İki məsələ haqqında bir yazı

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

Ötən həftə bir paylaşım etmişdim. Yanvarın 11-nə nəzərdə tutulan Naxçıvan-Məşhəd dəmiryol marşrutuyla bağlı. Narahatlıq ifadə etmişdim doğrusu. Səbəbsiz də deyildi. Sual edirdim ki, niyə 170 km-lik Təbriz qaldığı yerdə 1700 km-lik məsafədəki Məşhədə yol açılır? Özü də o Məşhədə ki, bizə heç bir şəkildə dəxli yoxdur. Yəni bu şəhər Güney Azərbaycan sınırları içində deyil, əhalisi də bizimlə bağlı deyil. Bu marşrutu əsaslandırmaq üçün heç bir tutarqa yoxdur. Yalnız din amili var. Daha doğrusu, Azərbaycan şiələrinin də ziyarət etdikləri bu şəhərdə İmam Rzanın məzarı var. Onu ziyarət etməyi özünə borc bilənlər bu istəklərini gerçəkləşdirmək üçün sərbəstdirlər. Amma bircə bu amilə görə o boyda məsafəyə marşrut açmaq, açığı, şəxsən mənim üçün anlaşılan deyil.

Mənim bu paylaşımım bəzi dostlarımı narahat etmişdi. İddia edilirdi ki, məqsədim şiə müsəlman qardaşlarımızın Məşhəd ziyarətini gözdən salmaqdır. Ona görə də bu gün təkrar mövzuya qayıdaraq bir qədər də aydınlıq gətirmək istərdim.

Hər şeydən əvvəl qeyd edim ki, şəxsən mən şiə müsəlmanların məhz öz məzhəblərinin lazım bildiyi şəkildə Məşhədi ziyarətinin əleyhinə deyiləm. Hətta bu ziyarətdə olanlara, olmaq istəyənlərə dözümlü və sayğılı yanaşıram. Çünki biz dünyəvi olmaqla bərabər vicdan azadlığının Konstitusiya ilə təminat altına alındığı bir dövlətin – Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Belə bir ölkənin vətəndaşları isə hər kəsin din bağlarına, seçimlərinə sayğılı yanaşmağa borcludur. O cümlədən mən də.

Məni narahat edən, təbii ki, insanlarımızın Məşhədi məhz bu baxımdan ziyarət etməsi deyil. Narahatlığım ondandır ki, bizə “müsəlman qardaş” deyən İran islamı istismar edir, insanları islam adı altında cəlb edib başqa məqsədlərinə yönəldir. Yəni Məşhəd sadəcə İran üçün bir ovlaqdır ki, orada özəlliklə də səmimi müsəlmanları gözaltı edir, oxumaq adıyla Qum şəhərinə yönəldir və sonra da özümüzə qarşı çevirir. Azərbaycan dövləti belə məsələləri dilə gətirməyə həvəs göstərməsə də biz məhz Qumda yetişdirilmiş “din adamları”nın sonradan ölkəmizdə hansı əməllər törətdiyini bilirik. Narahatlığım bundandır. Yoxsa kimə nə insanların Məşhəd ziyarətindən?

Ötən həftə həmkarlarımızdan biri ilə bir başqa məsələ ətrafında da mübahisəmiz oldu. Adam iddia edirdi ki, mən konkret adamlardan konkret məbləğdə pul alıram. Özü də o qədər əminliklə deyirdi ki, özümü tanımasaydım mən də buna inana bilərdim. Xeyli mübahisə etdik və anladım ki, bu adamın bildiyi bir şey olmasa bu qədər əminliklə iddia irəli sürməz.

Adam mənim Mətbuat Şurası İdarə Heyətinin üzvü olaraq hər ay kənkret məbləğdə pul aldığımı iddia edirdi. Özü də deyirdi ki, MŞ üzvlərinin hamısı aylıq alırmış…

Dəvət etdim, görüşdük, danışdıq. İzah etdim ki, mən bu günə qədər qələmimi bir dəfə də olsun satmadım, pul üçün işlətmədim, işlətmərəm də. Yaşayış şəraitim, imkanlarım göz qabağındadır. Əgər hardansa çirkli pullar almış olsaydım yəqin ki, heç olmasa bizim “reket” dediyimiz “jurnalistlər” səviyyəsində yaşayışım olardı.

Bu mübahisə və müzakirədən çıxış edərək belə qərara gəldim ki, əlavə açıqlama da verim.

Bugünə qədər heç bir məmur, iş adamı və ya kimsə başqası iddia edə bilməz ki, şəxsən mən ondan pul alıb nəsə yazmışam, nəsə etmişəm! Qələmin müstəqilliyi mənim üçün şərəf məsələsidir! Heç bir zaman istəmədiyimi, ürəyimcə olmayanı yazmadım, etmədim! Nə yazdımsa, nə etdimsə məhz özüm istədiyim üçün yazdım, etdim! Təbii ki, buna görə adama pul verməzlər. Yaxud da istədiyimi yazıb etdiyim üçün kimsədən ənam gözləmədim, gözləmirəm də.

Mən Azər Həsrət olaraq heç vaxt yazdığımı da silmirəm. Məni yaxşı tanıyanlar bunu da yaxşı bilir. Səhv etmiş olsam belə onu düzəldən yazı yazaram. Amma əvvəl yazdığımı silmərəm. Prinsiplərimə ziddir. Heç vaxt da kimsədən xahiş edib yazdığı yazını sildirməmişəm. Tək bir istisna var: veteninfo.az-ın baş redaktoru Nahid Canbaxışlıdan bir neçə il öncə xahiş edərək bir yazını sildirmişdim. Onu da yazının arqumentsiz olmasını əsas tutaraq etmişdim. Lakin bu günün özündə belə düşünürəm ki, səhv etmişəm. Gərək sildirməyəydim.

Bəzən Facebook paylaşımlarımın da silinməsini xahiş edənlər olur. Bunu da nadir hallarda edirəm. Örnək üçün, paylaşımı başqa yerə yozub söyüş yarışına girənlər olanda onu görünməz edirəm. Amma yenə də silmirəm. Sadəcə özüm üçün qoruyuram.

Bütün bu izahları ona görə yazıram ki, əgər hardasa kimsə nə vaxtsa mənim adıma pul alıbsa, alırsa, papağını qarşısına qoyub yaxşı-yaxşı fikirləşsin! Bəzən belə hallar olur həyatda. Kiminsə adından istifadə edib kimdənsə pula alırlar. Təbii ki, dələduzluqdur bu.

Haşiyə: Uzun illər öncə xanımım Almaz Həsrət orta məktəbdə müəllim işləyirdi. Seçilən müəllim olduğu üçün valideynlər uşaqlarını onun sinfinə qoymağa çalışırdılar. Təbii ki, onun özü bu prosesə qarışmırdı. Günlərin birində tam təsadüf nəticəsində bəlli oldu ki, onun dərs dediyi sinfin rəhbəri (özü də gənc bir xanım idi) valideynlərdən Almaz xanımın adına pul yığırmış. Ki, bəs uşaqlarınıza dərs deməsi üçün ona verəcəyik. Belə bir halla üzləşdikdə nə günə düşdüyümüzü bizi tanıyanlar özləri təsəvvür etsin lütfən. Təbii ki, o sinif rəhbərinin cavabı da verildi, valideynlərə də elan edildi ki, heç vaxt heç kimin bir qəpyinə belə göz dikmərik.

İndi də biri çıxıb təkidlə iddia edir ki, mən guya kimlərdənsə pul alıb yazı yazırammış…

Yadıma mərhum energetika naziri Natiq Əliyevlə bağlı yazdığım yazıya verilən bir reaksiyanı saldı bu əhvalat. Şəxsən heç vaxt münasibətdə olmadığım nazir dünyasını dəyişəndə ona olan ümumxalq sevgisini qələmə almışdım. Facebook-da paylaşdığım yazıya şərh olaraq biri yazmışdı ki, “sifarişli yazıdır”. İstədim cavab verəm ki, “hə, Natiq Əliyev şəxsən o dünyadan sifariş elədi, yazdım”. Təbii ki, baş qoşmadım. Amma indiki halda şəxsimə yönələn ittihamlara cavab verməyə bilmərəm.

Ona görə ki, belə məsələlərə reaksiya verməyəndə kimlərsə düşünə bilər ki, yəqin deməyə sözü yoxdur. Sözüm var, özü də ən yüksək səslə deyirəm: heç vaxt heç kimdən bir qəpik olsun almadım, almaram da! Çünki bu mənim üçün şərəf məsələsidir.

Sözardı: Mənimlə mübahisə edən şəxs iddia edirdi ki, Mətbuat Şurasında hər kəs pul alır. Mən öz adıma cavab verdim. Düşünürəm ki, digərləri də cavab verər. Zərurət varsa əlbəttə. Bir də iddia edirdi ki, Şurada kimlərsə sifarişli yazılar yazdırır, sonra onları pul qarşılığında sildirir. Bax, bu oldu çox ciddi ittiham. İnanmıram. Amma aydınlıq gətirilməsinə gərək olduğunu düşünürəm. Yəqin Şuranın növbəti toplantısında məsələnin müzakirəsini rica etməli olacam…

Oxunma sayı: 256
Share