Ərdoğan türk kimliyinə yaddır…

Azər HƏSRƏT: «Əgər sərhədlər açılarsa, bu xəyanətin məsuliyyəti AKP hakimiyyətinin üzərində qalacaq»

Son vaxtlar Ərdoğan hakimiyyəti tərəfindən Türkiyə-erməni sərhədlərinin açılımı məsələsinin gündəmə gəlməsi milli kəsimin içində bir çaxnaşma yaratdı. Həm Türkiyə türkləri, həm Azərbaycan və həm də dünya türkləri bu protokolların imzalanmasını çox böyük sarsıntı ilə izləyirdilər. Eyni zamanda, Ərdoğanı hakimiyyətə gətirmələrinə də olduqca çox peşiman olan türk seçicisi baş verənləri narahatlıqla izləməkdədir. Hətta Azərbaycan və Türkiyə kimi iki güclü dövlət arasında nifaq salmaqda maraqlı olan qüvvələr bayraqlar məsələsindən məharətlə istifadə etməyə çalışdılar. Lakin onların bu məkrli planı baş tutmadı. İki dövlət, bir millətin monolit dayaqlar üzərindəki təməlini sarsıtmağa çalışanların arzuları ürəyində qaldı. Azərbaycanda yaradılan yeni Azərbaycan-Türkiyə Dayanışma Dərnəyi də məhz bu iki ölkənin arasına uzanan qara əlləri kəsmək, onların atdığı çamurları təmizləməyə yönəlik bir qurumdur. Müsahibim Azərbaycan-Türkiyə Dayanışma Dərnəyinin təsisçilərindən biri – Azər Həsrətdir.

– Azər bəy, Azərbaycan-Türkiyə Dayanışma Dərnəyi hansı zərurətdən yaradıldı?

– Azərbaycanla Türkiyə arasında bir sıra ciddi mədəni, kökdən gəlmə bir yaxınlıq var ki, zaman-zaman imtahana çəkilir. Əlbəttə ki, bu imtahanı bizi sevməyən, Türk dünyasını bölməyə çalışan qüvvələr ortaya çıxarırlar. Şükürlər olsun ki, bu imtahanlardan həm Azərbaycan, həm də türk xalqı üzüağ çıxıb. Nəticə etibarilə aradakı problemlər öz həllinə qovuşur. Bu dəfə də bayraq böhranı ortaya çıxdı. Bursadakı hamıya məlum olan qadağa və ardından da Azərbaycan bayrağına olan sayğısızlıq, üstəlik Azərbaycanda buna verilən cavablar, yəni türk bayraqlarının endirilməsi və s. elə bil ki, kimlərsə xalqlar arasında nifaq salmağa, bölməyə, parçalamağa çalışırdı. Əslində bayraq qadağan etmək, bayraq endirmə məsələsinin arxasında maraqlı qüvvələr dururdu. Təbii ki, bu şeytani qüvvələr xüsusilə də mətbuatda məsələni qızışdırırdı. Türkiyə bir yanlışlığa yol vermişdisə, Azərbaycan da bu yanlışı başqa yanlışla düzəltməyə cəhd etdi. Həm Türkiyə, həm də Azərbaycan tərəfi bir yanlışa yol vermiş oldu. Əslinə qalanda, bayraq problemini ortaya çıxaran şəxslərin məqsədinə xidmət edən məsələlər ortaya çıxmamalı idi. Yəni ki, onların məqsədi iki xalqı qarşı-qarşıya gətirmək, aradakı münasibəti soyutmaq idi, bizdə də bayrağı endirməklə həmin adamların məqsədinə xidmət edilmiş oldu. Bunu nəzərə alaraq ictimai kəsimdə fəal olan insanları, eyni zamanda, Türk dünyası ilə daim çalışan, işləyən adamlar olaraq bu qardaşlığın, bərabərliyin zərər görməməsi üçün Azərbaycanda və Türkiyədə, eləcə də başqa türk dövlətlərində insanları daha sağ duyulu davranmağa, xoş görülü işlər görməyə səsləmək üçün bir qədər təşkilatlanmağa ehtiyac duyduq. Elm adamı Ramiz Əsgər və jurnalist Qafar Çaxmaqlıdan təkliflər gəldi və mənim də türk dünyası ilə olan sıx əməkdaşlıqlarımı nəzərə alaraq quruculardan birinin də mənim olmağımı təklif etdilər. Yəni, Azərbaycan-Türkiyə Dayanışma Dərnəyi bu zərurətdən yarandı. Təşkilat sırf Azərbaycanla Türkiyə arasında meydana çıxması ehtimal edilən soyuqluğun, anlaşılmazlığın qarşısını almağa çalışacaq. Yəni, hansısa bir məmur yanlış addım ata bilər, hansısa siyasi partiya bəyanat verə bilər- bütün bunların əldə bayraq edilərək ölkələr arasında uzaqlaşmaya, soyumanın dərinləşməsinə imkan verməməyi qarşımıza məqsəd qoymuşuq. Bu, ictimai bir təşkilatdır, qeyri-hökumət təşkilatıdır.

– Gələcəkdə hansı layihələri həyata keçirməyiplanlaşdırırsınız?

– Əlbəttə ki, bu iki xalqın ilişkiləri çox dərinə gedib. Xüsusən, Azərbaycan müstəqillik qazanandan sonra sərhədlərin açılması bizim Türkiyə ilə gediş-gəlişimizin artması ona gətirib çıxarıb ki, Türkiyə ilə Azərbaycan bir bütövə çevrilib. Yeni texnologiyaların dünyada inkişaf etməsi faktiki olaraq Azərbaycanla Türkiyəni deyil, bütün türk dünyasını birləşdirib. Bu gün Azərbaycanlıların internetdə ən çox əlaqə saxladığı insanlar elə türklərdir. Onların da ən çox ünsiyyətdə olduğu insanlar azərbaycanlılardır. Biz ictimaiyyətə zaman-zaman izah edəcəyik ki, belə bayraq tipli hadisələr yenə baş verə bilər, amma buna görə bütün xalq bir-birinə qarşı qoyulmamalıdır, bu cür təxribatlara uymamalıdır. Bizim ayrı millət olmadığımızı bir qədər də qabarıq diqqətə çatdırmağı planlaşdırırıq. Gələcəkdə elm, mətbuat və mədəniyyət sahəsində birlikdə tədbirlərin keçirilməsini, qarşılıqlı gediş-gəlişlərin həyata keçirəcəyik.

– Bu təşkilatın digər türk dövlətlərində də yaradılması nəzərdə tutulubmu?

– Bizim fəaliyyətimiz istər dərnək şəklində olsun, istərsə də fərd şəklində fərqi yoxdur, ona yönəlib ki, türk dünyası coğrafi məkanında qardaşlarımızla birlikdəliyi təmin edək. Biz təkcə Türkiyə barəsində danışmırıq, Orta Asiyadakı cümhuriyüyətlər, Quzey Kıbrız, gündəlik əlaqə saxladığımız topluluqlar- Rusiyanın tərkibində olan müxtar respublikalar – Başqırdıstan, Qazaxıstan, Rusiyada da olan türk təşkilatları- Avropanın özündə olan türk topluluqları ilə əlaqələrimizi daha sıx quracağıq. Əslində bu təşkilatın bütöv türk coğrafiyasına yayılması lazımdır. Minlərlə, on minlərlə vətəndaşımız Türkiyə və Azərbaycandan kənarda yaşayırlar.

– Yeri gəlmişkən, Türkiyə öz qapılarını mənfur qonşularımızın – ermənilərin üzünə açır…

– Əlbəttə ki, bu arzuolunan deyil. Bəzi adamlar deyrilər ki, guya Türkiyə Azərbaycanı satır. Əslində belə bir şey yoxdur, ortada olan Türkiyə hökumətinin davranışlarıdır. Sərhədlər açılırsa, bunu edən türk xalqı deyil, belə bir şey baş tutacaqsa, məsuliyyət Ərdoğan hakimiyyətinin və onun partiyasının üzərində olacaq. Buna görə türk xalqını qınamaq doğru deyil. Eynilə oradakı soydaşlarımız da bu məsələyə çox dirəniş göstərirlər. Piketlər, mitinqlər təşkil edirlər. Ortada bir yanlış, xəyanət varsa, bunun türk xalqına aidiyyatı yoxdur. Əgər bu xəyanət baş verəcəksə, bu xəyanəti daşıyan şəxs Ərdoğan olacaq. Onun siyasəti təkcə Azərbaycanda deyil, həm də Türkiyədə çox ciddi tənqidə tuş gəlir.

– Avropa Birliyi Türkiyəni üzvlüyə qəbul etmək üçün onun qarşısına yeni çox ağır şərtlər qoyub. Bu şərtlərdən birində isə Türkiyənin Ana Yasasındakı Atatürkü qoruma qanunun çıxarılması ilə bağlıdır…

– Qərbin tələbləri onun üzərində köklənib ki, Türkiyəni özünün təməl prinsiplərindən uzaqlaşdırıb zəif bir halda öz sıralaranı qatsınlar. Bu gün Avropada mənəvi aşınma o qədər dərinləşib ki, faktiki olaraq yaxın vaxtlarda istər insan resurslarının tükənməsi baxımından, istərsə də normal adi insan münasibətləri baxımından çox ciddi probelmlər yaşanmaqdadır. Əlbəttə ki, belə bir cəmiyyətin içinə Türkiyə kimi törələrə dayanan bir cəmiyyəti almaq əslində Avropanı Türkiyənin əlinə təslim etmək demək olardı. O baxımdan, Avropanı, dünyanı idarə edən güclərin düşünən beyinləri Türkyiənin üzərinə hücuma keçirlər. Onlar düşünürlər ki, Türkiyəni öz kökündən uzaqlaşdırıb türksüzləşdirib, törəsizləşdirib, mənəvi köklərindən ayırıb dünyaya inteqrasiya etdirmək lazımdır. Bəziləri düşünürlər ki, Türkiyəni Avropa Birliyinə üzv etmək istəmirlər. Əslinə qalanda, Arvopa Birliyi Türkiyəni öz sıralarına qatmaqda maraqlıdır. Sadəcə olaraq, indiki halda Türkiyəni öz içlərinə almağa ehtiyat edirlər. Ona görə də bu gün ordu da yıpradılır, mənəvi dəyərlər yerindən tərpədilir, Atatürkün müdafiəsini zəiflətmək, onu gözdən salmaq üçün belə bir kampaniya aparılır. Atatürk dünyasını dəyimşiş olsa da, onun nüfuzu çox güclüdür. Əlbəttə ki, millətin ruhu ilə oynanılır. Bu da nəticə etibarilə ona gətirib çıxaracaq ki, Türkiyədə həqiqətən də bu dayaqlar zəiflədildikdə\n sonra Avropa Birilyinə üzv ediləcək.

– Azər bəy, bəs necə oldu ki, bu projelər Türkiyədə özünə yer etdi?

– Ərdoğan hakimiyyəti belə anlaşılır ki, din pərdəsi altında hakimiyyətə gəldi. Guya islami dininə dəyər verdiyindən ictimai rəyi qazanmışdılar. Mən xatırlayıram ki, Ərdoğan İstanbulun şəhər bələdiyyəsi olduğu zamanlar və ondan sonra onu bir şerə görə həbs də etmişdilər. Bir müddət həbsdə də qaldı. Həmin vaxtlarda sadə vətəndaşların hamısı Ərdoğana səs verməyi düşünürdülər. O vaxtlar mənim ora səfərim zamanı bunun səbəbini soruşduqa məlum oldu ki, o, müsəlman olduğu üçün, islam dinini inkişaf etdirmək istədiyi üçün onu daha çox dəstəkləyirdilər. Bu baxımdan Ərdoğana böyük inam vardı. Həmin inamın üzərində də bu adam hakimiyyətə gəldi və təəssüflər olsun ki, bütünlüklə Türkiyə xalqının və ictimaiyyətinin etimadından sui-istifadə etdi. İndi anlaşılır ki, din onun üçün arxasında gizlənmək üçün bir şirmadır, hakimiyyətəgəlmək üçün bir istifadədir. Söhbət hansısa qaranlıq güc mərkəzlərinin ortaya atıb yetişdirdiyi bir hakimiyyətdən gedir. Türk kimliyinə yad olan Ərdoğan bu gün Türkiyəni elə bir vəziyyətə gətirib ki, Türkiyədə türklükdən başqa hər şeyə izn var.

– «Kürd açılımı», «erməni açılımı edən AKP-nin türklüyə aidiyyatı varmı? Onlar öz xalqlarını düşünürlərmi?

– Əslində burada söhbət başqa dairələr tərəfindən yetişdirilib ortaya atılmış liderdən gedirsə və xarici güclərin, yəni Türkiyənin içində deyil, dışında olan və türk kimliyinə yad olan mərkəzlərin vasitəsilə hakimiyyətə gəlinirsə, hakimiyyət idarə olunursa, əlbəttə ki, orda türk kimliyini düşünməkdən söhbət gedə bilməz. Yəni, bu hakimiyyətin başında olan şəxslərin üzərində rəsmi məsuliyyət var. «Kürd, erməni açılımları» dediyimiz əslində bu açılımın adı demokratik açılımdır. Bu addımları atmaqla türk kimliyini zəiflətmək məqsədlərini həyata keçirirlər. Görünür, Ərdoğan hökuməti də böyük həvəslə bu məqsədi həyata keçirir. Dünyanın idarəetmə prinsipləri var və bu prinsiplərin kimin əlində olduğu da aydın məsələdir. Türkiyə kimi böyük bir dövlət həmin güclərin diqqətindən kənarda qala bilməz. Tutaq ki, Atatürk əgər öz kimliyini, öz mənəviyyatını qoruyub saxlaya bilmişdisə, ondan sonra hakimiyyətə gələnlər bunu bacarmadılar. Hətta Osmanlı hakimiyyəti barədə də əminliklə demək mümkün deyil ki, dünyanı idarəedən və heç kimin görmədiyi güclərin təsirindən kənar addımlar atırdı.

Sevda ƏSGƏR

Qaynaq: “Millətçilik” qəzeti, 07 noyabr 2009-cu il (38-059)

Oxunma sayı: 6705
Share