakılıq baş verməyib. Rayon təhsilinin başında duran bu xanım araşdırmadan, öyrənmədən qəti qərar verib. Halbuki bu qədər qəti qərarı yalnız ədalətli məhkəmədən sonra vermək olardı. Hər halda, diqqətimi çəkən məqamlardan oldu bu da…

İndi isə müsahibədən çıxış edərək bəzi şəxsi qənaətlərimi təqdim etmək istərdim.

Şəxsən məni ən çox narahat edən bu olayın yaşandığı kəndin bu qədər amoral bir məkan olmasıdır. Özü də burada təbii ki, camaatın artıq hər şeydən xəbəri var, hələ üstəlik yəqin ki, 5 nəfərin davamlı şəkildə bu iyrəncliyi törətməsindən əvvəlcədən xəbəri olanlar da az deyil. Çünki bu qədər çox sayda insanın hansısa sirri belə uzun müddətə gizli tuta bilməsi həm nəzəri, həm də praktiki olaraq mümkün deyil. Necə deyərlər, üç nəfərin bildiyi o zaman sirr olaraq qalır ki, onu bilənlərdən ikisi ölmüş olsun. Burda isə üç deyil, qızın özü də daxil olmaqla ən azı altı nəfərdən söhbət gedir.

Qızın atasının davranışı isə tamam başqa bir dərddir. Adam qızının namusunu təmizləyəcəyinə onu küçəyə buraxmağı təklif edir. Yəni bu “ata” öz doğmaca qızına arxa duracağına, onu lazımsız bir əşya kimi küçəyə tullamağı ağlına gətirə bilir…

Qızın anası deyir ki, bizi daşqalaq eləmək istəyirlər. Belə anlaşılır ki, adını müsahibədə görmədiyimiz kəndin camaatı bu anayla qızı daşqalaq etmək istəyir. Heyrət edilməzmi buna? Əgər o kəndin camaatı həqiqətən qeyrət çəkəndirsə, daşqalaq ediləcək olanlar bu qız və anası deyil, qızın başına bu oyunu gətirmiş şərəfsizlər və onların bütün nəslidir. Hərçənd, belə bir çağırış etmirəmsə də oranın camaatının ünvanı düzgün seçməsi üçün bu fikrimi dilə gətirirəm.

Bu olaydan çıxarılmalı başqa bir dərs isə anayla qızın yetərincə dostlaşa bilməməsidir. Analar hansı yaşda olursa olsun, öz qızlarıyla həm də rəfiqə olmalıdır ki, belə olayların yaşanmasının qarşısını vaxtında ala bilsinlər.

Sonda bu iki insanın sonrakı taleyi ilə bağlı fikirlərimi diqqətə çatdırmaq istərdim. Birinicisi, bu şəxslərə dövlət sahib çıxmalıdır. İctimaiyyət isə onların deyil, onları o günə qoyanların və buna təmkinli yanaşan icmanın üzərinə getməlidir. Ortada müdhiş bir cinayət var və bunun cəzası da həddən artıq ağır olmalıdır. Qıza və anasına davamlı psixoloji yardım edilməli, onların özünə gəlməsi, həyat eşqini bərpa etməsi üçün tədbirlər görülməlidir.

Baş verən iyrəncliyin araşdırılması isə birbaşa Respublikanın baş prokurorunun nəzarətinə götürülməli, öz davranışlarıyla şübhələrə səbəb olan Beyləqan rayon hüquq mühafizə orqanları prosesdən büsbütün uzaqlaşdırılmalıdır.

Cəzaya gəlincə, istənilən halda bunu qanun çərçivəsində etmək lazımdır. Düzdür, insanlar hisslərini cilovlaya bilməyərək müxtəlif cəzalar haqqında fikir bildirirlər. Amma buna görə də qanunlara söykənmək yetərlidir. Heç kim şübhə etməsin ki, o iyrəncliyi törətmiş varlıqları həbsxanada “stajlı” əmilər necə lazımsa “tərbiyə” edəcək.

İctimaiyyət olaraq bu işin arxasını buraxsaq bizə də ayıb olacaq. Ona görə də vaxt-vaxtdan mövzuya qayıtmağı unutmayaq.

Oxunma sayı: 152
Share