Azər Həsrət
İlk baxışdan bir az sərt görünən başlıq altında yazdığım bu yazı, əslində, birilərinə sərt bir şapalaq olsun deyə yazılır. Son zamanlar bir sıra dairələrdə türk dünyası və türk millətinin ortaq dəyərlərinə xor baxan, üstəlik, ortaq tarixi keçmişimizə çamur atan adamlar peyda olmağa başlayıb. Düzdür, belələri hər zaman olub, ancaq indi onların müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından gen-bol yararlanaraq daha hərəkətli görünməsi bir gerçəyi ortaya qoyur ki, biz, gənclərimizə millətimizin möhtəşəmliyini tam olaraq çatdıra bilməmişik. Babur İmperatorluğu ilə bağlı yazını yazmağıma səbəb isə soyu-sopu bəlli olmayan bir sapığın TV kanallarından birində özbək türklərini aşağılayan, onların heç kim olduğunu iddia edən fikirləri oldu. Nəinki özbəklərin, Azərbaycanın belə tarixindən xəbəri olmayan bu binəva heç utanıb qızarmadan deyirdi ki, “özbəklər kimdir ki? Onların tarixdə hansı rolu olub ki?”. Görünür, bu cür adamların belə fikirlər söyləməsi üçün biriləri münbit şərait yaratmaqdadır və bizim də üzərimizə düşən belə şəraitin yaranmasının qarşısını almaqdır. Elə ona görə də bu silsilədən olan ilk yazını məhz özbəklərin ən önəmli şəxsiyyətlərindən olan Babur Şah və onun qurduğu imperiyaya həsr etmək fikrindəyik.
Zahirəddin Mühəmməd Babur 14 fevral 1483-cü ildə Fərganədə doğulmuş, 26 dekabr 1530-cu ildə indiki Hindistanın Agra şəhərində dünyasını dəyişmişdir. Onun adı tarixdə Babur (Hind-Moğol) İmperatorluğunun qurucusu kimi qalmışdır. Tarixi qaynaqlara görə, Babur, Əmir Teymurun üçüncü oğlu Miranşahın nəvələrindən olan Fərganə valisi Ömər Şeyx Mirzə ilə Çingiz xanın nəvələrindən olan Doğu Cağatay xanı Yunus xanın qızı Kutluğ Nigar xanımın oğlu olmuşdur. Atasının ölümündən sonra ortaya çıxan taxt-tac mübahisəsində əmisinə məğlub olaraq əmrindəki bəyləri də götürüb 1504-cü ildə Kabilə hərəkət etmiş, burada möhkəmlənərək Kabili dövlətin başkəndi elan etmişdir. Sonra da yeni dövlətin sərhədlərini genişləndirməyə başlamışdır. Beləliklə 1519-cu ildə Pəncabı ələ keçirmiş, 1524-cü ildə Dehli sultanını yenərək Lahora girmişdir. Dehlinin ardınca Agranı da ələ keçirən Babur şah buranı başkənd elan etməklə 1526-cı ildə rəsmən Babur İmperatorluğunun əsasını qoymuşdur. Elə 1530-cu ildə də bu şəhərdə dünyasını dəyişən Babur şahdan ortaq türk tarixinə Baburlar İmperatorluğu qalmışdır. Çünki ölümündən sonra dövlət başına keçən oğlu Humayun və sonrakılar da onun hakimiyyətini davam etdirmiş və beləliklə sülalə hakimiyyəti ingilislərin 1858-ci ildə Hindistanı işğalına qədər – ümumi hesabla 332 il davam etmişdir. Bu imperatorluğun ərazisi dörd milyon km2-ə qədər olmuşdur.
Haşiyə: 2001-ci ilin yanvar ayında Hindistanın başkəndi Dehliyə səfərim sırasında şəhərdəki bir parkı – “Lodi bağları”nı ziyarət etmişdim. Orada təsadüfən diqqətimi çəkən bir türbə olmuşdu. Türbə hər şeyindən islama aid olduğunu göstərdiyindən yaxınlaşıb maraqlanmışdım. “Şiş gümbəz” adlı türbənin üzərində həm də ingiliscə onun Lodi Sultanlarına aid olduğu yazılmışdı. Sonradan araşdırma aparıb öyrəndim ki, 1451-ci ildə Dehli sultanlığında hakimiyyətə başlayan Lodi sülaləsinə 20 aprel 1526-cı ildə onlara qarşı Panipat döyüşünü qazanan Babur şah son qoyubmuş…

Babur özü bir hökmdar olmaqla bərabər həm də ədəbiyyat adamı olmuşdur. Üstəlik “Babur xətti” deyilən bir xəttatlıq nümunəsi də ona aiddir. Onun günümüzdə bəlli olan “Baburnamə”, “Babur divanı”, “Babur əruz risaləsi”, “Mübəyyən” və “Risaleyi Validiyyə” kimi ədəbi əsərləri vardır. Təbii ki, bunların yanında ən böyük əsər Babur İmperatorluğudur. Babur və onun qurduğu imperatorluq həm də Hindistanda islamın yayılmasında önəmli rol oynamışdır.
Onu da qeyd edək ki, Baburun ölümündən sonra onun qurduğu imperatorluq daha da güclənmiş, dünya tarixinə, ədəbiyyatına, memarlığına böyük töhfələr vermişdir. Belə töhfələrdən ən möhtəşəmi Hindistanın Agra şəhərində yerləşən Tac Mahaldır. Türk-islam memarlığının yanısıra dünyanın yeddi möcüzəsindən biri olan Tac Mahalın məhz özbək türkləri tərəfindən qurulduğunu bilməyənlər, təbii ki, onların kimliyi haqqında şübhəli fikirlər söyləyəcək.
Tac Mahaldan söz düşmüşkən, bizcə, qısaca da olsa onun tarixçəsinə nəzər salmaqda yarar vardır. Bu möhtəşəm abidə Babur İmperatorluğunun altıncı hökmdarı Şah Cahan tərəfindən sevimli zövcəsi Mümtaz Mahal – Ərcümənd Banu Begümün xatirəsinə tikilmişdir. Bir üsyanı yatırmaq üçün Burhanpura hərəkət edən Şah Cahanın xanımı Mümtaz hamilə olmasına baxmayaraq həmişəki kimi onunla birlikdə yola çıxmış, onların on dördüncü uşağı dünyaya gələn zaman dünyasını dəyişmiş və Şah Cahan düz iki il yas tutmuşdu. 1531-ci ildə Mümtaz xanımı itirən Şah Cahan onun xatirəsini əbədiləşdirmək üçün 1532-ci ildə bu gün Tac Mahal adıyla tanıdığımız abidənin təməlini atdırmışdı. Tarixi qaynaqlarda deyilir ki, bu abidənin tikilməsi üçün hətta İstanbuldan Memar Sinanın şagirdləri olan Məhməd İsa Əfəndi və Məhməd İsmayıl Əfəndi, xəttat Sərdar Əfəndi dəvət edilmişdi. Dünyada eşq üçün tikilən ən böyük abidə kimi tanınan Tac Mahalın inşası 20 il sonra – 1652-ci ildə başa çatmışdır.
Göründüyü kimi, qısa bir tarixi arayış özbəklərin heç də birilərinin düşündüyü qədər zəif millət olmadığını sübut etməyə yetir. Biz hələ Baburun babası, “Biz ki, türk oğlu türkük, biz ki, türkün başbuğuyuq” deyən Əmir Teymurdan, dünya tibb elminin ən böyük dühalarından olan filosof-həkim İbn Sinadan, Əmir Teymur imperatorluğunun dördüncü hökmdarı, riyaziyyatçı və astronom Uluğbəydən, qərbdə cığatay ədəbiyyatının böyük vəkili, şərqdə isə “din və millətin nazimi” adını alan Əlişir Nəvaidən danışmırıq. Özbək tarixində bu cür adamların sayı özbək türklərini aşağılayacaq qədər tərbiyəsiz davranan sapığın ağlına gəlməyəcək həddədir.
Özbəklər bizim millətimizin bir parçasıdır. Özbəklər dünya türklüyünün ən önəmli parçalarından biridir. Biz azərbaycanlılar həm də özbəklərin dünyaya bəxş etdiyi şəxsiyyətlər və onların tarixiylə qürur duymalıyıq. Çünki biz eyni millətin övladlarıyıq. Özbəklərə çamur atanlar elə Azərbaycan xalqına çamur atmış deməkdir və belələrinin cavabı zamanında verilməlidir. Özü də ki, ən uyğun şəkildə.
Son olaraq onu da qeyd etmək istərdik ki, tarixçi olmasaq da millətizin ortaq tarixinə az-çox bələdliyimizə dayanaraq müxtəlif tutarlı qaynaqlardan da yararlanmaqla yuxarıdakı yazını ərsəyə gətirdik ki, gərək olduqca millətsevərlərimiz ondan yararlansın. Ümid etmək istərdik ki, bu cür yazıları davam etdirməklə birilərinin ortaq keçmişimizə çamur atmasının qarşısını ala biləcəyik.




