Petro, yoxsa Pyotr?

Azər HƏSRƏT

Azər HƏSRƏT, azer@azerhasret.com

AMEA Nəsimi adına Dilçilik İnstitutu bugünlərdə bəzi sözlərin yazılış qaydalarıyla bağlı geniş açıqlama verdi.

Açığı, bir qələm sahibi olaraq, mən özüm də bəzən hansı sözün necə yazılacağı məsələsində çaşbaş qalıram. Çünki bəzi sözlər doğrudan da ümumi qaydalara zidd yazılır, bu da bizi çaşdırır.

Belə bir şəraitdə dilimizə çəki-düzən verilməsi üçün edilən təşəbbüslər alqışlanasıdır. O baxımdan Dilçilik İnstitutunun zəhmətkeşlərinin adı keçən addımını bəyənirəm.

Lakin bəyənmədiyimiz hallar da var.

İnstitut qaydaları açıqlayan kimi sosial mediada müzakirələr başladı. Özü də necə başladı!

Kimlərsə bu qaydaları anlayışla qarşıladı, bəyəndi və tətbiqini düzgün saydı. Kimlərsə əksinə, bəyənmədi, razılaşmadı və tənqid etdi. Bura qədər hər şey normaldır və dözüləndir.

Bundan sonrası isə dözülməzdir!

Sadəcə lağlağı! Bilən də, bilməyən də ortalığa atılıb o boyda institutun alimlərinin əziyyətini gözdən salmağa çalışır. Lağlağı edənlərin paylaşımlarına baxan kimi məsələdən xəbərdar olmadıqları göz deşir. Di gəl iddia edirlər ki, sən demə, Dilçilik İnstitutu bu məsələləri onlar qədər də bilmirmiş!

Mən bir dəfə də yazmışdım, təkrar yazıram: bu millətin evini lağlağı yıxacaq! Biz bir məsələni normal müzakirə edib ən uyğun çıxış yolu təklif edəcəyimizə, lağlağıya çevirib ürək bulandırmaqla məşğul oluruq. Özü də illərdir, onillərdir beləyik! Dəyişmirik, dəyişə bilmirik özümüzü!

Azərbaycan dili – ana türkcəmiz ya zəlzələdən, ya vəlvələdən təcavüzə məruz qalıb, farsın, ərəbin, rusun, indi də ingilisin əlində girinc olub. Ona görə də mərhələli şəkildə onu öz cığırına qaytarmaq, düzənləmək zərurəti var.

Biz təklif edilən elmi əsaslı qaydaları mənimsəməliyik. Onları gözdən salmağa, lağlağı hədəfinə çevirməyə heç kimin haqqı yoxdur. Hələ üstəlik dilimizdə yad dillərin üzündən yaranmış başqa xətaları da aradan qaldırmaq üçün təkliflər verməliyik.

Hər zaman dil məsələsində həssas olan birisi kimi mən də öz təkliflərimi təqdim etmək istərdim. Bu təkliflər təqdim edilən yeni qaydalarda olmadığı üçün irəli sürürəm.

Biz uzun illər əcnəbi sözləri rus dilinin vasitəsilə almışıq, özümüzünküləşdirmişik və indi də istifadə edirik. Bu isə ona səbəb olub ki, Qərb dillərindən (orijinaldan) gələn sözlər Azərbaycan dilinə rus dilində daxil olub.

Diqqəti özəlliklə də q-g səsdəyişməsinə cəlb etmək istərdim.

Örnəklərə baxaq:

1. qrup: orijinalda bu söz group kimidir və göründüyü kimi g hərfi ilə yazılır, eyni səslə də ifadə edilir. Elə bizim dilimizdə də q ilə yazılsa da g ilə ifadə edilir.
2. proqram: orijinalda programm kimi g ilə yazılır və deyilir. Azərbaycan dilində də q ilə yazılmasına baxmayaraq g ilə deyilir.
3. pedaqoji: orijinalda pedagogy. Rus dilindən keçib gəldiyi üçün burda da g hərfi q hərfinə çevrilib. Halbuki heç kim bu sözü q səsilə tələffüz etmir və edə də bilməz.
4. qrant: yeni sözdür. Orijinalda grant kimi yazılır. Rus dili buradakı g hərfini q hərfi ilə əvəz edib.
5. qram: gram olmalıdır. Amma q hərfi ilə yazılır. Deyilişdə g ilədir.
6. qrammatika: orijinalda grammar kimidir. Yəni g ilə başlayır. Bizsə q ilə yazırıq, g ilə deyirik.
7. qvardiya: orijinalı guard kimi yazılır. Eyni qaydada biz bu sözün ilk hərfini q hərfi ilə əvəz etmişik.

Bu cür örnəklərin sayını artıra da bilərik. Məqsədimiz bu olmadığı üçün artırmırıq. Məqsədimiz orijinalda g hərfilə yazılan sözlərin niyə bizim dilimizə q hərfilə keçməsinə aydınlıq gətirməkdir.

Bəlkə də indiki gənclər latın əlifbasıyla yazıb-oxuduqlarına görə bunu görə bilmirlər. Bizsə kirillə böyüyüb latına keçdiyimiz üçün dərhal görə bilirik. Üstəlik, rus dilini də uzun zaman işlətdiyimiz üçün.

Məsələ ondadır ki, rus dilində q səsi yoxdur. Onlarda sadəcə g səsi var. Bir zamanlar Azərbaycan da Rusiya kimi kiril əlifbasından istifadə etdiyinə görə, rus dilindən alınan Avropa mənşəli sözlərin bir qisminin yazılış şəkli olduğu kimi saxlanılıb. Yəni группа, программа, педагогический, грант, грамма, грамматика, гвардия kimi örnəklər Azərbaycan kiril əlifbasında uyğun olaraq груп, програм, педагожи, грант, грам, грамматика, гвардиjа şəklində vətəndaşlıq qazanıb. Əlifba eyni olduğu üçün sözlərin rus dilindəki şəklinin də saxlanılması məqsədəuyğun sayılıb. Halbuki, rus dilində q səsi yerli-dibli yoxdur.

Bir də rus dilindən keçməklə Azərbaycan dilinə gələn xüsusi isimlər – şəxs adları var ki, onların da məsələsini həll etmək lazımdır. Belə sözlərdən ən başda gələni Ukrayna prezidentinin adıdır. Ukrayna dilində bu şəxsin adı Petro şəklindədir. Bizsə rusların Pyotr şəklini işlədirik.

Niyə? Niyə Ukrayna sözü bizə rus dili vasitəsilə gəlməlidir? Yaxşı olmazmı ki, biz belə sözləri – adları şəxsin mənsub olduğu xalqın dilindən birbaşa öz dilimizə uyğunlaşdıraq? Məgər Petro sözü dilimizə və onun qaydalarına ziddir ki, onu zorla Pyotr kimi ifadə edirik?

Yaxud da Ukraynanın Oleksiy, Oleksandr adları niyə yenə də rus dilinin süzgəcindən keçərək AlekseyAleksandr kimi gəlməlidir dilimizə?

Məncə, Dilçilik İnstitutu bu məsələləri də yoluna qoymalıdır. Yəni istənilən əcnəbi sözü dilimizə hansısa üçüncü dil vasitəsilə deyil, birbaşa uyğunlaşdırmaq lazımdır.

Sonda bir daha vurğulamaq istərdim ki, Dilçilik İnstitutunun dilimizə çəki-düzən vermə cəhdlərini bəyənirəm və heç bir lağlağıya fikir vermədən bu yöndə davam etmələrini diləyirəm.

Oxunma sayı: 402
Share