"Yəqin ki, “Müxalifət”lə məhkəmədə görüşəcəm"

“Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyinin türk cümhuriyyətləri baş təmsilçisi Azər Həsrət “Müxalifət” qəzeti ilə məhkəmədə çəkişmək haqqında düşünür. Bu barədə o, mətbuat üçün verdiyi açıqlamada bildirib. Azər Həsrət deyib ki, adı çəkilən qəzet özünün 30 dekabr 2009-cu il tarixli sayında onunla bağlı “Dəvə dərisinin sehri” başlıqlı böhtan və təhqirlərlə dolu yazı dərc edərək şərəf və ləyaqətini alçaltmış, ictimai nüfuzuna zərbə vuran davranış nümayiş etdirmişdir.

“Yazıda məni açıq mətnlə manqurt adlandırır, əqidəmi dəyişməkdə ittiham edirlər. Bundan başqa mənim “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin əleyhinə üstüörtülü kampaniya apardığım da iddia edilir. Bunlar azmış kimi, bu cür “əməllərim”in hakimiyyətdən qaynaqlandığı, özü də guya hansısa maliyyə qarşılığında belə davrandığımın iddia edildiyi yazıda hətta normal əxlaq sahiblərinin dilə gətirə bilməyəcəyi tərzdə təhqirlərə yol verilib”, – deyə Azər Həsrət bildirib.

Daha sonra o, qeyd edib ki, yazı dərc edilən gün qəzetin redaktoru Rövşən Kəbirliyə zəng edərək izahat istəyib. Rövşən Kəbirli isə ona bildirib ki, “Şərq” qəzetində çıxan bir yazıda Azər Həsrət üstüörtülü şəkildə Azərbaycanı beynəlxalq aləmdə biabır edən jurnalistlərə eyham vurub. Rövşən Kəbirli də hakimiyyətin Mehman Əliyevi tez-tez tənqid etməsi ilə bunu müqayisə edərək Azər Həsrətin hakimiyyətin kampaniyasında yer alması kimi dəyərləndirdiyini deyib. “Mən Rövşən Kəbirliyə dedim ki, əgər hər hansı bir məsələ haqqında eşitmisinizsə, zəhmət çəkib zəng edəydiniz və məndən ən dəqiq və aydın mövqeyimi öyrənəydiniz. Mən bütün fəaliyyətim dövründə jurnalistləri və insan haqlarını qorumuşam və bundan sonra da qorumaq fikrindəyəm. Təbii ki, dövlətin və millətin mənafeyi məsələlərində də kimsəyə güzəşt etməmişəm və edən də deyiləm. “Şərq” qəzetindəki  yazıda sözügedən məsələyə gəlincə isə, demək istərdim ki, mən Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkil etdiyi bir tədbirdə jurnalistikaya dəxli olmayanları müdafiə edən jurnalist qurumları haqqında tənqid səsləndirmişəm. Özü də üstüörtülü şəkildə deyil, açıq şəkildə və adlar çəkərək. Təbii ki, Mehman Əliyevin adı bu sırada olmayıb”, – deyə Azər Həsrət qeyd edib.

Azər Həsrətin dediyinə görə, Rəvşən Kəbirli söhbətin sonunda yanlışlığa yol verdiklərini etiraf edib və bayramdan dərhal sonra onu redaksiyaya dəvət edəcəklərinə, mövqeyini geniş şəkildə işıqlandıracaqlarına söz verib: “Ancaq bayram və üstəlik də bayram sonrası bir iş həftəsi geridə qalsa da “Müxalifət” qəzetinin redaksiyasından mənimlə əlaqə saxlayan olmayıb. Ona görə də belə qənaətə gəlmişəm ki, bu qəzetin rəhbərliyi sadəcə vaxtı uzatmaqla əsəblərimin sakitləşməsini gözləyir və bəlkə bu yazını unudacağımı düşünür. Mənsə deyirəm ki, belə yazıya görə onlar qanunun ən sərt tələbləri çərçivəsində cavab verməli olacaqlar”.

Azər Həsrət deyib ki, önümüzdəki həftə ərzində məsələni Mətbuat Şurasının rəhbərliyi ilə müzakirə edib uyğun addımları atmaq fikrindədir. “Yəqin ki, “Müxalifət” qəzetiylə məhkəmədə görüşməli olacam”, – deyə o, bildirib.

Jurnalist olmayanları jurnalist kimi qələmə verərək müdafiə edənlərə gəlincə isə Azər Həsrət buna da aydınlıq gətirib: “Mən çıxışlarımda dəfələrlə demişəm ki, mərhum Novruzəli Məmmədovu, yaxud da Nazim Quliyev kimi adamları guya jurnalist fəaliyyətinə görə təqiblərə məruz qalan şəxslər kimi beynəlxalq ictimaiyyətə tanıdan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu çox ciddi yanlışa yol verir və belə əməllər dövlətimizin və millətimizin mənafeyinə ziddir. Dövlətimin mənafeyini hər şeydən üstün tutduğum üçün bu cür qurumları hər zaman tənqid etmək fikrindəyəm”.

Dəvə dərisinin sehri
Azər Həsrət aydınlıq gətirir
Azər Həsrət: “Mən hakimiyyətin pisliklərini dövlətin adı ilə bağlamağa qarşıyam”
“Müxalifət”lə aramızdakı problem həllini tapıb

Oxunma sayı: 4671