Bir millət, üç dövlət!

Ötən həftə prezidentlər görüşdü. Mənim prezidentlərim. Azərbaycan prezidenti İlham Əliyev, Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov və Türkiyə prezidenti Abdullah Gül. Bu üç ölkə başçısı Türkmənistanda bir araya gəldi. Bir çox məsələlər müzakirə edildi. Çox önəmli məsələlər idi. Heç şübhə etmirik ki, bizə bəlli olmayan başqa mətləblər də müzakirə edilib. Edilsin. Zatən istədiyimiz də bu deyilmiydi? Buydu!

…Üç Türk prezidentinin bir araya gəlməsini illərdir gözləməkdəydik! Bir zamanlar Türkmənistana başçılıq edən, əqli durumu şübhə doğuran birisinin ucbatından Azərbaycan bu qardaş ölkəylə heç cür dil tapa bilmirdi. Azərbaycana düşmən kəsilməsi şübhə doğurmayan ölkələrlə belə dil tapmağı bacaran o zamankı prezident Heydər Əliyev Türkmənbaşı ilə heç cür anlaşa bilmirdi. Kənar müşahidəçilərin qənaətinə görə, bu durumun davam etməsi heç də Heydər Əliyevin günahı üzündən deyilmiş. Səbəbkar, öz inadkarlığı və qeyri-ənənəvi siyasi yanaşması ilə fərqlənən Saparmurad Türkmənbaşı imiş.

Nə isə, indi zaman dəyişib. Hər üç oğuz elinin prezidenti başqa insanlardır. Üstəlik, indi Türkmənistana başçılıq edən adam da öz sələfi kimi kor-koranə inadkarlıq nümayiş etdirənə bənzəmir. Əslində bənzəmir demək azdır. Yeni Türkmən prezidenti yeni insandır. Gerçəklikləri anlayır, Xəzərin bu tayındakı dili bir, dini bir həmmillətinə əl uzadır. Artıq zaman yetişib, “bir millət, iki dövlət” erası bitmiş sayılmalıdır. İndi “bir millət, üç dövlət” demənin zamanı gəlmişdir. Biz Azərbaycanlıyıq, biz həm də Türkmənik, Türkük. Eləcə də Türkiyə insanı, eləcə də Türkmənistan insanı. Biz hamımız Oğuz Türkləriyik. Təbii ki, sərhədlərimiz bu üç dövlətlə bitmir. Biz həm də Krım Türkləri, Qaqauz Türkləri, Axıska Türkləri ilə eyni soydanıq. Buraya İraq Türkmənlərini, Güney Azərbaycan, Kıbrıs Türklərini də əlavə edək. (Hələ mən qeyri-oğuz Türk soylarını demirəm.) Birilərinə görə, bu saydıqlarımız ayrı-ayrı millətlər imiş. Ancaq baxın, hamımız eyni dildə danışırıq. Bir-birimizi anlamaq üçün heç tərcüməçiyə ehtiyacımız da olmur. Sadəcə şivə fərqləri olur. Necə ki, Azərbaycanın içində bir lənkəranlı ilə, deyək ki, bir şəkilinin danışıqlarında fərq var, eləcə də bir Krım Türkü ilə Türkmənistan Türkünün danışığında fərq var. Ancaq yenə də bu insanlar bir-birini anlamaqda çətinlik çəkmir. Elə götürək Azərbaycan TV-lərində yayımlanan Türkiyə seriallarını. Uşaqdan böyüyə qədər hər kəs onları tərcüməsiz anlayır. İndi təsəvvür edək ki, Türkmənistan filmləri də tərcüməsiz efirə verilir. Sizcə, anlamaqda çətinlik çəkərikmi? Əsla! Şəxsi təcrübəmdən deyirəm, Türkmənistandakı həmmillətlərimizin dilini anlamaq üçün heç bir xüsusi hazırlıq, tərcümə-filan lazım deyil. Şəxsən mən hər gün Türkmən dilində xəbərlər oxuyuram və ən pis halda oxuduğumun 96 faizini anlayıram. Adətənsə elə yüzdə yüzünü anlayıram. Halbuki, nə Türkmən dili öyrəndim, nə də həmin ölkəyə nə zamansa səfərim olub. Eyni şeyi Krım Türkcəsi haqqında da deyirəm. Yaxud da 1990-cı illərin başlanğıcında Bakıda nəşr edilən “Ana sözü” qəzetini xatırlatmaq istərdim. İndiki nəsil bilməsə də o zamanın adamları xatırlamamış deyil ki, həmin qəzet Qaqauz Türklərinə aid idi. Onlar Bakıda öz dillərində qəzet buraxırdılar və… həmin dil Azərbaycan Türkcəsindən demək olar ki, ciddi fərqlənmirdi. Elə isə onlar başqa millətdən sayılmalıdırmı? Yenə də əsla! Onlar da bizim kimi Türk, bizim kimi Oğuzdur! Eyni millətik!

…Üç Türk, üç Oğuz prezidenti bir araya gəldi. Sevindik. Mübarək olsun! Birliyimiz mübarək olsun! Sabahımız mübarək olsun! İndi Azərbaycan prezidentinin müdrik davranışlarına ehtiyac var. Bu birlik başlanğıcının davam etdirilməsi hər birimizə lazımdır. Türkmənistan bizə nə qədər lazımdırsa, Türkiyə bizə nə qədər lazımdırsa, Azərbaycan də həmin ölkələrə o qədər lazımdır. Biz bir-birimizə lazımıq. Tək-tək, tənha olsaq, yanarıq, batarıq, itərik. Bir zamanlar bizi ayıranların da istəyi bu deyilmiydi?

Azərbaycan “bir millət, üç dövlət”in önündə getməlidir, birləşdirməlidir. Elə coğrafi baxımdan da biz körpüyük, birləşdiriciyik. Bir tərəfdə Türkiyə, bir tərəfdə Türkmənistan! Ortada Azərbaycan! Körpü Azərbaycan! Haydı, Oğuz böyükləri, atlanın, toplanın! Dağımız da vardı, dənizimiz də. Düzümüz çatmırdı, o da Türkmənistanda! Neftimiz bol, qazımız bol! Dünya buna möhtacdır. Ayrı-ayrılıqda bizi udarlar, əridərlər! Birlikdə isə kimsənin boğazından keçəcək halımız yox! Haydı, bir millət, üç dövlətin birliyi mübarək olsun!

Azər Həsrət

Yazının dərci: Gündəlik Bakı, 02 dekabr 2008

Oxunma sayı: 5864