Yaxud Azər Həsrət necə sürüşür?
Dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun xalqını milli oyanışa səsləyən «Gün var əsrə bərabər» adlı tarixi romanını yəqin ki, çoxları oxuyub. Əsərin ana xətti budur ki, başına dəvə dərisi keçirilərək uzun müddət qızmar günəş altında saxlanılan gənc qazax nəticədə keçmişini tamamən unudur, hətta yaddaşı pozulduğuna görə anasını belə tanımır, ondan qaçır. Belələrinə manqurt deyirlər. Və bəzən mənə elə gəlir ki, deyəsən bu dəvə dərisinin insan yaddaşına mənfi təsiri yazıçının fantaziyası deyil, həqiqətən belədir. Vaxtilə xətrini istədiyim, nitqinə heyranlıqla qulaq kəsildiyim Azər Həsrətin son illərdəki davranışını görəndən sonra mən buna bir daha əmin oldum.
Belə ki, dünənə qədər Jurnalistlərin Həmkarlar İttifaqı adlı bir təşkilatın rəhbəri kimi ölkədə media azadlığına yönəlik iqtidar basqınlarına kəskin etiraz bildirən, jurnalistlərin keçirdiyi piket və yürüşlərdə səsinin diksiyasını türkiyəli siyasi liderlərinkinə bənzədərək (etiraf edək ki, bu onun ifasında çox təsiredici olurdu) Tahir Kərimlisayaq bağıra-bağıra saatlarla nitq söyləyən (hakimiyyəti asıb-kəsən) Azər Həsrət Orta Asiya regionuna (Qazaxıstana) səfərdən sanki manqurt kimi qayıdıb. Açıq hiss olunur ki, o, yaxın keçmişini unudub. O keçmişini ki, Azər bəyi nəinki Azərbaycanda, hətta bu gün xain öküz kimi baxdığı Avropada, okeanın o tayında tanıdıb (Kaş bu mövzunu həmkarım Zamin Hacı təqdim edəydi. Yəqin ki, onun bir az yumor qatdığı tikanlı sözləri A.Həsrətə təsir edər, keçmişini xatırladardı). Ancaq biz də az aşın duzu deyilik. Fikirləşib A.Həsrət şəxsiyyətindəki son deformasiyaların səbəbini tapdıq. Bizə belə gəldi ki, bu dəyişiklik, yaddaşsızlıq Orta Asiyaya-Qazaxıstana səfər zamanı Azər bəyin başına basılan və dəvə dərisindən hazırlanmış papaqdan qaynaqlanır. Başqa cür necə ola bilər ki, 15-16 il sərasər Azərbaycan mətbuatının ağır durumu, təzyiqlə üzləşən jurnalistlər barədə beynəlxalq təşkilatlara məlumat verməkdə birinci olmağa çalışan (operativlik həm tanınmaq, həm də əlavə qrant almaq deməkdir düşüncəsiylə) A.Həsrət bu gün beynəlxalq toplantılarda medianın problemlərindən danışan «Turan»ın direktoru Mehman Əliyevi adını çəkmədən tənqid edir, bu halın yolverilməzliyindən dəm vurur. Bunu o şəxs deyir ki, yuxarıda qeyd etdiyimiz kimi, uzun illər elə bu cür fəaliyyətlə məşğul olub. Belə çıxır ki, dəvə dərisindən olan qazax papağı Azər bəyə keçmişini unutdurub. Hətta o dərəcədə ki, illərlə çiyindaşlıq etdiyi, məsləhət aldığı şəxslərin belə kimliyini, hansı missiyanın daşıyıcısı olduqlarını da yadından çıxardıb.
Dəvə dərisindən tikilmiş papaqdakı qüdrətə bax. Ancaq fikrimizcə, A.Həsrətdəki yaddaşsızlıq sindromu, əqidə dəyişkənliyi təkcə başına basılan bu qazax papağı ilə bağlı deyil. Məsələ burasındadır ki, neftdən gələn gəlirlə həm danışan dilləri bağlamaq, həm də Avropanın demokratik institutları ilə birgə fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatlarını öz tərəfinə çəkmək siyasəti yeridən hakimiyyət istəyinə qismən nail olub. Tərs kimi bu ərəfədə beynəlxalq donor təşkilatları da Azərbaycanda fəaliyyət göstərən demokratik təsisatlara daha əvvəlki kimi maliyyə yardımı ayırmır. Ki, bu da hakimiyyətə pulsuzluqdan əziyyət çəkən ictimai qurumları təsir altına salmağa, öz tərəfinə çəkməyə imkan verir.
Fikir verdinizmi, OHT-lərə Dövlət Dəstəyi Şurası yaranandan sonra ölkədəki insan haqlarının müdafiəsi ilə məşğul olan əksər QHT-lər sanki tərksilah olundu. A.Həsrətdən danışdığımız üçün «korlanmış» QHT rəhbərlərinin adlarını çəkmirik. Belə də onların kimliyi onsuz da çoxuna məlumdur. Eyni qaydada KİV-lərə Dövlət Dəstəyi yaradıb ora bir az maliyyə ayırmaqla hakimiyyət mediaya bağlı ayrı-ayrı ictimai qurumları və zaman-zaman sərt tənqidə üstünlük verən bəzi müxalifyönlü nəşrləri şirə hopdurulmuş o «pətəyin» ətrafına toplamağı bacardı. Haqqında danışdığımız A.Həsrətin də «pətəyə qonduğu» və oradan şirə çəkdiyi açıq-aydın hiss olunur.
Belə görünür ki, medianı «ağ günə» çıxardıb, indi də nəqliyyat sahəsində çalışanlara «gün ağlamaq» həvəsinə düşən Azər bəy daha əvvəllər «hakimiyyətə asi düşməyinin» suçunu yumaq üçün mətbuatdan birdəfəlik çəkilmək niyyətində deyil. Qınamırıq onu, çünki hamının yoxsul hesab etdiyi media sahəsində bəzi şəxslər maliyyə maqnatına çevrilib, hərbi xidmətdən yayındırıb xaricdə oğul oxutdurmaq imkanı qazanıb, Bakıda bir neçə mənzil, tez-tez markası dəyişdirilən minik avtomobilinə sahib olursa, A.Həsrət niyə bu gəlirli biznesdən kənara çəkilməlidir ki?…
Çəkilməsin, amma insanda abır-həya adlı bir mənəvi keyfiyyət də olmalıdır axı?! Əqidəni dəyişdin, cəhənnəmə ki! Heç olmasa özünün bir az əvvəl seçdiyin yola tüpürmə də. Çünki bilməlisən ki, bu tüpürcəkdən ən çox pay tez-tez əqidəsini, məsləkini dəyişənlərin üzünə düşür.
Hesab edirik ki, əgər kimsə keçmişinin başına qaxınc edilməsini istəmirsə, bunun üçün ən doğru yol susmaqdır. Məsələn, yəqin ki, Azər bəy sussaydı, biz də heç adicə bir dəvə dərisindən hazıranmış papağın onu manqurtlaşdırdığından xəbər tutmazdıq.
Sonda mövzuya dəxli olmayan, ancaq papaqla bağlı bir rəvayət söyləyək, Azər bəyin də eyni açılsın.
Belə nəql edirlər ki, 100 il öncə, indiki «Qanuni oğru»ların «Lotu» adlandırıldığı zamanlarda (əfsanəvi Lotu Bəxtiyarı xatırlayın) bir Lotu var imiş. O, başının əsabələri ilə pulunu qabaqcadan ödədiyi restorana gələr, yeyib-içərlər, sonra da yeməkxana sahibini çağırıb başındakı papağı nümayişkəranə fırlayar və deyərmiş: – Ağa, yemək üçün təşəkkür. Biz getdik. Pulunu əvvəlcədən almış ağa da tənzim edər və ona «yaxşı yol» diləyərdi.
Kənarda oturub bu mənzərəni dəfələrlə seyr edən bir cahil fikirləşir ki, nəyin bahasına olursa-olsun pulsuz yemək şansı verən bu sehirli papağı almalıdır. Lotu növbəti dəfə sağollaşıb getmək istəyəndə avam adam yapışır ondan ki, a bəy, nə deyirsən verirəm, bu papağı sat mənə. Məsələnin nə yerdə olduğunu hiss edən Lotu məzənnəni qaldırmaq üçün üzünü bozardır: – Bura bax, heyvan, sən kimsən ki, məndən papağımı istəyirsən. Başına bir güllə çaxaram, olarsan o dünyalıq.
Kişi əl çəkmir: – İstəyirsən öldür, amma başına dönüm, bəy, sat onu mənə, nə qədər desən verirəm. Axırda 100 qızıla razılaşırlar. Aldığı papaq başında elə həmin restorana gələn avam yaxşıca yeyib-içir. Sonra da barmeni çağırıb papağı bir dəfə fırlayıb deyir: – Ləziz yeməklər idi. Sağ olun, mən getdim. Barmen yapışır ondan ki, ay kişi, yeməyin pulunu ver. Nadan elə zənn edir ki papağı düz fırlatmayıb. Odur ki, çıxarıb təzədən başına qoyur və fırlayır. Bir neçə dəfə sağa, sola, arxaya, önə – xeyri olmur. Barmen əl çəkmir ki, borcunu ödə. Səs-küyə yeməkxananın sahibi gəlir. Cahil ona da papaq pozası verir. Çifayda. Məsələnin nə yerdə olduğunu anlayan restoran sahibi barmenlə birləşib bunu eşşək kimi döyür yediyini burnundan gətirir, özünü də papaqqarışıq sürüyüb atırlar bayıra.
P.S. Bəlkə Azər bəy də elə zənn edir ki, bu papaqla o, iqtidar düşərgəsində havayı yeyib-içmək, gəzmək, şəxsi mənzil və avtomobil əldə etmək şansı yaxalaya bilər? Baxaq, görək o təzə aldığı papağı bundan belə necə fırladacaq.
Babək
Qaynaq: Müxalifət qəzeti
Yəqin ki, “Müxalifət”lə məhkəmədə görüşəcəm
Azər Həsrət aydınlıq gətirir
Azər Həsrət: “Mən hakimiyyətin pisliklərini dövlətin adı ilə bağlamağa qarşıyam”
“Müxalifət”lə aramızdakı problem həllini tapıb



