Yer üzündəki ilk piramidaları Türklər tikib!

Azər Həsrət: “Özümü bir Azərbaycanlı hiss etdiyim qədər özbək, qazax, qırğız, tatar, türkmən də hiss edirəm”

“Yeni Nəfəs+” qəzetinin müsahibi Türkiyədəki “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi Türk Cümhuriyyətləri baş təmsilçisi, www.yalquzaq.com resursunun sahibi, jurnalist Azər Həsrətdir.

– Azər bəy, millətçi çevrə, gənclər sizi www.yalquzaq.com saytının başqanı kimi tanıyır. Necə oldu ki, həmin layihəni gerçəkləşdirməli oldunuz?

– Bu məsələnin tarixi bir qədər keçmişə gedib çıxır. Mən 1995-ci ildən jurnalistika ilə məşğulam və bu fəaliyyətimdə ən çox diqqət verdiyim mövzu türk dünyası olub. Üstəlik Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyəyə, eləcə də türk topluluqlarının yaşadığı başqa ölkələrə etdiyim çoxsaylı səfərlərimdə həmişə millətimizin birlik və bərabərliyi haqqında düşünmüşəm. Özümə həmfikirlər tapmış və qeyri-rəsmi bir şəbəkə qurmuşam. Doğrudur, bir müddət öncə, yəni 2003-cü ilin martında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi adlı rəsmi bir təşkilat da qurduq və onun sıralarında jurnalist qurumlarını birləşdirdik. Ancaq yenə də hiss edirdim ki, bu fəaliyyət yetərli olmamaqdadır. Üstəlik səfərlərim zamanı, xüsusən Orta Asiya insanlarının mənimlə çox sıcaq davranması, bir Azərbaycan türkünə bu qədər içdən yanaşması istər-istəməz eyni millətdən olduğumuzu bir daha təsdiqləməkdəydi. Bundan başqa, mən Qrım və Qazan tatarları, uyğurlar, başqırdlar, qaqauzlar, qaraqalpaqlar və başqa türk xalqları ilə hər zaman maraqlanırdım və həmişə də görürdüm ki, bir balaca cəhd etməklə onların dilini anlamaq mümkündür. Bu isə ondan xəbər verir ki, biz hamımız fərqli şivələrdə danışan eyni millətin övladlarıyıq. Ancaq sadəcə uzun illərin ayrılığı, yayılma coğrafiyamızın möhtəşəmliyi bir-birimizi dərhal anlamağımıza çətinliklər törədir. Bu çətinliyi aradan qaldırmaq üçün ortaq dilə çəki-düzən verilməsi lazımdır. O baxımdan “şorbada mənim də duzum olsun” deyib, www.yalquzaq.com resursunu qurdum. Fikir verirsinizsə, oradakı xəbərlərin hamısı türkcənin fərqli şivələrində tərcüməsiz verilir. Bu isə ortaq anlaşma dilinin şəkillənməsində önəmli yanaşmadır. Daha bir məqam isə resursumuzda yalnız latın əlifbasından istifadə edilməsidir. Kəsin olaraq kiril və ya ərəb əlifbasından istifadə etmirik. Bundan da məqsəd odur ki, türk xalqları ilkin mərhələ üçün vahid əlifbada birləşsin və ardından da ortaq ədəbi dilimiz formalaşsın.

– “Yeddi Dövlət – Bir Millət”in ilkin hədəfi nədir?

– “Yeddi Dövlət – Bir Millət” Kültür və Dayanışma Dərnəyi mərkəzi qərargahı Türkiyənin Bursa şəhərində olmaqla, 2008-ci ilin sonunda qurulub. Dərnəyin indilikdə tək bir hədəfi var: yeddi bağımsız türk dövləti – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Quzey Kıbrıs, Özbəkistan, Türkiyə və Türkmənistanın birləşdiyi Bağımsız Türk Dövlətləri Birliyinin qurulması. Əlbəttə ki, bu, bir vətəndaş təşəbbüsü olmaqla aşağıdan hərəkətdir. Biz ürəkdən inanırıq ki, yaxın zamanlarda dövlətlərimizin hörmətli başçıları bu məsələnin gerçəkləşməsi üçün gərəkli addımları atacaqlar və biz də bir dərnək olaraq ictimai rəyin formalaşmasında öz sözümüzü deyəcəyik.

– Son zamanlar adını çəkmək istəmədiyimiz televiziya proqramlarının birində Orta Asiya, xüsusilə, özbək türklərinin dünyaya heç nə verməməsi ilə bağlı fikirlər səsləndi. Orta Asiyanı yaxşı tanıyan bir şəxs kimi bununla bağlı nə deyərdiniz?

– Sizin adını çəkmək istəmədiyiniz proqramda o cür fikirlər səsləndirənlər doğrudan da adının çəkilməsinə belə layiq deyillər. Çünki həmin şəxslərin soyu-kökü özlərinə də bəlli deyil. Belə olan şəraitdə onların millətimizin kimliyini, böyüklüyünü və möhtəşəm tarixi keçmişini şübhə altına alması, əslində, təbii hal kimi dəyərləndirilməlidir. Yəni, özünü tanımayan adam millətini necə tanıya bilər ki? Qaldı ki, Orta Asiya türklərinə, onların bəşəriyyətə bəxş etdiyi tarixi şəxsiyyətləri dünyanın hər tərəfində az-çox elmi və savadı olan adamlar tanıyır və dəyərləndirir. Elə özbəklərdən söz düşmüşkən, təkcə orta əsrlərin ən məşhur hökmdarlarından olan Əmir Teymurun adı özbəklərin kimliyindən xəbər verir. Yaxud da Əmir Teymurun sülaləsindən olan Babur şahın Hindistana gedərək orada Babur imperiyası qurması və bu imperiyanın uzun illər hakimiyyət sürməsi də özbəklər haqqında tutarlı bir misaldır. Yeri gəlmişkən deyim ki, mən 2001-ci ilin yanvarında Hindistana səfər edib Dehli şəhərindəki “Lodi bağları”nı gəzərkən orada “Şiş gümbəz” adlı bir abidəyə rast gəlmişdim. Bu, bir türbə idi və üzərindəki yazıdan bəlli olurdu ki, türbədə Lodi sülaləsinə aid insanların qəbirləri var. Sonradan maraqlanıb öyrəndim ki, Lodi sülaləsinin hakimiyyətinə son qoyan Babur şah olmuşdur. Özü də məhz Lodi sülaləsini 1526-cı ilin aprelində yenərək elə həmin tarixdə də 332 il davam edəcək Babur İmperiyasının əsasını qoymuşdu. Yəni, Hindistan kimi nəhəng bir dövlətin tarixində Baburlar sülaləsinin qurduğu hakimiyyətin yer alması özbəklərin böyüklüyündən xəbər vermirmi? Bundan başqa, dünya tibb elminin ən böyük dühalarından olan İbn Sina (Avropada ona Avitsenna deyirlər), yaxud da riyaziyyat və astronomiyanın öndə gələn isimlərindən Uluğbəyi tanımayanlar, əlbəttə ki, özbəklər haqqında bu cür zərərli fikirlər səsləndirə bilərlər. Qazaxların, qırğızların, uyğurların, türkmənlərin, qaraqalpaqların dünya tarixinə və türk dünyasına bəxş etdiyi şəxsiyyətləri tanımayan bu cür adamları efirə çıxarıb onlara meydan verərək biriləri millətimizin kimliyini şübhə altına almaq istəyir. İndi mən elə adamlardan soruşmaq istərdim ki, qıpçaq türkü olan Sultan Aybeg, Sultan Bəybars kimi tarixi şəxsiyyətləri misal gətirə bilərlərmi? Bunlar əsir olaraq aparıldıqları Misirdə və Suriyada sonradan hakimiyyət başına gəlib tarixi Məmlüklər xanədanını qurmuş şəxsiyyətlərdir! O cür zərərli fikirlər səsləndirənlərdən soruşmaq istərdim ki, dünya tarixində bu cür şəxsiyyətlər başqa hansı millətin həyatında olub? Son zamanların xəbərləri arasında yəqin ki, tez-tez rast gəlmiş olarsınız: yer üzündəki ilk piramidaları Misirlilərdən öncə türklər tikib! İndiki Doğu Türküstan ərazisində yerləşən bu piramidaları işğalçı Çin dövləti bütün dünyadan gizlətmək üçün əlindən gələni edir. Bəs Qaşqarlı Mahmud haqqında bu sapıqlar nə bilir? Yusuf Has Hacib haqqında onların heç bilgisi varmı? Bu cür misalları çox çəkmək olar, əlbəttə.

– Sizcə Azərbaycan Türk Dünyası üçün nə deməkdir?

– Türk Dünyası bir bədəndirsə, Azərbaycan onun qəlbidir. Türk Dünyasının nəbzi hər zaman Azərbaycanda vurub və vurmaqdadır. Azərbaycan doğudan batıya yayılan möhtəşəm Türk coğrafiyasının bütün anlamlarda ortasında yerləşir. Bizim həm dilimizi, həm də mədəniyyət və adət-ənənələrimizi istər bizdən batıda, istər doğuda, istər güneydə, istərsə də quzeydə yaşayan bütün türklər yaxşı anlayır və tez qəbul edə bilir. Biz həm Avropalıyıq, həm də şərqliyiq. Keçmişimizə bağlı, törələrimizə sayğılıyıq, həm də çağdaşıq. Savadlıyıq, irəli dünya görüşünə sahibik. Çağdaş dünyanın qayda-qanunlarını tez mənimsəyə bilirik. Başqa xalqlara qarşı hər zaman sayğılıyıq. Üstəlik özümüzü eyni zamanda bir özbək, bir qazax, bir qırğız, bir türkmən, bir tatar, bir yakut, bir başqırd, bir qaqauz hiss edə bilirik. Çünki türklüyü ən mükəmməl şəkildə dərk edirik. Şəxsən mən özümü bir Azərbaycanlı hiss etdiyim qədər bir özbək, bir qazax, bir qırğız, bir tatar, bir türkmən də hiss edirəm və bundan qürur duyuram. Bizim üçün sayı cəmi yeddi min olan və yəhudi dininə tapınan qaraim türkləriylə sayı yetmiş milyonu aşan Türkiyə türkləri eyni dərəcədə əziz və qəbulediləndir. Halbuki, elə Türk toplumları var ki, onlar, misal üçün, yalnız müsəlman türkləri bir arada görmək istəyir. Azərbaycanda isə belə problemlər heç zaman olmayıb və olması da mümkün deyil. O baxımdan deyirəm ki, Azərbaycan Türk Dünyasının qəlbidir. Bura bir də bizim digər türk şivələrini tez mənimsəyə bilmə imkanlarımızı da əlavə etsək, dediklərim daha da ciddi şəkil ala bilər.

– Bəzi qüvvələr getdikcə ölkəmizdə Rusiya faktorunun gücləndiyini, bunun müqabilində Türkiyə faktorunun zəiflədiyini qeyd edir. Sizcə belədir, yoxsa bu, Azərbaycan siyasi iqtidarının növbəti manevridir?

– Rusiya bizim qonşumuzdur və tale elə gətirib ki, heç bir zaman qonşu olmadığımız bir millət ətrafımızdakı torpaqları işğal edə-edə gəlib evimizə qədər çıxıb. Şükürlər olsun ki, onu evimizin içindən çıxara bilmişik. Ancaq nəzərə almaq lazımdır ki, bu işğalçı qonşu hələ də sərhədimizə qədər olan torpaqlarda mövqelərini qorumaqdadır. Təbii ki, bir gün gələcək, oraları da tərk etməli olacaq. Ona görə də Azərbaycan dövləti hələlik Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağa məcburdur. Deyərdim ki, indiki hakimiyyətin bir çox fəaliyyətlərini tənqid etsəm də, bu yöndəki fəaliyyətini təqdir edirəm. Bəlkə də emosional gənclik işğalçı və aqressiv Rusiya ilə əlaqələrin tam olaraq kəsilməsinin faydalı olacağına inanır. Ancaq deyərdim ki, Rusiya hələ də gözardı ediləcək qədər zəif dövlət deyil və bu baxımdan onunla hesablaşmaq zorundayıq. Yeri gəlmişkən deyim ki, bir zamanlar biz də gənc olaraq Rusiyaya qarşı çox aqressiv mövqedəydik. Əslində indi də eləyik. Ancaq sadəcə bir az taktikamızı dəyişmişik. Qaldı ki, Türkiyə ilə münasibətlərin zəiflədilməsi hesabına Rusiya ilə daha da yaxınlaşma kimi bir şey olsun, məncə bu, göründüyü kimi deyil. Elə şeylər var ki, onlar haqqında açıq danışılması məqsədəuyğun deyil. Türkiyə bizim dövlətimizdir, bizim millətimizin dövlətidir. Onunla münasibətlərin soyuması, kəsilməsi kimi hallar qətiyyən mümkün deyil. Ola bilər ki, hakimiyyətlərimiz hansısa səhvlər, yaxud da manevrlər etsinlər, ancaq bir şey qəti həqiqətdir ki, Azərbaycanla Türkiyə eyni millətin iki dövləti olduğu üçün onları heç kim və heçnə heç bir zaman ayıra bilməz. Yetmiş il Sovet zülmü altında inlədik, milli kimliyimizi unutdurmağa çalışdılar, ancaq bir balaca pərdə aralanan kimi Azərbaycanla Türkiyə bir-birinə qaynayıb qarışdı. Ona görə də deyərdim ki, Türkiyə ilə Azərbaycan arasında ara-sıra yaşanan xoşagəlməz hallara baxmayaraq bizim bir-birimizdən uzaqlaşmağımız mümkün olan şey deyil.

– Azər bəy, müsahibə üçün təşəkkür edirik. Son olaraq qəzetə dair fikirlərinizi bilmək istərdik.

– Açığı, deyə bilmərəm ki, sizin suallarınıza tam cavab verə bildim, ya yox, ancaq onu bilirəm ki, indiki çətin zamanda yox yerdən bir milli-ideoloji qəzet çap etdirib onun vasitəsilə millətə xidmət etmək doğrudan da fədakarlıqdır. Bu baxımdan mən sizin əməyinizi bir qoçaqlıq, cəsarət nümunəsi hesab edirəm. Nəinki bu qəzeti ayaqda tutanları, onu oxuyanları belə günümüzün ən cəsur insanları hesab edirəm. Çünki insanların bütün çətinliklərə rəğmən öz milli ideologiyasına bağlı qalması doğrudan da bir cəsarət göstəricisidir. Və mənim kimi 90-cı illərin gəncləri sizin kimi bu günün gənclərinə baxıb doğrudan da rahat nəfəs ala bilir. O baxımdan ki, milli dava əmin əllərdədir…

Nərmin Məmmədli

Qaynaq: Yeni Nəfəs+ qəzeti, 18.02.2010

Oxunma sayı: 5713
Share