Öncə dövlət dili, sonra xarici dil! – Video

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

İki gündür sosial media bir gənc jurnalistə yönəlik tənqid və təhqirlərlə dolub daşır. Rusofillər fürsətkən əllərindən gələni edirlər ki, milli kəsimi – milli insanları gözdən salsınlar, təbliğat aparsınlar. Ki, guya Azərbaycan uşaqlarının rus dilində danışması, oxuması çox yaxşıdır, gələcək vəd edir və buna qarşı çıxmaq insan düşmənliyidir.

Əslində, nə baş verir? Niyə bu müzakirələr baş alıb gedir? Nə idi bunu körükləndirən?

Bu suallara cavab vermək üçün gənc həmkarımız Hafiz Əhmədovun bir paylaşımına diqqət edək. Jurnalist yazır: “Bakıda əsl demoqrafik partlayış baş verir. Şəhərdə uşaq əlindən tərpənmək mümkün deyil! Kimə lazımdır axı bu Andronikin nəvələri?! Kimə lazımdır Denikinin nəticələri! 90 faiz “azərbaycanlı” uşaq rus dilində dil açır! Bunlar böyüyüb guya azərbaycanlı olacaqlar??!!!”

Bu yazılanlara dözmək olar. Yəni əslində gənc həmkarımız hamımızı narahat edən bir məsələni emosional şəkildə dilə gətirib. Şəxsən mən də gərəksiz yerə “ruslaşma” meyllərindən ciddi narahatam və bunun bizi uçuruma apardığının fərqindəyəm. Amma bu narahatlığı Hafiz Əhmədovun ifadə etdiyi şəkildə ifadə etməzdim.

Daha sonra nə yazır bu gənc? Gəlin, baxaq: “Hamısına rus vəsiqəsi verib ailəlikcə sürgün etmək lazımdır bu Sovetin qırıntılarını!!! Özümü güclə saxlayıram Azərbaycan dilində danışa bilməyən körpə görəndə…”

Bilərəkdən cümləni yarımçıq kəsirəm. Doğrudan da sonrakı ifadələr heç bir halda məqbul sayıla bilməz. Amma gəncdir, səhv edib, hisslərinə yenik düşüb, millətini və dövlətini hədsiz dərəcədə sevdiyi üçün hətta dostlarını belə narahat edəcək tərzdə özünü ifadə edib. Az sonra səhvini anlayıb, üzrxahlıq edib, yazdığını silib. Əlavə olaraq niyə bu qədər coşduğunun da izahını verib.

Hafiz Əhmədovun izahından anlaşılır ki, bu qədər əsəbi paylaşım etməsinə səbəb bir Azərbaycan balasının ona öz ana dilimizdə cavab verə bilməməsi olub. Oxuyuruq: “Bakıdakı məşhur kafelərin birində oturmuşdum. Qonşu stolda əsl bir azərbaycanlı ailəsi əyləşmişdi – ata, ana və şirin bir uşaq. Mən uşağı əzizləyib, xoş sözlər deyəndə, o, nə dediyimi başa düşmədi. Mənə rus dilində cavab qaytardı. Bu hadisə məndə dəhşətli emosional sarsıntı yaratdı ki, niyə axı Azərbaycanda azərbaycanlı bir ailənin uşağı ona Azərbaycan dilində deyilən sözləri başa düşməməlidir?! Yanlış olduğunu etiraf etdiyim dünənki statusu bu emosional şokun təsiri ilə yazmışam”.

Şübhəsiz, bu yazılanlar o gəncin niyə cin atına mindiyini əsaslandırmaq üçün yetərlidir. Doğrudan da Bakıda, hətta bəzən başqa şəhərlərimizdə öz ana – dövlət dilimizi anlamayan insanların hələ də var olması, əlbəttə, hər kəsdə qəzəb doğurmaq üçün ciddi səbəb sayıla bilər. O cümlədən gənc həmkarımız Hafiz Əhmədovda. Özünün də dediyi kimi belə “emosional şok” halında insan nəinki sözünü, heç özünü belə idarə edə bilmir. Biz hələ sevinək ki, bu gənc o kafedə artıq hərəkətə yol verməyib.

Haqq qazandırmıram. Amma onu anlayıram. Yalnız anlamadığım bir şey var: niyə hələ də uşaqlarını ancaq rus dilində dindirən, danışdıran insanlarımız qalmaqdadır? Niyə bu adamlar vətəndaşı olduqları, minlərlə şəhidin qanı bahasına müstəqilliyini qazanmış can Azərbaycanın dövlət dilini uşaqlarına öyrətməyəcək qədər cəhalət içindədirlər? Nədir, bu tiplər Azərbaycanı bəyənmirlər? Qarışmırıq, bəyənməsinlər. Amma belə olan halda seçənək var: bəyəndikləri ölkəyə daşına bilərlər.

Heç kim mənim bu sözlərimi rus dilinə qarşı fikrin ifadəsi kimi qəbul etməsin. Şəxsən mən rus dilinin öyrənilməsinin tərəfdarıyam. Təbii ki, bu, Azərbaycanın dövlət dilini arxa plana keçirmək, ümumiyyətlə yox saymaq hesabına olmamalıdır.

Biz Sovet vərəndaşı olmuşuq zamanında. Ana dilimiz azərbaycan dili idi. İndi də elədir. Dəyişməz bu gerçəklik. Amma Sovetlərin vahid dövlət dili ruscaydı, o dövlətin bütün vətəndaşları bu dili öyrənməyə məcbur idi. Biz bunu normal qəbul edirdik. Mən bu gün rus dilində sərbəst yazıb oxuya, danışa bilirəmsə, o sistemə borcluyam. Mənə görə insan vətəndaşı olduğu dövlətin dilini mütləq mənimsəməlidir. Özü də ən yüksək səviyyədə. Bütün dünyada belədir. Elə indinin özündə belə bir insan rus dilini bilmədən Rusiyada irəli çəkilə bilərmi? Yaxud da Rusiya vətəndaşlığı almaq istəyənlərin rus dilindən imtahan verməli olduğunu xatırlatmaq istərdim. Biz bunu təbii bir hal kimi qəbul edirik və Rusiya dövlətini belə tələblərinə görə tənqid etmirik.

Eyni zamanda şəxsən özüm Gürcüstanda yaşayan Azərbaycanlılarla söhbətlərimdə daim onları gürcü dilini öyrənməyə təşviq edirəm. Belə çağırışlarımı da onunla əsaslandırıram ki, siz Azərbaycanlı olsanız da Gürcüstanın vətəndaşınız və o dövlətin dili gürcü dilidir. Zəhmət çəkin, dövlətinizin dilini öyrənin.

Eyni yanaşmanı Qazaxıstan, Qırğızıstan, Özbəkistanda yaşayan soydaşlarımıza münasibətdə də sərgiləyirəm mən.

Yəni bizim əsəbləşməyimiz ondan irəli gəlir ki, müstəqilliyimizin 26-cı ilini arxada qoyduğumuz bir zamanda belə Azərbaycanda bu dövlətin dilinə sayğısızlıq edəcək qədər cürət sahibi olan rusdilli “intellektluallar” qalmaqdadır!

Təkrar vurğulamaq istərdim: rus və hansısa başqa dilin öyrənilməsinə qarşı deyiləm. Eyni zamanda uşaqlarına yalnız rus dilində təhsil verib onların sabahını indidən bədbəxt edən valideynlərin işinə də qarışmıram. Amma belə valideynlərin dövlət dilimizi uşaqlarına öyrətməməsini əsla həzm edə bilmərəm!

Bu yazını yazarkən Az.TV-də ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlar üçün təşkil edilmiş bayram tədbirində çıxışını dinlədim. Hər zamankı kimi mükəmməl Azərbaycan dilində bir çıxış idi. Bəli, Mehriban xanım rus dilini ruslardan, ingilis dilini ingilislərdən pis bilməsə də öz ana dilimizdə bir dil bilicisi – ustad ədəbiyyat adamı qədər mükəmməl danışmaqdan vaz keçmir. Həm də öz çıxışında bir dənə belə əcnəbi söz işlətmədən! Ölkənin 1-ci xanımı Mehriban Əliyeva mükəmməl Azərbaycan dilində nitq söyləməklə hər kəsə, o cümlədən çocuqlarına ana dilimizi öyrətməyi özünə sığışdırmayan yarımqafalılara gözəl bir örnək sərgiləyir. Amma aşağılıq kompleksindən əziyyət çəkən bəzi “azərbaycanlılarımız”sa hələ də başqa bir dili ana dilimizdən daha üstün hesab edərək cəhalətdən qurtula bilmirlər.

Yeri gəlmişkən, Prezident İlham Əliyevin də çıxışlarında diqqətimi onun mükəmməl ifadə forması cəlb edir. İstər Mehriban xanım, istərsə də cənab Prezidentiin özü rus və ingilis dillərini mükəmməl bildikləri halda nitqlərini arı-duru azərbaycan dilində ifadə etməkdə nəinki çətinlik çəkmirlər, əksinə, hər kəsə örnək bir şəkildə ifadə edirlər. Üstəlik, cənab Prezidentin Azərbaycan dilini xarici sözlər olmadan ifadə etmək çağırışlarını da hər kəs bilir.

Hələ bir az da tarixə gedərək ulu öndər Heydər Əliyevi xatırlatmaq istərdim. İstər Sovet dönəmində, istərsə də müstəqillik dönəmində Heydər Əliyevin ana dilimizdəki çıxışlarını açın, baxın. Tərtəmiz, heç bir çətinlik çəkmədən ifadə edilən çıxışlardır.

Bütün bunları ona görə xatırladıram ki, Sovet dövlətinin vətəndaşı olmuş, o dönəmdə ən yüksək vəzifələrdə təmsil edilmiş Heydər Əliyev və onun ailə üzvləri necə olur ki, ana dilimizə bu qədər sayğılı, bağlı qala bilir, amma hansısa dünənki uşaq öz körpəsinə ana dilimizi öyrətmək istəmir? Biz belə adamlara dözümlü yanaşmalıyıqmı? Məncə, yox! Hətta deyərdim ki, uşaqların rus, ingilis, fars məktəblərinə qəbulu zamanı onların azərbaycan dilindən imtahan verməsi tələbi olmalıdır. Çünki bu ölkənin yetişməkdə olan vətəndaşı öz dövlət dilini bilmədiyi halda xarici dildə təhsil alması doğru bir şey deyil. İnsan öncə öz dövlətinin dilini bilməli, sonra hansısa xarici dilə könül verməlidir.

Sözardı: Gün ərzində onu da öyrəndik ki, Hafiz Əhmədovu işindən uzaqlaşdırıblar. Məncə, bu qərar yanlışdır. O, gəncdir. Səhv edib, bunu da anlayıb. Bizsə gənclərin səhvetmə haqqını tanımalı, onlara əlavə imkan verməliyik ki, ideallarına qovuşa bilsinlər.

Oxunma sayı: 176
Share