Müqəddəs gündə ucuz tamaşa

Азер Хасрет

Azər HƏSRƏT, azer@azerhasret.com

20 Yanvar günü Əli Kərimli və dəstəsinin Şəhidlər Xiyabanını ziyarət sırasında göstərdiyi tamaşaya baxdım. Açığı, marağında deyildim. Sadəcə dostlar dedi, mən də maraq üçün baxdım. İlk baxışdan belə anlaşılır ki, guya polis bunların Xiyabanı ziyarətini əngəlləyirmiş.

Elədirmi?

Əli Kərimlinin canlı yayındakı çıxışına, həmçinin ahıl yaşında özünü ona pərçimləyərək olan-qalan hörmətini də itirmiş Cəmil Həsənlinin iddialarına inanılırsa, polis bunların ziyarətini əngəlləyir.

Doğrudan da elədirmi?

Təbii ki, Kərimli və başının dəstəsini tanıyan birisi kimi mən bu tələyə düşəcək – aldanacaq adam deyiləm. Çünki bunları, bunların üsullarını özlərindən də yaxşı bilirəm, bələdliyim var.

Bəlkə də Əli Kərimlinin bu tamaşası kimlərəsə inandırıcı gerçəklik kimi görünə bilər. Düzdür, sosial mediada aparılan müzakirələr göstərdi ki, insanlar bu adama və iddialara sadəcə gülüb keçir. Amma bəzən bəzi təcrübəsiz insanların ona qahmar çıxdığı da diqqətimdən qaçmadı.

Yazım Əli Kərimli tamaşasına aldananlar üçündür.

Bir neçə il öncə bu adam dəstəsilə Şəhidlər Xiyabanını ziyarət edirdi. Biz də edirdik təbii. Ziyarətdən sonra internetdə bir şəklə rast gəldim. On minlərlə insanın görüntüləndiyi şəkildə ön planda Əli Kərimli idi. Şəkli paylaşanlar bunu Əli Kərimlinin tərəfdarları kimi təqdim edirdilər. Ki, həmin şəkildə həm də uniformalı insanlar gözə dəyirdi. Özü də sırayla, çox sayda. Təbii ki, şəkildəkilərin çoxunun yəqin ki, bu əhvalatdan heç xəbəri də yox idi. Onların həm də ön sırada Əli Kərimlinin olmasından xəbəri yox idi. Çünki adamları həmin gün o Xiyabana gətirən hansısa əlilər deyil, içlərindəki vəfa borcudur.

Bu Kərimlinin daha bir tamaşa cəhdi isə birbaşa özümlə bağlıdır. Yenə də 20 yanvar günü, ziyarətçilərin gur olduğu saatlar idi. TRT məndən xahiş etmişdi ki, həmin saatda orda olub canlı yayıma qoşulum. Mən də öncədən ora getmişdim. TRT kameraları əbədi məşəlin yanında qurulmuşdu. Orada başqa kameralar da vardı və müxtəlif kanallar canlı yayımdaydı.

TV heyətləri az qüvvə ilə çalışırdılar ki, ziyarətçilər bir az aralıdan keçsinlər. Çünki canlı yayımda müsahibələr də gedirdi efirə. TRT-nin kamerası lap öndə idi. Müxbir qız ziyarətçilərdən sakitcə rica edirdi ki, azca aralıdan keçsinlər. Hər kəs də bunu anlayışla qarşılayır, kənardan keçirdi. Mən də orda dayanıb müsahibə növbəmi gözləyirdim.

Bu anda Əli Kərimlinin dəstəsi gəlib çıxdı. Əllərində çələng vardı. Çələngi divar dibinə buraxıb yollarına davam etdilər. Amma hamıdan fərqli olaraq nümayişkaranə şəkildə TRT kamerasının düz önünə yönəldilər. Müxbir qız mədəni və nəzakətli səslə onlardan bir neçə dəfə xahiş etdi ki, kənardan keçsinlər. Veclərinə belə almadılar. Bu dəfə məsələyə özüm qarışmalı oldum. Sakit bir səslə, “bəylər, lütfən kənardan keçin, canlı yayım gedir”, deyə müraciət etdim. Məni də veclərinə almadılar. Bir neçə cəhdim də boşa çıxdıqdan sonra səsimi ucaltmalı oldum: “Anlamadınızmı?! Canlı yayım gedir! Kənardan keçin!” Elə bunu demişdim, arxadan tanış bir səs eşitdim: “Səsinin yoğun yerinə salma”. Dərhal döndüm, arxamdakı Əli Kərimli idi. “Siz də mədəni olun!” deyə cavab vermişdim ki, bunun adamları üstümə yürüdülər. Təbii ki, geri çəkilmədim, əksinə üzərlərinə yürüdüm. Bunu görəndə dayandılar, ünvanıma bir neçə ədəbsiz ifadə işlətdilər, cavablarını verdim. Sonra da yollarına davam etdilər.

İndi bu olayları şəxsən görmüş biri kimi kim məni inandıra bilər ki, polis Əli Kərimlinin dəstəsinin Xiyabanı ziyarətini əngəlləyib? Heç kim!

Bu adam hər şeydən fayda güdən birisidir. Hələ çıxışında iddia edir ki, başının dəstəsinin üzvləri 20 yanvar 1990 günü rus tanklarının qarşısında canlarını sipər edibmiş. Diqqətlə baxanda görünür ki, ordakıların çoxunun 25 yaşı belə yoxdur. Halbuki 20 yanvardan 28 il keçib…

Üstəlik, polislər bu adamın ziyarətini əngəlləmir. Sadəcə hər zamankı kimi nizam yaratmağa çalışırlar. Yəni növbəlilik təşkil ediblər. Biz həmişə ziyarətimizi bu cür etmişik. Fərqli heç nə baş vermir. Sadəcə bir neçə dəqiqə səbr edib rahat şəkildə Xiyabanı ziyarət etmək olardı. Zatən elə də olur. Polislər onların avantürasına təmkinlə yanaşır, reaksiya belə vermir, vaxt tamam olanda yolu açırlar.

Bax, belə. Bu adam bir zamanlar mənim də arxasınca getdiyim, canımı belə fəda etməyə hazır olduğum, bu gün ən miskin görüntüsüylə təzahür edən Əli Kərimlidir. Hər şeylə alver edir bu adam! Hətta Şəhidlərimizin müqəddəs ruhlarıyla da! Bu Kərimli müqəddəs gündə ucuz tamaşa göstərməklə siyasi gediş etməyə çalışır…

Bu adam iddia edir ki, xalqı düşünür, xalq üçün çalışır. Amma baxırsan ki, oğlu Londonda kef məclislərində görüntülənir. Yaxud da Vaşinqtonda Dağlıq Qarabağ bölücülərinin dəstəbaşılarıyla bir araya gəlib antiAzərbaycan təbliğatı aparır. Hələ mən bu “xalq adamı”nın sahibi olduğu dəbdəbəni nəyin hesabına ayaqda tutduğunu demirəm.

Demək istədiyim odur ki, bu insan bir siyasətçi kimi tükəndiyindən özünü oda-közə vurur, çırpınır ki, gündəmdə qalsın. Amma anlamır ki, daha da batır. Buna birisi izah etsin ki, indi insanları belə tamaşalarla aldatmaq zamanı deyil. Hələ nəzərə alaq ki, bütövlükdə cəmiyyəti aldatmaq üçün dövriyyəyə buraxdığı saxta sosial media hesabları da artıq faş edilib…

Sözardı: Əli Kərimli tez-tez “xalq” ifadəsi işlətməyi xoşlayır. Adam, bu xalqın sənə ehtiyacı olduğuna özünü niyə inandırırsan hələ də?..

Oxunma sayı: 268
Share