Azər Həsrət: "Mən hakimiyyətin pisliklərini dövlətin adı ilə bağlamağa qarşıyam"

Mətbuat Şurasının yaradıcılarından olan Azər Həsrət hesab edir ki, bu qurumun təməli sağlam qoyulmayıb

Xəbər verdiyimiz kimi JuHİ-nin (Jurnalistlərin Həmkarlar İttifaqı) sabiq sədri, bir vaxtlar Azərbaycanda medianın məmur başqılarından müdafiəsində aktiv iştirak edən, lakin son illər bu sahədən uzaqlaşmış Azər Həsrətlə bağlı qəzetimizin 30 dekabr 2009-cu il tarixli sayında dərc olunmuş yazıda səslənən bəzi fikirlərlər qarşı tərəfdə narazılıqla qarşılanıb. Yazının yazılmasına səbəb olan amillə bağlı qəzetin ötən sayında qısa məlumat versək də, bununla kifayətlənməyib, bizim üçün qaranlıq qalan bəzi digər məqamlara da aydınlıq gətirmək üçün Azər bəyi redaksiyaya dəvət etdik. Vaxtilə mətbuatın ən qatı müdafiəçilərindən olan A.Həsrətin indi nə işlə məşğul olduğu çoxları kimi bizi də maraqlandırırdı. Ona görə də Azər bəyə ilk sualımız elə bu barədə oldu:

– Azər Həsrət indi hardadır?

– Bəlkə sualı belə qoyaq: harada idi? Bu gün mən Azərbaycanda özümü təqdim edəndə belə deyirəm: “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi. Yəni indi mənim əsas işim – əgər buna vəzifə demək olarsa – vəzifəm budur. Təbii ki, başqa işlərim də var, ancaq o işlər ikinci dərəcəlidir. Hesab edirəm ki, bu gün istər Azərbaycan, istərsə də digər bağımsız türk cümhuriyyətlərində türk dünyasının birliyi, bizim yanaşmamıza görə Avropa Birliyi formasında bir birliyinin yaranmasının təməlini qoymağın vaxtı çatıb. Təbii ki, bu məsələdə dövlətlər səviyyəsində müəyyən addımlar atılıb və atılmaqdadır. Biz də vətəndaş olaraq aşağıdan bu işlərlə məşğuluq. Mənim missiyamın əhatə etdiyi coğrafi məkan Azərbaycan və dörd Orta Asiya türk cümhuriyyətidir. Bununla yanaşı, mən eyni zamanda digər bölgələrdəki türk toplumları ilə məşğul oluram.

– Konkret nə işlə məşğulsunuz, fəaliyyətiniz nədən ibarətdir?

– Göründüyü kimi, biz əsasən ictimai fəaliyyətlə məşğul oluruq. Bu dərnək Türkiyənin Bursa şəhərində yaradılıb, mərkəz ordadır. Başlıca missiyamız türk cümhuriyyətlərində vətəndaşların bu ideya üzərində maarifləndirilməsi, birliyin zəruriliyi və perspektivləri barədə insanları məlumatlandırmaqdır. Məqsəd ictimai fikir formalaşdırmaqla belə bir birliyin yaranması üçün hökumətlərə təsir göstərməkdir. Təbii ki, həddimizi aşmadan, sadəcə inandırma, məsələnin vacibliyinə diqqəti cəlb etməklə. Çünki bu elə bir missiyadır ki, burda hökumətlə qarşıdurmaya getməklə uğur qazanmaq olmaz, əksinə, itkilər olar. Buna görə də bizim təşkilat ölkələrin daxilində baş verən siyasi çəkişmələrə qarışmır. Məsələn, söhbət Azərbaycandan gedirsə, biz dərnək olaraq buradakı iqtidar-müxalifət və partiyalararası çəkişmələrdə tərəf olmuruq. Amma təbii ki, bir vətəndaş olaraq mənim də öz mövqeyim var.

– Deyə bilərsinizmi, niyə ölkədə mətbuatın vəziyyəti əvvəlki illərlə müqayisədə pisləşməyə doğru getdiyi bir vaxtda siz medianı müdafiə edən bir təşkilatdan, ümumiyyətlə isə jurnalistika sahəsindən kənara çəkildiniz?

– Bu olayın tarixçəsini yəqin ki, siz xatırlamırsınız. Bu, 2005-ci illə bağlı məsələdir. Məhz həmin il mənim Mətbuat Şurasında üzvlüyümün müddəti başa çatmışdı. Baxmayaraq ki, may ayındakı qurultayda qurumun İdarə Heyətinə növbəti seçkilərdə mənim də namizədliyim var idi, amma mən bundan könüllü imtina etdim. Elə həmin ərəfədə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi vəzifəsindən də könüllü çəkilərək yerimi Yadigar Məmmədliyə verdim. Təəssüf ki, bu gün o təşkilat fəaliyyətsizdir. O vaxt jurnalistika ilə bağlı ictimai təşkilatlardan uzaqlaşanda bəyan etmişdim ki, bundan sonra siyasətlə məşğul olmaq fikrindəyəm. Bu, mənim içimdən gələn bir istək idi. Ancaq mənim bu istəyə çatmaq üçün jurnalistikadan bir alət kimi istifadə etmək niyyətim yox idi. Bu səbəbdən də o sahədən tamamilə uzaqlaşdım. Amacım o vaxt keçirilən parlament seçkilərində iştirak etmək, hətta mandat qazanmayacağım təqdirdə belə, partiyaların birində funksioner kimi fəaliyyət göstərmək idi. Ancaq sonrakı proseslər elə gətirdi ki, seçilsəm də nə mandat ala, nə partiyada siyasi fəaliyyətlə məşğul ola bildim, nə də jurnalistikaya qayıtmaq fikrim oldu. Söhbət, o vaxta qədərki kimi, aktiv jurnalistikadan gedir. Bunu ona görə deyirəm ki, mən bu gün də mətbuatdan uzaq deyiləm, ara-sıra yazılarım, şərhlərim olur. Lakin indi bu məsələdə 2005-ci ilə qədərki fəallığım yoxdur. Bu, açıq-aydın görünür.

– Azər bəy, yəqin mənim deməyim artıq olar ki, siz elə jurnalistika sahəsində çalışaraq da aktiv siyasətlə məşğul ola, parlament, hətta prezident seçkilərində iştirak edə bilərdiniz.

– Əslində hələ o vaxt siyasi fəaliyyətlə məşğul olan dostlar mənə bunu deyiblər. Bildirirdilər ki, əksinə, sən jurnalist təşkilatının rəhbəri kimi daha çox siyasi dividend əldə edə bilərsən. Ancaq bilirsiniz, mən vicdanlı adamam, jurnalistikanı siyasi çəkişmə və siyasi mübarizəyə alət edə bilmədim və etməzdim də. Mən bu şineli əynimdən çıxarıb qoyuram bir kənara, yeni fəaliyyətə uyğun şineli geyirəm. Prinsipimə də sadiq qaldım. «Azadlıq» blokundan namizədliyim irəli sürülmüşdü. Fəqət seçkinin təbliğat-təşviqat kampaniyası dövründə, ondan əvvəl və sonra imkanım olduğu halda, mən mətbuatdan istifadə etmədim. O dövrün qəzetlərinə baxmaqla sözlərimin doğruluğuna əmin ola bilərsiniz.

– Bu gün siyasətlə məşğul olmursunuz. Bəs millət vəkili olmaq necə, bu iddiadan da imtina etmisinizmi?

– Əsla! Bu il parlament seçkisi ilidir. Və mən artıq fikrimi bəyan etmişəm. Düzdür, mən indi daha çox virtual aləmlə məşğulam. Bununla belə, mandat uğrunda mübarizə aparacağım qətidir. Və yenə də namizədliyimi verəcəyim dairə ya anadan olduğum 56 saylı Xaçmaz kənd, ya da bu gün yaşadığım 34 syalı Xətai seçki dairəsi olacaq.

– Söhbətin əvvəlində Mətbuat Şurasından könüllü getdiyinizi dediniz. Sizə elə gəlmirmi ki, həm də sizin bu qurumdan uzaqlaşmağınızın nəticəsidir ki, MŞ bu gün rəzil duruma düşərək, dönüb mətbuatla mübarizə aparır?

– Məsələ burasındadır ki, Mətbuat Şurası rəzil duruma indi deyil, elə ilk yaranan vaxtdan düşüb. Yəni bu təşkilatın təməli sağlam qoyulmayıb. Şuranın ilk təsis qurultayı, ondan əvvəlki dövr və qurultayın özünün gedişi hər kəsin yadındadır. Təəssüf ki, o zaman biz hamımız bir mövqedən çıxış edib, eyni amal uğrunda mübarizə üçün birləşdyimiz halda, bizim içimizdən biriləri bizləri yanıltmağa cəhd göstərirdi. Yadımdadır ki, həmin vaxt mən və mənim kimi düşünənlər Əflatun Amaşovun sədrliyinə qarşı idik. Hətta o zaman bir dəfə Rauf Arifoğlu ərklə bizə təpindi ki, niyə imkan vermirsiniz Ə.Amaşov sədr olsun. Mən və mənimlə həmfikir olanlar belə hesab edirdik ki, Ə.Amaşov postsovet məkanında ilk olaraq yaradılacaq bir qurumu sıfırdan başlayıb inkişaf etdirəcək bir şəxs deyil. Yəni bu məsələ Ə.Amaşovun imkanları xaricində olan çətin bir işdir. Təəssüf ki, o vaxt biz eşidilmədik və hakimiyyətin birbaşa müdaxiləsi, dəstəyi və tapşırığı ilə sədr postu Ə.Amaşova verildi. Ya zəlzələdən, ya vəlvələdən, mən seçilmədim. Ancaq mən təmiz mübarizə aparan adamam. MŞ İH-in üzvi kimi çalışdığım iki il ərzidə bütün bacarığımı ortaya qoydum ki, MŞ nüfuz qazansın, inkişaf etsin. Mən toy generalları kimi adları İH-yə salınmış iki ziyalının mənfi iş əmsalına belə açıq etiraz etdim. Hər ikisinə hörmətim indi də var, ancaq seçilmisənsə, yaxud səni bura seçiblərsə, iclaslarda iştirak etməli, üzərinə düşən vəzifəni yerinə yetirməlisən. Onlar isə heç MŞ-nin iclaslarına belə gəlmirdilər.

– Azər bəy, Mətbuat Şurası ilə bağlı söhbətlərimizin sonunda sizə daha bir sualımız olacaq. İndilikdə isə, gələk «Müxalifət» qəzeti ilə sizin aranızda, belə deyək, yox yerdən əmələ gələn incikliyin qaynaqlandığı məsələyə. Necə hesab edirsiniz, Azərbaycan mətbuatının, burdakı tənqidi medianın hansı təhdid və basqı altında fəaliyyət göstərdiyi, jurnalistlərin həbsi, məhkəmə təzminatları və s. bu kimi problemlər barədə beynəlxalq təşkilatları məlumatlandırmaq doğru, yoxsa yanlış addımdır? Yəni bunu etmək olmaz, ona görə ki, belə məlumatlarla beynəlxalq aləmdə Azərbaycanın imicinə ziyan vurulur, ölkə biabır olur?

– Təəssüf ki, barəmdə yazdığınız o yazıdan da belə çıxır ki, guya mən bütövlükdə mətbuata və ayrı-ayrı jurnalistlərə hakimiyyətin təzyiqlərinin beynəlxalq arenaya çıxarılmasına qarşıyam. Bu çox yanlış fikirdir. Əksinə, hesab edirəm ki, bu istiqamətdə daha mütəşəkkil və operativ fəaliyyət göstərmək lazımdır. Şəxsən mən uzun müddət bu işlə məşğul olmuşam və bu gün də imkanım və vaxtım çatan qədər məşğul oluram. Keçən ilin iyun ayında Beynəlxalq Mətbuat İnstitutunun Finlandiyada keçirilən qurultayında iştirak etmişəm və görüşlərdə, tədbirdəki çıxışlarımda Azərbaycan mətbuatının problemlərindən söz açmışam. İstər bu, istərsə də həmin qurumun 2008-ci ildə Belqradda keçirilən qurultayında mən Qənimət Zahid, Mirzə Sakit, Eynulla Fətullayev, Müşfiq Hüseynovun qanunsuz həbsləri məsələsini qaldırmışam.

Mən Əlikram Hümbətov, yaxud Novruzəli Məmmədov kimi separatizmlə məşğul olub, tarixən qaynayıb-qarışmış iki xalq arasına nifaq toxumu səpənlərə və Nazim Quluyevə görə Azərbaycanın adını qara siyahıya saldıranlara qarşıyam.

Reportyorların Azadlığı və Təhlükəsizlik İnstitutu hansı əsasla Nazim Quluyevlə (bu adamı məmləkətdə tanımayan, onun nəylə məşğul olduğundan xəbəri olmayanlar varmı?) Novruzəli Məmmədovun (dünyasını dəyişib, Allah əməlinə görə o dünyasını versin!) adını təzyiqə məruz qalan jurnalistlər kimi siyahıya salır və o siyahını da beynəlxalq təşkilatlara göndərir? Biz Azərbayan hakimiyyətini bu və ya digər məsələdə tənqid edə bilərik. Vaxtilə mən özüm «Azadlıq»qəzetində mərhum Heydər Əliyevi o qədər tənqid etmişəm ki… Amma mən Azərbaycan dövlətini tənqid etməyin əleyhinəyəm. Biz dövlətlə hakimiyyəti (hökuməti) bir-birinə qarışdırmamalıyıq. 2005-ci ilin parlament seçkilərində mən seçicilərlə görüşdüyüm vaxt bir məktəb direktoru mənə yaxınlaşıb qəzəblə dedi ki, niyə dövlətə qarşı çıxırsan, sən vətən xainisən və s. Mən ona iki cümlə dedim, o məktəb direktoru xəcalətindən ordan baş götürüb qaçdı. Dedim, ay camaat, baxın, məktəb direktoru hələ də dövlətlə hakimiyyəti bir-birindən fərqləndirə bilmir. Yəni biz dövlətimizi sevməliyik, hakimiyyət gəldi-gedərdir, dövlət isə əbədidir. Bu mənada biz hakimiyyəti sevməyə, onun siyasətini tənqid edə bilərik. Amma hakimiyyətin pisliklərini dövlətin adı ilə bağlamaq yolverilməzdir. Bax, mən bu amili nəzərə alaraq RATİ-nin rəhbəri Emin Hüseynova deyirəm ki, qardaş, sən Q.Zahidi, M.Sakiti, hətta M.Hüseynovu, E.Fətullayevi (sevmədiyim, xoşlamadığım bir adamı. Hərçənd onun niyə zindanda olduğu bir az başqa məsələdir) müdafiə elə, amma altı ayda bir dəfə dörd səhifəlik bir şey çıxarıb, orda da Azərbaycan dövlətçiliyinə qarşı yazılar dərc edəni jurnalist kimi təqdim etmə! Novruzəli Məmmədov jurnalistdirsə, bəs biz kimik? Qoy, onun hüquqları ilə hüquq müdafiə təşkilatları məşğul olsun.

– Belə başa düşdüm ki, həmin tədbirdəki çıxışınızda siz «Turan» İA-nın direktoru Mehman Əliyevi nəzərdə tutmamısınız. Elə isə deyin görək, Mehman bəyin Tiflisdəki çıxışını siz necə qiymətləndirirsiniz?

– Ümumiyyətlə mən bu məsələlərdən danışarkən heç vaxt Mehman Əliyevi nəzərdə tutmamışam. Əslində mən heç Mehman bəyin o tədbirdəki fikirləri ilə də tanış deyiləm. Sadəcə bəzi qəzetlərdə oxumuşdum ki, bu olayla bağlı Azərbaycan ictimai rəyində M.Əliyevə qarşı bir mənfi fikir formalaşdırmağa cəhd edənlər var. Mehman bəyi xeyli müddətdir tanıyıram, münasibətlərimiz var. Hesab edirəm ki, M.Əliyev ciddi və işini bilən adamdır. Mən heç vaxt Mehman bəyi xain adam hesab etməmişəm. Heç Emin Hüseynovu da xain hesab etmirəm. Sadəcə RATİ rəhbəri olaraq onun təşkilatının hadisəyə yozumunu qəbul etmirəm.

– Azər bəy, söhbətin əvvəlində sona saxladığım sualı vermək istəyirəm: bəlkə yenidən mətbuata qayıdıb bu dəfə qəzetləri məmurlardan deyil, məmurlarla birləşən Mətbuat Şurasından müdafiə etmək üçün alternativ bir qurum yaradasınız?!

– Məsələ ondadır ki, mən 2005-ci ilin məlum olaylarından – seçkidən sonra bir müddət dincəldim. Nə üçün siyasətə getmişdim, niyə bu fikrimdən daşındım və s. məsələlər barədə hələ heç nə danışmamışam. Əslində bu mənə bir dərs oldu. Hesab edirəm ki, bu yoldan məqamında uzaqlaşmışam. Niyə? Çünki ötən bu illərdə bəzi qəzetləri, «Azadlıq» radiosunu, İctimai Televiziyanı çıxmaq şərti ilə, uzun illər birgə çalışdığım insanlardan heç biri bir dəfə də olsun maraqlanmayıb ki, Azər Həsrət, ölmüsən, yoxsa sağsan. Yəni heç məni arayıb-axtaran olmayıb. Həbsdən çıxardığım, döyülüb təzyiqə məruz qalarkən müafiə etdiyim jurnalistlərdən, qapadılmasının qarşısını aldığım qəzetlərdən bircəciyi belə mənim yoxluğumu hiss etdirməyib.

Söhbətimizin davamında Azər bəyin söylədiklərindən belə anlaşıldı ki, o mətbuatdan incik düşüb, vaxtilə bu sahədə göstərdiyi çoxşaxəli fəaliyyətinin həmkarları tərəfindən lazımi şəkildə qiymətləndirilməməsi ona pis təsir edib. Bu səbəbdəndir ki, A.Həsrət yenidən media sahəsinə qayıtmaq fikrində deyil. Ancaq o, heç hakimiyətin də yanında yer almayıb. Bildirdi ki,ötən bu illər ərzində onun bu hakimiyyətdən aldığı, ekspert kimi cəlb olunduğu KİV-ə Dövlət Dəstəyi Fondundan verilən 254 manat qonorar olub. Ki, o, indi də bu işə razılıq verdiyinə görə peşmançılıq hissi keçirir. Bir ara maşın alveri ilə məşğul olduğunu deyən Azər bəy, burda rastlaşdığı qanunsuzluğun, eybəcərliyin təsirindən hələ də qurtulmayıb. Deyir ki, dörd səhifəlik sənədin surətini çıxarmaq üçün gömrük-keçid məntəqəsində səndən 10 manat istəyirlərsə, belə ölkədə bizneslə məşğul olmaq mənasızdır. Ona görə də 7-8 ay sonra o, biznes fəaliyyətini də dayandırıb. Və əvvəldən onun üçün piroritet məsələ olan türk cümhuriyyətlərinin birliyinin yaradılması işinə öz töhfəsini vermək qərarına gəlib. İngilis, rus, türk dillərində sərbəst danışan və indi də alman dilini öyrənən A.Həsrət eyni zamanda tərcüməçiliklə məşğul olur. Və elə dolanışığı da əsasən bu tərcümələrdən əldə etdiyi qonorar hesabınadır. Bu mənada Azər bəy «Müxalifət» qəzetində getmiş məlum məqalədə onun hakimiyyətin yanında yer almağa çalışması ilə bağlı yazı müəllifi tərəfindən edilən eyhamların heç bir əsası olmadığını, vicdanı qarşısında təmiz olduğu üçün hamının gözünə dik baxmağı bacardığını söylədi.

Söhbətləşdi: Rövşən Kəbirli

Qaynaq: Müxalifət qəzeti

Dəvə dərisinin sehri
Yəqin ki, “Müxalifət”lə məhkəmədə görüşəcəm
Azər Həsrət aydınlıq gətirir
“Müxalifət”lə aramızdakı problem həllini tapıb

Oxunma sayı: 7260