Rauf Arifoğlu mənə xəyanət edə bilməzdi

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Ötən həftə məlum səbəbdən başım qarışıq olduğu üçün bir sıra məsələlərə münasibət bildirmək imkanım olmadı. Daha öncə alınmış bir müsahibəm də yayınlandı, amma bəzi yanlışları olunca dostlarımızı incitmiş olduq. Nə baş verdi, niyə belə oldu? Bu haqda danışmaq istərdim.

Söhbət Kəramət və Çinarə Böyükçöllərin məndən aldığı, Teleqraf.com və başqa saytlarda yayımlanmış bir müsahibədən gedir. Olduqca səmimi ortamda, bütün suallara açıq cavab verdiyim müsahibədir. Yalnız oxucunun görmədiyi, bilmədiyi məqamları da yox deyil.

Kəramət dostumuz müsahibəyə başlayanda şərt kəsdim ki, dərc edərkən kontekstdən çıxarış etməyəcək. Dedi, əlbəttə. Səsləndirdiyim fikirləri olduğu kimi təqdim edəcəyinə əmin etdi məni. Və başladıq.

Heç bir sualını rədd etmədim. Əksinə, dedim ki, xoşuma gəlib-gəlməyəcəyindən asılı olmayaraq istənilən sualı verə bilər.

Verdi də. Xeyli söhbət etdik. Hərlənib, fırlanıb 2003-cü ildə Mətbuat Şurası qurularkən mənim sədrliyə iddia məsələmin üzərinə gəldik. Hər şeyi olduğu kimi danışdım. Hətta bəzi dostlarımızın inciyə biləcəyini belə gözardı edərək gerçəkləri dedim.

Amma müsahibə dərc ediləndə bəlli oldu ki, burada mənim heç vaxt səsləndirmədiyim, ağlıma da gətirmədiyim fikirlər yer alıb.

Müsahibədə oxuyuruq: “Uduzmağımın səbəbi isə heç də Əflatun Amaşovun daha güclü olması deyildi. Buna səbəb o vaxt müxalifətə yaxın media rəhbərlərinin, məsələn, “Yeni Müsavat”ın mənə zərbə vurması oldu. Doğrudur, elələri oldu ki, mənimlə açıq söhbət elədi, yəni özünü gizlətmədi. Amma bu yaxınlarda öyrənmişəm ki, burnumun dibindəki dostlarımın hamısı – Rauf Arifoğlu, Arif Əliyev, Elçin Şıxlı, Mehman Əliyev sonradan mənim əleyhimə işləyiblər”.

Bu fikirlər mənə aid deyil. Haqlı olaraq Rauf Arifoğlu da, Elçin Şıxlı da münasibət bildirib, etiraz ediblər. Amma mənim səsləndirdiyim fikirlər müsahibədə olduğu kimi verilsəydi, onların etirazı üçün səbəb yaranmazdı.

Mən nə demişəm? Yaxud da o günlərin o olaylarıyla bağlı mövqeyim nədir? Dəfələrlə bu haqda danışmışam. Bu dəfə də danışmağı gərəkli sayıram.

Adı çəkilən dörd şəxs heç vaxt mənim dostlarım olmayıb. Burnumun dibində isə heç vaxt olmayıblar, olmaları da mümkün deyil. Hər birinə ayrılıqda sayğım var. Onların mediamızdakı yeri, rolu, o dönəmdə (elə bəzən indi də) məndən öndə olduğu şəksizdir. Bu adamlar mənim dostlarım olmadıqlarına görə, mənə xəyanət də edə bilməzdilər. Üstəlik, onların hər birisi öz mövqeyini açıq ifadə edirdi. Buna görə də arqumentləri vardı və bizi də inandırmaq istəyirdilər ki, onların seçiminə razılaşaq. Biz isə öz iddiamızdan geri çəkilmirdik. Yəni bu şəxslər arxada, gizlində heç bir oyun oynamadılar ki, ümumilikdə prosesə xəyanət etmiş olsunlar.

Amma xəyanət edən olub. Bu, müsahibədə verilən suallara qarşılıq olaraq sonradan üzərində ayrıca dayandığım məsələdir. Həqiqətən də bizimlə bir masa arxasında oturan, daim yaxınımızda olan, həmişə də bütün sirlərimizi paylaşdığımız şəxsdən söhbət gedir ki, onun məhz qurultayda mənə qarşı işlədiyini bu yaxınlarda bir təsadüf nəticəsində öyrənmişəm.

Adamın kimliyi haqqında sual edənlərə deyim ki, adını açıqlamaq fikrim yoxdur. İndi də üzdədir, fəaldır, dostluq edirik. Sadəcə onu deyə bilərəm ki, bu adam o vaxt mənim baş katibi olduğum Azərbaycan Jurnalistlər Konfederasiyasında (AJK) təmsil olunan 17 təşkilatdan birinin rəhbəridir. Ona görə də vəzifəsi gərəyi AJK İdarə Heyətinin üzvü idi. Bizsə Mətbuat Şurası quruculuğunda AJK olaraq vahid taktika yürüdürdük. Sözümüz bir, əməlimiz bir idi. Amma bəzi şəxslər mərkəzdənqaçmaya meylli idilər. Təbii ki, fikirlərini açıq desəydilər, bunu xəyanət sanmazdıq. Lakin toplantılarda heç bir əks fikir səsləndirmədən qurultayda əleyhimizə işləməyin adı sadəcə xəyanətdən başqa bir şey ola bilməz!

Ümid edirəm ki, bu qədər aydınlıq yetərlidir. İndi isə Rauf Arifoğlu və Elçin Şıxlının o müsahibədəki yanlışa verdikləri cavablara toxunmaq istərdim.

Rauf Arifoğlu mediaya verdiyi açıqlamada deyir: “Azər Həsrət indi bizim dostumuzdur və çox dəyərli vətəndaşdır. Bu məsələ ilə bağlı da biz dəfələrlə söhbət etmişik. Görünür zarafat edib, çünki o vaxt Azər Həsrət bizim dostumuz deyildi. O vaxt bir qrup KİV rəhbəri olaraq öncədən Əflatun Amaşovun Mətbuat Şurasının sədri seçilməsi ilə bağlı öz aramızda razılığa gəlmişdik. Azər Həsrət isə o zaman Əli Kərimlinin tərəfdarı idi və “Yurd” təşkilatı olaraq Mətbuat Şurasını ələ keçirmək istəyirdilər. Biz buna imkan verməmək üçün mübarizə apardıq. Təəssüf ki, mübarizənin əks tərəfi A.Həsrət idi”.

Bu açıqlamada hər şey yerindədir. Yalnız oxucularda yanlış fikir yarana biləcəyini nəzərə alaraq bir qeyd etmək istərdim: mən o günlərdə Əli Kərimlinin tərəfdarı olsam da heç vaxt “Yurd”un üzvü olmamışam, Mətbuat Şurası sədrliyinə iddiam da bununla bağlı deyildi. Sadəcə “Azadlıq” qəzetində işləyirdim, Gündüz Tahirli və Qənimət Zahidlə bir blokda idik. Onların “Yurd”la (Əli Kərimli ilə) nəsə müzakirə aparıb-aparmadığını bilmirəm. Lakin mənim o günlərdə Əli Kərimli ilə heç bir müzakirəm və təmasım olmamışdı. Ümumiyyətlə, Mətbuat Şurası məsələsini o adamla heç vaxt müzakirə etməmişəm, buna zərurət də görməmişəm.

Elçin Şıxlı isə bir balaca maraqlı və uzağagedən açıqlama verib: “Müsahibəni oxumadığıma görə dəqiq səbəb deyə bilmərəm, amma görünür ki, yəqin Əflatun Amaşovla sözü düz gəlməyib, maraqlı şeylər baş verir. Azər Həsrət öz-özündən danışmazdı, 13-14 il yatıb indi bu sözü deyə bilməzdi. Görünür ona komanda veriblər, o da başlayıb danışmağa”.

Açığı, hər zaman özəl bir sayğı duyduğum (özünü tanımadığım zamanlarda Azərbaycanın çox sevdiyim yazıçılarından olan atası İsmayıl Şıxlıya görə həm də) Elçin bəyin belə qənaəti ifadə etməsi xoş bir şey deyil. Amma indi ki, belə bir fikir səslənib, ona açıqlama gətirmək kimi bir görəvimiz hasil olur.

Birincisi, müsahibəni oxumadan rəy bildirmək doğru hərəkət deyil. İkincisi, Əflatun Amaşovla sözümün çəp gəlməsi kimi bir durum da yoxdur. Biz bir-birimizə çox inanırıq, güvənirik və heç birimiz digərimizin sözündən incimirik. Yəni Elçin bəyin dediyi kimi, “maraqlı” heç nə baş vermir.

Elçin bəy iddia edir ki, mənə komanda verilib, ona görə belə danışıram. Olmadı ki, a bəy. Nə komandası, nə filanı? Sadəcə müsahibədir, söz gəldi, sual verildi, mən də gənc həmkarlarıma o günlərdə baş verənləri izah etdim. Bu qədər yəni.

Üstəlik, müsahibəni oxuyanlar görür ki, mən Mətbuat Şurası sədrliyinə iddia etmirəm. İddia etdiyim tək kürsü parlament kürsüsüdür və bunu da həmişə açıq demişəm, etmişəm. İndi bu iddiam baş tutarmı, tutmazmı, başqa söhbətin mövzusudur. Amma Mətbuat Şurası və ümumiyyətlə QHT sektorundakı fəaliyyət mənim üçün çoxdan arxada qalmalı işlərdir. Mən artıq QHT səviyyəsində fəaliyyətdən yorulmuşam. Mənim potensialımdan parlamentdə istifadə edilməlidir. Beynəlxalq tribunalarda fayda verə bilərəm. Yoxsa ki, artıq çoxdan keçilmiş mərhələ olan Mətbuat Şurasına iddia edəm.

Belə. Düşünürəm ki, bu yazdıqlarım yetərincə aydındır və nə adı keçən dörd nəfər, nə də Əflatun Amaşova münasibətimlə bağlı qaranlıq heç nə qalmadı.

Oxunma sayı: 282
Share