Türkiyə bizim üçün, biz də Türkiyə üçün

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Necə deyirik? Uman yerdən küsərlər. Türkiyə Azərbaycan üçün uman yerdir. Biz bir millətin iki ayrı dövlətiyik. Ət və dırnaq kimiyik. Bizim aramıza girən aramızda qalar, suyu çıxar, peşman olar. Çünki o qədər yaxın, doğmayıq ki, illər uzunu ayrı saxlansaq da bir-birimizə yadlaşmadıq.

Bu qədər yaxın bir ölkə olan Türkiyə haqlı olaraq Azərbaycan üçün uman yerdir. Elə Azərbaycan da Türkiyə üçün uman yerdir. Ona görə də Türkiyədə ən adi terror olayı baş verəndə belə Azərbaycan dövləti – prezidenti də, xalqı da bir anda səfərbər olunur, münasibət bildirir, hər halıyla qardaşlarımızın yanında olduğunu sərgiləyir. Bizim dövlətimiz və xalqımız bir çox hallarda Türkiyə insanının özündən belə çevik şəkildə o ölkədə baş verənləri izləyir. Ha Türkiyəyə olmuş, ha Azərbayacana olmuş. Bizim üçün fərq etməz.

Təsadüfi deyil ki, 2016-cı ilin 15 iyul dövlət çevrilişi cəhdi zamanı Azərbaycan dövləti ilk andan və dərhal konkret mövqe sərgiləyərək prezident Rəcəb Tayyib Ərdoğan Türkiyəsini açıq dəstəklədi. Biz dövlət və xalq olaraq o gecəni Türkiyə insanıyla birlikdə sabahadək yatmadıq, olanları anbaan izlədik, dəstəyimizi birmənalı şəkildə ifadə etdik. Hələ üstəlik Türkiyədəki çevrilişin memarı Fətullah Gülənə və onun FETÖ adlı çetesinə dəstək verdiyi üçün bir TV kanalı da qapadıldı Azərbaycanda. Azərbaycan Türkiyə üçün heç bir məsələdə geri durmadı, durmaz da.

Ümumiyyətlə isə, Azərbaycanın dövlət siyasəti “Türkiyə yoxsa, mən varam” prinsipi üzərində qurulub. Hər kəs yaxşı xatırlayır ki, Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində 2014-cü ilin aprelində Praqada (Çexiya) keçirilən toplantıda Prezident İlham Əliyev Türkiyənin yoxluğundan yararlanmaq istəyən Ermənistan prezidentinə tutarlı cavab vermişdi. Türkiyənin yoxluğunu fürsət bilən Serj Sargsyan saxta soyqırım iddialarıyla bu ölkəni ittiham edincə, heç kimin gözləmədiyi bir şəkildə Prezident İlham Əliyev onun cavabını vermişdi: “Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, bundan yararlanırsınız. Amma mən buradayam, sizə cavab verirəm!”

Yəni bizim Türkiyəyə münasibətimiz budur, belə də olacaq. Türkiyə olmayan yerdə bizim olmağımız yetərlidir.

Haşiyə: 2001-ci ildə Seulda (Güney Koreya) Beynəlxalq Jurnalistlər Federasiyasının qurultayında iştirak edirdim. Qəbul ediləcək sənədlər arasında Yunanıstan nümayəndələrinin təklif etdiyi bir bəyanat da vardı. Bəyanatda Quzey Kıbrıs Türk Cümhuriyyətinin adı “Türkiyənin işğal etdiyi Kiprin quzey kəsimi” kimi qeyd edilmişdi. Bunu Türkiyədən olan nümayəndəyə söylədim, hərəkətə keçib qarşısını almağa çağırdım. O isə cavab verdi ki, “aman, aman, birdən məni milliyyətçi sanarlar”. Beləcə yaxasını kənara çəkdi, tək qaldım. Amma buna baxmayaraq vaz keçmədim, ayrı-ayrı ölkələrin nümayəndə heyətləri ilə görüşüb dəstək aldım. Sonucda yunan nümayəndə o ifadəni “Kuzey Kıbrıs” kimi dəyişməli oldu.

Türkiyə də bizim üçün bizim o ölkə üçün davrandığımız kimi həssas davranırmı? Bir çox hallarda davranır. Hələ Türkiyə insanı bizi bizim qədər sevir. Amma bəzən o tərəfdən bizi üzəcək, küsdürəcək davranışlar da nəzərə çarpır. Özü də elə məqamda ki, Azərbaycan olaraq öz vətənimiz qədər sevdiyimiz Türkiyədən bunu görəndə darılırıq, küsürük.

Bu yaxınlarda Türkiyənin tanınmış isimləri – Said Çetinoğlu, Ali Bayramoğlu, Ufuk Uras və Erol Katırcıoğlunun Ermənistana, oradan da işğal altındakı Dağlıq Qarabağa səfər etdiyini hər kəs xatırlayır. Biz dövlət və millət olaraq Türkiyə vətəndaşlarının Azərbaycan dövlətinə sayğısızlığına dərhal reaksiya vermiş, buna görə onların cəzalandırılmasını qardaş ölkədən gözləməyə başlamışdıq. Biz inanırdıq, əmin idik ki, Azərbaycana edilən xəyanəti Türkiyə dövləti özünə qarşı xəyanət kimi qəbul edəcək, o şəxsləri cəzalandıracaq.

Amma əksini görürük. Adı keçən şəxslər nəinki cəzalandırılmır, əksinə, onlara mediada geniş meydan verilir. Bu adamlar da fürsətdən gen-bol yararlanaraq ermənilərin çox qonaqpərvər, yaxşı bir millət olması haqqında Türkiyədə təbliğat aparırlar. Belə anlaşılır ki, Türkiyə dövləti, onun prezidenti və komandası bu adamların faktiki olaraq Azərbaycana qarşı təbliğat aparmasına nəinki dözümlü yanaşır, hələ bir şərait də yaradırlar. Heyrət etməyəkmi indi? Bizim dövlətimiz və cəmiyyətimiz Türkiyə məsələsində necə davranır, bunlarsa necə…

Hələ bu azmış kimi bugünlərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycana qarşı Ştefan Şennax və Sezar Florin Predanın təqdim etdiyi hesabatın qətnaməsini Ermənistanlı deputatlarla yanaşı… Türkiyəli deputatlar da dəstəkləmişlər. Cümhuriyyət Xalq Partiyasının təmsilçiləri olan Türkiyə Böyük Millət Məclisinin üzvləri Deniz Baykal, Gülsün Bilgehan və İlhan Kesici erməni deputatlarla birlikdə Azərbaycana qarşı sənədə həvəslə səs vermişlər.

Düzdür, bunlar müxalifət partiyasını təmsil edir. Hakim partiya deyə bilər ki, biz onların işinə qarışa bilmərik. Anlaşılandır. Amma necə olur ki, Azərbaycanlı bir müxalif (hərçənd bizdə belə hallar da demək olur ki, baş vermir) partiya təmsilçisi Türkiyəyə qarşı fikir səsləndirəndə hakim Yeni Azərbaycan Partiyası dərhal reaksiya verir, dövlətimizin Türkiyənin yanında olduğunu deyir, Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası bənzər addım atmağa tələsmir? Axı qardaşlıq, qarşılıqlı dəstək belə olmur…

Biz Türkiyədən umuruq və ummağa da haqqımız var. Çünki oranı özümüzə doğma bilirik. Hətta bir zamanlar Türkiyə hakimiyyəti Azərbaycana xəyanət belə etmişdi, amma yenə də sevgimizdən vaz keçmədik.

Haşiyə: Tarixə “Boraltan qətliamı” kimi düşən bir olay vardır. 1945-ci ildə Stalin zülmündən qaçan 146 Azərbaycan ziyalısı Türkiyəyə sığınır. Stalin onların təcili geri qaytarılmasını tələb edir. Türkiyə dövləti bu tələbi yerinə yetirmək üçün göstəriş verincə, qaçqın Azərbaycanlılar, “nə olar, bizi siz özünüz güllələyin, zalım Stalinə təslim etməyin, heç olmasa öz bayrağımız altında ölərik”, deyə yalvarırlar. Türkiyə dövləti onların göz yaşlarına baxmır, Sovetlərə təslim edir. Sovetlərsə onları təslim aldıqları yerdə – sərhəddəcə sorğu-sualsız, həm də Türk əsgərlərinin gözü önündə güllələyir…

Tarixdə Türkiyə dövlətinin bizi üzən davranışları olsa da Azərbaycan insanı heç vaxt bu ölkədən küsmədi, küsməz də. Sadəcə gözləntimiz var. O gözləntinin bir an öncə yerinə yetirilməsi lazımdır.

Biz istərdik ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən azı canı canımızdan, qanı qanımızdan olmayan Belarus prezidenti Aleksandr Lukaşenko qədər qətiyyətli və birmənalı davranış sərgiləsin. Yəni Azərbaycan sərhədlərini qanunsuz pozmuş, hazırda erməni təbliğatı aparan Said Çetinoğlu, Ali Bayramoğlu, Ufuk Uras və Erol Katırcıoğlu barəsində hüquqi təqib başlansın. Azərbaycana qarşı AŞPA-da səs vermiş CHP deputatlarının davranışı isə hakim partiya tərəfindən rəsmən qınansın. Belə olacağı təqdirdə Ərdoğan hakimiyyətinin bizə münasibətdə səmimi olduğuna heç kim şübhə edə bilməyəcək. Əks təqdirdə isə, əksini düşünmək belə istəməzdim…

Hə, bir də Türkiyənin qlobal səviyyədə təkləndiyi, küncə sıxıldığı dönəmdə Azərbaycanın təkidlə onun yanında olması unudulmamalı…

Oxunma sayı: 316
Share