QHT Şurasının 10 illiyinə

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Düz 10 il öncə bu gün Prezident İlham Əliyev QHT-lərə dəstəklə bağlı fərman imzaladı. Fərmana uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası formalaşdırıldı. Qısa müddətə Şuranın tərkibi bəlli oldu, təsdiqləndi, rəhbəri olaraq QHT sektorunun ən öndə gedən nümayəndəsi, bütün göstəricilərinə görə bu vəzifəyə ən layiqli şəxs – Azay Quliyev təyin edildi.

Şuranın özü haqqında fikirlərimizi yazmazdan öncə Azay Quliyevi yaxşı tanıyan birisi kimi barəsində bəzi qənaətləri təqdim etmək istərdik.

O dövrə qədər də bu şəxsi yaxından tanıdığım üçün barəsində əminliklə danışa bilirəm. Azay Quliyev çalışqanlığıyla fərqlənib və fərqlənir. Vətənpərvər, təəssübkeş gənc olub, elə indi də eyni həvəslə işləyir. Öz üzərində çalışmasını daim müşahidə etmişik, yaxşı keyfiyyətlərinin də əsas səbəbi budur. Azərbaycanın müxtəlif dövlət qurumlarında yerində olub özünü mütləq şəkildə doğrultmağı bacaran, yeni dövrün çağırışlarına tam cavab verən, ən əsası isə mənsubu olduğu siyasi dövlət komandasını ümumi ictimai rəydə yaxşı yöndən tanıdan kadrlardan biridir Azay Quliyev. 10 il öncə cənab Prezidentin bu Şuranın sədri kimi məhz ona etimad göstərməsi də doğru qərar oldu.

(Azay Quliyevin həm də deputat kimi beynəlxalq səviyyədə Azərbaycanı layiqincə təmsil etməsi də var ki, bu, ayrı söhbətin mövzusudur.)

Qurumun əsasnaməsində deyilir: “Şuranın əsas məqsədi vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olmaqdan, ictimai əhəmiyyətli problemlərin həllində qeyri-hökumət təşkilatlarının rolunu artırmaqdan ibarətdir”. Əlbəttə, əsasnamədə bu məqsədlərin daha geniş təfsiri də var. Amma elə bu cümlə onun mahiyyətini açmağa yetər.

İndi aradan 10 il keçib və təbii ki, bu yubiley günündə ötən dövrə nəzər salmaq zərurəti yaranır. Yəni məqsədlərə nə dərəcədə nail olunub?

Şəxsi təcrübə və Şurayla işbirliyimizin işığında bu haqda da bəzi mülahizələrimizi paylaşmaq istərdik.

Ötən dövr onu göstərdi ki, düzgün seçilmiş strategiya (şəxsən cənab Prezidentə aiddir) və kadrların düzgün seçimi (bu da şəxsən cənab Prezidentə aid məsələdir) istənilən işin uğurunun əsas təminatçısıdır.

QHT Şurası da bu uğurlardan daha biridir. Bir çox hallarda ən uğurlu qurum olmaqla Prezidentin bu sektora vermək istədiyi töhfənin gerçəkləşməsini təmin etməyi bacaran qurumdur Şura.

Ötən illər ərzində minlərlə layihənin icrasına verdiyi dəstəklə Azərbaycanda vətəndaş cəmiyyətinin keyfiyyət dəyişikliyinə səbəb olan qurumdur QHT Şurası.

Həm də Şuranın vasitəsilə Azərbaycanda dövlət və vətəndaş münasibətləri sivil müstəviyə keçmiş, dialoq imkanları genişlənmiş və bu sahədə sabitlik təmin edilmişdir. Eyni zamanda Azərbaycan QHT-lərinin beynəlxalq əlaqələri genişlənmiş, ölkəmiz xaricdən xeyli sayda tərəfdaş təşkilat qazanmışdır. (Bu uğurların əldə edilməsində Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin zəhmətlərini də gözardı etməmək şərtilə əlbəttə.) Daha bir önəmli məqamsa QHT sektorunda şəffaflığın təmin edilməsi, hesabatlılıq və aşkarlıq məsələləri yoluna düşmüşdür. Əlbəttə, bu məsələlərin belə uğurlu həllində sədr Azay Quliyev başda olmaqla Şuranın roluyla bərabər ümumilikdə dövlət siyasəti, Prezident İlham Əliyevin işi iş bilənə tapşırması həlledici rolu oynayıb.

Ötən 10 il Şuranın qurulmasının doğru strategiya olduğunu, düzgün kadrların seçilməsilə uğurun təmin edilməsinin mümkünlüyünü bir daha təsdiq etmiş oldu.

Biz bu 10 ilin tamamında əminliklə deyirik ki, Azərbaycanda vətəndaş cəmiyyətinin arxasında bütün anlamlarda öz dövlətimiz dayanır. İstər ölkə içində, istərsə də xaricdə olanda bu dəstəyi ən yüksək səviyyədə hiss edirik.

Bu qısa qeydlərimizin sonunda QHT Şurası ideyasının əsas memarı olan cənab Prezident İlham Əliyevi, həmçinin Azay Quliyev başda olmaqla Şuranın bütün üzvlərini, bu qurumla illərdir uğurlu əməkdaşlıq edən vətəndaş cəmiyyəti təmsilçilərini təbrik etmək istərdik. Daha böyük uğurlar arzu edir, ümidlə yeni uğurları gözləyirik.

Oxunma sayı: 392
Share