Yollarımızdakı evakuator bəlası

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Ötən həftə Facebook-da bir paylaşım etmişdim. İşdən çıxıb evə gedərkən yolda – D.Əliyeva küçəsinin Konservatoriyanın arxasındakı hissəsində evakuatorun bir maşını götürüb aparmağa çalışdığını yazmışdım. Onu da qeyd etmişdim ki, mən bu əmələ sadəcə mane oldum, üstəlik də 102-yə zəng edib şikayətimi bildirdim. Ondan sonra evakuator ordan uzaqlaşdı, maşını da aparmadı. Paylaşımda yazmışdım ki, maşınların bu cür evakuasiya olunması düzgün deyil. Gərək əvvəlcə evakuasiya olunacaq maşının sürücüsü axtarıla. Tapılmazsa, maşın ordan götürülə bilər.

Dostlarımın çoxu bu hərəkətimi təqdir etdiyini bildirdi. Bir dostumuzsa yazdı ki, evakuator sürücünü axtarmağa borclu deyil. Ona görə də qərara gəldim ki, buradakı xırda bir fikir ayrılığına aydınlıq gətirim. Zatən o paylaşımın altında yazmışdım, burda təkrarlayıram: həmin paylaşımda olayı bütün ayrıntılarıyla təsvir etməmişdim. İndi isə imkan var, təsvir edirəm.

Əhvalat D.Əliyeva küçəsinin dar bir kəsimində – Konservatoriyanın arxa tərəfində baş verdi. Orada yol darısqaldır, bir tərəflidir. Yan-yana iki maşın güclə gedə bilər. Heç kim orda maşınını qoyub gedə bilməz. Ancaq mən ordan keçəndə sağ tərəfdə maşınlar dayanmışdı. Demək olar ki, yol boyu. Buna baxmayaraq bizim getdiyimiz istiqamətdə heç bir əngəl yox idi. Yəni rahat keçə bilirdik. Bu anda qarşıdan əks istiqamətə hərəkət edərək bir evakuator yola daxil oldu. Özü də bizim hərəkətimizə məhəl qoymadan. Faktiki düz qarşımda dayanıb bütünlüklə hərəkəti dayandırdı. Yəni bizi bloklamış oldu. Mən də qapını açıb yoldan çəkilməsini tələb etdim. Bir cavan oğlan (mülki geyimli), bir də polis geyimində bivec bir adam vecinə də almadı. Əksinə, çalışdılar ki, arada olan bir maşını aparsınlar. Amma mən geri durmadım, durmaq da mümkün deyildi. Çünki artıq arxamda xeyli sayda maşın dayanmışdı. Evakuator faktiki olaraq yolu bağlayıb nəqliyyatın hərəkətinə maneə yaratmışdı.

102-yə zəng edib özümü təqdim etdim (adımı, soyadımı, yaşadığım ünvanı yalnız), şikayətçi oldum. Bu anda evakuator hadisə yerindən uzaqlaşdı. Evakuatorun nömrəsi: 99 JE 403. Yol açıldı və biz hərəkətə davam etdik.

Burada qaranlıq qalan bir məqama da diqqət çəkmək istərdim. Evakuator yolu kəsmədən rahat şəkildə maşınlardan birini evakuasiya edə bilərdi. Əgər ən öndə duran və qarşısında heç bir maneə olmayan maşından başlasaydı. Amma belə etmədilər. Nəyə görəsə öndəki maşınlara toxunmadan ortalıqdakı bir maşını aparmaq istədilər. Nəyə görə? Bu sualın cavabını özləri bilərlər. Amma mən də təxminimi deyim: yəqin ki, öndə duran maşına toxunmaq əlavə cəsarət tələb edirdi.

Ümumiyyətlə isə, şəhərdə belə hallara tez-tez rast gəlinir. Baxırsan, bir yetimin maşınını az qala əlindən alıb apardıqları halda bir “bərkgedən”in yolun ortasında dayanıb bütün hərəkəti iflic edən maşınına heç kim toxunmur, toxunmağa cəsarət etmir. Bizsə belə ədalətsiz yanaşmanı həzm edəcək adamlar deyilik.

Mənim təsvirimdən anlaşıldı ki, evakuasiya cəhdi bütün qayda pozuntularıyla baş verib. Üstəlik, guya nəqliyyatın sərbəst hərəkəti üçün yolu təmizləmək istəyənlər, əksinə, nəqliyyata problem yaradıblar.

İndi isə keçək ümumiyyətlə evakuasiya qaydalarına. “İnzibati xətalar məcəlləsi”nin 124.5-ci maddəsində deyilir: “Bu məcəllənin 346.1 və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında deyilsə, inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya videoçəkiliş aparılmaqla nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati xəta haqqında protokol tərtib edilir və nəqliyyat vasitəsi mühafizə edilən duracağa aparılır”. (346-cı maddə dayanma və durma qaydalarının pozulması na görə cəriməni nəzərdə tutur).

Bizim müşahidə etdiyimiz halda evakuasiya cəhdini həyata keçirmək istəyənlər heç bir çəkiliş aparmadılar, protokol tərtib etmədilər, sadəcə hardansa peyda olub yolun hərəkət hissəsində dayanmış maşınlardan birini – özü də ən öndəkini deyil, ortadakını aparmağa cəhd göstərdilər.

19 yanvar 2012-ci ildə daxili işlər naziri Ramil Usubovun imzaladığı «Yol-patrul xidməti haqqında Təlimat»da da evakuasiyanın həyata keçirilməsi qaydası aydın şəkildə göstərilib. Təlimatın 5.9-cu maddəsində deyilir:

“Bu Təlimatın 7.20-ci bəndində göstərilən hallar, habelə nəqliyyat vasitəsinin qanunvericilikdə müəyyən edilmiş dayanma və ya durma qaydalarının pozulduğu hallarda YPX inspektoru tərəfindən evakuator (təxliyyə avtomobili) nəqliyyat vasitəsinin saxlanılması üçün duracağa aparılması məqsədilə aşağıdakı qaydada tətbiq edilir:
1) YPX inspektoru radio-cihaz vasitəsilə qayda pozuntusu barədə növbətçi hissəyə məlumat verir və həmin yerə evakuator çağırır;
2) YPX inspektoru nəqliyyat vasitəsinin duracağa göndəriş vərəqəsini (Təlimata 15 saylı əlavə) doldurur (avtomobilin banında görünən zədələr və nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün görülmüş tədbirlər barədə göndəriş vərəqəsində qeydlər etməklə) və evakuatorun heyətinə təqdim edir;
3) YPX inspektoru bütün imkanlardan istifadə edərək bu haqda nəqliyyat vasitəsinin sahibinin məlumatlandırılması üçün tədbirlər görür”.

Hər şey aydın izah edilib. Amma bizim müşahidə etdiyimiz halda bunlar vaş verdimi? Əlbəttə ki, yox. Yuxarıda da qeyd etdiyimiz kimi, evakuator qəfildən hardansa peyda olub heç bir qayda gözləmədən, nəqliyyatın hərəkətini əngəlləyərək maşınlardan birini (özü də ən öndəkini və ya arxadakını deyil, tən ortadakını) təxliyyə etmək istədi. Biz də buna biganə qalmadıq. Şikayət etdik.

Yeri gəlmişkən, tez-tez narazılıq yaradan hallardan biri də sürücünün gəlib çıxdığı zaman belə, nəqliyyat vasitəsinin evakuasiya olunmasıdır. Halbuki bu da yolverilməzdir. Eyni təlimata baxaq:

“5.10. Bu təlimatın 5.8-ci bəndində nəzərdə tutulmuş hallarda nəqliyyat vasitəsinin evakuatora yüklənməsi əməliyyatı başlandıqda, habelə nəqliyyat vasitəsi yükləndikdən sonra nəqliyyat vasitəsinin sürücüsü həmin yerə yaxınlaşdıqda və nəqliyyat vasitəsini qadağan olunmuş yerdən kənarlaşdıra bildikdə nəqliyyat vasitəsinin duracağa göndərilməsinə yol verilmir”.

Facebook-dakı paylaşımımda bir də qeyd etmişdim ki, DYP maşını oraya yaxınlaşmalı, sürücünü aramalı, tapmadıqda evakuator çağırmalıdır. Bunun konkret hansısa qanunda olub-olmadığını bilməsəm də məntiqdən çıxış edərək belə deyirəm. Məsələ ondadır ki, evakuasiya yolun hərəkət hissəsində hərəkətə mane olan maşının oradan kənarlaşdırılması yoluyla digər nəqliyyat vasitələrinin sərbəst hərəkətini təmin etmək məqsədilə həyata keçirilir. Məntiqlə bunu maşının sürücüsünü tapmaqla etmək mümkündürsə, evakuatora gərək qalmır. Yox, əgər sürücünü tapmaq mümkün olmursa, bəli, evakuator çağırılır və bunun da necə edilməsi haqda yuxarıda danışmışıq.

Təbii ki, bəzən DYP (YPX) maşını deyil, sadəcə YPX əməkdaşı da yaxınlaşa, üzərindəki texniki vasitələrlə gərəkli əməliyyatları apara və evakuator çağıra bilər.

Ümumiyyətlə isə müşahidələr göstərir ki, şəhərdə bir qrup evakuator maşın ovuna çıxır. Özü də onlar maşınları gizlincə qaçırmağa çalışırlar. Dəfələrlə şəxsən müşahidə etmişəm ki, eyni küçədə evakuator 3-5 dəqiqənin içində bir neçə dəfə dövrə vuraraq aparmağa maşın axtarır. Halbuki evakuatorlar yollarda dolaşmamalı, bəlli bir nöqtədə gözləməli, DYP (YPX) əməkdaşı dəvət etdikdə gərək olan yerə gəlməlidir. Belədirmi? Belə deyil. Ona görə də evakuatorlar yollarda sərbəst hərəkətin təmin edilməsinə yardımçı olmaq yerinə hərəkətə maneçilik törətməklə məşğuldur. Əgər kimsə mənim dediklərimə şübhə edirsə, ən yaxınlıqdakı küçəyə çıxsın, 10-15 dəqiqə müşahidə aparsın. Onda görəcəksiniz ki, eyni evakuator maşını eyni yolda bir neçə dəfə dövrə vurur. Özü də nəqliyyatın hərəkətinə maneçilik törədərək. Niyə? Səbəbi dediyimdir: ov axtarırlar. Hətta belə bir eksperiment də aparmaq olar: maşınınızı qadağan olunmuş bir yerdə saxlayıb gizlənin. Bir dəqiqə keçməmiş, YPX əməkdaşları belə gəlməmiş evakuator sizin maşınınızı təxliyə etməyə başlayacaq…

Oxunma sayı: 286
Share