Əli Kərimli niyə tükəndi?..

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Sentyabrın 23-də Milli Şura kimi təqdim edilən, əslində isə AXCP sədri Əli Kərimlinin arxa bağçası kimi fəaliyyət göstərən qurumun mitinqi keçirildi. Yenə də köhnə şüarlar, çoxdan tükənmiş təqaüdçü siyasətçilər və onlara hələ də inanan az sayda vətəndaşımız bir stadiona toplaşıb özlərini azad şəkildə ifadə etdilər. Orada olmasam da müxtəlif tərəflərin xəbər və görüntülərini izlədim, müəyyən qənaətim hasil oldu ki, onu paylaşmağı zəruri sayıram.

Hər şeydən öncə diqqətimi o çəkdi ki, hakimiyyətin faktiki olaraq nəinki maneçilik törətmədiyi, əksinə, mitinqin baş tutması üçün bütün şəraiti yaratmasına baxmayaraq adi bir stadionu doldura bilmədilər. Rəsmi rəqəmlərə görə, həmin mitinqdə min beş yüz nəfərin iştirakı deyilir. Təşkilatçılarsa bundan qat-qat artıq rəqəm səsləndirir. Stadionların standart ölçüsü 90mx60m olduğu üçün ümumi sahəsi 5 min 400 kv.m. alınır. Bu isə o deməkdir ki, ən yaxşı halda bütün stadiona 20 min nəfər yerləşdirmək olar. Bizim müşahidə etdiyimiz görüntülərdə stadionun beşdə biri belə dolmadığı üçün burada üç min nəfərin toplaşdığını deyə bilərik.

Lakin önəmli olan bu rəqəmlər deyil. Ən önəmli məsələ hələ də müxalifətin avanqardı olduğunu iddia edən siyasi qüvvənin artıq çoxdan tükənməsi ilə barışmaq istəməməsidir. Adamlar illərdir liderlik özəlliklərini itirib, üstəlik bütün bəd əməllərinin üstü açılıb, amma yenə də iddia edirlər ki, ölkədə vəziyyəti dəyişəcək qüvvədirlər.

Müşahidələrimiz göstərir ki, bir zamanlar meydanların və yüz minlərin sözün bütün mənalarında tək lideri kimi görünən, perspektivinə böyük ümidlər bəslənən AXCP sədri Əli Kərimli bu gün özü qədər iddialı olan siyasətçilər üçün piket sayıla biləcək bir etiraz aksiyası belə təşkil etməkdə acizdir. Düzdür, iddia edir ki, ona hakimiyyət mane olur. Amma bizim sağda-solda gördüklərimiz bunun əksini deyir. Hətta bəzi təcrübəli siyasətçilər ona hakimiyyətin nəinki mane olmadığını, əksinə, o mitinqin baş tutması üçün yardımçı olduğunu iddia edir.

Əli Kərimli və başına topladığı bitmiş siyasətçilərin ardınca elə ən yaxşı halda bu qədər adamın getməsi normaldır. Hələ biz onu da əlavə edək ki, həmin etirazçıların böyük bir kəsimini yəqin ki, hakimiyyətin müvafiq xidmətlərinin mülki geyimli əməkdaşları təşkil edirdi. Digər bir kəsim media təmsilçiləri idi. Başqa bir kəsim isə AXC lideri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin heç vaxt işbirliyinə razılaşa bilməyəcəyi İran uzantıları idi ki, onların da dərdi hər kəsə bəllidir. Yəni bu gün Əli Kərimli elə bir duruma gəlib ki, heç olmasa görüntü yaratmaq, siyasi meydanda var olduğunu göstərmək üçün hətta İran uzantılarının belə iştirakıyla aksiya keçirməyə razıdır.

23 sentyabr mitinqinin görüntülərilə bağlı manipulyasiya cəhdləri də gözümüzdən qaçmadı. Əli Kərimlinin təbliğat aparatı görüntüləri elə çəkib təqdim etməyə çalışırdı ki, guya stadionda basabasdır, boş yer yoxdur. Amma indiki alternativ imkanlar şəraitində bunun əks effekt verəcəyini, görünür, hesablaya bilməyiblər. Bunların aldatma cəhdi özlərinə qarşı çevrilib.

Siyasətə yeni gələn, hələ Əli Kərimli və başının dəstəsini tanımayan oxucu sual edə bilər ki, niyə bu adam populyarlığını bu qədər itirib? Niyə bir zamanlar arxasınca yüz minləri rahat apara bilən siyasətçi bu gün 2-3 min nəfəri zorla bir yerə toplaya bilir?

Bu sualların cavablarını bir zamanlar Əli Kərimlinin yanında olub onun yolunda başından belə keçməyə hazır olan, amma sonra ondan uzaqlaşmağa məcbur qalanlar yaxşı bilir. Bu adam ən yaxın ətrafına, yumşaq desək, həmişə arxa çevirib. Onun yolunda baş qoymağa hazır olan, bunu əməllərində dəfələrlə sübut edən insanları ən çətin günlərində ortalıqda buraxaraq yalnız öz mənafeyini düşünüb. Ona görə də Əbülfəz Elçibəyin vəfatından sonra AXCP-də böyük yarpaq tökümü, ardından da ümumiyyətlə ağlı başında olanların oradan uzaqlaşması prosesi başlamışdı.

Bir zamanlar sıralarında dünyaca məşhur alimlərin, siyasət adamlarının, fəal media təmsilçilərinin, perspektivli gənclərin toplaşdığı Əli Kərimli AXCP-si bu gün suyu qurumuş dəyirman kimidir. Ona görə də özünün var olduğunu, hələ də ayaqda dura bildiyini göstərmək, görüntü yaratmaqdan ötrü hətta ideoloji düşməni sayılan İran uzantılarıyla birlikdə Qərbin demokratiya dəyərləri uğrunda “mübarizə” aparır.

Niyə bu günə düşdü bu adam? Onu tanıyan hər kəs bilir ki, yalnız öz xisləti üzündən.

1990-cı illərin əhvalatıdır. Adlar bəlli olsa da heç birini qeyd etmək istəmirəm. Yəni bu məsələdə adı keçə biləcək şəxslər yetərincə ləyaqətli siyasi fəallardır və onların bunu arzu etməyəcəyini düşündüyüm üçün adsız yazıram. Əli Kərimli Xaqani 33-dəki otağındaykən onun yaxın ətrafındakı adamlardan biri də otaqdaymış. Bu zaman başqa birisi içəri daxil olub Kərimliyə düz 4 min dollar pul verir. O dövrlər üçün böyük pul sayılan məbləği Əli Kərimli alıb sakitcə cibinə qoyur. Pulu gətirən otaqdan çıxdıqdan sonra partiya rəhbərliyində təmsil olunan başqa bir şəxs içəri daxil olur. Adamın uşağı xəstəymiş, ehtiyacı varmış. Kərimlidən 2 yüz dollar pul istəyir. Aldığı cavaba inanıb otaqdan çıxır. Kərimli deyir ki, cibimdə bir qəpik də pul yoxdur. Bayaqdan olanları seyr edən digər partiya yoldaşı sözün həqiqi mənasında şok olur. Çünki az öncə məhz onun gözü qarşısında Kərimliyə 4 min dollar verilmişdi. İki yüz dollar istəyən də təsadüfi adam deyildi, Əli Kərimlinin ən yaxın dava arxadaşı idi…

Bir də mənim “Azadlıq” qəzetində işlədiyim dönəmlərin (1998-2005) gerçəkləri var. Hər keçən gün qəzetdə durum gərginləşirdi. İşçilərə maaş, qonorar vermək problemə dönmüşdü. Aylarla pul ala bilməyən jurnalistlər sözün həqiqi mənasında dözülməz vəziyyətdə idilər. Pul istəyəndə deyilirdi ki, yoxdur. Səbəb kimi də hakimiyyətin “Azadlıq”ı sıxışdırması üzündən qazanc əldə edə bilməmələri göstərilirdi. Biz də inanırdıq. Çünki ürəkdən bağlı olduğumuz siyasi cəbhədə bizi kiminsə aldadacağını, bizdən belə istifadə edəcəyini ağlımıza belə gətirə bilmirdik. Amma üstündən illər keçəndən sonra bəlli oldu ki, məhz həmin illərdə Qərb təşkilatları “Azadlıq” qəzetinə yüz minlərlə dollarlıq qrantlar ayırırmış. Ki, o pullardan bizim heç xəbərimiz belə olmayıb…

Üçüncü bir olaysa birbaşa özümlə bağlıdır. 2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokunun vahid namizədi kimi 56 saylı Xaçmaz kənd seçki dairəsində çox səs gətirən bir kampaniya aparmışdım. Varlı adam olmasam da əlimdəki bütün pullarımı xərcləmişdim. Seçki bitmiş, bizim cəhdlərimiz əbəs olmuşdu. Çünki güvəndiyimiz siyasi qüvvələr mənim kimi neçə-neçə insanın ümidlərini bəlkə də hakimiyyətlə hansısa özlərinə bəlli olan sövdələşmənin güdazına vermişdilər. Lakin sözüm bunda deyil. Sözüm ondadır ki, Əli Kərimlinin dəstəsi həmin ilin dekabrında “Azadlıq” qəzetindəki otağımı iki günün içində əlimdən aldı. Özü də ultimativ şəkildə mənə dedilər ki, təcili otağı boşalt. Açığı, əvvəl bunun bir zarafat olduğunu sandım. Amma sonra gerçək olanda barmağımı dişlədim. Əli Kərimli ən pis günümdə mənim üçün o günlərdə qaranlıq qalan səbəblərdən arxadan zərbə vurmuşdu. Sonrakı illərdə bunun səbəbini öyrənməyə çalışdım. Hətta onun yaxın ətrafındakı adamlardan söz salıb bunun niyə baş verdiyini öyrənməyi də xahiş etdim. Cavab gəldi ki, “Azər Həsrət icarə haqqını ödəyə bilmədiyi üçün otaqdan çıxarılıb”. Gülüş doğuracaq bir cavabdı. Çünki məni “Azadlıq” qəzetinə, elə Əli Kərimlinin özünə də hansısa “icarə haqqı” bağlamırdı. Biz bir siyasi cəbhədə idik və mən o dönəmlərdə bu adamı özümə lider kimi qəbul edirdim, onun yolunda sözün bütün anlamlarında canımı belə fəda edəcək qədər ürəkliydim. Bu adamsa hələ də özünə bəlli olan səbəblərdən bir çoxları kimi məni də yelə verdi o günlərdə…

Buna baxmayaraq uzun illər susdum, Əli Kərimli və partiyasına qarşı heç bir fikir söyləmədim. Heç indi də söyləmirəm. Sadəcə bu olanları ona görə yazıram ki, bir zamanlar biz aldandığımız, güvəndiyimiz kimi indi də bəzi gənclər bu adamın arxasınca gedə bilər. Gedərlər və özlərini heç nəyin uğrunda xərcləmiş olarlar. Aldanmasınlar deyə yazdım bu yazını.

Siyasətdə tükənmiş Əli Kərimlinin “mitinq kontoru”nda rol alan digər şəxslər – Cəmil Həsənli və Gültəkin Hacıbəyli haqqında isə bilərəkdən heç nə yazmıram. Zatən o dərəcədə tükənmişlər ki, son sığınacaq yeri kimi Əli Kərimlinin yan-yörəsini seçmişlər. O yan-yörənin də nə halda olduğu gün kimi aydındır…

Oxunma sayı: 294
Share