Belədir yurdum insanı!

Azər HƏSRƏT, azer@azerhasret.com

Ötən həftəsonu da kənddəydim. Dədəlidə (Xaçmaz). Bir az təbiətlə, bir az da insanlarla baş-başa oldum. Doyunca nəfəs aldım, ruhumu dincəltdim və Bakıya döndüm.

Kənddə olarkən təsadüfən mərkəzdəki Şəhidlər abidəsinin təmir olunduğunu gördüm. Əslində, elə ciddi ehtiyac da yox idi. Amma görünür, mən diqqət etməmişəmmiş. Kənardan hər şey qaydasında görünsə də illər öz işini görüb, abidənin bir balaca yenilənməyə ehtiyacı yaranıbmış.

Mən ordan keçəndə həmkəndlilərim əllərində bel təmir işlərini görürdülər. Dayandım, hal-əhval tutdum, məsələni öyrəndim və yoluma davam etdim.

Həmin günün axşamı kəndimizin şair oğlu Rəfail Facebook-da bir şəkil paylaşdı. O təmir işlərindən idi. Yazdı ki, bu işi şəhidlərin yaxınları edir. Düz deyirdi. Təmir işini şəhidlərin qardaşları, əmioğluları edirdi. Haysız, küysüz, sakitcə abidəni təmir edirdilər.

Kəndimizin Qarabağ savaşında dörd şəhidi olub. Şəkildən də göründüyü kimi. Onlar kənd məktəbində oxuyublar, sinif yoldaşı olublar, başqaları kimi əsgərlikdən yayınıb vətənpərvərlikdən danışmağı ağıllarından belə keçirməyiblər. Gediblər, kişi kimi vuruşublar, kişi kimi də şəhid olublar.

Onların ailələləri, biri istisna olmaqla, bizim kənddə yaşayır. Heç vaxt həmin ailələrin bir üzvünü belə hökumət qapılarına ayaq döyən görmədim. Övladım, qardaşım şəhid olub deyərək kimsənin ayağına düşmədilər, kimsəyə minnət qoymadılar. Bu ailələr “Vətən sağ olsun!”u sadəcə söz olaraq demədilər. Bu qəhrəman oğulların qəhrəman ailələri “Oğul Vətən fədaisi!” deyib övladlarını qurban verdilər, ikidə bir dövlətin üstünə gedib nəsə tələb etmədilər.

İndi də bu abidənin təmiri məsələsi. İnsanlardakı böyüklüyə baxın ki, heç kimə, hətta adi icra nümayəndəsinə, bələdiyyəyə belə ağız açmadan sakitcə gəlib öz işlərini görürlər. Əslində, ailə olaraq Vətən qarşısında elə bir xidmət göstəriblər ki, buna görə dövlət hər zaman onların qulluğunda durmalıdır. Amma əsil-nəcabət, ağayanalıq, Vətənə minnətsiz xidmət bu insanların qanında, genində kök saldığından başlarını aşağı salıb işlərini görürlər.

Halbuki bu insanlar gördükləri işi reklam etmək, kiməsə – lap elə Vətənə minnət qoymaq üçün medianı dəvət edə bilərdilər. Özləri sağda-solda hay-küy salıb bu iş üçün kimdənsə nəsə qoparmağa çalışardılar. Amma etmirlər. Etmirlər nədir? Əminəm ki, heç ağıllarına da gətirmirlər. Dedim axı, mənim yurdumun insanı Vətənə minnətsiz xidmət edir, etməyi bacarır…

Mövlanov Qürbət Zakir oğlu, Yusifov Natiq Əzizulla oğlu, Əhmədov Şeyda Ziyəddin oğlu və Həsrətov Bahadur İkram oğlu. Bunlar bizim o balaca kəndimizin şəhid oğullarıdır. Şeyda istisna olmaqla digərləri həm də ailəmizin əmi nəvələridir. Qürbət ana tərəfdən, Natiqlə Bahadur isə ata tərəfdən.

Bütün bunları yazdıqca gözümün önündə cibində yalandan Qarabağ qazisi, şəhid ailəsi vəsiqəsi gəzdirənlər canlanır. Var belələri. Özü də hər addımda adamın qarşısına çıxırlar. Halbuki əsl Vətən fədailəri, onların əzizləri addımbaşı bu xidmətlərini millətin başına qaxmır, minnət qoymur, sözünə, əməlinə diqqət edir ki, şəhidə, qazi adına toz qondurmasın. Mənim yurdumun insanları kimi…

Dədəlinin Şəhidlər abidəsi

Oxunma sayı: 121
Share