Sükan arxasındakı ayı…

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Lağlağı sevən millətik. Ona görə də ən adi problemimiz belə illərlə çözülə bilmir. Tam yüz il öncə Mirzə Cəlil, Sabir kimi nəhəng xalq adamları millətin dərdinə çarə tapmaq üçün satiraya söykənib nəsə etmək istəyirdisə də sonda yenə də lağlağı baş alıb gedirdi. Millət onların yazdıqlarından dərs alacağına daha da cahilləşir, özünə gülməklə zamanı fövtə verirdi. Ona görə də aradan keçən yüz ildən sonra da deyirik ki, Mirzə Cəlil, Sabir aktualdır. Hətta şövqlə deyirik. Halbuki buna ağlamalı, düşünməliyik ki, niyə axı biz ötən yüz ili də havaya sovurmuşuq?

Son bir ay ərzində də belə lağlağıya şahidlik edirik. Dövlət Yol Polisinin ayrı-ayrı görəvliləri zaman-zaman biz sürücülər və piyadaları maarifləndirmək üçün çıxışlar edir, təkliflər səsləndirir. Yəni bunu bizim üçün edirlər. Belə edirlər ki, yol hərəkəti qaydalarını unutmayaq, həm özümüzün, həm də digər hərəkət iştirakçılarının başına bədbəxt hadisə gəlməsin.

Qeyd etdiyim dönəmdə yol hərəkətilə bağlı iki məsələ diqqət çəkdi və… təəssüf ki, lağlağı obyekti oldu.

Birinci məsələ sükan arxasındakı sürücülərin diqqətini yayındıracaq söhbət və hərəkətlərdən çəkinməyə çağırış idi. Amerika kəşf edilməmişdi. Sadəcə maarifləndirmə məqsədilə bu məsələyə yenidən diqqət çəkilirdi. Səbəbsiz də deyildi. Çünki bir çox yol-nəqliyyat hadisələrinin səbəbi elə məhz sürücünün diqqətini yayındıran söhbətlərdə iştirakı olur. DYP görəvliləri bununla bir daha xatırlatmaq istəyirdi ki, sükan arxasında olarkən necə və hansı rejimdə söhbət edəcəyimizə diqqətli olaq.

Amma nə baş verdi? Hər yerindən duran, qanundan anlayan da, anlamayan da başladı ki, bəs, DYP dilimizi bağlamaq istəyir. Karikaturalar da cızdılar. Ağzı bərk-bərk bağlanmış sürücülərin maşın sürməsini mövzu edərək. Hərə bir söz dedi, iddia edildi ki, DYP çox axmaq bir qayda tətbiq etmək istəyir.

Dediyim kimi, bunu qanunlardan və qaydalardan xəbəri olmayanlar iddia etdilər. Jurnalistlərin yaxın dostu, mətbuatla işləyən rəsmilər arasında özünün sadəliyi və əlçatanlığı ilə seçilən DYP rəsmisi Vaqif Əsədov da dəfələrlə açıqlamalar verdi, izah etməyə çalışdı ki, yeni heç nə baş vermir. Sadəcə hərəkət iştirakçılarını maarifləndirmək üçün konkret bir məqama diqqət cəlb edilir. İş o yerə çatdı ki, BDYP rəsmisi Kamran Əliyev Az.TV efirindən deyilən fikirlərə aydınlıq gətirib izah etməli oldu ki, ortada hansısa yeni qayda yoxdur. Sadəcə hər bir sürücü onun diqqətini yayındıracaq söhbətlərdən uzaq olmalıdır.

Bu iki görəvlinin açıqlamalarından sonra yol hərəkəti qayda və qanunlarından xəbərsiz lağlağı çetesi axır ki, susmalı oldu…

Daha bir lağlağı obyekti isə üst geyimlə bağlı oldu. Çox sadə bir açıqlama verilmişdi ki, sürücülər mövsümlə əlaqədar olaraq qalın üst geyimlərində sükan arxasına əyləşməsin.

Haşiyə: Şəxsən mən illərin sürücüsü olsam da hələ yadıma gəlmir ki, paltoda, ağır ködəkçədə sükan arxasına oturum. Belə geyimdə maşın sürmək ümumiyyətlə narahatlıq yaradır və avtomobili uğurla idarə etmək çətinləşir.

Bu üst geyim məsələsi də maarifləndirmək, xatırlatmaq üçün gündəmə gətirilmişdi. Özəlliklə də xanım sürücülərə vurğu edilərək. Belə vurğu isə təsadüfi deyil. Çünki kişilər demək olar ki, ağır üst geyimdə sükan arxasına oturmur. Xanımlarımızın bəziləri isə, təəssüf ki, oturur. İndi qışda hər kəs müşahidə etsin. Görəcəksiniz ki, bir xanım sürücü maşının özündən baha şubasını hər kəsə nümayiş etdirmək üçün özünü zorla sükan arxasına dürtüb. Təsəvvür edirsinizmi? Uzaqdan bir maşın gəlir, sükan arxasındakı insan ayı xəzindən bir şuba geyinib, əlini-qolunu düz-əməlli tərpədə bilmir. Təbii ki, belə bir hal çevikliyin ciddi şəkildə zədələnməsinə, sürücünün cəld davranmasına əngəl törədir. Belə olan halda elə hesab etmək olar ki, sükan arxasında oturan bir xanım deyil, bir ayıdır. Ağır tərpənən, ətrafdakıları vecinə almayan və sanki yolun sahibi budurmuş kimi davranan bir ayı…

İndi bu məsələni də lağlağıya çevirdi mənim əziz millətimin fərdləri. Ki, bəs, bundan sonra xanımlar sükan arxasında gecə paltarında oturmalıdır, yoxsa cərimə ediləcəklər.

Və bu lağlağılarımız, kim bilir, yollarda daha neçə can aldı. Ona görə də insanlarımız gərək belə məsələlərdə daha diqqətli və ciddi olsun. Bir söz deyiləndə onun nədən qaynaqlandığı, nə məqsəd üçün səsləndirildiyini araşdırmadan tənqid etmək, gözdən salmağa çalışmaq sadəcə qan qaraltmır, həm də yollarda canlar alır. DYP rəsmiləri və ümumiyyətlə yol hərəkətilə bağlı maarıfləndirmə işi aparanlar, məgər bizə zərərmi edirlər?

Gəlin, ciddi olaq. Lağlağı bizi yüz il öncə olduğumuz yerdə tutub saxlayır və saxlayacaq da…

Oxunma sayı: 206
Share