Dilimizlə bağlı xatırlatma

2007-ci ilin sonuna doğru Azərbaycan TV və radiolarında rus dilindən istifadəyə qadağa qoyulması üçün bir sıra addımlar atıldı. Milli təəssübkeşliyinə heç şübhə etmədiyim Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli xüsusi təkidlə bu məsələnin üstünə gedib artıq rus və başqa əcnəbi dillərdə verilişlərin yayımlanmasına son verilməsi üçün səlahiyyətləri çərçivəsində çox önəmli addımlar atdı. Yəni adam birmənalı şəkildə dedi və qərarlaşdırdı ki, Azərbaycan TV və radiolarının artıq əcnəbi dillərdə verilişləri efirə verməsinin sonu gəlməlidir. İndi buyurun, ana dilimizdə veriliş yayımlayın.

Ancaq təəssüflər olsun ki, hələ də rus boyunduruğundan və əsarətindən daxilən qurtula bilməyən bir dəstə Nuşirəvan bəyin üzərinə yeriyib iddia etdi ki, rus dilini qadağan etməkdə haqlı deyilsiniz. Sən demə Azərbaycan xalqının çox böyük əksəriyyəti bu dildə verilişlərə üstünlük verir. Təbii ki, əsassız iddia idi. Əsassız olduğu üçün ayaq açıb yeriyə bilmədi və bu zaman biriləri siyasi şantaja qalxışdılar. Nə bilim, guya Azərbaycanda antirus əhvali-ruhiyyəsi varmış. Guya Nuşirəvan bəyin bu addımı qardaş və dost Azərbaycan və rus xalqlarının arasına nifaq salacaqmış və s. Hətta bəzi adamlar xüsusi olaraq rus dilində yayımlanan “Nə, harada, nə zaman” adlı verilişin efirdən getməsinin ölkə intellektualları üçün ciddi itki olacağını iddia etdilər. Nə isə, bütün bu basqılara sinə gərməkdə çətinlik çəkən Nuşirəvan bəy geri addım atdı və yalnız daha bir il rus dilində istisna hallarda verilişlərin yayımlanmasına izn verdi. Bu izni alar-almaz biriləri ortaya atılıb sağa-sola yenə də rus dilində xəbər və verilişlər yaymağa başladı. Hətta Azərbaycan dilində olan ana xəbər buraxılışlarında rusdilli birisindən elə həmin dildə aldıqları müsahibələri də tərcüməsiz efirə verməkdən çəkinmədilər. Baxmayaraq ki, MTRŞ belə olan halda səslənən fikirlərin altyazı ilə tərcüməsinin zəruri olduğunu deyirdi. Hətta bir az irəli gedib rus dilində filmlər yaymağa da üstünlük verdilər. Elə bil biriləri Azərbaycanda oturub Azərbaycan xalqına və dövlətinə meydan oxuyurdu…

Zaman keçdi. Bir il bitmək üzrədir. İndi Nuşirəvan bəyin ötən il səsləndirdiyi fikirlərin üzərinə qayıtmasına ehtiyac var. Yəni artıq bütün TV və radio kanallarına rəsmən məktub göndərib onlara birmənalı şəkildə anladılmalıdır ki, 2009-cu il yanvarın 1-dən başlayaraq rus dilində hər hansı yayıma son qoyulmalıdır. Özü də bu son qoymada heç bir güzəşt yeri olmamalıdır. Yəni artıq Azərbaycan özünə görə oturuşmuş bir dövlətdir. Onun Konstitusiyasında birmənalı şəkildə dövlət dilinin hansı dil olduğu göstərilib. Üstəlik əhalinin də artıq böyük bir hissəsi rus dilində heç nə anlamır (yəni anlamağa da borclu deyil, baxmayaraq ki, biz əcnəbi dillərin öyrənilməsinin qızğın tərəfdarıyıq). Yəni məntiq özü də bizi ona səsləyir ki, TV və radiolarımız hansısa azsaylı bir tamaşaçı auditoriyası xatirinə əsas tamaşaçı kontingentindən imtina edərsə, özünə zərər vurmuş olar. Buna görə də Nuşirəvan bəyin bir daha hərəkətə keçməsinə və bu dəfə son və qəti addımlar atmasına gərək var. Bir zamanlar prezident Heydər Əliyevin əlifba ilə bağlı atdığı addım kimi. Hər kəs xatırlayır ki, uzun illər çözülə bilməyən latın əlifbasına keçid məsələsini Heydər Əliyev cənabları bir günün içində fərman verib qısa an içində də həll etdi. Elə o zaman da dirəniş göstərmək istəyənlər oldu. Ancaq qarşılarındakının qətiyyətini görüncə, geri durub susdular və əlifba məsələsi birdəfəlik bitdi. İndi də, bizcə, Nuşirəvan bəy öz qərarını bir daha səsləndirərsə və hazırkı prezident İlham Əliyev Heydər Əliyevin o zamankı qətiyyətini təkrar edərsə, məncə bu dil məsələsi də keçmişdə qalar.

…Əlbəttə ki, biz də ictimaiyyət nümayəndələri olaraq bu cür addım atılacağı təqdirdə ən ciddi dəstəyimizi verməkdən heç geri duran deyilik.

Azər Həsrət

Yazının dərci: Lent.az, 15 dekabr və Gündəlik Bakı, 16 dekabr 2008

Oxunma sayı: 5686
Share