Azərbaycan adına möhtəşəm uğur

Azər HƏSRƏT, azer@azerhasret.com

Adətən, təmtəraqlı başlıqları xoşlamıram. Yazılarımın içindən ən sadə, süni şəkildə oxucunu cəlb etməyəcək başlıq çıxarıram. Bu da səbəbsiz deyil. Çünki belə olanda yazını doğrudan da qələmimə, sözümə güvəni, sayğısı olanlar oxuyur. Ola bilsin ki, sayları azdır, amma sambalları çox yüksəkdir. Yazılarımın da, çalışmalarımın da hədəfi samballı auditoriyadır. Say önəmli deyil, keyfiyyətə hədəflənirəm.

Noyabrın 20-də Brüsseldə “Beynəlxalq sülhə və təhlükəsizliyə bölücülüyün təhdidləri” (Threats of Separatism to International Peace and Security) adlı forum keçirildi. Təşkilatçı Azərbaycan idi. Ölkəmiz adına bu tədibirin əsas sahibi kimi Diasporla İş üzrə Dövlət Komitəsi çıxış edirdi. Mən də dəvətli idim.

Açığı, noyabrın əvvəlində komitədən zəng edib tədbirə dəvət etdiklərində düşünürdüm ki, iştirakdan nəzakətli bir şəkildə yayınım. Səbəbsiz deyildi. Çünki ayın əvvəlində Strasburqda Avropa Şurasının yetərincə gərgin bir tədbirində iştiraka hazırlaşırdım. Ondan bir həftə sonra yenidən Avropaya səfər etmək, açığı, bir az yorucu görünürdü.

Həm də Diaspor Komitəsilə heç vaxt təmasım olmamışdı. Düşünürdüm ki, Azərbaycanın təşkilatçılığıyla keçirilən tədbirdə mənsiz də keçinərlər. Çünki bir qayda olaraq dövlətimizə qarşı düşmən və qərəzli münasibətin gözlənildiyi tədbirlərə qatılıram ki, lazım gələn yerdə sözümü deyim.

Könülsüz də olsa dəvəti qəbul etdim və getdim.

Noyabrın 19-da Bakıdan “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu, “Azəri Türk Qadınları” Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı, “Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızıyla birlikdə yola düşdük. İrəli qaçaraq deyim ki, bu dəyərli şəxslərlə yol yoldaşlığı etmək əlavə bir zövq oldu mənim üçün.

Brüsselə çatanda elə ilk anlardan təsəvvürlərim yaxşı mənada alt-üst oldu. Diaspor Komitəsinin görəvliləri Avropanın paytaxtı Brüsseldə Avropalılardan da yüksək peşəkarlıq və nəzakətlə qayğımıza qaldılar, bizi azacıq da olsa əziyyət çəkməyə qoymadılar. Sözün həqiqi mənasında belə münasibəti və yüksək təşkilatçılığı görəndə dövlətim adına qürurlandım.

Təchizat məsələlərində heç bir problem olmadı, əksinə, ən yüksək səviyyədə qayğı və diqqətlə əhatə edildik. Həm də tək biz yox, dünyanın müxtəlif ölkələrindən gəlmiş soydaşlarımız və ekspertlər eyni hörməti, qayğını, diqqəti öz üzərlərində hiss etdilər.

Noyabrın 20-də Brüsseldəki “Marriott” otelində başlanan tədbir elə ilk anlardan diqqətçəkən oldu. Moderator və çıxışçıların seçimi artıq çox samballı bir forumun başlamasından xəbər verirdi.

İlk çıxış üçün söz Azərbaycan Prezidentinin köməkçisi, Prof. Dr. Əli Həsənova verildi. O, olduqca geniş, əhatəli çıxış etdi. Əli Həsənov bölücülüyə sadəcə Azərbaycanın bir bəlası kimi deyil, qlobal problem kimi yanaşma sərgiləməklə bir daha dünyaya ismarıc vermiş oldu. Onun bu yanaşması erməni bölücülüyü və təcavüzünün nə qədər zərərli bir təzahür olduğunu uyğun bir şəkildə təqdim etməyin ən yüksək örnəyi sayıla bilər. Dinlədim. Özü də diqqətlə. Dərin məzmunlu və ən başlıcası qlobal perspektivdən yanaşma cənab Həsənovun sadəcə bir dövlət adamı deyil, həm də bir alim kimi üstün özəlliklərini beynəlxalq auditoriya qarşısında növbəti dəfə təsdiqləmiş oldu.

Azər Həsrət, Əli Həsənov və Rauf Arifoğlu

Günün ilk panelində vitrin olduqca zəngin idi. Əli Həsənovla yanaşı Ukraynanın keçmiş prezidenti Viktor Yuşşenko, İsrailin keçmiş prezidenti Dalia İtzik, Moldovanın keçmiş baş naziri Dumitru Brağis, Bosniya və Hersegovinanın keçmiş baş naziri Hasan Muratoviç və bu qəbildən olan yetərincə ağır çəkili siyasət adamları oturmuşdu.

Onların hər biri öz çıxışlarını həm dünyanın ayrı-ayrı ölkələrində bölücülük təzahürləri, həm də Qarabağ məsələsi üzərində qurdu. Dünyanın bu nüfuzlu şəxsiyyətləri tədbirdə Azərbaycanın dərdlərini dilə gətirən, bizim dərdimizi bizim qədər anlayan insanlar kimi davrandılar.

Gün ərzində ümumilikdə 30-dək məruzə dinlədik. Bu məruzələrin cəmi 4-ü Azərbaycan təmsilçilərinə aid idi. Yerdə qalanların hamısı dünyanın nüfuzlu siyasət və elm adamlarının, media təmsilçilərinin dilindən səsləndi. Həm də çıxışçıların demək olar ki, hamısı məhz ədalətli yanaşma sərgiləməklə Ermənistanın işğalçı siyasətini bir daha faş etmiş oldu.

Sonda mövzuya aid bir neçə kitab da təqdim edildi.

Ən sonda isə ortaq sənəd qəbul edildi, bölücülüyə qarşı beynəlxalq hərəkatın təşəbbüs qrupu elan edildi.

Forumun sonuna doğru rəqəmlər də səsləndi. Bəlli oldu ki, tədbirdə dünyanın 30-dək ölkəsindən elm və siyasət adamları, media, QHT təmsilçiləri iştirak edir. Açığı, adətən Azərbaycan adına keçirilən tədbirlərdə yalnız özümüzünkülərin iştirakını bildiyim üçün bu dəfə də belə hal olacağından əndişəliydim. Amma əksi baş verdi, bizim yerimizə dərdimizi, sözümüzü dünyanın nüfuzlu şəxsiyyətləri dilə gətirdi.

Müzakirələrdə mən də çıxış etdim. Qısa da olsa erməni bölücülüyünün mahiyyətinə toxundum. Çıxışım saat etibarilə elə bir ana təsadüf etdi ki, hələ 26 il öncə Dağlıq Qarabağda Qarakənd üzərində ermənilərin bir helikopterimizi vurması sonucu dövlət adamlarımızın, eyni zamanda Qazaxıstan və Rusiyadan olan sülh missiyası üzvlərinin həlak olmasını diqqətə çatdırdım.

Tədbirdən gəldiyim qənaət: möhtəşəm idi! Hər anlamda. Nazim İbrahimovun başçılıq etdiyi Diaspor Komitəsi bu tədbirlə sözün həqiqi mənasında Azərbaycan adına yüksək bir uğura imza atdı. Özü də bu uğurun fonunda Komitə sədri özünü olduqca təvazökar apardı.

Tədbir boyu bir məqam da diqqətimi çəkdi: Rauf Arifoğlu media rəhbəri deyil, sözün bütün anlamlarında jurnalist kimi davranaraq bir daha sübut etdi ki, harda və nə işlə məşğul olmasından asılı olmayaraq bu adam jurnalist kimi qalmağı bacarıb. Demək olar ki, gün ərzində bütün tədbirdən canlı yayım gerçəkləşdirdi Rauf bəy. Adi bir smartfonla həm videogörüntü, həm də yazıları idarə etməklə əsl çevik media adamı olduğunu təkrar göstərdi. Təbii ki, Azərbaycanın bir neçə TV kanalının Avropa bürosu, eləcə də tədbirdə iştirak edən digər media təmsilçiləri də boş dayanmadılar. Amma Rauf Arifoğlu burda fərqli və üstün idi.

Orda olduğumuz üç gün ərzində müxtəlif insanlarla – əcnəbi ekspertlər və Azərbaycanın diaspor nümayəndələrilə görüşdük, söhbətlər etdik. Özəlliklə də diaspor nümayəndələrimizlə gəldiyimiz ortaq qənaət bundan ibarət idi ki, yurd dışındakı Azərbaycanlılar dövlətimiz və xalqımız adına çalışmalı, ölkəmizi müsbət müstəvidə təqdim etməlidirlər. Yeri gəlmişkən, bütün görüşdüyümüz şəxslər tədbirin möhtəşəm təşkil edilməsini ayrıca vurğulayırdı. Yəni bu möhtəşəmlik məsələsi sadəcə mənim fikrim deyil.

Ümumilikdə belə qənaətə gəldim ki, yüksək təşkilatçılıq və məqsədəuyğun seçimlə tərtiblənmiş forum öz məqsədinə çata bildi. Biz özümüz deyib özümüz eşitmədik. Bu forumda dünyanın nüfuzlu ekspertləri bizim yerimizə danışdılar, sözümüzü dedilər. İllərdir məhz belə bir yanaşma və görüntünün həsrətini çəkirdik. Bu, baş verdi.

Bəlkə də bunu deməməliydim, amma deyirəm: bu foruma qədər Diaspor Komitəsilə bağlı neytral və ya bəzən də yaxşı fikirdə deyildim. Amma Brüssel tədbiri bütün təsəvvürlərimi alt-üst elədi və bu an üçün çox yüksək fikirdəyəm. Ona görə də adətimə xilaf çıxaraq bu dəfə yazıma bir qədər cəlbedici başlıq seçdim.

Oxunma sayı: 104
Share