CASCFEN təmsilçiləri Strasburqda – Foto, videolar

CASCFEN, Bakı, 13 noyabr 2017 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) təmsilçiləri noyabrın 8-10-da Avropa Şurasının təşkil etdiyi növbəti “Demokratiya üçün dünya forumu”nda iştirak edib.

Qurumdan verilən xəbərə görə, “Populizm problemdirmi?” adı altında keçirilmiş tədbirə dünyanın hər tərəfindən iki minədək təmsilçi qatılıb. Azərbaycanı CASCFEN sədri Azər Həsrət və Milli.az portalının rəhbəri Elçin Alıoğlu təmsil edib.

Azər Həsrət və Elçin Alıoğlu

Azərbaycanlı təmsilçilər tədbirdə fəal iştirak edib, plenar sessiyalarda və yan tədbirlərdə çıxışlar ediblər.

CASCFEN sədri Azər Həsrət ilk çıxışında Avropada radikal sağ qüvvələrin getdikcə hakimiyyətə daha da yaxınlaşması, eyni zamanda “Rədd olsun islam!”, “Rədd olsun müsəlmanlar!”, “İslamsız Avropa!” şüarlarının geniş yayılmasından narahatlıq ifadə edib. O, PEGIDA adlı radikal antiislam təşkilatının rahat fəaliyyətinə imkan verilməsini diqqətə çatdırıb.

Başqa bir çıxışında Azər Həsrət Türkiyədə PKK və FETÖ-yə bulaşdığı üçün həbs edilən bəzi şəxsləri Avropa qurumlarının insan haqları adı altında müdafiə etməsini diqqətə çatdırıb. Məsələylə bağlı Türkiyədən olan AKP millət vəkili Leyla Şahin Ustaya sual ünvanlayıb. Suala cavab verilərkən zaldakı PKK tərəfdarı bir qadın qarışıqlıq salıb, normal müzakirəni pozmağa çalışıb.

CASCFEN sədri həmçinin qadınların siyasətdə rolu, gənclər üçün daha geniş imkanlar yaradılması yönündə fikirlərini təqdim edib. O, qadınların süni şəkildə siyasətə cəlb edilməsinin faydasız olduğunu deyib. Azər Həsrət qeyd edib ki, bəzi ölkələrdə yerli qaydalar qadınların irəli çıxmasına arzu edilən şəraiti təmin etmir.

Azər Həsrət müzakirələrdə Ahıska türklərinin 1944-cü ildə Stalin tərəfindən sürgün edilməsi, onların Vətənə dönməsini təmin etməklə bağlı Gürcüstanın Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini də diqqətə çatdırıb.

CASCFEN Mətbuat Xidməti

Oxunma sayı: 130
Share