Azər Həsrət: Ədliyyə Nazirliyi dilimizi kirləndirir

28 yanvar 2010-cu il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyası (VCDK) “Vətəndaş cəmiyyətinin problemləri: mövcud vəziyyət və çıxış yolları” mövzusunda toplantı keçirib.

VCDK-nın koordinatoru Razi Nurullayev bildirib ki, vətəndaş cəmiyyətinin ən əsas problemlərindən biri olan QHT-lərin dövlət qeydiyyatı ilə bağlı “Qeydiyyatdan Keçməyən QHT-lər Şəbəkəsi”nin qurulmasına qərar verilib. O, bildirib ki, vətəndaş cəmiyyətinin digər problemlərinin araşdırılması və bu problemlərin həll olunması istiqamətində fəaliyyət göstərəcək işçi qrupunun yaradılmasına da ehtiyac var.

VCDK-nın Şura üzvü Oqtay Gülalıyev öz çıxışında deyib ki, 2009-cu ilin iyun ayında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna və həmin ilin dekabrında bu qanuna aid olan prezident fərmanına edilmiş məhdudlaşdırıcı dəyişikliklərlə bağlı vətəndaş cəmiyyətində bir çox problemlər yaranmaqdadır. O, həmçinin “Mənzil məcəlləsi”ndə QHT-lərin şəxsi mənzillərdə fəaliyyət göstərməsini əngəlləyən dəyişikliyi də diqqətə çatdırıb.

Tədbirdə CASCFEN sədri qismində çıxış edən Azər Həsrət də Ədliyyə Nazirliyinin QHT-lərin qeydiyyatı ilə bağlı süni əngəllər yaratmasından narazılığını ifadə edib. O, qeyd edib ki, heç bir hüquqi əsas olmadan QHT-ləri qeydiyyata almamaqla Ədliyyə Nazirliyi Azərbaycanın imicinə ciddi ziyan vurur. “Bu azmış kimi bəzən elə əsassız fikirlər səsləndirirlər ki, adam mat qalır. Misal üçün, ƏN tələb edir ki, hər bir QHT-nin adında “ictimai birlik” ifadəsi də olmalıdır. Bu, axı absurddur. Çünki bu zaman Azərbaycan dilinin qaydalarına hörmətsizlik edilir. Tutaq ki, mən “Asiya Araşdırma Mərkəzi” adında bir QHT-ni qeydiyyatdan keçirmək istəyirəm. Bu zaman nazirlikdə tələb edirlər ki, onun adını “Asiya Araşdırma Mərkəzi İctimai Birliyi” kimi yazaq. Mərkəz özü zatən bir birlik formasıdır və belə olacağı təqdirdə “birliyin birliyi” kimi eybəcər bir söz birləşməsi alınır. Bu da dilimizin kirlənməsinə səbəb olur”, – deyə Azər Həsrət bildirib. O, təklif edib ki, şəbəkə qurularkən oraya yalnız qeydiyyatı olmayan QHT-lər deyil, qeydiyyatı olanlar da cəlb edilsin.

Tədbirin sonunda işçi qrupu yaradılması qərara alınıb və Azər Həsrət də bu qrupa daxil edilib.

Tədbirdə digər vətəndaş cəmiyyəti təmsilçiləri – İlqar Hüseynli, Vahid Qazi, Fuad Qəhrəmanlı, Rufiz Qonaqov, Əvəz Həsənov, Emin Hüseynov, Telman Zeynalov, Bəşir Süleymanlı və başqaları da iştirak və çıxış edib.

Qaynaq: azerhasret.com


Oxunma sayı: 9

Şərh yaz

Siz bu HTML yarlıq və ünsürlərindən yararlana bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>