TV dilimiz hələ də ruscadır

Yola salmaqda olduğumuz 2008-ci ilin başlanğıcında bütün TV və radio kanallarımızın yalnız Azərbaycan dilində yayımlanması haqda qərar verən Milli Teleradio Şurası sonradan daha çox özünə bəlli olan səbəblərdən geri addım atıb rus dilinə güzəştə getmişdi. Biz bu güzəştin nədən qaynaqlandığını təxmin etsək də daha bir il dözmək üçün səbrimizi basdıq və gözlədik. İlin tamamında isə ümidlərimizi dilə gətirib MTRŞ-nin bu dəfə daha qətiyyətli olacağına inandığımızı ifadə etdik. Əslində ortada dil məsələsi ilə bağlı heç bir dirəniş də gözə dəymirdi. Yəni artıq ölkədə yaşayan ruslar da, ruskimilər də başa düşürdü ki, bura Azərbaycan, buranın dövlət dili də Azərbaycan dilidir. Ona görə də biz bu məsələni dekabrın əvvəlində bir daha dilə gətirəndə və MTRŞ sədri Nuşirəvan Məhərrəmli də qəti şəkildə deyəndə ki, artıq əcnəbi dil dövrü bitmişdir, kimsə buna qarşı olmadı və hamı oturub son qərarı gözləməyə başladı. Biz də heç şübhə etmirdik ki, artıq bu dəfə MTRŞ dil məsələsində qərarlılığını qərarlı şəkildə nümayiş etdirəcək…

Ancaq təəssüflər! Min dəfə təəssüf olsun ki, gözlənilən baş vermədi. Yenə də rus dilinə nəsə özəl yanaşma nümayiş etdirildi. Baxmayaraq ki, MTRŞ-nin dekabrın 30-da qəbul edilən qərarı bütün xarici dillərə aiddir, əslində burada hamı bilir ki, söhbət rus dilinə xüsusi imtiyazdan gedir. Niyə bu dilə imtiyaz tanınmalıdır? Hansı səbəbdən? Axı Azərbaycan xalqının böyük əksəriyyəti, xüsusən də yetişməkdə olan gənc nəsil artıq bu dili heç anlamır. Digər xarici dillərə gəlincə isə, zatən o dillərdə heç bir kanal veriliş yayımlamır (ingiliscə xəbərlər istisna olmaqla). Yəni birilərinin şıltaqlığına görə Azərbaycana işğalçı kimi gəlib öz milli-mənəvi dəyərlərini bizə zorla sırımaq istəyən Rusiya imperiyasının dilini biz niyə hələ də öpüb gözümüzün üstünə qoymalıyıq?!

Sən demə birilərinin hələ də öz manqurtluğu üzündən qurtula bilmədiyi, yaxud da qurtulmaq istəmədiyi “Nə, nə vaxt, harada?” adlı çox intellektual bir veriliş varmış və həmin veriliş olmasa Azərbaycan batacaqmış! Necə də absurd, mənasız və aşağı təfəkkürdən qaynaqlanan bir iddiadır! Yetməzmi bu milləti ələ salmağınız? Məgər rus dili olmayanda Azərbaycan xalqı, onun mədəniyyəti, zəkası, qabiliyyəti yox idi? Rus dili buraları işğal etməzdən öncə bizim intellektimiz məgər ruslardan geri qalırdı ki? Kim bunu sübut edə bilər?! Necə, hansı faktlarla, hansı tarixlə?

MTRŞ qərar çıxarır ki, xarici dillərdə efirə gedəcək hansısa verilişlərdə altyazı tərcümələrindən istifadə mütləqdir. Məgər belə qərar ilin başlanğıcından qüvvədə deyildi ki? Onda da bu qərara əməl edən olmadı, elə bundan sonra da olan deyil. Çünki bizim TV və radio kanallarımızın əksəriyyəti millilikdən uzaq bayağı bazar səviyyəsində bir şeydir. Bir vaxtlar “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun dediyi kimi əksər TV-lərimizdəki verilişlər “bazar arvadlarının söhbətlərini” xatırladır. İndi biz bu bazar təfəkkürlü efir sahiblərindən milli-mənəvi dəyərlərimizə, xüsusən də dilimizə hansı hörməti gözləyək? Axı bunlar öz-özünə dilimizə sayğı göstərən deyil. TV-lərimiz arasında eləsi var ki, xəbərlər üçün təsadüfi adamlardan müsahibə alanda gedib bir urus balası tapır və onu rus dilində danışdırıb tərcüməsiz də efirə verir. Eləsi də var ki, az qala hər gün efiri rus dilində filmlərlə doldurur. Bunlara hansısa yumşaq göstəriş vermək yetərli deyil. Qətiyyət gərəkdir, qətiyyət. Birmənalı şəkildə əcnəbi dillərdə veriliş və xəbərlərin yayımlanmasına son verilməlidir. Əgər biz düşünürüksə ki, adda-budda xarici dillərdə olan verilişlərlə özümüzü təbliğ etmiş oluruq, yanılırıq. Rusun, Rusiyanın nəyinə lazımdır Azərbaycanın hansısa TV kanalında yayılan rusdilli boyat xəbərlər? Kim onlara baxır, yaxud da baxacaq?

İlin sonunda, xüsusən də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində belə qanqaraldıcı qərar heç ürəyimizcə olmadı. Yetər, millət! Yetər, artıq qurtulmaq lazımdır imperiya mirasından! Rusiya, ruslar zatən bizdən əl çəkiblər! Biz niyə əl çəkmək istəmirik, əl çəkə bilmirik, anlamıram. Rus dilində danışdığına görə özünü bütün Azərbaycan xalqından üstün hesab edən bir ovuc adamın dedikləri nə vaxtadək bizim üçün qanun olacaq?! Niyə də olmalıdır?! Bizcə, Nuşirəvan bəy MTRŞ-nin toplantısını yenidən çağırıb bu məsələnin üzərinə qayıtmalıdır. Biz yenə də ona dəstək üçün hazır durmuşuq. Heç geri addım atacağımız da yox. Haydı, Nuşirəvan bəy, hərəkətə keçin, bu iş bitsin. Bir millətin öz dilinə sayğısızlıq edənlərlə bu qədər uzun müddət uğraşması heç ona baş ucalığı gətirəcək şey deyil. Qurtaraq özümüzü bu ayıbdan!

Azər Həsrət

Yazının dərci: Gündəlik Bakı, 31 dekabr 2008

Oxunma sayı: 4463